610x380xelman.jpg.pagespeed.ic.BvxXtVmE3H“Dövlət başçısının fərmanı islahatlar baxımından çox mühüm bir addım oldu”.

Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Elnur Abdullayev ilə müsahibəni təqdim edir.

– Nəqliyyat sahəsində aparılan islahatları necə dəyərləndirirsiz?

– Möhtərəm cənab Prezident İlham Əliyev ölkə iqtisadiyyatının əsas sütunlarından biri olan nəqliyyat sektoruna daim böyük diqqət ayırmış və davamlı dəstək göstərmişdir.

Bu dəstək nəticəsində ötən illər ərzində çoxsaylı islahatlar həyata keçirilmişdir, həm şəhərdaxili, həm şəhərlərarası, həm də beynəlxalq daşımalarda islahatlar aparılıb, avtomobil yolları çəkilib, tunellər, körpülər tikilib, Şimal-Cənub, Şərq-Qərb istiqamətlərini birləşdirən beynəlxalq dərəcəli yollar genişləndirilibdir və bu işlər davam etdirilir.

Nəticə olaraq, 2003-cü ildə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrin yük maşınlarının sayı 30 minə yaxın idisə, bu gün 5 dəfədən çox artaraq 150 mini ötmüşdür.

Azərbaycan Respublikası beynəlxalq avtomobil əlaqələri sahəsində 14 beynəlxalq Konvensiya və Sazişə qoşulmuşdur. Azərbaycan dünyanın 24 ölkəsi ilə beynəlxalq yük daşımaları sahəsində saziş imzalamışdır. Digər ölkələrlə sazişlərin imzalanması istiqamətində işlər həyata keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması ölkədən yüklərin daşınmasını, tranzit keçidi daha da əhəmiyyətli etmişdir. Görülən işlər nəticəsində ölkənin beynəlxalq yük daşımaları sistemində rolu artmaqla, həm də milli avtodaşıyıcıların inkişafı sürətlənmişdir.

Bir neçə ay bundan öncə “Avtomobil nəqliyyatı haqqında” Qanunda edilən dəyişikliklərə müvafiq olaraq Nəqliyyat naziri cənab Ziya Məmmədovun tapşırığı ilə ölkənin nəqliyyat sektorunda mühüm islahatların aparılmasına başlanılmışdır.

Avqust ayından başlayaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti də daxil olmaqla, Nəqliyyat Nazirliyinin bir sıra strukturlarında yeni təyinatlar olmuşdur. Sevindirici haldır ki, bu təyinatların həyata keçirilməsi zamanı əsas üstünlük gənc kadrlara verilmişdir/ Keçən il möhtərəm cənab prezident İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabinetinin sərəncamı ilə “Baku Bus” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Sonra isə müvafiq sərəncamlarla “Bakı Taksi Xidməti” MMC və “City Bus” MMC yaradılmışdır.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən yeni yaradılmış MMC-lərin fəaliyyətə başlaması üçün böyük işlər görüldü. Yeni optimal marşrut xəttləri yaradıldı və cari ilin sentyabr ayından başlayaraq Bakı şəhərində şəhərdaxili şərnişindaşımada “Baku Bus” MMC-nin 6 marşrutu yeni avtobuslarla fəaliyyətə başladı.

Eyni zamanda “Bakı Taksi Xidməti” MMC üçün alınmış 500 ədəd taksidə müvafiq avadanlıqlar qurulmuş, hazırda 100-ə yaxın taksi fəaliyyətə başlamışdır. Texniki məsələlər həll edildikcə həm yeni avtobuslar, həm yeni taksilər tam həcmdə noyabr ayına qədər fəaliyyətə başlayacaqdır. Yaxın vaxtlarda isə “City Bus” MMC-nin fəaliyyətinin qurulması istiqamətində də işlər görüləcəkdir. Xüsusilə vurğulamaq istərdim ki, bu işlərin əksər hissəsi son 3 ay ərzində Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həyata keçirilmişdir. 50-dən çox gənc kadr Xidmətin strukturlarında işlə təmin olunmuşdur. Vəzifələrinin öhdəsindən gəlməyən əməkdaşların əmək müqavilələrinə xitam verilmişdir. Aparılan islahatlar nəticəsində avqust ayından bəri ictimai nəqliyyatın iştirakı ilə ölümlə nəticələnən heç bir yol-nəqliyyat hadisəsi baş verməmişdir.

Cənab nazirin tapşırığı ilə yerinə yetirilən işlərin sayəsində, son 3 ayda avtobusların dayanacaqdan kənarda saxlanılması halları, qayda pozuntuları 70% azalıbdır. Bundan başqa, son dayanacaqlarda təkmilləşdirmə işləri aparılıb, avtobusların texniki müayinədən, sürücülərin tibbi yoxlanışdan keçdikdən sonra reysə başlaması təmin edilibdir. Artıq bu gün paytaxtın ictimai nəqliyyatından istifadə edən sərnişinlər sürücülərin formada olduqlarını, avtobusda siqaret çəkilməsi və telefon danışıqlarına son qoyulduğunu müşahidə edə bilərlər. Bu isə sahibkarlarla aparılan danışıqlar, birgə iş nəticəsində mümkün olmuşdur və bu istiqamətdə tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.

Digər bir məqam isə, Nazirliyin müvafiq strukturlarının fəaliyyətinə ictimai qınaq məsələsinə böyük diqqət ayırmaqdan ibarətdir/ Vətəndaşların ictimai nəqliyyat sistemində gördükləri istənilən qayda pozuntusu – avtobusun dayanacaqdan kənarda saxlanılması, dayanacaqların digər nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi və sair hallar barədə müvafiq orqanları məlumatlandıra bilmələri üçün zəruri texniki imkanlar yaradılıb, əhali KİV vasitəsilə bu barədə ətraflı məlumatlandırılıb/ Və əlbəttə ki, görülən bütün bu işlər barədə mütəmadi olaraq nəqliyyat nazirinə hesabatlar verilib və sərnişindaşıma sisteminin təkmilləşdirilməsi, daha yeni bir səviyyəyə yüksəldilməsi üçün zəruri tədbirlər bundan sonra da müntəzəm həyata keçiriləcəkdir.

– Beynəlxalq əməkdaşlıqla bağlı məsələləri qeyd etdiniz. Bu sahədə son dövrlərdə hansı işlər görülmüşdür?

– Son üç ay ərzində üç ölkə ilə – Belarus, Özbəkistan və Moldova ilə ikitərəfli görüşlər keçirilmişdir, Özbəkistanla yeni sazişin imzalanması üçün hazırlıq tədbirləri görülərək Hökumətə təqdim edilmişdir. Oktyabr ayının sonlarında Estoniya ilə yeni sazişin imzaya təqdim olunması üçün görüş keçiriləcəkdir.

Sazişlərin imzalanmasında, görüşlərin keçirilməsində əsas məqsəd Azərbaycanın beynəlxalq yük daşımaları sisteminə daha sıx inteqrasiyası və bu sahədə ölkəmizin rolunun artırılmasından, milli avtodaşıyıcılarımızın həmin ölkələrin avtonəqliyyat xidmətləri bazarında xüsusi çəkisinin artırılmasından ibarətdir.

Oktyabr ayının əvvəlində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat nazirliklərinin əməkdaşları, gömrük, sərhəd və digər qurumların nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilmişdir. Bildiyimiz kimi Azərbaycan tarixi İpək Yolunun üzərində yerləşir. Regionun ən böyük limanı olan Yeni Beynəlxalq Dəniz Ticarət Limanının inşası bu yoldan keçən yük həcminin artmasına töhfə verəcəkdir.

Keçirilən müşavirədə Azərbaycandan tranzit keçidlərin artırılması, rüsumların azaldılması, daha asan yoxlama prosedurları, daha asan keçidlərin təmin olunması ilə bağlı danışıqlar aparılmışdır.

Bundan başqa, bu gün dünyada ən böyük həcmdə yük ixracı olan Çin Xalq Respublikası ilə danışıqlar aparılmışdır, 2016-cı ilin birinci yarısında biz ÇXR ilə sazişin imzalanmasının baş tutacağına ümid edirik. Hazırda saziş Azərbaycan tərəfdə aidiyyatı nazirliklərlə razılaşdırıldıqdan sonra Çin tərəfə təqdim olunmuşdur.

– Avqustun 31-də ölkə başçısı tərəfindən şəffaflığın təmin edilməsi ilə bağlı Fərman imzalandı. Həmin fərmana əsasən, Nəqliyyat Nazirliyinin müvafiq strukturları bir sıra funksiyalarını “ASAN Xidmət” mərkəzləri ilə birgə həyata keçirəcəklər. Bu istiqamətdə hansı işlər görülüb?

– Dövlət başçısının bu Fərmanı ilə indiyədək yalnız Nəqliyyat Nazirliyinin həyata keçirdiyi taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi və taksi minik avtomobillərinə “Fərqlənmə nişanı”nın verilməsi xidmətləri, bundan sonra Nazirliyin müvafiq strukturları ilə yanaşı, “ASAN Xidmət” mərkəzlərində də həyata keçiriləcəkdir. Bu isə sürücülərin rahatlığının təmin olunması baxımından çox təqdirəlayiq haldır.

İndi taksi fəaliyyəti göstərmək istəyən vətəndaş müvafiq lisenziyanı həm Nazirliyin bu sahədə fəaliyyət göstərən qurumlarından, həm də “ASAN Xidmət” mərkəzlərindən əldə edə biləcək, necə ki, bu gün şəxsiyyət vəsiqələrini həm DİN orqanları, həm də “ASAN Xidmət”dən əldə etmək olar.

Fərmanın qüvvəyə minməsindən dərhal sonra cənab nazirin göstərişi ilə Tədbirlər planı hazırlandı.

Bu plana uyğun olaraq, artıq “ASAN Xidmət” ilə informasiya təminatı baxımından məlumat bazalarının mübadiləsi prosesi həyata keçirilmişdir, “ASAN Xidmət”lə birgə bu istiqamətdə fəaliyyət göstərəcək yeni əməkdaşlar müəyyənləşdirilmişdir. Bu əməkdaşlarla birgə təlimin keçirilməsi istiqamətində işlər aparılır.

Bundan başqa, “ASAN Xidmət” mərkəzləri ölkənin bir çox regionlarını əhatə etdiyi üçün əlavə ştat vahidlərinin ayrılması ilə bağlı təkliflər hazırlanaraq, müvafiq qurumlara təqdim olunmuşdur.

Nəqliyyat naziri cənab Ziya Məmmədovun tapşırığı ilə Nəqliyyat Nazirliyində bu işlərin, yəni lisenziyaların və fərqlənmə nişanlarının verilməsinin müasir standartlara cavab verən, informasiya texnologiyaları ilə təmin olunmuş bölmələr tərəfindən icrası üçün tədbirlər görülür. “ASAN Xidmət” mərkəzlərində yuxarıda sadalanan xidmətlərin göstərilməsinin başlaması ilə nazirlikdə də bu işləri yüksək standartlara uyğun həyata keçirəcək bölmələr fəaliyyətə başlayacaqdır.

Möhtərəm Prezident İlham Əliyevin bu qərarı dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması baxımından irəliyə doğru atılmış çox böyük bir addımdır.

– Nəqliyyat Nazirliyinin nəzarət funksiyalarını həyata keçirən orqanları, o cümlədən nəqliyyat müfəttişlərinin səlahiyyətləri ilə bağlı həyata keçirilən islahatları necə şərh edərdiniz?

– Bildiyimiz kimi, bu günədək nəqliyyat daşımaları sahəsində nəzarət funksiyaları Nəqliyyat Nazirliyi və DİN-nin müvafiq qurumları tərəfindən həyata keçirilirdi. Bu sahədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Dövlət Yol Polisi əməkdaşlarının bir müddət əvvəl bütün ölkə üzrə həyata keçirdiyi, televiziya, internet-KİV tərəfindən işıqlandırılan reydlərini göstərmək olar. Lakin bu sahədə səlahiyyət bölgüsünün tam öz həllini tapmaması müəyyən çətinliklərə gətirirdi, mübahisəli məqamlarla nəticələnirdi, haqlı narazılıqlara səbəb olurdu.

Yol hərəkəti haqqında Qanuna uyğun olaraq yol polisi hərəkətdən kənarlaşdırmaq, cərimə meydançasına aparmaq, protokolu dərhal icra etmək, cərimə ödənilmədikdə əlavə sanksiyaların tətbiqi kimi funksiyalarını qanunvericiliyə uyğun olaraq yerinə yetirir, lakin nəqliyyat müfəttişlərində oxşar funksiyalar tam şəkildə əksini tapmırdı.

Biz əvvəllər dəfələrlə bu funksiyaların bir orqan tərəfindən səlahiyyətlər tam verilməklə həyata keçirilməsi barədə təkliflər vermişik.

Dövlət başçısının İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı Fərmanı bu istiqamətdə islahatlar baxımından çox mühüm bir addım oldu.

Belə ki, bu günədək nəqliyyat müfəttişlərinin həyata keçirdiyi funksiyaları DYP əməkdaşları həyata keçirəcək. Sadə dildə desək, sərnişindaşınma yaxud yükdaşınma ilə məşğul olan, hərəkətdə olan nəqliyyat vasitəsinin yoxlanılması, ona qarşı tədbirlərin görülməsi DİN-nin müvafiq qurumu tərəfindən həyata keçiriləcəkdir.

– Yəni, fərman Nəqliyyat Nazirliyinin nəzarət funksiyalarının təkmilləşdirilməsi istiqamətində atılmış mühüm bir addımdır?

– Tamamilə doğrudur. Fərmana əsasən, sərnişindaşınmanın daha yüksək keyfiyyətinin təmin edilməsi üçün işləri birbaşa Nəqliyyat Nazirliyi həyata keçirəcək.

Şəhərlərarası, beynəlxalq marşrut üzrə hərəkət edən avtobuslarda sərnişinlərin biletsiz getməsi məsələləri, beynəlxalq marşrutlar üzrə avtobuslarda sərnişinlərin biletsiz aparılmasına, müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsi məsələsi, müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret çəkmə, eləcə də yolverilməyən əşyaların daşınması, eyni zamanda, daşınma prosesi ilə birbaşa əlaqəsi olmayan audiocihazlardan istifadə, həmçinin avtovağzalların fəaliyyətinin müvafiq kateroqiyaya uyğun texnoloji prosesinin pozulmasına nəzarət Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətlərində qalmışdır.

Bundan başqa, Fərmana əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane olmağa, o cümlədən qanunvericilikdə müəyyən olunmuş sənədlərin təqdim edilməməsinə görə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən inzibati xəta haqqında müvafiq protokol tərtib ediləcəkdir.

Bir sıra məsələləri DYP və DANX birgə həyata keçirəcək. Bura müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə, taksi minik avtomobilində, müntəzəm və ya qeyri-müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda sərnişinlərin, baqaj yerlərinin sayına və baqajın kütləsinə dair müəyyən olunmuş tələblərə riayət olunmasına nəzarət funksiyaları daxildir.

Bu Fərman, əlbəttə ki, sərnişindaşınma keyfiyyətinin yeni mərhələyə çıxardılması istiqamətində çox mühüm bir addımdır.

Onu da qeyd edim ki, artıq Fərmanın icrası ilə bağlı Nəqliyyat Nazirliyi üzərinə düşən işlərin icrasına başlamışdır. Respublika Dövlət Yol Polisində bu fərmandan irəli gələn məsələlərin həlli üçün müvafiq nümayəndələrin iştirakı ilə görüşlər keçirilmiş və qərarlar qəbul edilmişdir.

– Elnur bəy, dövlət başçısı sonuncu iclasda nəqliyyat sektorunun ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, bu sahədə həm ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılması, həm də tranzit imkanlarının genişlənməsinin zəruri olduğunu vurğuladı. Azərbaycanın Nəqliyyat Nazirliyi bu yöndə hansı tədbirləri həyata keçirməyi planlaşdırır?

– Bəli, dövlət başçısının vurğuladığı kimi, bu gün dünyada yüklər, yük daşınmaları uğrunda mübarizə gedir, bölgədə bu istiqamətdə ciddi rəqabət mövcuddur.

Və əlbəttə ki, Azərbaycan da bu proseslərdən kənarda qalmır və qalmayacaqdır. Yuxarıda da qeyd etdiyim kimi, bu gün Azərbaycan dünyanın 24 ölkəsi ilə beynəlxalq yük daşımaları sahəsində saziş imzalayıb. Gələcəkdə Çin, Özbəkistan, Estoniya kimi ölkələrlə ikitərəfli nəqliyyat əlaqələrinin inkişafı üçün sazişlərin imzalanması planlaşdırılır. Bu gün Azərbaycanın nəqliyyat infrastrukturu beynəlxalq yük daşınmalarını qəbul etməyə hazırdır.

Ölkənin əsas magistral yollarında təmir işləri tamamlanmış, digər iri infrastruktur layihələrinin icrası başa çatıb, yaxud da bitirilmək üzrədir. Bu, ölkəmizin şimalından və cənubundan keçən yük axınlarını Azərbaycandan keçirtməyə, beynəlxalq yük daşınmaları marşrutlarının tarixi İpək Yolunun üzərində yerləşən, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat dəhlizi mövcud potensialından tam şəkildə istifadə etməyə imkan verir. Böyük həcmdə yük axınlarının Azərbaycandan keçməsi minlərlə yeni iş yerinin yaradılması ilə yanaşı, dövlət büdcəsinin də əlavə, mühüm gəlir mənbəyi qazanması deməkdir.

Dövlət rəhbərliyinin müdrik siyasəti nəticəsində Azərbaycanın neft satışından əldə etdiyi gəlirlərin bir qismi məhz nəqliyyat infrastrukturunun inkişafına yönəldilirdi, bu sahədə gələcəyə hesablanmış zəruri tədbirlər görülürdü. Və bu gün, neft gəlirlərinin azaldığı bir vaxtda nəqliyyat sektorunun bu sahəyə yatırılan vəsaitləri qaytarmaq, qeyri-neft sektorunun inkişafında mühüm rol oynamaq kimi böyük potensialı var və bu imkanlardan maksimal dərəcədə istifadə ediləcəkdir. Əminəm ki, ölkə iqtisadiyyatının əsas sütunlarından biri olan nəqliyyat sektoru üzərinə düşən böyük məsuliyyətin öhdəsindən gəlmək üçün tam gücü ilə çalışacaq.

Cənab Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə verilən son tapşırıqlara əsasən, bu gün artıq Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı, beynəlxalq daşımaların keyfiyyətinin və sayının artırılması, eyni zamanda Azərbaycan üzərindən keçən tranzit yüklərin həcminin artırılması üçün çox mühüm işlər görülür. Yuxarıda da qeyd etdiyim kimi, cənab nazirin müvafiq göstərişlərinə əsasən, nazirlikdə kadr islahatları aparılmış, gənc kadrlar nazirlik strukturlarında mühüm vəzifələrə təyinat almışlar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."