!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azər Qaramanlı Şahin Ağabəylini xatırlayır – PORTRET

!Reklam – Yazi

1451388844Teleqraf.com-un “Portret” rubrikasında tanınmış jurnalist Azər Qaramanlı qardaşı, mərhum jurnalist, “Milli Yol” qəzetinin baş redaktoru Şahin Ağabəylini xatırlayır.

– Azər bəy, Şahin Ağabəyli qardaşınız olub. Onunla həm də dost idiniz, yoxsa ancaq qardaş?

– Dostla qardaş olmaq olmur. Yəni nə qədər iki dost bir-birinə qardaş desə də, onların qardaşlığı baş tutmur. Çünki ailə bağları ilə dost bağları tamam başqa-başqa şeylər ehtiva edir. Qardaşınla dost olmağın da bir mənada imkansız olur. Çünki nə qədər dost olmaq üçün şərtlər olsa da, sonucda ailə bağları dostluq bağlarından irəlidə gəldiyi üçün qardaşlıq bağları dostluq bağlarını həmişə kölgədə saxlayır. Ona görə də Şahin Ağabəyli mənim dostum deyil, qardaşımdı və üstəlik, o məndən 10 yaş kiçikdi. Buna baxmayaraq, bizim münasibətlərimizdə dostluq ştrixləri həmişə vardı. Yəni bir-birimizi ruhən başa düşürdük və bu da bizim aramızda dostluq bağlarını hər zaman irəli çəkirdi. Şahini başqalarından fərqləndirən bir şey vardı. Əgər bir şeyi beyninə qoymuşdusa, onun fəsadlarını heç düşünməzdi. Nə olacağı umurunda belə deyildi. Bu üzdən onunla bərabər olmaq adama müəyyən mənada rahatlıq verirdi. Bir də qorxusuzluq.

– Bəs Şahinlə aranızda dostluq ştrixləri necə yarandı? Xatırlayırsınızmı?

– Bizi qardaşlığın ötəsində yaradıcılığa olan meyil birləşdirirdi. Şahin orta məktəbi bitirib Türkiyəyə, Kara Harp Okuluna oxumağa gedərkən mənim artıq 27 yaşım vardı. Yəni yetişkin biriydim. Şahini mənə bağlayan əsas şey də məhz mənim bilgilərimdi. Yəni mən oxuduqlarımdan və əldə etdiyimi informasiyanı ona ötürürdüm. Bu, bizim aramızda güclü bir bağ oluşdurmuşdu. Və bu bağ məhz dostluq ştrixlərindən ibarətdi. Mən o zaman ona millətçi olmağı öyrədirdim. Özünü böyük görmək istəyən millətini böyütmək üçün çalışmalıdır deyirdim. Mənə görə millətçilik, o demək deyil ki, hansısa milləti xor görəsən. Mənə görə millətçilik başqa millətlərin sənin millətini xor görməsinə imkan verməməkdir. Bu həm də, insanın özünə olan hörməti deməkdir. Mən Şahinə bunları əxz edirdim. Və deyim ki, o, doğrudan millətini sevirdi və millətinə xor baxanlara xor baxırdı.

– Şahin siyasətlə də məşğul olub…

– Hə, o, Türkiyədən döndükdən və hərbidən tərxis olunduqdan sonra əvvəl siyasətlə məşğul oldu. Elçibəyin rəhbərliyi altında BAB-da fəaliyyət göstərirdi. Elçibəy onu Bütöv Azərbaycan Məktəbinin rəhbəri təyin etmişdi. Elçibəyin vəfatından sonra Şahin siyasətdən aralandı və “Milli Yol” qəzetini təsis etdi. Açığını deyim ki, mən ona başladığı hər bir işdə yardım edirdim. Kənddə yaşamağıma baxmayaraq, hər həftə “Milli Yol” qəzetinin 3-4 səhifəsini mən yazırdım. Yəni bir anlamda mən Şahinin kölgəsiydim və eyni zamanda o da mənim kölgəm idi. Yəni biz dərin, mənəvi bir bağla bir-birmizə bağlıydıq.

– Hiss edirsinizmi onun yoxluğu ilə artıq barışmısınız?

– Açığını deyim ki, beş ildən artıq zaman keçməsinə baxmayaraq, mən hələ də onun yoxluğunu içimə sindirə bilməmişəm. Yəqin ki, bir daha mən oktyabrın 27-si kimi bir müsibəti daşıya bilmərəm.

– Mən Şahini şəxsən tanımırdım. Sosial şəbəkələrdə haqqında yazılan xatirələrdən necə bir insan olduğunu təxmin eləsəm də, təbii, onu sizin dilinizdən tanımaq daha yaxşı olardı. Şahini dəyərli eləyən əsas hansı xüsusiyyətlərindən danışa bilərsiniz?

– Bu suala mənim cavab verməyim doğrudan bir az çətindi. Hər halda, bu sualı onun yaxın dostları cavablandırsaydı yaxşı olardı. Dediyim kimi, biz qardaşdıq və mənim onun xasiyyətlərini, ya da mənfi cəhətlərini tam olaraq bilməm imkansızdı. Amma məncə, Şahin öz içindəki ləyaqəti ilə dəyərli idi. O səmimi olmağı bacarırdı və doğrudan onda bəzi lider keyfiyyətləri vardı.

– Tez-tezmi görüşürdünüz, yoxsa məclisdən-məclisə, tədbirdən-tədbirə?

– Adətən biz, ya mən Bakıya gələndə, ya da o kəndə gələndə görüşərdik. İçki süfrəsi arxasında saatlarla danışardıq.

– Görüşəndə ən çox nə barədə danışırdınız?

– Hər şeydən: siyasətdən, mətbuatdan, fəlsəfədən, sosial problemlərmizdən və əsasən də milli problemlərimizdən danışardıq. Deyim ki, Şahinin qəribə içki içməyi vardı. İçki məclislərini çox sevirdi. Amma hər sağlıqda, sadəcə, bir qurtum içərdi. Həmsöhbətini diqqətlə dinləyər, özü üçün nəticə çıxarmağa çalışardı.

– Deyə bilərsinizmi, qardaşınızın hansı xasiyyəti başqa heç kəsdə yox idi?

– Şahin ona xəyanət edənləri həmişə bağışlayardı və bunu başqalarından da istəyərdi. Məncə, onun bu keyfiyyəti çoxlarında yoxdu. Bir də Şahinin ruhu çox azaddı. Onun ətrafından həmişə «azadlıq qoxuyurdu».

– Bir-birinizə məsləhətlər verirdinizmi?

– Əlbəttə ki… Bayaq dediyim kimi, bunun üçün saatlarla söhbət edirdik.

– Bəs onun ölüm xəbərini necə qarşıladınız, heç ağlınıza gələrdimi bu?

– Mənim o dəhşəti yaşamaq gücüm yoxdur. Mən bundan böyük müsibət görməmişəm. Və Allahdan tək diləyim, mənə bir daha belə bir müsibəti göstərməməsidir. Doğrudan Allahdan başqa bir istəyim yoxdur.

– Şahinin ölümündə günahkar hesab elədiyiniz nəsə varmı? Yoxsa hər şey Allahın qisməti idi.

– Hesab edirəm bu qədərdi. Kimin harda başına nələr gələcəyi bilinməz. Qəza elə bir şeydi ki, birdə görürsən ki, atanın maşınında oğlu, ya da əksinə, oğulun maşınında ata-ana ölür. Ona görə də mən heç kimi günahlandırmıram. Açığı, mən onu apardığına görə bir qədər Allaha incik düşdüm. Haqsızlıq kimi qəbul etdim və yenə də deyirəm, Şahinin ölümünü hələ də içimə sindirə bilmirəm.

– Sizə görə Şahin Ağabəyli yaddaşlarda nə ilə qaldı?

– Məncə, o qorxusuz və ideyalı bir jurnalist kimi yaddaşlarda qalıb. Və səmimi insan kimi. Bir də Şahin yaradıcı insanların xatirəsində heç bir senzuraya sığmayan bir baş redaktor kimi qaldı. Şahin heç kimin yazısına bu olar-bu olmaz, demirdi. Qələmin varsa, buyur yaz. Ürəyin nə istəyir yaz. Heç kəsi qəlibə, çərçivəyə salmırdı. Hər kəsə özünü tam olaraq ifadə eləmək üçün 100 faizlik imkan verirdi. Və ən əsası kim nə yazırsa yazsın, onların yazdıqlarının məsuliyyətinə özü qatlanırdı, özü bu məsuliyyəti daşıyırdı.

– Görəsən, bundan sonra onun haqqında nə qədər danışacaqlar?

– Bütün saydığım bu cəhətlərə görə Şahinin hələ bir neçə on il müddətində Azərbaycan mətbuatında xatırlanacağını düşünürəm.

– Son görüşünüz yadınızdadırmı?

– Yadımdadır. Telefonda danışdıq. Mən Bakıya köçməyə haırlaşırdım. Bu barədə danışdıq. Bir gün sonra o faciə baş verdi.

– Yəqin məzarını tez-tez ziyarət edirsiniz…

– Bütün bayramlarda bütün ailə üzvlərimiz onun məzarını ziyarət edir. Doğum və ölüm günlərində də məzarını ziyarət edirik. Bir də kəndə nə zaman yolumuz düşürsə birinci onun məzarının başına gedirik. Şahinin gözlərində kədər yoxdu. Amma məzar daşının üstündəki şəklində nədənsə gözləri kədərlə baxır…

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv