!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinə indiyədək 6 mlrd. dollar xərcləyib

!Reklam – Yazi

qaz-dehlizi“Cənub Qaz Dəhlizi” QSC tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə 2014-2019-cu illər üzrə ümumi tələb olunan təqribən 11,9 mlrd. dollar məbləğində vəsaitdən indiyədək 6 mlrd. dollar hissəsi, yəni təqribən 50%-i icra edilib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bunu “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev AZƏRTAC-a müsahibəsində bildirib.

Baş direktorun sözlərinə görə, bu məbləğin 2 mlrd. dolları 2016-cı il ərzində – bu günə kimi xərclənib.
“Ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş investisiyayönümlü Cənub Qaz Dəhlizi layihəsinin 2016-2019-cu illərdə maliyyələşdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş transfertlərin minimuma endirilməsi məqsədilə “Cənub Qaz Dəhlizi” QSC-nin beynəlxalq maliyyə institutları vasitəsilə kreditləşməsi nəzərdə tutulub. Bununla əlaqədar, beynəlxalq maliyyə məsləhətçisi cəlb edilib və onun tövsiyələri əsasında beynəlxalq maliyyə institutları ilə danışıqlara başlanılıb. İlin əvvəlindən neftin qiymətinin dünya bazarında kəskin şəkildə aşağı düşməsi, dünya iqtisadiyyatında artan qeyri-müəyyənlik şəraitində “Cənub Qaz Dəhlizi” QSC tərəfindən “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi və hasil olunacaq qazın Avropa bazarına çatdırılmasının təmin edilməsinin əlverişli şərtlərlə maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar nəticəsində bir sıra nailiyyətlər əldə olunub” – Ə.İsayev müsahibəsində bildirib.

O xatırladıb ki, Asiya İnkişaf Bankının Direktorlar Şurası bu il dekabrın 7-də “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsi üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin iştirak payı üzrə tələb olunan vəsaitin çatışmayan hissəsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 15 il müddətinə 500 mln. ABŞ dolları kreditin ayrılması, eləcə də 15 il müddətinə 526 mln. dollar sindikatlaşdırılmış kredit üzrə zəmanətin verilməsi ilə bağlı qərar qəbul edib. Onun sözlərinə görə, hazırda vəsaitin cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

“Həmçinin, Dünya Bankının Direktorlar Şurası dekabrın 20-də TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) tərəfindən 30 il müddətinə 400 mln. dollar kredit ayrılması ilə bağlı qərar qəbul edib. Dünya Bankının Direktorlar Şurası eləcə də, Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) tərəfindən 15 il müddətinə 750 mln. dollar sindikatlaşdırılmış kredit üzrə zəmanətin verilməsinə də qərar verib. Hazırda vəsaitin cəlb edilməsi istiqamətində işlər aparılır. Bundan başqa, Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası dekabrın 21-də TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 600 mln. dollar kredit ayrılması ilə bağlı qərar qəbul edib. Hazırda vəsaitin cəlb edilməsi istiqamətində işlər davam etdirilir”.

Ə.İsayev qeyd edib ki, yuxarıda adıçəkilən maliyyə institutları kreditin ayrılmasından əvvəl, cari ilin əvvəlindən etibarən başlanılmış intensiv hazırlıq işləri nəticəsində Cənub Qaz Dəhlizi layihəsinin bütün iştirakçılarının, eləcə də TANAP-ın ətraf mühit və sosial, texniki təhlilini (due diligence) və “Cənub Qaz Dəhlizi” QSC-nin müstəqil maliyyə-iqtisadi təhlilini (due diligence) keçiriblər.

Qeyd olunan kreditlərlə bağlı işlər tamamlandıqca, məlumatlar ictimailəşdiriləcək.

Ə.İsayev görülən işlərdən də danışaraq qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 87,9%-i, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlərin 74,5%-i, TANAP-ın inşası üzrə işlərin 59,3%-i, TAP qaz boru kəmərinin tikintisi üzrə işlərin 31,8%-i icra edilib. O əlavə edib ki, inşaat işləri uğurla davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il sərəncamı ilə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin idarə edilməsini təmin etmək məqsədilə nizamnamə kapitalı 100 mln. dollar məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” QSC təsis edilib. Sərəncamın 2.1-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Yeniçağ.Az

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv