!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azər Həsrət Vyanada erməniləri bir daha ifşa etdi –FOTO-VİDEOLAR

!Reklam – Yazi

azer_hasret_vienna_1477915560Xəbər verdiyimiz kimi, oktyabrın 27-28-də Vyanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun insan inkişafı üzrə əlavə görüşü keçirilib. CASCFEN sədri Azər Həsrət də həmin tədbirdə iştirak edərək bir neçə dəfə çıxışlar edib.

Tədbir haqqında QAZİLER.AZ-a məlumat verən Azər Həsrət bildirib ki, bu görüş silahlı münaqişə zamanı jurnalistlərin hüquqlarının qorunması və jurnalistika fəaliyyəti də daxil olmaqla ifadə və media azadlığı məsələlərinə həsr edilmişdi. Əsasən üç məsələnin müzakirəsi nəzərdə tutulmuşdu:

 – silahlı münaqişə zamanı jurnalistlərin təhlükəsizliyi;
– etik standartların yüksəldilməsi, təbliğatın qarşısının alınmasında medianın idarə edilməsi və özünü idarəsi;
– böhranlı anlarda media azadlığının qorunmasında ATƏT, hökumətlər və vətəndaş cəmiyyətinin rolu.

Təbii ki, Ermənistan tərəfindən münaqişəyə cəlb edilmiş Azərbaycan üçün aktual məsələlər olduğundan biz də bu toplantıya qatıldıq və yaradılan imkandan mümkün qədər istifadə etməyə çalışdıq. Çünki bilirdik ki, söhbət münaqişələrdən gedirsə, təbii ki, ermənilər və onların havadarları dinc duran deyil, üstümüzə gələcək. Hələ biz ortalıqda gözə dəyməsək, öz xislətlərinə uyğun olaraq Azərbaycana hücum da edəcəklər. Ona görə də meydanı boş qoymaq olmazdı.

Həmişə müşahidə etmişəm ki, ermənilər bizi meydanda görəndə çalışırlar ki, dağdan-bağdan danışıb diqqəti yayındırsınlar. Amma təbii ki, biz də lazım olan müdaxilələri edib onları məhz işğal faktı, onun doğurduğu nəticələr ətrafında müzakirələrə çəkə bilirik.

Bu dəfə də belə oldu. Ermənilər sakit oturmuşdular. Biz də sussaydıq yəqin ki, sonadək susacaqdılar. Yaxud da hər zamankı kimi başqa məsələlərdən danışacaqdılar. Amma belə bir tribunanı əldən verə bilməzdik. Əgər münaqişə dövründə jurnalistlərin, medianın problemləri müzakirə edilirsə, deməli Ermənistandan fərqli olaraq Azərbaycanın deyəcəyi çox söz var.

İlk sessiyada çıxış edən ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç bizim bu istəyimizi gerçəkləşdirmək üçün dırnaqarası stimul da verdi. O, geniş məruzəsində qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi zamanı hər iki tərəfdən jurnalistlər öldürülüb.

Hər iki tərəfdən? Heyrət etdik. Çünki Ermənistan tərəfdə heç bir jurnalistin öldürülmədiyi gün kimi aydın məsələdir. Bəs onda niyə xanım Miyatoviç bizi ermənilərlə eyni tərəziyə qoyur? Olmaya, yenə də ikili standart, təcavüzkarla təcavüzə məruz qalana “balanslı” yanaşma sərgilənirdi? Elə idi ki, vardı. Xanım Miyatoviç dolayısıyla iddia edirdi ki, Azərbaycan tərəfi erməni jurnalistləri öldürüb.
Cavabını verdik təbii. Özü də bizi dinlədi. Üstəlik, rəsmi Yerevanın təmsilçisi, həmçinin Ermənistandan olan QHT təmsilçiləri mənim çıxışımı qəzəblə dinləməli oldu. Söz alıb qeyd etdim ki, xanım Miyatoviçin bu iddiası əsassızdır və bizə belə fakt məlum deyil. Əgər onda, yaxud da Ermənistan təmsilçilərində belə faktlar varsa, buyursunlar, burda səsləndirsinlər. Azərbaycan tərəfinə gəlincə, ermənilər 1991-ci ildə Salatın Əsgərova başda olmaqla 7 Azərbaycanlı, 2 Rusiyalı jurnalisti öldürüblər. Jurnalistlərin öldürülmə şəraitini qeyd etməyim təbii ki, ermənilərin xoşuna gəlmədi. Nəinki xoşuna gəlmədi, ümumiyyətlə onları özündən çıxardı.

Bir müddət sonra söz alan Ermənistan təmsilçisi əsəbi şəkildə məni ittiham etdi, guya erməni jurnalistlərin də bu münaqişədən öz nəsibini aldığını dedi. Onunla sinxron şəkildə əsəbləşən Yerevan Mətbuat Klubunun sədri Boris Navasardyan isə qəzəbindən məni dəxli olmadan Azərbaycan hakimiyyətinin mövqeyindən çıxış edən qeyri-müstəqil şəxs adlandırdı və iddia etdi ki, Ermənistan tərəfdən də öldürülmüş jurnalistlər olub. Amma ad çəkmədi təbii ki. Bu da mən daxil ciddi adamlarda sual doğurmaya bilməzdi. Düşündüm ki, səbr edib sabah mövzuya yenidən qayıdaram.

Qayıtdım da. İkinci günün birinci yarısında məruzələri dinlədikdən sonra söz aldım. Baxmayaraq ki, əsas məruzəçilərdən biri Boris Navasardyan idi və Azərbaycan haqqında heç bir tənqid səsləndirmədi, vacib sandım ki, öncəki gün yarımçıq qalan məsələni bitirim. Çıxış üçün söz veriləndə qeyd etdim ki, “dünən rəsmi Yerevanın təmsilçisi ilə bir QHT təmsilçisi mənim çıxışıma görə sinxron şəkildə əsəbləşdi. Mən sadəcə Azərbaycanlı və Rusiyalı jurnalistlərin öldürülməsindən danışmışdım”. Daha sonra Xocalı soyqırımı zamanı ermənilərin öldürdüyü Azərbaycanlıları lentə alan Çingiz Mustafayevi dilə gətirməyim, üstəlik fürsətdən istifadə edib bu soyqırım haqqında danışmağım isə erməniləri təkrar qəzəbləndirdi.

Bu dəfə mənə cavab verən rəsmi Yerevan təmsilçisi az qala iddia etdi ki, Çingiz Mustafayevi Azərbaycan tərəfi öldürüb. Əsl erməni xisləti!

Boris Navasardyan isə yenə də açıq əsəbi şəkildə iddia etdi ki, Ermənistan tərəfdə də öldürülən jurnalistlərin olmasını bilməməklə mən işimin öhdəsindən gələ bilmirəm. O, hətta iddia etdi ki, mənim təmsil etdiyim təşkilat – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi ümumiyyətlə mövcud deyil.

Mən, təbii ki, istədiyimə nail olmuşdum. Nə rəsmi Yerevan təmsilçisi, nə də ki, bir QHT təmsilçisi mənə cavab verə bilməmişdi.

Sonuncu sessiyada isə beynəlxalq insan haqları təşkilatlarının əməllərinin şübhə doğurmasını əsaslandıran çıxış etdim. Sərhədsiz Reportyorlar Təşkilatının təmsilçisi Lüsi Morilyon hər zamankı kimi dünyada jurnalistlərin hüquqlarını qoruduqlarını iddia etdi. Onun təmsil etdiyi təşkilatın qurucusu və keçmiş baş katibi Rober Menarı yaxşı tanıdığım üçün xanıma sual ünvanladım ki, necə olur sizin təşkilatın keçmiş baş katibi bir zamanlar beynəlxalq hüquq müdafiəçisi olur, indi isə Fransanın radikal Milli Cəbhə Partiyasının üzvü kimi siyasət adamıdır və meri olduğu şəhərdən qaçqınları qovur?

Belə bir sual qoymağım, təbii ki, xanım Morilyonun xoşuna gəlmədi və cavabında gözünü yumub ağzını açdı. Rober Menara görə cavabdeh olmadığını deyən xanım ardınca da o ki, var Azərbaycana yükləndi. Dəxli varmıydı? Təbii ki, yox. Bu gedişlə sadəcə bir daha qərəzli olduqlarını göstərdi. Özü də ermənilər kimi o da mənim təşkilatımın mövcud olmadığını iddia etdi.

Əlbəttə, xanım Morilyonun bu cavabı məndə gülüş doğurdu. Bununla belə sessiya bitincə ona yaxınlaşdım, özümü təqdim etdim. Məni tanıdığını dedi. Mən də onu və təşkilatını çox yaxşı tanıdığımı dedim. Yetərincə geniş söhbət etdik və ona faktlarla izah edə bildim ki, təmsil etdiyi təşkilat Azərbaycana münasibətdə qərəzli və qeyri-obyektivdir. O isə öz növbəsində bunu təsdiq edən faktları e-poçtla göndərməyimi xahiş etdi. Eyni zamanda təşkilatımızın Orta Asiyadakı geniş əlaqələri, 2004-cü ildə hətta beynəlxalq mükafat alması haqqında danışaraq izah etdim ki, siz belə bir təşkilatın mövcudluğunu şübhə altına ala bilməzsiniz. Ayrıca vurğuladım ki, mənim haqqımda mənfi rəy yaradan şəxslərdən xəbərim var və o adamlarla eyni sırada durmağınız sizi pis vəziyyətdə qoyur. Əgər doğrudan da Azərbaycanda medianın, jurnalistlərin hüquqlarını qorumaq üçün çalışırsınızsa, buyurun, əməkdaşlıq edək. Sonda razılaşdıq ki, bundan sonra informasiya mübadiləsi edək ki, anlaşılmazlıq olmasın.

İki günlük tədbirin qapanış sessiyasında Dunya Miyatoviçin də iştirakı nəzərdə tutulurdu. Düşünürdüm ki, o, ilk çıxışında Ermənistan tərəfdə jurnalistlərin öldürülməsi haqqında dediklərinə aydınlıq gətirəcək. Amma nə baş verdisə o, sessiyanın işinə qatılmadı. Onun adından tədbirdə iştirak edən təmsilçi isə mənim həmin sualıma cavab vermədi. Olsun. Xanım Miyatoviçi hər halda başqa tədbirlərdə də görəcəyik və mən təkrar ondan bunu soruşacağam.

Bu arada onu da qeyd edim ki, tədbirdə Azərbaycan təmsilçiliyindən bir nümayəndə də iştirak edirdi. Açığı, əvvəlki illərdən fərqli olaraq son zamanlar belə tədbirlərdə rəsmi Bakının təmsilçilərinin fəallığı diqqətimi çəkir. Bu dəfə də eyni qaydada rəsmi təmsilçimiz yetərincə fəal şəkildə müzakirələrə qatıldı, iştirakçılarda sual doğuran məsələlərə aydınlıq gətirə bildi. Sevindim əlbəttə.

Mənimlə bərabər tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov da maraqlı münasibətə tuş gəlib. O, sessiyadan öncə çıxış etmək istəyini moderatora bildirəndə xəbərdarlıq alıb ki, Qarabağ münaqişəsindən danışmasın. Çünki mövzu jurnalistlərdir. Əhməd isə təəccüblə ona cavab verib ki, əgər münaqişə dövründə jurnalistlərin problemlərindən danışırıqsa, bir Azərbaycanlı olaraq o, bu məsələdən yan keçə bilməz. Doğrudan da o, öz çıxışını məhz Qarabağ münaqişəsi üzərində qurdu və təbii ki, hər kəs onu dinləməli oldu.

Bu arada maraqlı bir müşahidəm də oldu. Bir qayda olaraq bu cür tədbirlərə dəstəylə qatılan məlum Azərbaycanlı “mühacirlər”dən heç kim gözə dəymədi. Açığı, belə olacağını da gözləyirdim. Çünki tədbirin mövzusu elə idi ki, burada mütləq ermənilərin öldürdüyü Azərbaycanlı jurnalistlərdən danışmaq lazım idi. Yəni Azərbaycanı tənqid etmək mövzu dışı olacaqdı. Bu isə həmin dəstənin qarşısına qoyulan tapşırıqlara uyğun gəlmirdi. Ona görə də o adamlar gözə dəymədilər. Heç ermənilər də cürət edib Azərbaycan haqqında ciddi tənqidlər səsləndirə bilmədilər. Dedik axı, mövzu dışı olacaqdı…

 

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv