Azərbaycan ötən il neft hasilatını 1,4% azaldıb

Müəllif: Redaktor

Editor

 

2016-cı ildə Azərbaycanda sənaye sahəsində 32,3 mlrd. manatlıq və ya əvvəlki illə müqayisədə 0,4% az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Yenicag.Az-a  verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5% artıb, neft sektorunda isə 1,1% azalıb.

Sənaye məhsulunun 65,4%-i mədənçıxarma sektorunda, 28,2%-i emal sektorunda, 5,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 1,4%, əmtəəlik qaz hasilatı isə 3,9% azalıb. Emal sektorunda qida məhsullarının istehsalı 4%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 41%, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,8%, kağız və karton istehsalı 1,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 0,3%, hazır metal məmulatlarının istehsalı 24,9%, kompüter və elektron məhsulların istehsalı 7,4%, elektrik avadanlıqlarının istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 17%, mebel istehsalı 9%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,7% artıb, içkilərin istehsalı 10%, tütün məmulatlarının istehsalı 13,4%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 67,9%, poliqrafiya məhsullarının istehsalı 12,1%, kimya sənayesi məhsullarının istehsalı 12,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3%, tikinti materiallarının istehsalı 10,6%, maşın və avadanlıqların istehsalı isə 14,9% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5%, su təchizatı, tullantıların təmizlənməsi emalı sektorunda isə 0,7% azalıb.

Yenicag.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır