www.sinerjipro.net

SinerjiProWide
Reklam

Rusiyanın xarici işlər naziri Sergey Lavrov perspektivdə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına(Aİİ) qoşulması təşəbbüsünü alqışladığını söyləyib.

Adətən, yüksək rütbəli dövlət rəsmisi heçdən belə bir bəyanat verməzdi. Lavrov bu tip açıqlama ilə çıxış edibsə, deməli, həqiqətən də perspektivdə sözügedən istiqamətdə nəsə gözlənilir. Qeyd edək ki, Moskva uzun müddətdir ki, Bakının da Aİİ-də təmsil olunmasına çalışır. Lakin bu günə qədər Azərbaycan həmin məsələ ilə bağlı ortaya konkret mövqe qoymayıb.

Görəsən, Azərbaycanın Aİİ-yə üzv olması nə dərəcədə perspektivlidir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən politoloq Cümşüd Nuriyevin fikrincə, əslində Azərbaycan üçün Avrasiya İqtisadi İttifaqına üzv olmaq real məsələdir:

“Çünki Bakının Avropa İttifaqına (Aİ) daxil olması mümkünsüzdür. Onların tələbləri çoxdur. Həmçinin Aİ İslam dövlətlərinə ümumən qısqanc yanaşırlar. Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq ehtimalımız da hələ yoxdur. Ona görə də perspektivdə ən yaxşı yol Aİİ-ə daxil olmaqdır. Çünki bu ittifaqın yaradıcısı Qazaxıstan prezidenti Nazarbayevdir. Yəqin ki, onun Bakıda keçirtdiyi görüşlərdə də bu məsələlər müzakirə olunub. Bir sözlə, Aİİ-də olmaq Azərbaycan üçün çox əlverişlidir.

Çünki bu zaman Azərbaycan üçün yeni investisiya mühiti, yeni bazar yaranacaq. Azərbaycanın MDB məkanında Ermənistan istisna olmaqla digər ölkələrlə münasibətləri yaxşıdır. Bununla belə Aİİ yeni bir qurumdur və orada Azərbaycan özünü daha rahat hiss edəcək. Burada qeyri-adi bir şey də yoxdur. Ümumiyyətlə, bütün dövlətlər bu və ya digər şəkildə müxtəlif beynəlxalq təşkilatlarda iştirak edir. ABŞ kimi dövlət belə ASEAN-ın, Şimali Amerika Ticarət Təşkilatının üzvüdür. Azərbaycan da maraqlarına uyğun olduğundan Aİİ-də təmsil oluna bilər. Digər tərəfdən, çox güman, bu istiqamətdə Azərbaycanla danışıqlar aparıldığındandır ki, Lavrov da ölkəmizin Aİİ-yə üzv ola biləcəyilə bağlı fikirləri təsadüfən deməyib. Deməli, yaxın zamanlarda Azərbaycan Aİİ-ə üzv ola bilər. Azərbaycanın bu fonda bildiyiniz kimi, Qarabağla bağlı da şərtləri var. Həmin şərtlər də bu çərçivədə yerinə yetirilə bilər. Vaxtilə 1992-ci ildə Azərbaycan MDB-yə üzv olmadı, Xocalı hadisəsi baş verdi, torpaqlarımız işğal olundu.

Yalnız 1993-cü ilin sentyabrında Azərbaycanın MDB-yə daxil olması ilə ərazilərimizin işğalı dayandırıldı. Azərbaycan Aİİ-yə daxil olmaqla da heç nə itirməyəcək. Əksinə, qazanacaq. Aİİ-yə qəbul olunmağımızla gömrüklə bağlı yaranan problemlər də aradan qalxacaq. Bu mənada Azərbaycanın Aİİ-də iştirakını alqışlayardım”.

Politoloq Qabil Hüseynlinin fikrincə isə Bakı ancaq müəyyən şərtlərin yerinə yetirilməsi fonunda Aİİ-yə üzvlüklə bağlı müraciət edə bilər:

“Azərbaycanın yaşadığı bəzi problemlərin həlli müqabilində ölkəmiz sözügedən ittifaqa daxil ola bilər. Burada söhbət Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normalarına uyğun şəkildə ədalətli həllindən gedir. Rusiya birtərəfli şəkildə ermənipərəst mövqe tutmasa, Azərbaycanla Ermənistana bərabər gözlə yanaşsa, proses tezliklə problemin həllinə gətirib çıxaracaq. Əvəzində Azərbaycan da Aİİ-yə daxil olar. Bu istiqamətdə qarşımızı kəsən amil ancaq Dağlıq Qarabağ probleminin həll olunmamasıdır”.

 

 

ELÇİN
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 56
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."