!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş redaktor Əflatun Amaşova müraciət etdi – MƏTN

!Reklam – Yazi
1455192106_3“Arqument.Az” saytının təsisçisi və baş redaktoru Şəmşad Ağa (Ağayev) Azərbaycan Respublikası Mətbuat Şurasının sədri, Azərbacan Milli Məclisinin deputatı Əflatun Amaşova rəsmi müraciət ünvanlayıb. Həmin müraciətin mətnini olduğu kimi təqdim edirik:
“Hörmətli Əflatun müəllim!
Mətbuat Şurasının (MŞ) 05 fevral 2016-cı il tarixində keçirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Xeber.info” və “Arqument.az” saytları ilə bağlı müraciətinin müzakirəsi zamanı hər iki KİV-ə xəbərdarlıq edilib.
MŞ-nın çıxardığı rəydə göstərilib ki, “saytların bu il yanvarın 29-da yayımladığı eyni sərlövhəli və məzmunlu yazıda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın əksər prinsip və bəndlərinin tələbləri pozulub, balans gözlənilmədən təqdim olunan mətbu materialda qərəz, sifariş icrası aşkar nəzərə çarpdığından jurnalistikanın ali prinsipi sayılan həqiqətə xidmət arxa plana keçib. Bunun nəticəsində yazıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına rəhbərlik edən şəxsin şərəf və ləyaqətinin təhqirinə, ictimai nüfuzunun ləkələnməsinə cəhdlər edilib. Saytların baş redaktorları iclasda səslənən iradlarla razılaşıblar”.
Xatırladım ki, yanvar ayının 29-da “Azay Quliyevin qeydiyyat monopoliyası” başlıqlı yazı istinadla, həmçinin qarşı tərəfin rəsmi mövqeyi ilə “Arqument.az” saytında dərc olunub. Yəni yazının “Arqument.Az” saytında “sifarişlə dərc olunması” iddiası tərəfimizdən birmənalı qəbul olunmur.
Mətbuat Şurasında müzakirədən və ilk mənbədən götürüldükdən sonra yazı “Arqument.Az” saytından da çıxarılıb. Ancaq Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının rəyində bildirilir ki, “Arqument.Az” saytı yaydığı xəbərə görə üzr istəyib, təkzib verməlidir. Amma təəssüflər olsun ki, çıxarılan qərarda və rəydə yazının “Arqument.Az” saytında istinadla dərc olunduğu vurğulanmayıb.
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 62-ci Maddəsininin (“Məsuliyyətdən azadedilmə halları”) 3-cü bəndində bildirilir ki, məlumat “digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa”, istinadla yayan media orqanı məsuliyyətdən azad olunur.
Mətbuat Şurasının Nizamnaməsində isə göstərilir ki, hər hansı xəbərdarlıq və müzakirə yalnız Şuranın üzvü olan media orqanlarına (Arqument.az saytı isə Mətbuat Şurasının üzvü deyil) aid edilir:
“3.8. Şura üzvünün vəzifələri:
3.8.1. Şuranın nüfuzunu möhkəmləndirmək, onun məqsəd və vəzifələrinin həyata keçirilməsində fəal iştirak etmək, Şuranın rəhbər orqanlarının qəbul etdiyi qərarları icra etmək;
3.8.2. Şuranın seçkili orqanlarının fəaliyyətində iştirak etmək;
3.8.3. Şuranın Nizamnaməsinə və peşə davranışı qaydalarına əməl etmək;
3.8.4. Nizamnamənin tələblərini pozan Şura üzvünə ictimai təsir tədbirləri tətbiq oluna bilər və axırıncı tədbir kimi o, Şuranın üzvlüyündən çıxarıla bilər.
3.10. Şuraya üzvlük aşağıdakı hallarda xitam edilir:
3.10.1. Şuranın üzvlüyündən çıxarıldıqda;
3.10.2. Şuranın üzvlüyündən könüllü olaraq çıxdıqda;
3.11. Şuranın üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
3.11.1. Jurnalist adı ilə bir araya sığmayan və Şuranın nüfuzuna xələl gətirən hərəkətlərə yol verdikdə;
3.11.2. Nizamnamənin tələblərinə əməl etmədikdə.
3.12. Şura üzvlüyündən çıxarılma qərarı Şura üzvlərinin 2/3 səs çoxluğu ilə qəbul edilir”.
Qeyd edim ki, Arqument.Az xəbər portalı bir ildən artıq fəaliyyəti dövründə jurnalistikanin təməl prinsiplərinə sadiqlik nümayiş etdirib. Amma bu gün bütün digər sahələrdə olduğu kimi, hər hansı bir media qurumu da nöqsanlardan xali deyildir. Xüsusən də, internet medianın və sosial şəbəkələrin “qlobal informasiya daşıyıcısı və sərhədsizliyi” dövründə Azərbaycan mediası da texniki yanlışlıqlardan kənarda qala bilmir. Bu problemlərin aradan qaldırılması üçün əlimizdən gələn imkanlardan maksimum istifadə etməyə çalışırıq.
Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasısının yaydığı rəsmi açıqlama daha çox xəbərin mahiyyəti üzrə deyil, şəxsiyyətin təhqirinə yönəlik mövqedir. Şuranın yaydığı bu açıqlamada “mətbuat adına ləkə gətirən, jurnalistikanın ali məqsədlərindən tamamilə uzaq olan, söz və ifadə azadlığından sui-istifadə edərək şər və böhtanı özlərinin həyat tərzinə çevirən “jurnalistlər”” ifadəsini işgüzar nüfuzumuzun, şərəf və ləyaqətimizin təhqir kimi qiymətləndiririk.
“Arqument.Az” yazını istinadla və gün ərzində yeniləyərək qurumun rəsmi mövqeyi ilə dərc etdiyi halda, qurum şəxsimizə birbaşa böhtan və təhqir ünvanlayıb. Bu da bizim qarşılıqlı iddia qaldırmağımıza, hüquq-mühafizə orqanlarına müraciət etməyimizə əsas verir. Təsəvvür edin ki, bir dövlət qurumu rəsmi açıqlamasını bu şəkildə yayırsa, elementar səviyyədə Azərbaycan dilinin qaydalarını bilmirsə, “Rəsmi-işgüzar üslüb”un prinsiplərini pozursa və məhz Mətbuat Şurası da bu sənədə istinad edərək media orqanları haqqında qərar çıxarırsa, demək, vəziyyət düşündüyümüzdən də dəhşətlidir.
Bundan başqa, məsələnin MŞ-da müzakirə olunduğu ərəfələrdə qarşı tərəfə yaxın şəxslərin bizim yaxın günlərdə həbs olunacağımızla bağlı mesajları, “Yuxarı dairələrdən onların həbs olunması ilə bağlı razılıq almışıq” kimi ifadələri təhlükəsizliyimizə təhdid hesab edir, bu təzyiqləri ölkə başçısının çıxışlarında, beynəlxalq tədbirlərdə səsləndirdiyi, “Azərbaycanda jurnalistlərə yazdığı yazıya görə, təzyiq edilmir, internet azaddır” fikirlərinin əleyhinə çıxmaqla yanaşı, kimlərinsə sifarişi kimi dəyərləndiririk.
Mətbuat Şurasının yarandığı gündən azad sözün yanında olacağını bəyan edib. Məhz bu prinsipləri əsas götürərək, Mətbuat Şurasının sədri və millət vəkili kimi bu məsələyə xüsusi diqqət yetirməyinizi, söz, fikir və ifadə azadlığının yanında olmağınızı xahiş edirəm.”
Qeyd edək ki, yayılan xəbər Arqument.Az saytında Xeber.info-ya istinadən gün ərzində yenilənərək qarşı tərəfin rəsmi mövqeyi ilə dərc olunub. Mətbuat Şurasındakı müzakirədən və məlumatı yayan mənbə təkzib etdikdən sonra yazı saytdan götürülüb. Mətbuat Şurasının çıxardığı qərarda təhrifə yol verilib, yəni yazının arqument.az saytında istinadən verildiyi qeyd olunmayıb. Şuradan bunun texniki yanlışılıq olduğu bildirilib. Xəbər təkzib olunuduğu üçün həmin təkzibi də dərc etməyi məqsədəuyğun hesab etmişik. Bu gün QHT Şurasının mətbuat xidmətindən yayılan məlumat da təəssüflər olsun ki, həmin məqam təhrif olunub və arqument.az saytı mənbə kimi göstərilərək üzr istədiyi vurğulanıb.

www.yenicag.az

708
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv