HighTechnic

hightechnic
Ads by Google

“Azərbaycan bizə dəstək verməkdə, yardım göstərməkdə geri qalmasın”.

İraq türkmanlarının liderlərindən biri, parlamentin sabiq deputatı Fevzi Əkrəm Tərzioğlu Yenicag.az-a müsahibəsində bölgədəki mövcud durumu və türkmanların vəziyyətini dəyərləndirib.

– Əkrəm bəy, əvvəl bu toplantının məqsədi haqqında məlumat verərdiz…

– Öncə özümü təqdim edim – Fevzi Əkrəm Tərzioğlu, İraqın sabiq millət vəkili, həmçinin İraq Yazıçılar Birliyinin sədriyəm. Otuz iki ölkədən nümayəndələrin iştirak etdiyi bu toplantının məqsədi İraqın terrorçu İŞİD üzərində qələbə çalmasıdır. İştirakçılar on beş ərəb ölkəsini və digər qonşu dövlətləri təmsil edirlər. Tədbirdə iştirak üçün Azərbaycan və Türkiyədən olan dostları da dəvət etdim ki, gəlsinlər, İraqın, Bağdadın gözəlliyini görüb-yaşasınlar, insanlarımızla görüşsünlər, ən əsası isə İraq həqiqətlərini öz gözləri ilə görsünlər. Qonşu ölkələrlə, xüsusilə, Türk dünyası ilə İraqa yeni qapı açmaq istədik ki, gəlsinlər-getsinlər, əlaqələr güclənsin. Özəlliklə Türkiyə və Azərbaycanla əlaqələrimizin genişlənməsi çox vacibdir.

– Bağdadın adı gələndə terror daha çox xatırlanır. Sizcə, Bağdad terrora qalib gəldimi?

– Atalarımız çox doğru deyiblər ki, ana kimi yar, Bağdad kimi diyar olmaz. Analarımız da öz laylalarında bu sözləri hər zaman bizlərə oxuyublar. Bəli, bundan əvvəl Bağdadda çox sayda terror aksiyaları, partlayışlar törədilib. Ancaq həmd olsun ki, dövlətlə xalq iş və əməl birliyi sayəsində terrora qalib gəlməyi bacardı. Siz özünüz də buradakı müşahidələriniz və xalqla təmaslarınızda bunun şahidi oldunuz. İraqın daha da inkişaf etdirilməsini qarşıya məqsəd qoymuşuq və bu istiqamətdə irəliləyirik.

– Yaranmış şəraitdə İraq türkmanlarının vəziyyəti necədir? Çünki İŞİD də, Bərzani də türkmanları xüsusilə hədəfə almışdılar…

– Çox şükür ki, indi Tilafərdən Bədrəyə uzanan xəritəmiz var. Oraya Tuzxurmatu, Altunköprü, Ərbil, Kərkük, Bayatköy və digər ərazilər daxildir – onlar bizim türkman ellərimizdir. Şükürlər olsun ki, o ərazilər hazırda türkman silahlı qüvvələrinin nəzarətindədir. Kürd peşmərgələri bu ərazilərdən bütünlüklə təmizlənib.

– Yəni peşmərgə oralardan tamamilə təmizlənib?…

– Bəli, təmizlənib. İnşallah, İraq türkmanlarının gələcəyi çox parlaq olacaq. Çünki bizlərdə iman, əqidə və inanc var. Bu torpağa, millətə, bayrağa inanmışıq. Biz Mesopotamiya və şumerlərin xələfi olan, İraqın üçüncü əsas etnosu olan millətik.

– Bərzani vaxtilə bu bölgədə türkmanların sayını azaltmaq, demoqrafik vəziyyəti dəyişmək üçün əraziyə kənardan əhali köçürürdü. Bu mənada vəziyyət indi necədir?

– 2003-cü ilə qədər Kərkük əhalisinin sayı 850 min nəfər idi. Ancaq sonrakı illərdə əhalinin sayı sürətlə artaraq 1 milyon 650 min nəfərə çatdı. Bu artım şimali İraq və qonşu ölkələrdən kürdlərin mütəşəkkil qaydada şəhərə köçürülməsi nəticəsində baş verdi. Məqsəd Kərkükdə demoqrafik vəziyyəti dəyişmək idi. Mənim millət vəkili olduğum dönəmdə qəbul edilmiş qanunda da göstərildiyi kimi, Kərkük heç bir etnik qrupun deyil, İraqındır, türkmanlarındır. Kərkükün rəmzi də, şanlı keçmişi və bu günü də türkmanlarla bağlıdır.

– İraqın müharibədən əvvəlki və indiki vəziyyətlərini müqayisə etsək, bu savaş ölkədə nəyi dəyişdirdi?

– Müharibə İraqda bütün sahələrə çox böyük ziyan vurdu, insanlar bundan çox ciddi zərərlər gördülər. Ancaq şükür ki, böyük tarixi keçmişi olan İraq güclü dövlətdir və bu müharibədən mərdliklə çıxa bildi. İraq İŞİD terroru üzərində qələbə çaldı və keçirdiyimiz toplantı da bu qələbəyə həsr edilib. İraq artıq yeni mərhələyə keçməkdədir.

– Əlavə bir sözünüz varsa, buyurun….

– Həmd olsun ki, Azərbaycanın bayrağı İraqın paytaxtı Bağdadda dalğalandı, burada səfirlik açıldı. Kərkükdən çox sayda tələbə Azərbaycanda təhsil almaqdadır. Ancaq bizim Azərbaycan dövlətindən olan umacağımızı yayımlasaz, çox məmnun olarıq. Çünki qardaş qardaşdan umar. İstəyirik ki, Azərbaycan bizə dəstək verməkdə, yardım göstərməkdə geri qalmasın. Tələbələrimizi orada oxutsunlar, yaralılarımızın müalicəsi üçün dava-dərman göndərsinlər. Demirik ki, kimlərləsə düşmən olub, bizə silah-sursat göndərsinlər. Xeyr, yalnız humanitar yardım gözləyirik. Türkiyə bu məsələdə bizə az-çox yardım göstərir.

– Yeri gəlmişkən, Türkiyə ilə münasibətləriniz necədir?

– Çox şükür olsun ki, son illərdə Türkiyə ilə əlaqələrimiz güclənməkdədir. Çünki Türkiyə Bərzaninin qarşısında dayanaraq, onun qapılarını bağladı. Eyni zamanda, terrorçulara da heç bir fürsət vermədi. Ən əsası, Türkiyə İraqın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində sona qədər qətiyyətlə davrandı və davranmaqdadır.

– Bağdad küçələrində çox sayda silahlı adamlar dolaşır. Maraqlıdır, o silahların aqibəti necə olacaq?

– İnşallah, o silahlar yığılacaq. Bu məsələlər mərhələ-mərhələ öz həllini tapacaq. Hazırda silahlar əsasən, dövlətin nəzarətində olan birliklərin əlindədir. Ancaq dediyim kimi, o silahlar tədricən geri toplanacaq.

– Yəni Haşdi Şabi və digər qruplaşmalar buraxılacaq?

– Əslində, Haşdi Şabi Daxili İşlər və Müdafiə Nazirliklərinin birləşmələrindən ayrı olmayan bir qrupdur. Yəni Haşdi Şabi rəsmi silahlı birləşmələrdən biridir.

Aqil Ələsgər

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 952
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."