!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan prezidenti Rusiyanın vəd etdiklərini real olaraq görməsə…”

!Reklam – Yazi

 

cms-image-000004396Natiq Miri: “Prezidentlərin növbəti görüşündə ciddi strateji addımların atılacağını düşünmürəm”

Bir il 3 aylıq fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi gözlənilir. Ermənistanın hakim Respublika Partiyası İcraiyyə Komitəsinin iclasından sonra partiyanın mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanovun sözlərinə görə, görüş dekabrın əvvəlində baş tuta bilər.

Bu ərəfədə isə həmsədrlər də görüş barədə müəyyən qədər nikbin fikirlər səsləndiriblər.

Görəsən, baş tutma ehtimalı böyük olan həmin görüşdən nə gözləmək olar?

Politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, həmin görüşdən ciddi siyasi nəticələr gözləmir: “Rusiya və bir çox digər ölkə mediasında, eyni zamanda Azərbaycanda da dekabrda baş tutacaq bu görüşdən sonra Dağlıq Qarabağ ətrafı bir neçə rayonun ölkəmizə qaytarılacağı ilə bağlı razılığın olacağını proqnozlaşdırırlar. Təbii ki, bu elə-belə baş vermir. Baş verməsi üçün mütləq mənada Sarkisyan hakimiyyətinə ciddi təzyiqlər olmalıdır. Bu təzyiqlər də ancaq onun havadarı Rusiya tərəfindən ola bilər. Rusiya da bunu Azərbaycanın qara qaşına görə atmayacaq. O bunu müəyyən şərtlər əsasında edəcək. O baxımdan düşünürəm ki, məsələyə hər bir halda ehtiyatlı yanaşmaq lazımdır. Bu cür informasiyaların buxarılmasının Rusiya təbliğat maşınına xidmət etdiyini düşünürəm. Bu ölkənin təbliğat maşını güclüdür. Hazırda Azərbaycanda da Rusiyaya yönəlik müsbət ictimai fikrin yaranması üçün ciddi cəhdlər edilir. Azərbaycan mediasında Rusiya ilə bağlı müsbət mənada müəyyən araşdırma və təhlillər gedib. Bunlar onu göstərir ki, Moskva ilə Bakı arasında müəyyən yaxınlaşma var. Ancaq Ermənistan 5 rayonun qaytarılmasına razı olsa da belə, baxmaq lazımdır ki, o hansı şərtlər daxilində həmin rayonları qaytarır. Təbii ki, bu zaman Rusiyanın hansı şərtlərlə buna gedəcəyini düşünməyə ehtiyac var. Rusiya qoşunlarının yenidən Qarabağda yerləşdirilməsindən söhbət gedirsə, bunu ümumiyyətlə unutmaq lazımdır. Bir şeyi anlamaq gərəkdir ki, Dağlıq Qarabağda hansı xarici gücün hərbi qüvvəsi dominant olacaqsa, bu Azərbaycanın suveren hüquqlarının məhdudlaşdırılması anlamına gəlir. Çünki, Azərbaycan istənilən müstəqil addım atdığı və bu həmin güclərin geosiyasi maraqlarına uyğun olmadığı halda, əmin olun ki, Qarabağ yarasını istənilən zaman qanadacaqlar.  Bunu Rusiyanın Gürcüstana münasibətdə atdığı addımlarda gördük. Ona görə də Rusiya qoşunlarının heç bir vəclə Azərbaycana yerləşdirilməsinə imkan verilməməlidir. Hətta bunun özü də asan məsələ deyil. Çünki, Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi təkcə Moskvanın istəyilə həll olunmur. Həmsədr dövlətlərin də buna razılığı olmalıdır. Ancaq Rusiya öz ordusu adı altında deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında Azərbaycana daxil olmaq istəyir. Lakin bu halda da mahiyyət dəyişmir, çünki, KTMT deyəndə biz rus ordusunun olduğunu anlamalıyıq. Hətta Azərbaycanın Rusiya orbitinə qayıtması məsələsi də tələb kimi ortaya qoyulur. Onu da nəzərə alaq ki, Kreml istədiyini almadan, bir neçə rayonun qaytarılmasını da təmin etməyəcək.  Bu yöndə gizli danışıqlar gedir və hansı razılıqların olduğu dəqiq bilinməsə də, həmin istiqamətdə informasiyalar da var. Lakin bu kimi həssas məsələdə strateji baxımdan düşünmək lazımdır. Əks təqdirdə, qaş düzəltdiyimiz yerdə, vurub gözü də çıxara bilərik.

O baxımdan, prezidentlərin növbəti görüşündə ciddi strateji addımların atılacağını düşünmürəm.  Əminəm ki, Azərbaycan prezidenti Rusiyanın vəd etdiklərini real olaraq görməsə, heç bir sənədə imza atmayacaq və yaxud Moskvanın nüvəsi olduğu təşkilata üzv olmayacaq. Çünki bu elə bir strateji seçimdir ki, yaxın on illər üçün Azərbaycanın gələcək taleyini müəyyən edəcək. Rusiyanın orbitinə daxil olmaq həm də Qərbi qarşısına almaq anlamına gəlir”

ELÇİN

www.yenicag.az

797
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv