yenicag.az

Azər Qaramanlı: “Sənin insanlığında yanlışlıq, yarımçıqlıq var…”

Azər Qaramanlı:  “Sənin insanlığında yanlışlıq, yarımçıqlıq var…”

Müəllif: Redaktor

Editor

12277313_908955252474628_1607715370_nTeleqraf.com tanınmış jurnalist Azər Qaramanlı ilə müsahibəni təqdim edir.

– Azər bəy, sizin ixtisasınız nədir, filoloqsunuz?

– Yox, filoloq deyiləm. İxtisasım texniki sahə ilə bağlıdır. Ət və süd məhsulları üzrə təhsil almışam. İnstitutu Rusiyada bitirmişəm. Ancaq heç zaman öz sənətimlə məşğul olmamışam.

– Niyə?

– Elə əvvəldən bədii yaradıcılığa bağlı olmuşam. Sözün düzü, sahəm üzrə iş tapmaq da problem oldu. İnqilab dönəmində gedib kimə deyəsən ki, mən ət və süd məhsulları ixtisasını qurtarmışam, iş axtarıram. Söhbət 1989-90-cı illərdən gedir. Hərəkat başladı, aləm qarışdı. Bu proseslərin içində sənətimi unutdum getdi.

– Bəs jurnalistika ilə nə vaxtdan məşğul olmağa başlamısınız?

– Mən 2002-ci ildən jurnalistikadayam. Ondan əvvəl ədəbiyyatla məşğul idim, yazıb-eləyirdim. Sözün düzü, mən həmişə qapalı olmuşam. Yəni 90-ci illərdə baş verən proseslər gənc olsam da, məni çox incitdi. Elə bil içimdə nəsə qırıldı, ondan sonra çıxıb getdim kəndə.

– Hansı kəndə?

– Neftçalaya – Aşağı Qaramanlıya.

– Sizə pis təsir eləyən nə oldu ki, sarsılıb kəndə getdiniz?

– O vaxtı mən siyasətlə də məşğul olurdum. AXC-nin üzvü olmuşam. Sonra AXC parçalanandan sonra ordan ayrıldım. Ümumiyyətlə, Elçibəydən sonra daha siyasətlə də məşğul olmadım.

– Kənddə neylədiniz?

– Ömrüm boyu oxumuşam, həmişə mütaliəm olub. Oxuduğum kitablar məndə müəyyən bir dünyagörüş yaradıb. Sonra da bayaq dediyim kimi, 2002-ci ildən başlayaraq, mətbuatda köşələrlə çıxış eləməyə başladım. Əsasən, “Milli yol”da yazırdım. Qardaşım Şahin rəhmətə gedəndən sonra işlər yarımçıq qaldı.

– Azər bəy, sizin haqqınızda deyilir ki, ədəbiyyatı, jurnalistikanı, fəlsəfəni çox gözəl bilirsiniz, ancaq bildiyiniz şeylərlə məşğul olmursunuz. Bilmək istəyirəm, sizi bildiyiniz şeylərdən uzaq salan nədir, niyə əvvəlki kimi ardıcıl yazmırsınız?

– Açığı, məndə bir az tənbəllik var. Desəm ki, vaxtım yoxdur, yalan olar. Folknerin bir sözü var. Deyir, kimsə deyirsə ki, mənim vaxtım olmadı, vaxtım olsaydı, mən dahi olardım, bu, yalandır. Tənbəlliyimsə ondan ibarətdir ki, məsələn, kimsə mənə desə ki, filan yazını yazmaq lazımdır, filan mövzunu işləmək lazımdır, mən onu keyfiyyətli bir şəkildə eləyəcəm. Beynimdə həmişə çoxlu ideyalar olur. Amma onlar elə ideya olaraq da qalır. Ədəbiyyat azad ruhu və özünü tamamilə ona həsr eləməyi sevir. Mənim maddi durumum heç bir zaman elə bir şəkildə olmayıb ki, özümü tamamilə ədəbiyyata, fəlsəfəyə, jurnalistikaya həsr eləyim. Hər halda içimdə olan gücü bilirəm. Tutalım, bilirəm ki, mən bu işlə məşğul olsam, nələr eləyə bilərəm.

– Deyirsiniz ki, mənə sifariş verilsə, stimul verilsə, yazaram. Maraqlıdır, siz o sifarişi kimdən gözləyirsiniz, hardan gözləyirsiniz?

– Hər hansı bir adam mənə o sifarişi verə bilər. Tutalım, siz özünüz desəniz ki, filan şeyi yazmaq olar, mən yazaram.

– Yəni qonorar hesabına?

– Yox, yox, mən heç zaman qonorara yazmıram.

– Bir şeyi anlamıram. Bəs qonorar marağınız yoxdursa, niyə kimsə sizə yazı sifariş verməlidir?

– Yəni demək istəyirəm ki, içimdə o tələbatı yaradan stimul olmalıdır. İçimdə tərpəniş olmalıdır ki, yazıb ortalığa çıxara bilim. Məndə özünü təsdiq etmək hissi demək olar ki, yoxdur. Bu, mənim məqsədim deyil. Amma kimsə məndən nəyisə gözləyirsə, hər zaman çalışıram ki, o şeyi həmin adama verim.

– Azər bəy, sizcə, yaşamaq nədir?

– Yaşamaq odur ki, mən burdan ora kimi yol gəlirəm. Gəldiyim o boyda yol, götürəndə bir andır. Yaşamaq əslində, an məsələsidir.

– Bəs insanın əsas vəzifəsi nədir?

– İnsanın qarşısında dayanan vəzifə hökmən nəyisə yaratmaq deyil. Təbii, yaratdığı bir abidə kimi qalır, amma demək istəyirəm ki, insanın mahiyyətində olan şey başqadır. Yəni varlıq mahiyyəti başqadır. İnsanın qarşısında duran əsas vəzifə Allaha bəndə olmaqdır. Bunu bacarırmı, bacarmırmı, bu başqa məsələdi. Önəmli deyil ki, roman yazacam, yaxud da gözəl bir hekayə yazacam, gözəl redaktor olacam. Bunlar insanın vəzifələri deyil. Mənim mahiyyətimin əsasını təşkil edən şey Allaha bəndə olmaqdır. Yəni mən məsələyə bu aspektdən yanaşıram və özümə, Allaha sadiq olmağa çalışıram. Məsələn, səni aldatmağım özümü aldatmaq demək deyil, amma özümü aldatmağım Allahı aldatmağım deməkdir.

– Fəlsəfə bizə nə deyir? Bunu qısa şəkildə izah eləmək mümkündürmü?

– Mümkündür. Lap başlanğıcdan fəlsəfə bir suala cavab axtarıb. İnsan nədir?

– Niyə məhz insan kimdir yox, insan nədir?

– Çünki Allahın yaratdığı kimdir sualına cavab verə bilməz. Əgər bu söz mahiyyət olaraq kimdir sualına cavab verərsə, bu, bütün hallarda eqo olaraq ortalığa çıxır.

– Siz İslam fəlsəfəsindən danışırsınız, yoxsa?

– Xeyr. Mən Platondan, Aristoteldən, Hegeldən, Nitsşedən danışıram. Nitsşenin bütün yaradıcılığı “İnsan nədir?” sualına cavab tapmaqdan ibarət idi. Marksa qədər fəlsəfə ruhun araşdırılmasından ibarət idi. Yəni “Allah məni niyə yaradıb?” Amma Marks bütün bu fəlsəfi düşüncələri dağıtdı və materiya və ruhu bir-birindən ayırdı. Bunun nəticəsində ortalığa Freyd çıxdı. Freyd psixoloji testlərlə fəlsəfi cəhətdən insanın bütün naqis cəhətlərini ortalığa qoydu və onun bu nəzəriyyəsi Allahla insan arasındakı nazik xətti qırıb atdı.

– Necə düşünürsünüz, fəlsəfəni sadələşdirilmiş formada insanlara çatdırmaq olarmı? Məsələn, ali məktəb dərsliklərində fəlsəfə kitabları o qədər çətin dildə yazılıb ki, anlamaq olmur. Tələbələr bunu başa düşməkdə çətinlik çəkirlər.

– Mən sizə deyim ki, böyük filosofların heç biri fəlsəfə oxumayıblar. Fəlsəfəni oxumağa ehtiyac yoxdur. Fəlsəfəni oxumaq və filosof olmaq ayrı-ayrı şeylərdir. Fəlsəfəni öyrənərkən insan özünü dərk etməyə çalışır və özünü dərk etmək də “İnsan nədir?” sualından keçir. Hər şey qapalı dairədə baş verir. Yəni fəlsəfə həmişə məşhur sual ətrafında dolanır: “Yumurta əvvəl yaranıb, yoxsa toyuq?” İnsan özünü dərk etmək istəmirsə, o, bütün hallarda cahildir. Düzdür, mütləq kamil və yetişkin insan yoxdur. Çünki Tanrı insana seçmək hüququ verib və onun səhv etmək haqqı da var. Önəmli olan sənin nəyi seçəcəyindir.

– Bayaq dediniz ki, fəlsəfənin əsas mahiyyəti insanın özünü dərk etməsidir. Bəs filosoflar niyə Allahı inkar edir? Özünü dərk etmək Allahı inkar etməkdirmi?

– Marksa qədər demək olar ki, ateizm yox idi. Yəni Qədim Yunan fəlsəsindəki ateist fəlsəfə ideyalanmamışdı. Marks ateizmi ideyalaşdırdı. Və bütün məsələ də bundan ibarətdir ki, ateist özünü materiyada axtarır, ruhu rədd edir. Bu zaman onun axtardığı şey ölümdür. Bundan o tərəfə yol yoxdur. Özünüdərkin əsası isə əbədiyyətin və Tanrının nə olduğunu anlamaqdır. Missiya bəlli olduqda yolu rahatlıqla getmək olur.

– Nədir missiya?

– Məsələ burasındadır ki, insan özünün missiyasının nə olduğu bilmir. Hər kəsin öz missiyasının nə olduğunu da araşdırıb tapması lazımdır. Missiya terror, cinayət törətməkdirmi, yoxsa bunun əksi – insan olmaqdırmı? Məsələn, kimsə öz missiyasını Allaha bəndə olmaq və insan olmaqla anlayır. Bir başqası isə öz missiyasını Allah adına baş kəsməkdə görür. Nəticədə toqquşma baş verir. Təbii ki, bizim həyatımız həmin toqquşmalardan və ziddiyyətlərdən ibarətdir.

– Bu günə kimi Azərbaycanda ciddi ateist olubmu, yaxud varmı?

– Vallah, mən heç vaxt Azərbaycanda ateizmi dərk edən bir adam olduğunu eşitməmişəm və görməmişəm. Sizə bir şey deyim. Son zamanlar Azərbaycanda uşaqlar 16-18 yaşlarından sol təmayülə meyillənirlər. Bu, 30-35 yaşına qədər davam edir. Bundan sonra bu insanların siyasi məfkurəsi ya mərkəzçi, ya da sağçı mövqeyə gəlir. 35 yaşından sonra insanlarda Tanrıya inam hissi oyanmağa başlayır, Allahı axtarmağa başlayırlar. Amma 18 yaşındakı gənclər təbii şəkildə deyirlər ki, Allah yoxdur. Niyə? Çünki aldıqları informasiyalarla araşdırmağa başlayanda Allahı görə bilmirlər. Və öz şürlarında təsdiqləyirlər ki, Allah doğrudan da yoxdur. Amma zaman keçdikcə bu nəticələrin yanlışlığına inanmağa başlayırlar. Yəni Azərbaycanda ideyalaşmış ateist yoxdur. Onu da deyim ki, ən səmimi kommunist belə səmimi ateist ola bilməyib. Çünki içində hər zaman gücsüzlüyünü hiss edib. İnsanın içində sığınacaq yeri yoxdursa, o, bir heçdir. Sığınacaq yeri isə hər zaman Tanrıdır.

– Dərsliklər yazır ki, Nizami filosof şairdir, Nəsimi filosof şairdir. Sizcə, bu ifadələr düzgündürmü? Şair filosof ola bilərmi?

– Bəli, Nəsimi bütün hallarda filosofdur. Nizami də filosofdur. Bütün şairlər filosofdur. Bütün hallarda, məncə, düşünən adam, düşünməyi bacaran adam filosofdur. Şairin işi sözdən bir gözəllik yaratmaq və kimlərinsə ruhunu oxşamaqdır. Musiqi də elədir. Bu gözəlliyi yarada bilmək də təbii ki, filosofluqdur. Molla Pənah Vaqifi götür. Ona fəlsəfi şairdir demək mümkün deyil. Amma çoxlarının ruhunu oxşayır. Çünki bütün hallarda sözdən bir gözəllik yaradıb. Həmin tipdə şairlərimiz ədəbiyyatımızın 90-95 faizini təşkil edir. Molla Pənah zamanında Azərbaycan şerində ədəbi inqilab etmiş biridir. Yorucu, qurğuşun kimi ağır əruz vəznindən gözəl türkcənin heca vəzninə keçid etmiş şairdir Molla Pənah. Ondan əvvəl isə Yunus Əmrə türk ədəbiyyatını əruz vəzninin ağırlığından qurtarmışdı. Amma artıq onların heca vəzni də yorucudur. Çünki seçmək imkanı tanınan insan həmişə inkişafa məhkumdur.

– Səməd Vurğun barədə nə deyə bilərsiz?

– Səməd Vurğunda Yunus Əmrədə olduğu kimi fəlsəfi ruh vardı. Adi bir misrasını deyim: “Dünən fərman verən, bu gün can verir”.

– Yəni bu misrada fəlsəfə var?

– Əlbəttə var. Yəni fəlsəfi mənada insanın doğru yolda olmasının lazım olduğunu göstərir. – Aydındır.

– Yəni üzərində olan Tanrını hər zaman görməlisən, onu içində hiss etməlisən. Marksın özünə ustad olaraq gördüyü Maks Şteynerin bir sözü var. Deyir ki, hər kəsin içində Allah nə boydadırsa, vicdanı da o boydadır. Bu, həqiqətdir.

– Azər bəy, bir az obrazlı bir fikir deyil ki bu?

– Xeyr. Hər hansısa bir fikrə ədalətlə və qərəzsiz yanaşanda içindəki Allahla hesablaşırsan.

– Maraqlıdır, fəlsəfədə vicdana necə tərif verilir?

– Düzü, sualınızı anlamadım.

– Məsələn, əşyanın adını bildirən nitq hissəsinə isim deyilir. Vicdanın belə tərifi varmı?

– Hər bir insanın elədiyi seçimə görə Tanrı qarşısında məsuliyyətinə vicdan deyilir. Mən vicdanın tərifini belə verərdim. Məsuliyyət vicdan sözü qədər ciddi bir ifadədir. Bəndə olmaq yaradanın qarşısında sənin məsuliyyətindir. Sən bu məsuliyyəti dərk edirsən, ya etmirsən. Söhbət bundan gedir. Adam var, əlli yaşı olub, amma heç bir məsuliyyəti yoxdur.

– Məsələn, siz özünüz yaradanın qarşısında həmişə məsuliyyətli olmusunuzmu?

– Bu, mümkün deyil.

– Deməli, insan səhv eləməyə məhkumdur.

– Bəli, elədir. Amma sən elədiyin səhvdə səmimi olmusansa, deməli, sənin insanlığında bütövlük var. Yoxsa sən o səhvi bilə-bilə eləyirsən, pisliyi düşünərək eləyirsənsən, kinlə, nifrətlə eləyirsənsə, intiqam duyğusuyla eləyirsənsə, sənin insanlığında yanlışlıq, yarımçıqlıq var.

– Mirzə Fətəli Axundov deyirdi ki, bütün dinlər puç və əfsanədir. Bu fikri necə izah edərsiniz? Məsələn, dünyada bütün insanları Allah yaradıbsa, niyə bir neçə dinə ehtiyac duyub?

– Kim deyir ki, Allah din yaradıb?

– Bəs dini kim yaradıb?

– İnsanlar. Aristotel deyirdi ki, insan öz mahiyyətilə siyasi varlıqdır. Dini siyasət yaradıb, Tanrı yox. Allah sadəcə, müəyyən vaxtda müəyyən bir insan seçir ki, bəndələrinə doğru yol göstərsin. Axı din deyil bu. Bu, dəvətdir. “Quran”da ayə var, Deyir, ey Məhəmməd, sənin vəzifən təbliğ eləməkdir. Yəni sən hər hansı zorakı yolla kimisə islama dəvət eləyə bilməzsən. Çünki qarşındakının seçim eləmək haqqı var. Allah deyir mən o haqqı tanımışam. Amma biz qarşımızdakı insana deyirik ki, sənin seçim eləmək haqqını tanımıram. Bəs Allahın mənə verdiyini sən niyə tanımırsan? Deməli, o zaman sən bəndəlikdən çıxmısan. Yəni sən kiməsə deyirsənsə ki, sən mütləq şəkildə şiə olmalısan, yaxud sünnü olmalısan, deməli, bəndəlikdən çıxmısan. Deyirsənsə ki, sən mütləq şəkildə vəhhabi olmalısan, sən mütləq şəkildə xristian yox, müsəlman olmalısan, deməli, sən bəndəlikdən çıxmısan. Çox qəribədir, heç kim demir ki, sənin Allahın qarşısında şiə, sünni olmaq kimi bir borcun yoxdur. Sənin bəndə olmaq kimi bir borcun var.

– Bəs insanın heç bir dini qəbul eləməmək haqqı varmı? Allah bu seçimi də tanıyırmı? Bu zaman bəndəlikdən çıxmırsan ki?

– Əlbəttə, insanın belə bir haqqı da var. Əksinə, dinlərin fövqündə dayana bilirsənsə, deməli, sən yolunu tapmısan. Allahın səndən istədiyi budur. Allah istəyir ki, öz bəndəsinə doğru yolu göstərmək üçün elçi yollamasın. Yəni Allah həmişə istəyir ki, sən doğru yolda olasan. Sən dinlərin fövqündəsənsə, deməli, özünü nədəsə tapmısan. Sən nə olduğunu bilirsən. Deməli, artıq insan olmusan, bəndə olmusan. Bundan gözəl nə ola bilər ki? Bu, Tanrının səndən tək istədiyidir.

– Bəs ateistləri necə, Allah onları da qəbul eləyirmi?

– Hə, onları da tanıyır. Bir şey də deyim. Təkamül yəqin ki, digər planetlərdə yoxdur, ancaq Yer planetində var. Mən belə düşünürəm. Niyə? Çünki Allahın cəhənnəmlərindən biri Yer planetidir, mənim fikrimcə. Yer planetinə ancaq cəzalandırılmışlar gəlir. İnsan buradakı təkamüldən sonra, mütləq sivilizasiyanın olduğu yerə, yəni obrazlı desək, cənnətə gedib çıxır.

– Bayaq dediniz ki, Azərbaycanda ciddi ateist yoxdur. Bəs Ağalar Məmmədov?

– “Allah yoxdur” demək çox asandır. Bunu Ağalar da deyə bilər, Seymur Baycan da, Aqşin Yenisey də, digərləri də. Burada qeyri-təbii heç nə yoxdur. Amma onlar ateizmin tam olaraq mahiyyəti və kökü üzərində nə yazıb ortalığa qoyublar? Əsas məsələ budur.

– Sizcə, “Allah yoxdur” demək günahdır?

– Bəli, bütün dinlərə görə günahdır. Amma mən çox rahatlıqla deyə bilərəm ki, Allah yoxdur.

– Bəs o rahatlığı sizə nə verir?

– Allah özü bu seçim etmək haqqını mənə verib.

– Azər bəy, bir az da ədəbiyyatdan danışaq.

– Mən klassik dünya ədəbiyyatını çox mütaliə eləmişəm. Xüsusən XX əsr dünya ədəbiyyatını yaxşı bilirəm. Düzü, XXI əsr ədəbiyyatı mənə o qədər çatmır. Niyə çatmır, onu da deyim. Çünki XXI əsr ədəbiyyatı texnika cəhətdən tamamilə başqa şeyləri ehtiva elədi. XX əsr ədəbiyyatının ənənələri üzərində böyüdüyümə görə yeni texnikanı həzm eləmək mənim üçün çətindir.

– Müstəqillik dövr ədəbiyyatımız haqqında fikirləriniz necədir? Bu qədər qalmaqal, söz-söhbətlər getdi, təşkilatlar yarandı, dağıldı… Demək olarmı ki, ədəbiyyat yarandı?

– Yox, bizdə müstəqillik dövründə ayrı-ayrı istedadlı insanlar doğuldu. Ancaq ədəbiyyat yaranmadı.

– Sizcə, niyə yaranmadı, səbəb nə oldu?

– Bir neçə il əvvəl Qan Turalı məndən müsahibə götürmüşdü. Onda demişdim ki, sizin ədəbi nəsil yetimdir. Çünki 60-70-ci illərin ədəbi nəslinin mənəvi mirasçılığı 90-cı illərdə qırıldı. Bir boşluq yarandı. 2000-ci illərin ədəbi nəsli 60-70-ci illərin ədəbi nəslinin mənəvi bağları üzərində formalaşmadı. Ona görə də onlar yetim idilər. 2000-ci illər ədəbi nəsli özlərinin də tam olaraq dərk edə bilmədikləri XXI əsr Qərb ədəbiyyatı üzərində formalaşdı. İnkarçılıq üzərində formalaşdı. Bu gözəl idi. Yəni inkarçılıq gözəl idi. Amma faciə onda oldu ki, ruhları can atsa da, informasiya bazaları postmodernist ədəbiyyatın ağırlığını qaldırmaq üçün yetərli olmadı. Ortaya qoyduqları ilk şey təqlid oldu. İnformasiya bazalarının imkanları təqlidi inkişaf etdirmək üçün gərəkli olan keyfiyyəti ortaya qoya bilmədi. Onların uğuru o vaxt olardı ki, ortaya yeni dil texnikası, yeni ədəbi üslub və yeni fəlsəfə ortaya qoyardılar. Lakin bunu bacarmadılar. İnkarçılıq inkardan bir addım da o yana gedə bilmədi. Ona görə də ədəbiyyat yaranmadı. İndi isə mən deyirəm: 2000-ci illərin ədəbi nəsli ölüb.

– Bunu necə başa düşək?

– Yuxarıda dedim, ədəbiyyat azad ruh tələb edir. Yalnız azad ruh yaradıcı ruhdur. Azad ruh inkişafa can atır. Məhkum ruh isə bütün inkişaflara qarşı çıxır. 2000-ci illərin əvvələrində Aqşin Yenisey, Seymur Baycan, Qan Turalı, Pərviz Cəbrayıl, Mirmehdi Ağaoğlu, Günel Mövlud və onlarla digərləri azad ruhlarına görə seçildilər. Amma indi hanı onların azad ruhları? Yoxdur. Niyə? Çünki bizim cəmiyyət onların azad ruhunu damla-damla sömürdü. Dünən Allah yoxdur, bağıranlar, bu gün bunu pıçıltı ilə deyirlər. Bəziləri isə, – içi mən qarışıq – heç pıçıldaya da bilmirlər.

Yenicag.az

Müsahibə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti