yenicag.az
yenicag.az

Azərbaycan məmurlarının bahalı heyvanları – Şok təfərrüatlar

Azərbaycan məmurlarının bahalı heyvanları – Şok təfərrüatlar

Müəllif: Redaktor

Editor

236344Azərbaycan əhalisinin böyük əksəriyyəti işsizlik və yoxsulluq girdabında çabalasa da, bir sıra məmurlar özlərinin dəbdəbəli həyat tərzləri, lüks imarətləri, fantastik qiymətlərlə müşaiyət olunan avtomobilləri, bahalı əyləncələri ilə tez-tez gündəmə gəlirlər.

Onların bütün bunlara necə nail oldularını isə hər halda bilməyən yoxdur. Korrupsiya və inhisarçılıq məmur korpusu ilə sadə vətəndaşların güzəranı arasında müqayisəyə gəlməz fərqlər yaradıb.

Qaynar.info-nun bu araşdırması isə məmurlarımızın daha bir qeyri-adi cəhətini – onların heyvanlara olan rəğbətini ortaya qoyur. Araşdırma nəticəsində belə məlum olub ki, bizdə bir çox iri vəzifə sahiblərinin şəxsi mini-zooparkları var, burada daha çox ekzotik heyvanlar saxlanılır, onlara qulluq üçün xüsusi adamlar tutulur. Belə mini-zooparkların saxlanılması (qida, baytarlıq və s. xərclər) üçün sərf edilən pullar isə istənilən orta statistik vətəndaş üçün sadəcə, əlçatmazdır, onlar belə məbləğləri yəqin heç yuxularında da görə bilməzlər.

Hələ uzun illər əvvəl bu barədə KİV yazır, cəmiyyət arasında dedi-qodular dolaşırdı. Məsələn, vaxtilə Heydər Babayev hələ iqtisadi inkişaf naziri postunu tutarkən onun delfin və ekzotik göyərçin növləri saxladığı barədə söz-söhbətlərin arası kəsilmirdi.

Bundan başqa, bir zamanlar AZAL prezidenti Cahangir Əsgərovun Afrikadan müxtəlif növ bahalı heyvanlar alıb özünə zoopark yaratdığı haqda xəbərlər də xeyli poulyar idi.

Yaxud təhsil naziri olarkən Misir Mərdanovun bahalı cins itlər sahibi olduğu barədə məlumatlar yayılmışdı. İnsafən mediaya nisbətən yaxın və yumşaq münasibəti ilə seçilən Mərdanov o vaxt belə xəbərləri təsdiqləməsə də, təkzib də etməmişdi.

Elə indinin özündə də bir çox məmurların müxtəlif növ heyvanlara maraq və sevgisinin qaldığı məlumdur. Məsələn, “Azərenerji” prezidenti Etibar Pirverdiyev işdə itirdiyi enerjisini saxladığı it və dəvələrdən aldığı mənəvi zövqlə bərpa etməyə çalışır. Onun dəvə fermasının olduğu da heç kimə sirr deyil.

Bir sıra məmurlarımız isə ov heyvanlarına və ovçuluğa marağı ilə seçilir. Araşdırmamıza görə, Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Naftalanın sabiq icra başçısı və eks-deputat Musa Musayev, həmçinin Bakıdakı bəzi ali məktəblərin rektorları Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin üzvləridirlər. Xüsusilə Abdin Fərzəliyevin ov həvəsi bitib-tükənməzdir – onun müxtəlif cins ov itlərinin olduğu və dövlət qoruqlarında belə ov etməkdən çəkinmədiyi deyilir.

Qaynar.info-nun araşdırmasına görə, məmurlarımızın ən çox maraq göstərdiyi heyvan itlərdir. İtlər üçün hər ay 1500-1800 manat xərcləyən məmurlar var. Azərbaycanda orta aylıq əmək haqqı rəsmi rəqəmlərə görə 400 manatdan artıq deyil. Belə çıxır ki, bəzi iri çəkili məmurlar ölkə vətəndaşlarına saxladıqları itlər qədər dəyər vermir.

Bundan başqa, ən azı 5000 min manata it alan məmurlar da var. Onlar bu cür itləri əsasən Avropadan, məsələn, İngiltərədən gətirir və həmin itin saxlanılmasına aylıq 700-800 manat xərcləyirlər.

Yeri gəlmişkən, bəzi məmurlar itlərini boğuşdurmaq üçün yarışlar təşkil edirlər. Deyilənə görə, bu cür yarışlarda bəzən hətta bahalı maşınlar, gözqamaşdırıcı mülklər və böyük məbləğdə pul “stavka” edilir.

Məmurlarımızın atlara olan marağı da az deyil. 2014-cü ilin yanvar-dekabr aylarında Azərbaycana xarici ölkələrdən diri halda alınıb gətirilən heyvanlara dair statistika açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il xaricdən ölkəmizə idxal olunan belə heyvanlar arasında diri atlar da olub, bunun üçünsə on minlərlə manat xərclənib. Bu isə birbaşa məmurların hobbisi ilə əlaqələndirilir. Belə ki, məmurlar cins atlar saxlamağa, satın aldıqları böyük sahələrdə at çapmağa həssasdılar. Onların at yarışlarına həvəsi isə bir çoxları üçün heç də yeni xəbər deyil.

Bu yarışlar əsasən Binə qəsəbəsində yerləşən atçılıq klubunda təşkil olunur. Deyilənə görə, orada hazırda Azərbaycan Dəmir Yollarına rəhbərlik edən Cavid Qurbanovdan tutmuş “Azərenerji”prezidenti Etibar Pirverdiyevə, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevədək bir sıra yüksək çinlilərin xaricdən yüksək qiymətə alınmış və saxlanılmasına hər ay bir neçə min manat xərclənən atları saxlanılır.

Bakı Cıdır Meydanında saxlanılan atlar arasında isə dəyəri 20-25 min manatdan başlayıb, 50 min manatı aşanlar az deyil. Onların aylıq xərcləri 1000-1500 manatdan az başa gəlmir.

Belə yüksək rəqəmləri ödəmək iqtidarında olanlar isə şübhəsiz, ya məmurlar, ya da onların himayəsindəki iş adamlarıdır.

Yeri gəlmişkən, yenə Dövlət Statistika Komitəsinin məlumatlarından belə aydın olur ki, ölkəyə gətirilən diri heyvanlar arasında göyərçindən tutmuş arıya qədər, nə istəsən var. Bunların bir çoxunun da məhz varlılarımızın mini-zooparklarının bəzədiyini isə demək yəqin artıq olardı.

Sonda onu da deyək ki, heç şübhəsiz, “milli şeyxlərimizin” heyvanlara maraq və rəğbəti heç də onların təbiətsevərliyindən irəli gəlmir. Bu onlar üçün öz maddi qüdrətlərini nümayiş etdirməyin müxtəlif formalarından biridir.

Araşdırma, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti