www.sinerjipro.net

SinerjiProWide
Reklam

1995-ci il noyabrın 12-də referendumla qəbul edilən Azərbaycan Konstitusiyasının təkmilləşdirilməsinə ehtiyac olduğu bildirilir.

Yenicag.az xəbər verir ki, 2002, 2009 və 2016-cı illərdə keçirilmiş Konstitusiya referendumlarında ölkənin Əsas Qanununa bir sıra dəyişikliklər və əlavələr edilməsinə baxmayaraq, sənəddə hələ də müəyyən boşluqların qalması ciddi qeyri-müəyyənlik yaradır.

Qeyd edək ki, 1995-ci ildə qəbul edilən Konstitusiyaya ilk dəyişiklik 2002-ci il avqustun 24-də baş tutmuş referendum yolu ilə həyata keçirilib. Həmin dəyişikliklər əsasən, ölkənin seçki sistemini əhatə etmişdi və proporsional seçki sistemindən imtina ilə nəticələnmişdi.

2009-cu il martın 18-də keçirilmiş referendum isə eyni şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasına yol açmışdı. Nəhayət, 2016-cı il 26 sentyabr referendumu isə ölkədə vitse-prezidentlik institutunun tətbiq edilməsi ilə əlamətdar olmuşdu.

Xatırladaq ki, Konstitusiyanın ilkin qəbulundan əvvəl aparılan geniş ictimai müzakirələrdə sənədin hazırlanmasında inkişaf etmiş demokratik ölkələrin təcrübəsindən istifadə edildiyi bildirilirdi. O zaman layihəni qiymətləndirən beynəlxalq və yerli ekspertlər də etiraf edirdilər ki, sənəd yetərincə təkmildir və demokratik prinsiplərə tam cavab verir. Bu yanaşma aparılan müzakirələrdə də müşahidə edilirdi. Təsadüfi deyil ki, Konstitusiya layihəsində mübahisə doğuran əsas məqamlar dövlət dilinin “Türk”, yoxsa “Azərbaycan dili” adlandırılması və Milli Məclisin 125 nəfərlik tərkibinin proporsional və majoritar sistemlər üzrə kvotası idi. Qalan müddəalar üzrə isə konsensus əldə etmək çətin olmamışdı.

Bununla belə, 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyanın qəbulundan ötən 22 ildə Əsas Qanunda buraxılmış bəzi boşluqlar bu gün də hüquq müstəvisində ciddi anlaşılmazlıqlara səbəb olur. Bu sırada xüsusilə, ikili vətəndaşlıq, həmçinin, vətəndaşlıqdan çıxmaq və digər məsələləri göstərmək olar.

Konkret olaraq, Konstitusiyada ikili vətəndaşlıq qadağan edilməsə də, ölkənin uyğun qanunvericiliyi buna imkan vermir. Yəni Azərbaycan vətəndaşı eyni vaxtda başqa bir ölkənin və ölkələrin də vətəndaşı ola bilməz. Eyni zamanda, ölkə vətəndaşlığından çıxmaq məsələsi və bunun mexanizmi də Konstitusiyada öz əksini tapmayıb. Qanunların bazasında məhz Konstitusion normaların dayandığını nəzərə aldıqda, bu boşluqların konkret situasiyalarda necə ciddi problemlər yaratdığını təsəvvür etmək çətin deyil.

Ölkənin Əsas Qanunundakı “boşluqlar”la bağlı Yenicag.az-a danışan millət vəkili Fazil Mustafanın fikrincə, Konstitusiyadakı müddəalar heç də Quran ayələri deyil və onların zaman-zaman təkmilləşdirilməsinə ehtiyac var:

“Təbii ki, Konstitusiya mütləq mənada mükəmməl sənəd ola bilməz. Çünki bu kimi sənədlərdə hüquqi boşluqlar hər zaman olur. Ona görə də Konstitusiya vaxtaşırı olaraq, referendum yolu ilə təkmilləşdirilir.

Bəli, Konstitusiyadakı müddəaların əksəriyyəti beynəlxalq demokratik normalara tam uyğundur. Ancaq həmin normalara uyğun gəlməyən müddəalar da var və fikrimcə, onların Konstitusiyaya salınması yersizdir.

Məsələn, bələdiyyələrin hesabatlılığı, deputat etikası və sair müddəaların Konstitusiyada əks olunmasına ehtiyac yoxdur. Həmçinin, mülkiyyət hüququnun təsbiti ilə bağlı da ciddi çatışmazlıqlar mövcuddur.

Lakin insan hüquq və azadlıqlarını təsbit edən müddəaların normal vəziyyətdə olduğunu da qeyd etməliyik.

Konstitusiyanın təkmilləşdirilməsi zərurəti müəyyən dönəmlərdə ortaya çıxır və bu zaman cəmiyyətin bütün təbəqələrinin rəyini nəzərə almaq lazımdır ki, sondan bu kimi nöqsanlar yaranmasın.

Detallara gəldikdə isə, deməliyəm ki, Konstitusiyada ikili vətəndaşlıq qadağan olunmadığı kimi, ona icazə verən müddəa da yoxdur. Qanunvericilik də məhz ikili vətəndaşlığa icazə verilməsinə dair müddəanın olmadığını əsas götürərək, bunu qadağan edir.

Nəzərə alaq ki, ikili vətəndaşlığın müsbət tərəfləri olmaqla yanaşı, mənfi, hətta təhlükəli cəhətləri də var. İkili vətəndaşlıq böyük dövlətlər üçün problem yaratmasa da, digər ölkələr haqqında bunu söyləmək olmur.

Konstitusiyanın təkmilləşdirilməsi davamlı bir prosesdir. Bildiyiniz kimi, indiyə qədər üç referendum keçirilib, ancaq hələ də xeyli boşluqlar qalmaqdadır. Bu da onunla bağlıdır ki, keçirilən referendumlarda Konstitusiyaya problemli müddəalar salınıb və onların neqativ təsiri öz sözünü deyir.

Yenə deyirəm, Konstitusiyaya əlavə və dəyişikliklər etməzdən əvvəl ictimai fikri diqqətlə yoxlamaq lazımdır. O halda, Konstitusiya və qanunvericiliklə bağlı yaranan ziddiyyətlər xeyli azalar”.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə ölkədə Əsas Qanunun təkmil olduğunu vurğulamaqla bərabər, sənədə müəyyən dəyişikliklərin edilməsinin də zəruriliyini önə çəkdi:

“Öncə qeyd olunmalıdır ki, Azərbaycan Konstitusiyası özünün strukturu və məzmunu baxımından bütün beynəlxalq standartlara cavab verən təkmil sənəddir. Mən Konstitusiyada insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə öz əksini tapdığını xüsusilə vurğulamaq istərdim.

Digər tərəfdən, Azərbaycan Konstitusiyasındakı normalar birbaşa hüquqi qüvvəyə malikdir və məhkəmələr onlara istinadən qərar qəbul edə bilirlər.

Həmçinin, Konstitusiyada hakimiyyət qollarının müəyyən edilməsi də dəqiq proporsiya əsasında aparılıb və yetərincə təkmil olduğu etiraf edilir. Bununla belə, şübhəsiz ki, ictimai münasibətlərin inkişafı Əsas Qanunun müntəzəm olaraq, təkmilləşdirilməsi zərurətini doğurur.

Digər əlamətdar məqam bundan ibarətdir ki, Azərbaycanda Əsas Qanunla bağlı yaranan ziddiyyətlərin çözülməsi üçün Konstitusiya Məhkəməsi mövcuddur. Vətəndaşlarımız da Konstitusiya Məhkəməsinə müracət edərək, Əsas Qanunla bağlı məsələləri aydınlaşdıra bilərlər.

Hazırda Konstitusiyada vacib dəyişikliklər sırasında Milli Məclisin səlahiyyətlərinin genişləndirilməsi və hökumətin parlament qarşısında hesabatlılığının artırılmasıdır.

Doğrudur, bu gün hökumət parlament qarşısında hesabat verir. Ancaq bu məsələnin daha da genişləndirilməsinin zəruri olduğunu düşünürəm. Lakin bütün hallarda Konstitusiyaya ediləcək dəyişikliklər diqqətlə öyrənilməli, ictimai rəy mütləq şəkildə nəzərə alınmalıdır.

Mənim öz yanaşmam bundan ibarətdir ki, Xalq Cümhuriyyətinin 100 illiyi manüsibətilə Konstitusiyada parlamentarizmi gücləndirəcək müddəaların öz əksini tapması çox müsbət hadisə olardı. Ancaq nə hüquq cameəsindən, nə də digər dairələrdən bununla bağlı hələ heç bir təklif yoxdur”.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1623
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."