yenicag.az

Azərbaycan prezidentlərin görüşündən nəticə gözləmir – Elman Nəsirov

Azərbaycan prezidentlərin görüşündən nəticə gözləmir – Elman Nəsirov

Müəllif: Redaktor

Editor

Без названияElman Nəsirov: “İlin sonuna doğru prezidentlər səviyyəsində görüşə nail olsalar da belə, həmin görüşdən nəsə bir irəliləyiş gözləməyə ciddi əsas yoxdur”

Mətbuatın yazdığına görə, ATƏT-in Minsk Qrupu həmsədrləri ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin daha bir görüşünü təşkil etmək ümidindədirlər. Hətta bəzi rusiyalı ekspertlərə görə, bir aydan sonra danışıqlar prosesi yenidən canlana bilər.

Xatırladaq ki, bu ilin aprelində Azərbaycan ordusunun həyata keçirdiyi 4 günlük uğurlu əməliyyatdan sonra həmsədrlərin iştirakı ilə Vyana və Sankt-Peterburq şəhərlərində Azərbaycan və Ermənistan prezidentlərinin iki görüşü baş tutdu. Bu görüşlər fonunda da Dağlıq Qarabağdan kənar 5 rayonun azad ediləcəyilə bağlı fikirlər formalaşdı. Lakin iyunda baş tutan ikinci görüşdən üzü bəri tərəflər arasında hər hansı bir növbəti görüş baş tutmadı. Belədə həll prosesi yenidən dalana dirəndi. İndi isə yayılan məlumatlara görə həmsədrlər ilin sonunadək münaqişə tərəfləri arasında daha bir görüş təşkil etməyə çalışırlar.

Görəsən, ilin sonunadək növbəti görüşün olması nə dərəcədə realdır? Belə bir görüş olarsa onun danışıqlar prosesini yenidən canlandıracağını gözləmək olarmı?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirli Yenicag.az-a açıqlamasında ilin sonuna doğru prezidentlər səviyyəsində görüşün olması ehtimalını istisna etmədi. Amma bununla belə, həmsöhbətimiz bu görüşdə hansısa bir irəliləyişin olacağına da ümid etmir: “Bildiyimiz kimi, aprel döyüşlərindən sonra may və iyun aylarında münaqişənin həllilə bağlı prezidentlər səviyyəsində görüşlərin keçirilməsinə ATƏT-in Minsk qrupu nail oldu.

Elman Nəsirli ile ilgili görsel sonucuAmma təəssüf ki, ondan üzü bəri bir pauza yaranıb. Ermənistan cidd-cəhdlə çalışır ki, bu pauza uzansın. Bunun üçün də işğalçı müxtəlif təxribat və üsullara əl atır ki, hazırkı status-kvo vəziyyəti qorunub saxlanılsın. Belə bir reallıqda həmsədr dövlətlər prezidentlər səviyyəsində növbəti görüşün keçirilməsinə çalışır. Hesab edirəm ki, onlar bu görüşün münaqişənin həllinə deyil, əslində onun müharibəyə çevrilməsinin qarşısını almağa yönəldiyinin fərqindədirlər. ATƏT-in Minsk qrupu həmsədrlərinin əsas niyyəti bundan ibarətdir. Hətta ilin sonunda prezidentlər səviyyəsində görüşə nail olsalar da belə, həmin görüşdən nəsə bir irəliləyiş gözləməyə ciddi bir əsas yoxdur. Ən azı o səbəbdən ki, bu görüşü həmsədrlər keçirir və onlardan biri, ABŞ dövlət katibi Con Kerri bədbin bəyanatla çıxış edərək indiki halda münaqişənin həllinin mümkün olmadığını dedi. Bu artıq danışıqlar prosesinin buxovlanmasına və Ermənistanın status-kvonun saxlanılması fonunda maraqlarına xidmət edən bir bəyanatdır. Eyni zamanda Rusiya prezidentinin köməkçisi Uşakov da Kerrinin mövqeyinə yaxın mövqe səsləndirib. O da bildirib ki, indiki halda münaqişənin həlli mümkün deyil. Yəni iki həmsədr dövlətin timsalında münaqişənin həllinin mümkünsüzlüyü haqqında bəyanatı eşidirik. Bu reallıq fonunda danışıqların keçirilməsi və hər hansı bir nəticənin əldə olunmasından danışırıqsa, hesab edirəm ki, məsələyə bir qədər səthi yanaşma olar. İndiki vəziyyətdə həll prosesilə bağlı həmsədrlərin qətiyyətsiz və dişsiz mövqeyi münaqişənin həlli imkanlarını daha da buxovlayır. Son iki bəyanat münaqişənin həlli prosesinə arxadan vurulan zərbə kimi də dəyərləndirilə bilər. Reallıq budur. Ona görə də şəxsən ilin sonunda görüş baş tutarsa da belə, indiki halda həmsədrlərin pessimist bəyanatları fonunda hər hansı bir irəliləyiş olacağı istiqamətində nikbin fikir söyləyə bilmərəm”.

ELÇİN

Siyasət, Manşet, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti