Azərbaycan Bəstəkarlar İttifaqı yubileylərə hazırlaşır

Müəllif: Redaktor

Editor

2017-ci il ölkəmizin musiqi mədəniyyəti tarixində əlamətdar hadisələrlə zəngindir. Bu il Azərbaycan musiqi sənətinin iki görkəmli nümayəndəsinin – tanınmış bəstəkar, ictimai xadim və pedaqoq, Respublikanın Xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, iri simfonik əsərlərin yaradıcısı Cövdət Hacıyevin və gözəl bəstəkar, ictimai xadim, Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, unudulmaz mahnıların və kino musiqisinin müəllifi Tofiq Quliyevin anadan olmasının 100 ili tamam olur.

Hər iki bəstəkar ölkəmizin musiqi mədəniyyətinin çiçəklənməsi, maarifçilik və təhsilin inkişaf etdirilməsi, musiqi nailiyyətlərimizin təbliğ edilməsi və gənc nəslin yetişdirilməsi yolunda əzmlə çalışmışlar.

Azərbaycan Bəstəkarlar İttifaqı bu musiqiçiləri böyük ehtiramla yad edir və onların xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirtməyi nəzərdə tutur. Bəstəkarlar İttifaqının Ü. Hacıbəyli adına Konsert Zalında bu görkəmli bəstəkarların 100 illik yubileylərinə həsr olunmuş kamera-instrumental və vokal əsərlərdən ibarət konsertlər keçiriləcək. Onların yaradıcılığının və musiqi-ictimai fəaliyyətinin müasir nöqteyi-nəzərdən araşdırılması məqsədilə keçiriləcək simpozium və konfranslarda iştirak etmək üçün respublikanın aparıcı musiqişünaslarından ibarət böyük nümayəndə heyəti cəlb olunacaq.

Bununla yanaşı dahi bəstəkar və pedaqoq Qara Qarayevin 2018-ci ildə qeyd olunacaq 100 illik yubileyi ərəfəsində Bəstəkarlar İttifaqı konsertlər və elmi konfranslar keçirtməyi nəzərdə tutur. Məlum olduğu kimi, artıq son illərdə Bəstəkarlar İttifaqının Ü. Hacıbəyli adına Konsert Zalında müntəzəm olaraq “Azərbaycan bəstəkarlarının əsərləri gənc ifaçıların təqdimatında” layihəsi üzrə silsilə konsertlər keçirilir. Bu il ərzində keçiriləcək həmin silsilə konsertlərin proqramları yubilyar-bəstəkarların yaradıcılığına əsaslanacaq. Artıq hazır olan musiqişünaslıq işləri musiqi ictimaiyyətinə təqdim olunacaq, həmçinin Qara Qarayevin yaradıcılığına həsr olunmuş yeni musiqi-nəzəri işlərin yaradılması təşəbbüsü irəli sürüləcək.

Yeniçağ.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir