www.sinerjipro.net

SinerjiProWide
Reklam

azay1Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev QHT-lərə, media qurumlarına və azarkeşlərə “Qarabağ Futbol Klubuna dəstək olaq” çağırışını edib. dailykarabakh.com saytı bu və digər məsələlərə aydınlıq gətirmək üçün Azay Quliyevlə müsahibəni təqdim edir.

-Azay müəllim, rəhbərlik etdiyiniz qurum 2012-ci ildən etibarən “Şuşaya Azadlıq” Beynəlxalq Kampaniyasını həyata keçirir. Az müddət öncə isə “Qarabağ” Futbol Klubuna dəstək verilməsi ilə bağlı QHT təmsilçilərinə, media nümayəndələrinə, iş adamlarına müraciət etmisiniz.

-Doğrudan da Dağlıq Qarabağ mövzusu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üçün prioritet istiqamətlərdən birincisidir. Şuranın bu mövzuda QHT-lərə verdiyi maliyyə dəstəyi, icra edilən layihələr haqda çox danışmaq istəmirəm. Bu istiqamətdə maliyyələşdirdiyimiz layihələrin sayı 150-dən, ayrılan vəsaitin həcmi isə 2 milyon manatdan artıqdır. Şura 2013-cü ildən etibarən beynəlxalq aləmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini möhkəmləndirmək və Ermənistanın işğalçı mahiyyətini ifşa etmək məqsədilə xarici ölkə QHT-lərinə qrant müsabiqəsi elan etmiş və çox sayda təşkilatın bu istiqamətdə layihə təkliflərini dəstəkləmişdir. Qeyd etdiyiniz kampaniyaya gəldikdə isə, bəli, 2012-ci ildən etibarən “Şuşaya Azadlıq” kampaniyasına başlamışıq. Bu müddət ərzində İngiltərədə, Rumıniyada, Rusiyada, Bosniya-Hersoqovinada, Bolqarıstanda müxtəlif aksiyalar təşkil ediilib, “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı toplantısı keçirilib. Eyni zamanda Şuranın Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ilə birgə əməkdaşlığı çərçivəsində “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının loqosunun müəyyənləşdirilməsi məqsədilə elan edilib və qalibi müəyyənləşdirilib. Yeri gəlmişkən, Fransanın məşhur TV5-MONDE telekanalı QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə Azərbaycan haqqında geniş reportaj yayımlamışdı. Həftəlik 55 milyon izləyicisi olan, 220 ölkəni əhatəni edən kanalın “Escapade” verilişində efirə verilən reportajda ölkəmizin siyasi, iqtisadi, mədəni həyatı barədə tamaşaçılara ətraflı məlumat verilib. Müəlliflər həmin reportajda dünyanın bir nömrəli idman növü olan futbola da Azərbaycanda böyük marağın olduğu qeyd edib, “Qarabağ” futbol klubunun öz oyunlarını təmsil etdiyi Ağdam şəhərində keçirmək imkanından mərhum olmasını xüsusi vurğulamışdılar.

Klubun baş məşqçisindən, tanınmış oyunçularındna müsahibələr alınmışdır.
“Qarabağ” Futbol Klubuna dəstək olaq” kampaniyası təşkilatçılıq deyil, sadəcə bir azarkeş, QHT təmsilçisi, vətənpərvər kimi çağırışdır. Bildiyimiz kimi, “Qarabağ” futbol klubu ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edən, azarkeşləri sevindirən, Azərbaycan adını və bayrağını daim uca tutan, son illərdə öz sahəsində qəhrəmanlıq salnaməsi yaradan bir klubdur. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində “Qarabağ”ın təmsil etdiyi Ağdam şəhəri işğal olunaraq yerlə-yeksan edilməsinə, on minlərlə rayon sakininin məcburi köçkün kimi respublikamızın ayrı-ayrı bölgələrinə səpələnməsinə baxmayaraq, bu futbol klubu bir dəfə də olsun ölkə çempionatlarında çıxışını dayandırmayıb. Əksinə “Qarabağ” şəhərsiz və stadionsuz qalsa da UEFA Çempionlar Liqasının tarixinə böyük, amma qara hərflərlə “UEFA tarixinin ilk qaçqın klubu” adını yazdırıb. İdmanda idmançının, təmsil etdiyi komandanın qələbəsini təmin edən bir çox amil var. Bunlar ilk növbədə peşəkarlıq, intizamlı təlim-məşq toplanışları, bu prosesinin düzgün həyata keçirilməsidirsə, digər tərəfdən məşqçilərlə idmançılar arasındakı mükəmməl ünsiyyət qurma bacarığı, bununla da futbolçulara aşılanan qələbə əzmi və nəhayət, ən vacib olanı vətənpərvərlik hissləridir. “Qarabağ” Futbol Klubunun idarəçiliyində qeyd etdiyimiz amillərin olduğuna heç bir şübhəmiz yoxdur. Belə olmasaydı komanda ardıcıl nailiyyətləri ilə bizi sevindirə bilməzdi. Göstərilən bütün fədakarlıqlara görə klubun vitse-prezidenti Tahir Gözələ, klubun baş məşqçisi Qurban Qurbanova dərin təşəkkürümü bildirirəm.

Vətənpərvərlik hisslərinə gəldikdə isə bu komanda daşıdığı adın məsuliyyətini dərk edir. Əminəm ki, “Qarabağ” klubu gələcək illərdə də bu gözəl adı şərəflə, ləyaqətlə daşıyacaq və Azərbaycan xalqını yeni qələbələrlə sevindirəcəkdir. Bizdən asılı olan isə yetərli dəstəyin verilməsidir.

-Dəstək deyərkən nəyi nəzərdə tutursunuz?

-Bildiyiniz kimi mən ATƏT PA-da Büro üzvü kimi təmsil olunuram. Bu qurumda onlarla, yüzlərlə avropalı həmkarım var. Aralarında futbol azarkeşləri az deyil, deyərdim ki, çoxdur. Xatırlayırsınızsa, ötən il Avroliqanın qrup mərhələsində İtaliya “İnter”nə qarşı oyunda “Qarabağ”-ın qaydalar çərçivəsində vurduğu qol hakim tərəfindən qeydə alınmadı və komanda ədalətsiz şəkildə Avroliqada mübarizəni dayandırdı. Həmin oyunla bağlı avropalı həmkarlarımdan müxtəlif mesajlar, xoş sözlər, hakim qərarının ədalətsiz olması haqda məyusluq izhar edən fikirlər aldım. Demək, təkcə “Qarabağ” bir oyunu ilə özünü Avropaya tanıda bilib. Hazırda, rus futbol şərhçisinin təbirincə desək, “Qarabağ” əfsanəsi davam edir, qalır bizim bu komandaya dəstək verməyimiz, bu, acılarla dolu, ancaq qürurverici, ləqayətli tarix yaşayan klubun yanında olmağımız.

Digər tərəfdən, bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası xarici QHT-lər üçün açıq maliyyə müsabiqəsi elan edib. Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində irəli sürülən kreativ, müasir ideyaları dəstəkləyir. Bu baxımdan QHT təmsilçiləri, xaricdə yaşayan soydaşlarımız aktiv olmalı, bu istiqamətdə yeni və innovativ ideyalarla çıxış etməli, daha çox təbliğat aparmalıdılar.

Hesab edirəm ki, bu məsələdə iş adamları da kənarda qalmamalıdırlar. Bildiyimiz kimi, “Azərsun Holdinq” 2001-ci ildə “Qarabağ”ı himayəsinə götürdü və bu, “Qarabağ”ın Futbol Klubu kimi fəaliyyət göstərməsi, daha da güclənməsi, inkişaf etməsində dönüş nöqtəsi oldu. Amma gəlin razılaşaq ki, bu klubun bütün maddi məsələlərinin həllinin bir şirkət üzərində olması, digər imkanlı şirkət və təşkilatların bu məsələdə seyrçi mövqe tutmaları ədalətli deyil. Böyük şirkətlər, transmilli korparasiyalar “Qarabağ” adlı Azərbaycan Brendinə maddi dəstək olmalı, bu klubun daha da çox nailiyyət əldə etməsi üçün çalışmalıdılar. Və yaxud, turizm şirkətləri “Qarabağ”ın səfər matçlarında rəqib stadionda daha çox azarkeşin iştirakı üçün endirimli paketlərini təqdim edə, aviabilet satışı şirkətləri isə ucuz bilet satışı ilə dəstək verə bilərlər.

-Bu çağırışınızın da başladığınız digər işlər kimi uğurlu nəticəsi olacağına əminsinizmi?

-Bu elə bir məsələdir ki, vətəndaş mövqeyi, azarkeş təəssübkeşliyi istəyir. Futbol ictimai oyundur. Elə bir oyundur ki, hakimin start fitinə günlər qalmışdan, hakimini final fiti səslənəndən sonra, məşqçilərin və oyunçuların mətbuat konfransında açıqlamalarına, azarkeş şadyanaqlığına qədər medianın diqqətində olur.
Nəyi nəzərdə tuturam? Əvvəla, “Qarabağ”ın Avropada məharətli, uğurlu oyunu həm də torpaqlarının 20%-nin işğal olunduğu Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, Qarabağın əsl sahibinin kim olduğunu, ümumiyyətlə bu problem haqda, rəqib komandanın təmsil etdiyi ölkənin mediası üçün böyük məlumat-təbliğat materalıdır. Bu yalnız idman deyil, həm də böyük siyasətdir, Azərbaycan ərazisi olan Qarabağın işğalının futbol səviyyəsində dünyaya bəyan edilməsidir.
Bunu təsəvvür edirsinizmi ki, Avropa meydanlarını silkələyən, hamını heyran edən kiçik büdcəli bu klubun təmsil etdiyi rayon, şəhər işağl altındadır, klub öz oyunlarını fərqli-fərqli meydanlarda keçirməyə məcburdur. Bu yöndə uğurlu təcrübə də var. “Totenhem”lə keçirilən oyun öncəsi London mətbuatı “Qarabağ”la bağlı çox geniş və ətraflı məqalə paylaşmışdı. Yəni, ilk olaraq “Qarabağ”ın qarşılaşdığı komandanın təmsil etdiyi ölkənin mediasının diqqətini bu mövzuya cəlb edib, onlarla sıx əməkdaşlıq etmək, daha çox media-dost qazana bilərik.

“Qarabağ” FK 2009-cu ildən uğurlu nəticələr göstərir, Avropanın tanınmış komandaları ilə yarışır, qalib gəlir, nəticə göstərir. Bəllidir ki, “Qarabağ”la qarşılaşmaq üçün Bakıya gələn komandaları həmin ölkələrin media təmsilçiləri, mətbuat nümayəndələri də müşaiət edirlər. Elə isə, həmin jurnalistlərlə iş aparıb, onlara təkcə futbol haqda deyil, həm də Azərbaycan mətbəxi, mədəniyyəti, tarixi, musiqisi haqda ətraflı məlumat verələcək tur təşkil edə bilərik. Özümüzə daha çox dost qazanmaq üçün bu əlavə bir şansdır. “Qarabağ” tək meydanlarda deyil, həm də yaşıl sahədən kənarda- mətbəxdə, konfrans zalında, sərgi salonlarında, muzeylərdə və digər yerlərdə Qarabağla bağlı təbliğat aparmağa imkan yaradır.

Komandanın yaşıl meydanlarda dəstəklənməsinə gəldikdə, klub rəhbərliyi ilə danışıb, ancaq QHT sektorunun təmsilçiləri üçün ayrıca sektor ayrılmasını istəyəcəyik. Ümid edirəm ki, QHT təmsilçiləri layihə reallaşdırarkən sərgilədikləri bacarıqları, stadion tirbunalarında təkrarlayıb, çılğın azarkeşlik edib, komandamıza dəstək olacaqlar.

-Hesab edirsinizmi ki, “Qarabağ” fubol klubunun uğurları həm düzgün strategiya, düzgün idarəçilik, böyük azarkeş dəstəyi ilə yanaşı, ümumiyyətlə futbola doğru-düzgün yanaşma ilə əlaqəlidir?

-Fikirlərinizlə razıyam. Əslində, “Qarabağ” FK-nın uğurları futbolun inkişafı istiqamətində Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasətin tərkib hissəsidir və qəbul olunan dövlət proqramları dediklərimizi təsdiqləyir. Biz əminik ki, gələcək illərdə Azərbaycanda futbol daha da sürətlə inkişaf edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ötən il Qarabağ FK-nın Avroliqada uğurlu çıxışlarından sonra komanda ilə görüşü zamanı demişdir: “Sizin uğurlu çıxışlarınız, qələbələriniz azarkeşləri ruhlandırır, sevindirir. Siz xalqımıza qələbə sevinci də bəxş edirsiniz. Xüsusilə son yarışlarda, Avroliqadakı yarışlarda sizin oyunlarınız ən yüksək qiymətə layiqdir. Sizin qrupunuzda yarışan klubların büdcəsi sizinkindən qat-qat böyükdür, bəlkə 10 dəfədən çoxdur. Ancaq həyatda, idmanda, siyasətdə maliyyə vəsaiti hər şeyi həll etmir. Sizdə vətənə olan bağlılıq, vətənpərvərlik, peşəkarlıq və iradə bax, bu qələbələri şərtləndirib. Siz bütün komandalarla çox uğurlu yarışmısınız, qələbələr qazanmısınız. Növbəti yarışlarda Avropa idman ailəsinə bir daha sübut edəsiniz ki, “Qarabağ” futbol klubu böyük uğurlara imza ata və Azərbaycan futbolunu ləyaqətlə təmsil edə bilər”.
Mən də öz növbəmdə Cənab Prezidentin fikirlərini dəstəkləyir və bildirirəm ki, təmsil etdiyim qurum, QHT ictimaiyyəti ilə birgə “Qarabağ” FK-nın Azərbaycanı ləqayətlə təmsil etməsi üçün əlimdən gələni əsirgəməyəcək. Bu işdə medianın və QHT sektorunun üzərinə daha ağır, məsuliyətli iş düşür. Amma unutmaq olmaz ki, istənilən bir komandanın uğurlarının böyük bir hissə də davamlı azarkeşliyin üzərindədir. Azarkeşlik isə komandanı tək stadionda, alqışlarla, şüarlarla dəstəkləmək deyil, həm də onun yanında olmaqdır. İstər burada, istərsə də xaricdə.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."