!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan diasporunun rəngarəng çalarlarını əks etdirən kitab

!Reklam – Yazi

unnamedDiaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” adlı kitabı işıq üzü görüb. Kitabda müəllifin 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb. Ümumi olaraq burada 173 müsahibə toplanıb. 5 qitədəki aktiv soydaşlarımızdan və həmvətənlərimizdən alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub. Hər bir müsahibə öz dövrünün reallığını əks etdirir. Topluda bütün müsahibələr çap olunma tarixinə görə sıralanıb. Dünyanın ucqar ölkələrində belə, yaşayan həmyerlilərimizin müsahibələrini buradan oxuya bilərsiz. “Xaricdəki soydaşlarımızın hər birində əsl azərbaycanlı ürəyi var. Bu ürəkdəki saf – ülvi hisslər özünün cazibə qüvvəsi ilə onları müqəddəs Vətənə – Azərbaycana bağlayır. Elə biz də qəlbini, ruhunu diaspor işinə sərf edən və məşhur bir ifadədə deyildiyi kimi: “Vətən üçün nə etməli?” amalı ilə yaşayan soydaşlarımızı “Dünya azərbaycanlılarının palitrası” kitabında bir yerə toplamağa və eyni məqsədə sövq etməyə çalışmışıq. Bu, həmçinin dünya azərbaycanlılarının bir-birlərini tanıması, əlaqələrinin qurulması və həmrəyliyi üçün yeni töhfədir…”,-deyə müəllif kitabın müqəddiməsində bildirir.
Müəllif bu kitabı araya-ərsəyə gətirməyi əsl vətəndaşlıq borcu hesab edir: “Kitabda, bir növ diaspor öz dilində danışır.

Bu baxımdan, kitab sanki canlıdır, döyünən bir ürəkdir… Azərbaycan diasporunun həm özüdür, həm də güzgüsüdür. Kitabın özəlliyi odur ki, burada ənənəvi bioqrafik və statistik məlumatlar verilməyib. Azərbaycan diasporunun qəribçilik hisləri, nisgili, vətən həsrəti, iradı, istəyi, təklifləri, perspektiv fəaliyyəti və s. yer alıb. Burada həm indi, həm keçmiş, həm də gələcəkdən danışılır. Ona görə də, sözügedən kitab Azərbaycan diasporunun dünənini, bu gününü və sabahını özündə ifadə etdirir”.

Dörd hissədən – “Diaspor fəaliyyəti könül işidir”, “Diasporumuzdakı jurnalistlər”, “Xaricdəki gənclərimiz” və “Azərbaycanın əcnəbi dostları”ndan ibarət olan kitabın Bakıda və bir neçə xarici ölkədə təqdimatı nəzərdə tutulub.
Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Namiq Əliyev, məsləhətçi isə tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlıdır. Kitaba ön söz AMEA-nın Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov tərəfindən yazılıb.

Xatırladaq ki, araşdırmaçı-jurnalist Fuad Hüseynzadə 9 dekabr 1978-ci il tarixində Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1997-ci ildən jurnalist kimi fəaliyyət göstərir. Azərbaycanın təbliğatı ilə bağlı yerli və beynəlxalq KİV-lərdə ictimai-siyasi mövzularda yazılarla çıxış edir. Azərbaycan diasporu haqqında bir sıra araşdırma yazılarının müəllifidir. Diaspor mövzusuna, eləcə də ictimai fəaliyyətə daha çox diqqət ayırır. Müxtəlif dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının jurnalistlər arasında keçirdiyi yazı müsabiqələrinin dəfələrlə qalibi olub. Fəxri fərman və diplomlara layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 15 iyul tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.

 

www.yenicag.az

651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv