Azay Quliyev İsveç səfiri ilə görüşüb

Müəllif: Redaktor

Editor

826663ef0dbb853f0a39ad526689e221Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında İsveç Krallığının Azərbaycan, Tacikistan, Türkmənistan və Özbəkistandakı səfiri xanım İnqrid Tersmanla görüş keçirilib.

Şuranın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə xanım İnqrid Tersman Azərbaycan və İsveç arasında bir çox sahələrdə səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayıb. Səfir Azərbaycanda vətəndaş cəmiyyətinin mövcud vəziyyəti və Şuranın fəaliyyəti haqqında məlumat almaq istədiyini bildirib.

Şura sədri Azay Quliyev Şuranın yarandığı gündən QHT-lərə konsultativ, informasiya, təşkilati-texniki, maliyyə və metodik dəstək verdiyini deyib. Ötən 8 il ərzində Şura 4500-dən artıq yerli QHT-nin , 2013-cü ildən isə 60-a yaxın xarici QHT-lərin layihəsini maliyyələşdirib.

Şura sədri QHT-lərlə bağlı qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərin əsas məqsədinin QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılığı artırmaq və effektiv koordinasiyanı təmin etmək olduğunu səfirin diqqətinə çatdırıb.

A.uliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində indiyədək hər hansı irəliləyişin əldə olunmamasına görə obyektiv və ədalətli mövqe tutmayan beynəlxalq ictimaiyyətin böyük məsuliyyət daşıdığını da qeyd edib.

ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edən A. Quliyev 2007-ci ildə BMT Baş Assambleyasının iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair” qətnamənin əleyhinə səs verən 7 ölkədən 3-nün həmsədr ölkələr olduğunu vurğulayıb: “Bu yaxınlarda ATƏT PA-da Robert Volterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması” adlı hesabatın müzakirəsi ilə bağlı Minsk Qrupu həmsədrlərinin verdiyi bəyanat faktiki olaraq Ermənistanın müdafiəsinə yönəlib. Həmsədrlər bu bəyanatla digər beynəlxalq təşkilatların problemin həllinə töhvə verməsinə qarşı çıxmış və bu məsələnin inhisarlarından kənara çıxmasına razı olmadıqlarını bəyan edib”.

Şura sədri İsveçin adıçəkilən münaqişənin həlli prosesində daha aktiv rol oynamasının və münaqişə ilə bağlı həqiqətlərin Avropanın siyasi dairələrinə çatdırılmasında səylərinin artırmasının vacibliyini də bildirib.

Xanım İnqrid Tersman da öz növbəsində İsveç Krallığının xarici işlər naziri, xanım Margot Vallströmin bu günlərdə Azərbaycana etdiyi səfərində qeyd olunan məsələlərin müzakirə edildiyini bildirib. Xanım İnqrid Tersman bu səfərin iki ölkə arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini göstərdiyini deyib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır