Azay Quliyevdən cəbhədəki son durum barədə – Açıqlama

Müəllif: Redaktor

Editor

sfsgfAzərbaycan torpaqlarının hərbi işğalı heç zaman Ermənistanın arzu etdiyi siyasi nəticələrlə yekunlaşmayacaq.

Bunu Azərbaycanın millət vəkili Azay Quliyev “Eureporter” jurnalının saytına açıqlamasında deyib.

O, qeyd edib: “Məlum olduğu kimi, 2 aprel 2016-cı il tarixində Ermənistan silahlı qüvvələri atəşkəs haqqında razılığı kobud şəkildə pozaraq Azərbaycanın yaşayış məntəqələrinə, qaçqın düşərgələrinə və qoşunların təmas xətti boyunca mövqelərinə ağır texnikadan və artilleriyadan istifadə edərək hücuma keçiblər. Ermənistanın təxribat xarekterli hücümu nəticəsində bir neçə mülki şəxs həlak olub və ciddi yaralanıb, onlarla ictimai bina və şəxsi ev dağıdılıb”.

A.Quliyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə müvafiq addımlar atıb: “Azərbaycan Ordusunun 12 nəfər hərbi qulluqçusu erməni təxtribatının qarşısını alan zaman həlak olub. Aprelin 3-də Azərbaycan tərəfi beynəlxalq qurumların təkidli müraciətlərini nəzərə alaraq və münaqişənin danışıqlar yolu ilə həllinə sadiqliyini bir daha nümayiş etdirərək işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırıb. Ancaq təəssüflər olsun ki, Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycanın mövqelərinə artilleriya da daxil olmaqla, ağır silahlardan atəş açmaqda və yeni-yeni təxribatlara əl atmaqda davam edir”.

Onun sözlərinə görə, bundan başqa, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində əlavə raket və artilleriya qüvvələri yerləşdirməklə özünün ağır artilleriya imkanlarını gücləndirməyə, cəbhə xəttində vəziyyəti nəzarətdən çıxartmağa və gərginliyi daha da artırmağa cəhd edir: “Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu vəziyyətin pisləşməsinə əsas səbəb olaraq qalır və regionda sülh və sabitliyə ciddi təhlükə yaratmaqda davam edir. Ermənistanın ardıcıl olaraq təxribatlar törətmək və işğal olunmuş ərazilərdə özünün hərbi mövcudluğunu gücləndirmək, demoqrafik vəziyyəti qeyri-qanuni dəyişdirmək, qanunsuz iqtisadi və digər fəaliyyətlərlə məşğul olmaq, həmçinin erməni əhalisini bu ərazilərə köçürməkdə başlıca məqsədi Azərbaycan ərazilərinin ilhaqını və status-kvonu saxlamaqdır”.

Millət vəkili əlavə edib ki, status-kvonun saxlanılmasının qəbuledilməzliyi ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa prezidentləri tərəfindən də dəfələrlə qeyd olunub, lakin Ermənistan bu çağırışa məhəl qoymayıb: “Ümumiyyətlə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin indiyə kimi irəli sürdüyü bütün təşəbbüslərini rədd edib. Bu bir daha sübut edir ki, rəsmi Yerevan həqiqətən də hərbi münaqişənin siyasi həllinin tapılmasında maraqlı deyil. Münaqişənin həlli üçün başlıca əsaslar BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993), həmçinin BMT Baş Assambleyasının 62/243 (2008) saylı qətnamələrində təsbit edilib. Belə ki, bu qətnamələrdə Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğal edilməsi pislənilib, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib. Sözügedən qətnamələrdə BMT Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib”.

A.Quliyev qeyd edib ki, Azərbaycan torpaqlarının hərbi işğalı münaqişənin həllinə xidmət etmir və heç zaman Ermənistanın arzu etdiyi siyasi nəticələrlə yekunlaşmayacaq. Ermənistan bu reallıqla nə qədər tez barışsa, münaqişə bir o qədər tez həll olar və regionda sülh və əmin-amanlıq bərqərar olar: “Azərbaycan ATƏT-i Ermənistandan cəbhə xəttində yaratdığı gərginliyi aradan qaldırmağı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə və Helsinki Yekun Aktının norma və prinsiplərinə uyğun olaraq Azərbaycan torpaqlarının qeyri-qanuni işğalını dayandırmağı, bütün işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxartmağı, 1 milyondan çox azərbaycanlının öz evlərinə qayıtmalarına şərait yaratmağı tələb etməyə çağırır”.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır