!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azər HƏSRƏT: İki ayrı ölümün düşündürdükləri…

!Reklam – Yazi

Azər HƏSRƏT, [email protected]

Adətən hansısa məmur, nazir dünyasını dəyişəndə ona cəmiyyətin münasibəti rəhmət diləməklə təsdiqini tapır. Əgər mərhum haqqında kütləvi şəkildə xoş sözlər deyilir, rəhmət oxunursa, doğrudan da buna layiq olan birisidir. Yox, yalnız yaxın ətrafı rəhmət oxuyur, qəzetlərin qapısını döyüb ona başsağlığı elanları dərc etdirirsə, bunun adı xalq sevgisi deyil. Sadəcə ölü yiyələri bu yolla öz ölülərini urvatlı eləmək üçün çalışırlar.

…Sənaye və energetika naziri Natiq Əliyev demək olar ki, qəfil dünyasını dəyişdi. Ciddi şikayətləri yox idi (bəlkə də vardı, sadəcə bəziləri kimi bunu əlində bayraq etmirdi), yaşı da çox sayılmazdı. Amma qədər dediyin bir şey var ki, onun yazdığı bir saniyə belə gecikmədən gerçək olar. Natiq Əliyevin qədəri də gecikmədi, vaxtı çatınca onu öz ağuşuna aldı.

Müşahidələr göstərdi ki, cəmiyyətdə bu nazirə sadəcə nazir olduğu üçün deyil, bir İnsan olduğu üçün böyük hörmət varmış. Onun ölümündən mütəəssir olmayan, buna kədərlənməyən heç kimə rast gəlinmədi.

Natiq Əliyev ləyaqətli bir insan idi, öləndən sonra ona olan münasibət bunu bir daha təsdiqlədi. Birmənalı olaraq hər kəs onun ölümünə kədərləndi, üzüldü. Elə mən də. Yaxın tanışlığımız olmasa da onun şəxsiyyəti haqqında həmişə yüksək fikirdə olmuşam, ölümünə olan ümumxalq münasibəti bu fikrimi daha da möhkəmləndirdi.

Allah rəhmət eləsin. Natiq Əliyev doğrudan da gözəl insan idi. Ləyaqətli nazir, sadə vətəndaş idi. Adı heç zaman korrupsiyada hallanmadı. Oliqarx deyildi. Hansısa bir sahəni inhisarda saxlamaqda ittiham edilmirdi. Üstəlik, hər kəslə – ən adi süpürgəçi ilə belə çox sadə, elə onun ürəyincə olan səviyyədə davranırmış. Yəni bu böyük Şəxsiyyət nazir olmasına baxmayaraq özünü heç vaxt başqa insanlardan yuxarıda hiss etmirdi.

Sadəlik nədən irəli gəlir? Əlbəttə ki, əsil-nəcabətdən! Belə anlaşılır ki, mərhumun şəxsən mənim yaxından tanımadığım əsli-nəsli görüb-götürmüş, gözütox insanlarmış ki, bu insan bu qədər yüksək vəzifə tutmasına baxmayaraq başı gicəllənmir, əksinə, daha da sadələşir…

Mərhum Natiq Əliyevə olan bu münasibət bir daha məmurların, ümumiyyətlə isə hər kəsin bu fani dünyada sadəcə insanlıq etməklə ümumxalq sevgisi qazana biləcəyini təsdiqlədi.

Sosial şəbəkələrdən oxuyuram, görürəm ki, Natiq Əliyev bir nazir kimi iş yerinə gələndə hər kəs kimi sakitcə liftə minər, hətta başqaları üçün də liftin düymələrini basaraq yuxarı qalxarmış. Bəlkə də fantastik görünə bilər. Amma bu adam beləymiş!

Halbuki nazirlər, hətta nazir deyil, ən xırda məmurlar var ki, öz iş yerlərinə gələndə bütün işçilərin ya farağat durub onu gözləməsini, ya da ümumiyyətlə gözə görünməməsini tələb edirlər. Bu tələbə əməl etməyənləri isə gözümçıxdıya salır, sıxışdırıb işdən atırlar.

Niyə belə edirlər? Ona görə ki, Natiq Əliyevdən fərqli olaraq bunlar soysuzdurlar, əsil-nəcabətləri şübhəlidir! Bu tip adamlar görməmiş olur. Layiq olmadıqları zirvəyə yüksəldiklərində, yaxud sərvət və vəzifə sahibi olanda gözləri ayaqlarının altını görmür, düşünürlər ki, hər kəs bunlara təzim etməlidir.

Mərhum Natiq Əliyevsə belə deyildi. Adam gözütoxdu. Görüb-götürmüş, vəzifə pillələrində yüksəldikcə insanlığını daha bərk qoruyacaq qədər möhkəm bir zata sahibdi! Zatı zəif və şübhəli olsaydı, bəzi vəzifə sahibləri kimi o da iş yerinə gələndə işçilərin farağat durmasını, yaxud da gözdən itməsini tələb edərdi…

Natiq Əliyevin qəfil ölümünün ardından ortaya çıxan bu mənzərə yadıma bir rektorun ölümünü saldı. Bakıdakı köklü universitetlərdən birinin adını çəkmək istəmədiyim mərhum rektoru haqqında danışıram. Orada dostlarımız işləyirdi, tələbələrlə ünsiyyətimiz vardı. Deyirdilər ki, bu rektor dəhlizdə görünəndə hamı qaçıb otaqlarda gizlənməliymiş. İstər müəllim-professorlar, istərsə də tələbələr gözə dəysəydi, vay hallarına.

Bir gün bu rektor öldü. Öləndə sosial şəbəkələr bu xəbərlə bağlı geniş müzakirə və fikirlərlə aşıb-daşdı. Ha axtardım, bir nəfərə belə rast gəlmədim ki, adama rəhmət oxusun! Arxasınca deyilməyən söz qalmadı! Ağzını açan bunun kimi əzazildən qurtulan məlum universitet kollektivinə gözaydınlığı verirdi. Tam qətiyyətlə deyirəm ki, adamın ölümü bir neçə gün müzakirə mövzusu oldu, amma bir nəfərin belə rəhmət diləyinə rast gəlmədim. Sanki hər kəs elə ona ölüm arzu edirmiş!

İndi bu Natiq Əliyevin ölümü və həmin rektorun ölümü bir çox gözü ayağının altını görməyən görməmişlər üçün şans sayıla bilər. Pul, vəzifə sahibi olan insan gərək elə ömür yaşaya ki, ardınca kimsə bir şikayət səsləndirməsin. Bu bir seçimdir. Seçimi edənsə hər bir fərdin – istər nazir, istər rektor olsun – özüdür…

Hörmətli məmurlar, elə bir ömür yaşayın, insanlarla elə davranın ki, ölümünüz hər kəsi kədərə boğa bilsin. Bu yolla ölümdən sonra da yaşaya bilərsiniz. Natiq Əliyev kimi.

Əks təqdirdə o məlum rektor kimi ölüb itəcəksiniz…

Yenicag.az

www.yenicag.az

876
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv