yenicag.az
yenicag.az

Azərbaycan istiqlalının rəmzi: tariximizin “Qızıl səhifə”sini yazan Rəsulzadə

Azərbaycan istiqlalının rəmzi: tariximizin “Qızıl səhifə”sini yazan Rəsulzadə

Müəllif: Redaktor

Editor

İslam aləmində ilk demokratik respublikanın banisi Məhəmməd Əmin Rəsulzadə anadan olmasının növbəti ildönümündə böyük hörmətlə anılır.

Yeniçağ.Az xəbər verir ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) mənəvi-siyasi lideri Məhəmməd Əmin Rəsulzadənin 133-cü doğum günüdür.

XX əsrin ilk onilliyində Avropada və Rusiyada cərəyan edən siyasi proseslər etnik ucqarlarda milli oyanış hərəkatına ciddi təkan verdi. O dövrdə dünyanın aparıcı dövlətlərindən biri olan Rusiyada inqilabi proseslərin genişlənməsi imperiyanın qeyri-rus əhalisinin milli hüquqlar uğrunda mübarizəyə qalxmalarına ciddi zəmin yaratdı. Çar Rusiyasının “ən narahat” əyalətlərindən biri olan Azərbaycan da bu məsələdə istisna deyildi. Avropanın mütərəqqi dəyərləri əsasında yetişən yeni milli-ziyalı təbəqəsinin həyata keçirtdiyi maarifçilik fəaliyyəti artıq təşkilatlanmaya hazır kontingentin formalaşması ilə nəticələndi. İmperiya ideoloqlarının türk-müsəlman əhalini siyasi məsələlərdən təcrid etmək cəhdlərinə baxmayaraq, Azərbaycanda bir-sıra ictimai-siyası təşkilatlar yaradıldı, eyni zamanda, türk dilində yeni qəzetlər çap olundu. Bakıda neft sənayesinin inkişafı ilə milli burjuaziyanın təşəkkül tapması ümummilli hərəkatın təşkilati fazaya keçməsini daha da sürətləndirdi. Bu dalğada müxtəlif siyasi ideologiyalara əsaslanan onlarla təşkilat yarandı və gələcəkdə adları tariximizə qızıl hərflərlə yazılan yeni liderlər meydana çıxdı. Növbəti dönəmdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasında həlledici rol oynayan, Türk-müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucuları da məhz həmin nəslə aid siyasətçilər idi. Onların sırasında xüsusi seçilən, özündən yaşlı və cavan əqidə yoldaşlarının qeyd-şərtsiz lider olaraq qəbul etdikləri Məhəmməd Əmin Rəsulzadə bu gün də milli istiqlalın rəmzi hesab olunmaqdadır.

“Müsavat”la başlanan yol

1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində ruhani ailəsində doğulan Rəsulzadə mükəmməl ibtidai təhsil alıb, “Rus-müsəlman” və daha sonra peşə məktəbini bitirib. Gənclik illəri Rusiyanın təlatümlü dövrünə düşən Rəsulzadə öz xarakteri etibarilə imperiyanı bürüyən siyasi proseslərdən kənarda qala bilməzdi və qalmadı da. 1902-ci ildə “Müsəlman gənclik təşkilatı””nı yaradaraq, siyasi səhnəyə çıxan Rəsulzadə Azərbaycanda çar rejiminə qarşı sistemli mübarizənin əsasını qoydu. Bir müddət sonra onun elan etdiyi “Müsəlman Demokratik Müsavat cəmiyyəti” şəraitə uyğun olaraq, sola meyllənib və bu təşkilatın əsasında sosial-demokrat “Hümmət” təşkilatı qurulub, eyniadlı qəzet buraxılıb. Lakin Rusiya sosial-demokratların mahiyyət etibarilə imperialist düşüncənin daşıyıcıları olduqlarını vaxtında başa düşən Rəsulzadə onlarla yolunu ayırır. Rusiyada 1905-ci il inqilabının yatırılmasından sonra adı “qara siyahı”da olan Rəsulzadə repressiyadan yayınmaq üçün İrana gedir və siyasi-publisistik fəaliyyətini orada davam etdirir. İran Demokrat Partiyasını yaradan Rəsulzadə nəşr etdirdiyi “İran-nou” adlı qəzetlə həmin ölkədə müasir medianın əsasını qoyub. Lakin İranda da ciddi təqiblərə məruz qalan Rəsulzadə Türkiyəyə yollanır və Rusiyada 1913-cü ildə elan edilmiş amnistiya nəticəsində Bakıya qayıtmaq imkanı qazanır. Bakıya döndüyündə özü kimi sol ideologiyadan imtina edərək, milli platformaya keçən dostları Tağı Nağıyevin və Abbasqulu Kazımzadənin yaratdıqları “Müsəlman Demokratik Müsavat partiyası”na daxil olur və qısa müddətdə təşkilatın faktiki liderinə çevrilir. Rusiya imperiyasını süquta uğradan 1917-ci il fevral-burjua inqilabından sonra leqal fəaliyyətə keçən Rəsulzadə partiyanın qeyri-rəsmi orqanı olan “Açıq söz” qəzetində dərc etdirdiyi məqalədə millətə düzgün istiqamət verməyin vacibliyini bu ifadələrlə göstərib: “Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hürriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz türklər müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişik”.

İstiqlal savaşı

Milli qüvvələrin bir araya gəlmələrinin zəruriliyini dərk edən Rəsulzadə bu məsələdə də nümunə göstərir. Aparılan məsləhətləşmələrdən sonra 1917-ci ilin iyununda Rəsulzadənin “Müsəlman demokratik Müsavat partiyası” və Nəsibbəy Yusifbəyovun sədri olduğu “Türk Ədəm Mərkəziyyət partiyası” birləşərək, fəaliyyətini “Türk Ədəm Mərkəziyyət partiyası “Müsavat” adı ilə davam etdirir. Müsavatın 1917-ci il oktayabrın 26-da öz işinə başlayan və 5 gün davam edən qurultayında Rəsulzadə partiyanın sədri seçilir. Birləşmiş partiya isə Azərbaycan milli hərəkatının avanqardına çevrilir. Rusiya imperiyasının süqutundan sonra Müəssislər Məclisinin və Zaqafqaziya Seyminin üzvü seçilən Rəsulzadə o dövrdə cərəyan edən prosesləri real qiymətləndirərək, Azərbaycanın müstəqilliyinin elan olunması üçün şəraitin yetişməsini sürətləndirir. Zaqafqaziya Seyminin buraxılmasından sonra parlamentin Azərbaycanlı deputatlarından ibarət formalaşdırilan Milli Şuranın sədri seçilən Rəsulzadənin təklifi ilə müstəqilliyin elan olunması məsələsi müzakirəyə çıxarılır. Nəticədə, 1918-ci il mayın 28-də tarixi qərar qəbul olunur: Azərbaycanın müstəqilliyi elan olunur və dünyanın əsas paytaxtlarına bu barədə məlumat göndərilir. Bundan sonra hərbi-siyasi yardım üçün Osmanlı dövlətinə müraciət edilir və müsbət cavab alınır. Nuru Paşanın komandanlığı altında Azərbaycana göndərilən Qafqaz İslam Ordusunun Bakını və digər əraziləri bolşevik-daşnak qüvvələrindən təmizləməsi milli hökumətin normal fəaliyyəti üçün tam şərait yaradır. Azərbaycanın müstəqilliyinin qorunmasını əsas vəzifə kimi qarşıya qoyan milli lider bu barədə belə yazırdı: “Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor”.

Rəsulzadənin siyasi müdrikliyini təsdiqləyən mühüm məqamlardan biri onun hökumətdə hər hansı rəsmi vəzifə tutmaqdan imtina etməsidir. Bununla belə, rəsmi vəzifə daşımasa da, Rəsulzadə AXC-nin mövcud olduğu 23 ay ərzində dövlətin siyasi avtoriteti hesab olunub. Dövlətin vacib qərarlarının qəbulunda Rəsulzadənin mövqeyi hər zaman mühüm əhəmiyyət kəsb edib. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentində açılış nitqi söyləyən Rəsulzadə qanunvericilik orqanının fəaliyyətə başlamasını emosional tərzdə dəyərləndirib: “Möhtərəm Millət vəkilləri! Azərbaycan Milli Cümhuriyyətinin ilk parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqışlar)… Əfəndilər, Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi…”

Süqut və mühacirət

Azərbaycanın 1920-ci il aprelin 28-də yerli solçuların xəyanəti nəticəsində bolşeviklər tərəfindən işğalı milli hökumət liderlərini fərqli talelərlə üzləşdirdi. Onlardan bir qismi xarici ölkələrə yollandılar, bir qismi işğalın ilk saatlarındaca güllələndi, bir qismi isə, o cümlədən Rəsulzadə Lahıc kəndinə gedərək, gizli fəaliyyətə keçdi. O, özünün məşhur “Əsrimizin Siyavuşu” əsərini də həmin günlərdə Lahıcda yazıb. Lakin Lahıc sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyovun satqınlığı üzündən bölşeviklərin əlinə keçir və Bakıya göndərilir. Təbii ki, AXC-nin əsas siması olan Rəsulzadənin güllələnməsi labüd idi. Lakin vaxtilə etdiyi xeyirxahlıq onun həyatını xilas edir. Rəsulzadənin həbs edildiyini eşidən İosif Stalin Bakıya gələrək, onu özü ilə Moskvaya aparır. Stalinin bu hərəkəti səbəbsiz deyildi. SSRİ-nin gələcək lideri inqilabdan əvvəl Bakıda onu ölümdən xilas edən Rəsulzadəyə “can borcu”nu qaytarmaqla, Qafqaz dəyərlərinə sadiqliyini göstərib. Stalin bununla kifayətlənməyərək, Rəsulzadəni özü ilə Petroqrada gətirir və işlə təmin edir. Ancaq Rəsulzadə öz dostları ilə əlaqə yaradır və Petroqraddan Finlandiyaya keçməyi bacarır. Bununla da onun həyatının mühacirət dövrü başlayır.

Bir müddət Avropada qalan Rəsulzadə Türkiyəyə gələrək, siyasi, o cümlədən, publisistik fəaliyyətini qardaş ölkədə davam etdirir. Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasına yönələn fəaliyyəti Sovet rəhbərliyində ciddi narahatlıq yaradır. Türkiyə iqtidarı dövrün tələblərini nəzərə almaq məcburiyyətində qalır və Rəsulzadə qardaş ölkəni tərk etməli olur. Bununla belə, Avropa ölkələrində Azərbaycanın siyasi mühacirətini təşkilatlandıraraq, mübarizənin zəifləməsinə imkan vermir.

Rəsulzadənin siyasi karyerasının ən maraqlı hissələrindən biri II Dünya Müharibəsi dövrünə təsadüf edir. Azərbaycanın müstəqilliyinin bərpasına şərait yarandığını nəzərə alan milli lider nasist Almaniyasının mühüm dövlət rəsmiləri ilə müzakirələr aparır. Lakin nasistlərin Azərbaycanın dövlət müstəqilliyi şərtini qəbul etməmələri səbəbindən Almaniyanı tərk edir. Buna baxmayaraq, Rəsulzadə öz nüfuzu hesabına almanların əsir götürdükləri minlərlə azərbaycanlı və SSRİ-nin başqa türk-müsəlman xalqlarının nümayəndələrini ölümdən xilas etməyi bacarır.
II Dünya Müharibəsindən sonra yenidənTürkiyəyə qayıdan Rəsulzadə siyasi-publisistik-ədəbi fəaliyyətini eyni məhsuldarlıqla davam etdirir. Həyatının son illərində bir sıra xəstəliklərdən əziyyət çəkən Rəsulzadə 1955-ci il martın 6-na keçən gecə dünyasını dəyişir. Şahidlərin sözlərinə görə, milli lider gözlərini əbədi yummazdan əvvəl “Azərbaycan, Azərbaycan, Azərbaycan”, deyə səslənib. Ankaranın “Əsri” qəbristanlığında torpağa tapşırılan Rəsulzadənin məzarı 60 ildən çoxdur ki, milli mübarizənin rəmzi kimi ziyarətgaha çevrilib.

Milli liderdən əmanət

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması ilə Rəsulzadənin bütün həyatı boyu mübarizə apardığı ideya XX əsrdə ikinci dəfə reallaşdı. Doğrudur, Azərbaycanın müstəqilliyini əldə etməsi yenə də ağır dövrə düşdü, beynəlxalq güclərdən dəstək alan Ermənistan ərazilərimizin 20 faizini işğal edib, 100 minlərlə soydaşımız öz dövlətində məcburi köçkün vəziyyətinə düşüb. O baxımdan, Rəsulzadənin və silahdaşlarının ruhlarının hələ də rahatlıq tapmadıqları aydındır. Ancaq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı günün uzaqda olmadığına, Rəsulzadə ruhunun, nəhayət, rahatlıq tapacağına inanırıq. Milli liderin 1953-cü il mayın 28-də “Amerikanın səsi” radiosu ilə Azərbaycan xalqına ünvanladığı müraciətində dediyi kimi: “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

 

A.Zeynalov
Yeniçağ.Az

Xəbərlər, Cəmiyyət, Manşet

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti