Azərbaycan futbolçuları çayxana üçün darıxanlardır – SORĞU

Müəllif: Redaktor

Editor

futbolaygun“Daha bir azərbaycanlı xarici kluba yollanacaq. Adını açıqlamaq istəmirəm. Öz üzərində işləməli, “artırmalıdır”” – Bunu hazırda Portuqaliyanın “Sportinq” klubunda olan Budaq Nəsirovun meneceri Vaqif Heydərli deyib.

Yeniçağ.az bu məsələ ilə bağlı tənqidçi futbol yazarlarının fikirlərini öyrənib.

Onlara “Sizcə doğrudan da nəsə gözləməyə dəyərmi? Bunun üçün ideal variant kimdir? Kimi xarici kluba apara bilərlər?” – suallarını ünvanladıq.

Natiq Muxtarlı (Komanda.az): Natiq Muxtarlı ile ilgili görsel sonucu“Azərbaycanlı futbolçuların xaricdə oynaması və özünü doğrultması üçün heç bir perspektiv görünmür.

Birincisi, bizdə xaricdə oynaya biləcək gənc futbolçular yoxdur. Bu o demək deyil ki, bizdə istedadlı uşaqlar yoxdur. Var, sadəcə, Azərbaycanda o istedadlı uşaqların futbolçu kimi yetişməsi üçün şərait yoxdur. Onların həm texniki tərəfdən həm də psixoloji tərəfdən futbolçu kimi hazırlanması mütləqdir ki, xaricə gedəndə rəqabətə davam gətirə bilsinlər.

Çünki xaricdə rəqabət həddindən artıq yüksəkdir. Ora Azərbaycan deyil ki, azərbaycanlı futbolçular formada olub-olmamalarından asılı olmayaraq, meydana çıxmaq şansı qazansınlar. Təbii, Azərbaycanda onlara bu şansı AFFA qazandırır. Tətbiq etdiyi limitlə. Çempionatda hər bir komanda 5 yerli futbolçunu oynatmaq məcburiyyətindədir. Bu da yerli futbolçuları inkişafdan saxlayır. Onlar rəqabətsiz şəkildə heyətdə yer alırlar. Rəqabət olmayan yerdə isə inkişaf ola bilməz. Üstəlik, azərbaycanlı futbolçuların mental xarakterləri də onların xaricdə oynaması üçün münasib deyil. Onlar hamısı nənə-baba, ata-ana, qohum-əqrəba, çayxana, qəlyan üçün darıxanlardı. Üstəlik, özləri də yaxşı bilirlər ki, istedad və iradə sarıdan axsayırlar, xaricə getsələr, oynamaq şansı qazanmayacaqlar. Elə ona görə də burda qalmağa üstünlük verirlər. Azərbaycanlı futbolçuların xaricdə oynaması üçün Azərbaycan futbolunda idarəetmə sisteminə baxış dəyişməlidir. AFFA, ardınca da klublar peşəkarlardan formalaşmalıdır. AFFA-da, klublara işləyənlər Azərbaycan futbolunun spesifik xarakterini bilməli, buna uyğun da idarəetmə sistemi formalaşmalıdır. İndiki rəhbərliklə xaricdə yüksək səviyyədə oynaya biləcək futbolçuların yetişməsi mümkünsüzdür. Elə ona görə də AFFA rəhbərliyi hələ də milli komandanı formalaşdırmaq üçün xaricdə oyunçu axtarır, əcnəbiləri milliləşdirməyə cəhd göstərir. Bir halda ki, öz ölkəmizin yığmasını qorumağa layiq futbolçumuz yoxdur, kiminsə gedib xaricdə yaxşı karyera quracağına niyə inanmalıyıq? Bu ki utopiyadır…”

Emin Səfərov (Futbol11):“Futbolumuzun ən böyük problemlərindən biri də topqovanlarımızın Biləcəridən o tərəfə çıxa bilməməsiylə bağlıdır. Məsələn, elə futbolçu var ki, Avropada ortabab klubda oynamaq əvəzinə, Azərbaycanda eyni maaşa çıxış etməyə üstünlük verir. Evdən və evdəkilərdən uzaqlaşa bilmir. Ümid bəslədiklərimiz isə çıxış etdikləri klublarda problemlərlə üzləşirlər. Forma şansı qazana bilmirlər, ev üçün darıxırlar və s. Bundan başqa legioner həyatı yaşamaq istəyən futbolçular menecerlərlə də normal iş qura bilmirlər. Bu səbəbdən aldadılır, bir müddət sonra ortada qalırlar. Hazırda ölkədən kənarda Azərbaycanı layiqincə təmsil edə biləcək futbolçularımız var. Məsələn, Qara Qarayev, Ağabala Ramazanov, Coşqun Diniyev, Bədavi Hüseynov və s. Yüz ölçüb, bir biçsələr, karyelarında böyük irəliləyiş əldə edə bilərlər. Təəssüf ki, bir vaxtlar gələcəyin ulduzları gözü ilə baxdığımız Araz Abdullayev, Əfran İsmayılov və bu tip futbolçular Biləcəridən o tərəfəkeçmə potensiallarını çoxdan itiriblər…”.

Sərxan Musalı (futbol+):

“Açığı, bu qışda kiminsə kənara çıxacağını gözləmirəm. Ümidim Araz Abdullayevə idi. O da “Qəbələ”yə keçdi. Çünki yerli klublarla əksər səviyyəli futbolçularımızın müqaviləsi davam edir. Ancaq ümidimizi yaya bağlamalıyıq”.

Rəşad Ergün (Komanda.az):

“Azərbaycan futbolunu hazırda ölkə xaricində daha yaxşı şəkildə təmsil edən Kamran Ağayev toy etmək, atası üçün karyerasının üzərindən xətt çəkib, geri dönmək istəyirsə, bu mövzuda danışmaq bir qədər çətindir. Qoy azərbaycanlı futbolçular toy etsinlər, oğul-uşaq sahibi olsunlar, günlərini burda keçirsinlər. Gedib xaricdə 6 ay oynayıb, “darıxıram, toy etməliyəm, vətənə qayıtmalıyam” deyəcəklərsə, getməsələr yaxşıdır”.

Aydın Bağırov (Qol.az):“Son illərin təcrübəsindən görürük ki, xaricə üz tutan legionerlərimizin hamısı uğursuzluqla üzləşiblər.

Etiraf edək ki, son olaraq, Azərbaycanı xaricdə ən yaxşı səviyyədə təmsil edən futbolçumuz 1990-cı illərdə Nazim Süleymanov olub. Hazırda isə fikrimcə, Azərbaycan çempionatında Avropanın ortabab futbol ölkələrinin çempionatında oynamağa layiq cəmi 3 oyunçumuz var: Maksim Medvedyev, Qara Qarayev və Bədavi Hüseynov. Onlar “Qarabağ”ın heyətində yetərincə Avropa təcrübəsi qazanıblar və məncə, həm peşəkarlıq, həm də psixoloji olaraq, xaricdə oynamaları üçün problem yaranmamalıdır. Məni ən çox təəssüfləndirən odur ki, son illər Azərbaycanda gənclər arasında kimsə bir futbolçu kimi parlamayıb. Ümumiyyətlə, belə görünür ki, kiçik istisnaları bir kənara qoysaq futbolçuların yetişdirilməsi baxımından ciddi problemlər var. Bu, hazırda Azərbaycan futbolunun ən böyük bəlasıdır. Ona görə də bu il üçün hansısa gənc futbolçumuzun xaricdə normal klublardan birinə keçəcəyinə inamım azdır. Yalnız uğurlu menecerlik işi olaraq yuxarıda adları çəkdiyim üç futbolçudan biri xaricə transfer oluna bilər”.

 

Aygün İlqarqızı

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır