!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfirlik Ankarada Azərbaycanı təbliğ edən dərnəyi niyə bağlatdırmaq istəyir? - İlham Əliyevə müraciət – VİDEO

!Reklam – Yazi

Azərbaycanın Ankaradakı səfirliyi Azərbaycan Kültürünü Tanıtma Dərnəyinə aid məkanın fəaliyyətinə mane yaradır (?)


Bir müddət əvvəl Ankaraya səfərimiz zamanı qardaş Türkiyənin paytaxtında salınmış “Heydər parkı”na da baş çəkdik. O zaman parkda fəaliyyət göstərən səliqəli, xidmətin yüksək səviyyədə olduğu məkandakı Azərbaycan Mədəniyyətini Tanıtma Dərnəyində Hüseyn Ayhandan geniş müsahibə götürmüşdük. Hüseyn bəy o söhbətimizdə Türkiyədə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərdən, parkdakı kafenin fəaliyyətindən ətraflı bəhs etmişdi. Biz də qeyd etmişdik ki, Ankarada ümummilli lider Heydər Əliyevin adına layiq olan möhtəşəm parkda belə yüksək səviyyəli xidmət məkanı yaradılaraq istifadəyə verib. 

Həmin kafedəki səliqə səhmanın, tərtəmiz qab-qacağın, o cümlədən masaların üzərinin Azərbaycan bayraqları ilə bəzədilməsinin xoş təəssürat doğurduğunu vurğulamışdıq. Yəni o kafe özünün bütün cəhətləri ilə azərbaycançılıq fəlsəfəsinə və “Bir millət, iki dövlət” konsepsiyasına tam uyğun bir məkan idi. Hüseyn bəylə o kafedə baş tutan görüşümüzdən də çox gözəl hisslərlə ayrılmışdıq. Onu da bildirmişdik ki, Azərbaycanın bir sıra dövlət rəsmiləri, o cümlədən, Baş prokuror Zahid Qaralov da həmin kafedə olub və yaradılmış şərait haqqında müsbət fikirlərini bölüşərək, dərnəyə müxtəlif kitablar hədiyyə edib.

Ancaq çox təəssüf ki, bundan cəmi bir neçə ay sonra o məkana təkrar gəlişimizdə tam fərqli və arzuolunmaz şəraitlə qarşılaşdıq. Ankarada Azərbaycan çayı içmək üçün gəldiyimiz o kafenin işıqları kəsildiyi üçün məkan zülmətə bürünüb, fəaliyyəti dayanıb, gördüyümüz o coşqudan əsər-əlamət qalmayıb. Öyrənirik ki, son dövrlərdə kafenin bağlanması üçün iki dəfə qərar qəbul edilib, ancaq məhkəmə həmin qərarları ləğv edərək, məkanın fəaliyyətini davam etdirməsinə şərait yaradıb. Eşitdiklərimizdən son dərəcə məyus olaraq, Hüseyn bəyi axtarıb-tapdıq, orada nə baş verdiyini özündən öyrənməyə çalışdıq. Təəssüfü  üzündən hiss olunan Hüseyn bəy söz-ədəbiyyat adamıdır. Ancaq çəkdiyi əziyyətlərin qarşılığında əks münasibətlə üzləşmək insanı doğrudan da üzür. O baxımdan, Hüseyn bəyin incikliyini təbii qarşıladıq. Azərbaycanın təbliğatı üçün bu qədər əziyyət çəkən bir adamın ölkəmizin bürokrat diplomatlarından arzuedilməz münasibət görməsi doğrudan da məyusedicidir.

– İlk gəlişimizdə burada əla şəraitlə rastlaşmışdıq, işıqlar yanırdı, indi isə şamları görürük… Nə baş verir?

– O dəfəki gəlişinizdə işlər qaydasında idi. Biz burda mümkün olduğu qədər bir ticarət müəssisəsi kimi deyil, bütün dostlarımızın gəlib, istirahət edə biləcəkləri məkan kimi fəaliyyət göstərməyə çalışmışıq. Ancaq bildiyimizə görə, bəziləri bizimlə əlaqədar Azərbaycan səfirliyinə şikayət edərək, buradakı qulluğun  pis, yeməklərin keyfiyyətsiz, qiymətlərin isə çox yüksək olduğunu, işçilərin yarıtmazlığını, o cümlədən şəxsən mənim hər gələn qonağı gülər üzlə qarşılamağıma baxmayaraq, guya kobud davrandığımı bildiriblər. Yəni burada bir dəfə oturmayan, bizim xidmət keyfiyyətimizin nədən ibarət olduğunu bilməyənlər bizdən səfirliyə şikayət ediblər. Öyrəndik ki, Azərbaycan səfirliyi daxil olan şikayətlər əsasında bu məkanın bağlanması üçün Ankara Böyük Şəhər Bələdiyyəsinə yazılı müraciət göndərib. Bələdiyyə də buranın fəaliyyət göstərməsinə iki dəfə icazə verməsinə rəğmən, məkanın bağlanması haqqında qərar qəbul etdi. Ancaq məhkəmə bələdiyyənin həmin qərarını ləğv etdi və buranın fəaliyyəti bərpa olundu. Son günlərdə isə parkın ərazisində yerləşən “Zirvə Stone”un şikayəti əsasında buranın bağlanması məsələsi yenidən qaldırılıb. Qeyd edim ki, bu məkan açıldıqda bizim elektrik enerjisi və suyumuz parkdan gəlirdi, yəni bu xidmətlər üçün fərdi abunəçi kimi qeydiyyata alınmamışdıq. Ancaq burada sayğac var və istifadə etdiyimiz suyun, işığın pulunu vaxtlı-vaxtında ödəyirdik. Bununla belə, bizim telefon və təbii qaz abunəçiliyimiz var. Bir neçə gün əvvəl özlərini bələdiyyə məmurları kimi təqdim edən bəzi şəxslər bura gələrək, zorla içəri girdilər – sonra öyrəndik ki, onlar “Zirvə Stone”un  idarəolunması ilə məşğul olan Ankara Bələdiyyəsinə məxsus bağlı “AnFa” şirkətinin əməkdaşlarıdırlar – və məkanda yoxlama apardılar. Bizim elektrik enerjisi və suya abunəçi olmaq üçün bələdiyyəyə etdiyimiz müraciətdən üç gün sonra Ankaranın elektrik qurumunun işçiləri gəlib, işığımızı kəsdilər. Rəsmi abunəçilik üçün davamlı cəhdlərimizə baxmayaraq, bu müraciətimiz hələ də nəticəsiz qalıb.

– Bu vəziyyətin yaranmasının səbəbi nədir?

– Hiss etdiyim qədəri ilə səbəbi budur ki, məkanı səfirliyin əli ilə bizdən almaq istəyirlər. Biz buranın indiki vəziyyətə gətirilməsi üçün 250-300 min dollar pul xərcləmişik. İndi həmin pulu bizə qaytarmadan məkanı bağladıb, daha sonra isə səfirlikdəki bəzi şəxslərin himayə etdiyi “Zirvə Stone”un sahibi Nurlan Yusifovla bərabər nəsə yeni bir iş qurulmasını düşünürlər.

– Yəni, həmin “Zirvə Stone”un sahibi sizinlə əlaqə yaradıb, buranı rəsmən almaq üçün anlaşmaq əvəzinə, bura əl qoymağa çalışır?

– Bəli. 8-9 ay əvvəl bir axşam vaxtı Nurlan Yusifov bura gəldi, oturub danışdıq. Dedim ki, əgər buranı istəyirsinizsə, mənim xərclədiyim puldan da az bir məbləği verin, çıxım. Burda qalmağımda bir məcburiyyət yoxdur, biz könül adamlarıyıq, elə böyük pulumuz da yoxdur, bu işləri ürəyimizdən gəlir deyə görürük. Bir qədər söhbətləşəndən sonra Nurlan dedi ki, biz o pulu sizə birdəfəlik deyil, ancaq çeklərlə hissə-hissə ödəyə bilərik. Cavab verdim ki, olar. Bir az da danışdıq və onlar çıxıb getdilər. O gündən sonra da bu işlə bağlı heç bir addım atılmadı. Həmin vaxtdan bəri başqa adamlarla fərqli işlər görməyə çalışsaq da, onların əməkdaşları gəlib deyirlər ki, bura bağlanacaq, siz əlavə heç bir iş görə bilməzsiniz.

– Siz buraya əlavə şəriklər cəlb etmək istəyirdiniz?

– Yox, şərik cəlb etmirik, öz çərçivəmizdə, Azərbaycan Mədəniyyətini Tanıtma Dərnəyinin nəzdində işlər görməyə çalışırıq, bu işi bilən peşəkarların vasitəsilə bu fəaliyyətimizi bir az da genişləndirməyi nəzərdə tuturduq.

– Yəni-yeni layihələr hazırladınız…

– Bəli, istəyirdik ki, burada Azərbaycan mətbəxini daha geniş çeşiddə təqdim edək, isti-soyuq yeməkləri verə bilək, sizin mətbəxin sirlərini öyrənmək üçün Azərbaycana aşpazlar göndərək. Digər tərəfdən də Azərbaycanın heykəltəraşlıq sənətinin burada da tanıdılmasını nəzərdə tuturduq. Eyni zamanda, Cənubi Azərbaycanın, həmçinin Türkiyədə fəaliyyət göstərən azərbaycanlı  sənətçilərin burada konsertlərini təşkil etməyi planlaşdırırdıq. Bundan başqa, amfiteatrda cüzi məbləğ qarşılığında filmlərin nümayiş etdirilməsini düşündük. Bu planlarımızı açıqladıqdan sonra bizə qarşı təzyiqlər daha da artdı. 2014-cü ildən buradayıq, məkan isə 2015-ci ilin əvvəlində istifadəyə verildi. İki ildir burada normal fəaliyyət göstərdiyimiz halda, necə ola bilər ki, son 6 ayda belə “yarıtmaz” olduq?

– Yəni,  o layihələrinizi açıqladıqdan sonra buranın gəlir gətirəcəyini düşünərək, sizə qarşı çıxırlar?

– Bəli, bu fikirdəyik. Onlar da hesab edirlər ki, burada müxtəlif profillərlə iş görməklə, böyük gəlir götürmək olar. Bax, indi parkdayıq. Baxıb görürsünüz ki, demək olar ki, heç kəs yoxdur. Bu məkan heç öz xərcini ödəmir. Hər ay əlavə 2 min dollar da sərf edib, məkanı yaşadırıq.

– Bu işdə məqsədiniz nədir?

– Məqsədimiz sadəcə, pul qazanmaq deyil. İstədiyimiz odur ki, parka gələnlər buraya keçib, isti Azərbaycan çayı içə bilsinlər, Azərbaycanla bağlı öyrənmək istədikləri məlumatları əldə etsinlər və sair. Lakin hazırda bu imkanlar tam məhdudlaşdırılıb. Hətta Azərbaycanın baş prokuroru Zakir Qaralov da bu məkana baş çəkib və burada yaradılmış yüksək şəraitlə tanış olub. Monitorlarımızda müntəzəm olaraq, Heydər və İlham Əliyevlərlə bağlı sənədli filmlər nümayiş etdirilir. Ancaq işığımızın və suyumuzun kəsilməsindən sonra bu imkanlar aradan qalxıb. Kənardan baxanlar təəccüblə soruşurlar ki, səfirlik belə bir gözəl məkanı niyə bağlamaq istəyir? Mənə deyirlər ki, ətrafda yaşayanlar bu məkanla bağlı şikayət edirlər. Yəni bunu səbəb kimi göstəriblər.

– Ətrafda yaşayanlar?

– Bəli, dedi ki, ətrafda yaşayanlar şikayət yazırlar. Dedim ki, yaxşı, sakinlər şikayət edə bilərlər. Soruşdum ki, onlardan neçəsinin bura gələrək xidmət səviyyəsindən, keyfiyyətdən şikayətçi olduqları barədə sənədlər var?

– Varmı?

– Yoxdur.

– Bəs o şikayətçi olduqları deyilən sakinlərlə görüşə bilmisiz?

– Yox, onların adlarını gizli saxlayırlar.

–  Yəni gizli şahid kimi?

– Tam o cür. Tanınmayan, gizli qalan şahidlər, “iks adamlar”…

– Bu, dövlət sirri, yaxud da başqa həyati əhəmiyyətli məsələ deyil axı. Onları gizli saxlamağın mənası nədir?

– Səbəbi öz aləmimdə belə izah edirəm ki, onsuz da müştərilərimizin sayı azalıb və onlar da heç bir məbləğ ödəmədən buranı ələ keçirtməyi düşünürlər. Yəni buranı bağladıb, daha sonra isə pul xərcləmədən məkana sahiblənib, işə yenidən başlamaq istəyirlər.

– Dediniz ki, bu işin arxasında “Zirvə Stone” adlanan qurum var…

– Bəli.

– O qurum burada nə işlə məşğuldur?

– “Zirvə Stone” bu parkı 13 milyon dollara inşa edən firmadır.

– 13 milyon dollara?

– Bəli. Əvvəllər burada elə bir tələb yox idi. On nəfərlik heyət buranın təsərrüfat işlərini görürdü və fikrimcə, o xərclərin pulunu da SOCAR-dan alırdılar. Son vaxtlar isə parka qulluq üçün Ankara Bələdiyyəsinin keçirtdiyi tenderi də bu firma qazandı. Yəni bir tərəfdən Ankara Bələdiyyəsindən, o biri tərəfdən də Azərbaycandan pul alırlar. Bu firma Azərbaycan səfirliyi ilə çox sıx əlaqədədir. Səbəb budur.

– Bütün bunlarla bağlı əlavə deyəcəkləriniz var?

– Biz qanunlar çərçivəsində mümkün olduğu qədər müqavimət göstərəcəyik, əlimizdən gələni edəcəyik. Biz heç bir halda dövlətdən böyük və güclü ola bilmərik. Azərbaycan səfirliyi bizim üçün Azərbaycan dövləti deməkdir. Onlar belə münasib görüb, bizi buradan çıxartmaq istəyirlərsə, boynumuz tükdən incədir. Günü bu gün gəlib, buranı boşaltmağımızı istəsələr, boşaldarıq. Çünki qarşımızdakı dövlətdir, biz isə kiçik bir dərnəyik.

– Bəs o zaman sizin düşəcəyiniz maddi ziyan necə olacaq?

– Heç nə, xərclədiyimiz 250-300 min dolları çölə atmış, ya da başqasına hədiyyə etmiş olacağıq. Ancaq yenə deyirəm, xərclədiyimiz 300 min dolların 200 minini bizə qaytarsınlar. Ancaq Ankara Böyük Şəhər Bələdiyyəsi bizimlə burada sanki narkotik satırıq kimi davranır, buranı yoxlamaq üçün 20-25 nəfərlik dəstə göndərir. Gələnlər bizə deyirlər ki, Ankarada belə təmiz yer yoxdur, ancaq bizə göstəriş veriblər, bu işlərin arxasında səfirlik dayanır.

– Yəni, Ankara Bələdiyyəsi bütün bunları Azərbaycan səfirliyinin təlimatı əsasında etdiyini deyir?

– Bəli. Bələdiyyənin yüksək vəzifəli şəxsləri də mənimlə söhbətdə deyirlər ki,  səfirlik bu işlərdə təkid etməsə, onlar tərəfindən heç bir problem yoxdur.

Hüseyn bəylə söhbətimizi dinləyən məkan əməkdaşlarından biri – Səbahat Aydın yaxınlaşaraq, bütün bu baş verənlərin onları çox narahat etdiyini bildirir. Həyəcandan özünə yer tapa bilməyən Səbahat xanımın dediklərini emosiyasız dinləmək olmur:

– Mən iki ildir burada işləyirəm. İnanın, Hüseyn bəyin burada Azərbaycanı tanıtmaq üçün çəkdiyi əziyyətlərin birbəbir şahidiyəm. Hətta hərdən bizə “Azəri” deyəndə, qayıdıb türk olduğumuzu belə bildirmirik, “Azəriyik” deyirik. Yanlış anlaşılmasın, əlbəttə ki, bura Azərbaycana məxsus bir məkandır. Əgər biz Türkiyədə Azərbaycan üçün bu qədər əziyyət çəkiriksə, üzləşdiyimiz bu vəziyyəti əsla haqq etmirik. İnanın, neçə aydır stress içindəyik. Mən özüm şəkər xəstəsiyəm, neçə aydır şəkərim düşmür. Vallah, belə etmək günahdır. Bizdən indiyə kimi heç bir müştərinin şikayəti olmayıb. Ancaq üç-beş nəfərə görə belə bir vəziyyət yaranıb.

Bura gəlib, vəziyyəti daha da qəlizləşdirirlər. Onların adlarını da çəkə bilərəm: İncə xanım, Xədicə xanım və Eren bəy. Onlar “Zirvə Stone”un Ankaradakı əməkdaşlarıdır. Söyləməyə də utanıram, inanın ki, buraya gəlib, işçiləri çox rüsvayçı hərəkətləri ilə narahat edirlər.

Hüseyn bəy söhbətə müdaxilə edərək, məkana gələn kişilərdən birinin Səbahat xanıma təcavüz etməyə cəhd etdiyini, lakin cavabını aldıqdan sonra oradan qaçdığını deyir. 

– Sonra  Xədicə xanım küçədə mənə yaxınlaşaraq,  evlərinə dəvət etdi  və mənimlə danışmaq istədiyini bildirdi. Mənim onun evində nə işim var? Hələ deyir ki, bu görüşümüz haqda heç kimə danışma. Ancaq mən buranın işçisiyəmsə, Hüseyn bəyin çörəyini yeyirəmsə, ona qarşı heç nə etmərik. Biz çörək yediyimiz yerə xəyanət etmərik. Öz adımdan deyirəm ki,  mən xəyanət etmərəm. Hüseyn bəy burada Azərbaycanı yaxşı təmsil etməsəydi, bəlkə mən də burada olmazdım. Azərbaycandan bura bir qonaq gələndə, Hüseyn bəy onun rahatlığı, məmnunluğu üçün bizdən də çox hərəkət edir.

Bir dəfə Azərbaycandan qonaqlar gələndə onların rahatlığı üçün anamı reanimasiyada  qoyub işə çıxdım, növbənöv yeməklər hazırladım. Anam reanimasiyada vəfat etdi. Yəni mən o vəziyyətdə də yenə işimi buraxmadım. Vallah heç vaxt Azərbaycanla Türkiyə arasında fərq qoymadıq. Azərbaycanlıları öz canımız saydıq və sayırıq. İndi bizə qarşı belə davranmaq günah deyilmi? Mən ədalət istəyirəm. Onların vicdanı yoxdurmu? Məni üzrlü sayın, ürəyim doludur, susa bilmirəm.

P.S. İnanırıq ki, Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda yaşanan hadisələrə səssiz qalmayacaq. Ola bilər ki, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bu məsələ ilə bağlı yanlış məlumatlandırılıb. Əminik ki, Faiq müəllim də Hüseyn bəyi tanıyarsa, vəziyyətə tam fərqli münasibət göstərəcək. Ümid edirik ki, Ulu öndərin adına olan parkda uzun illərdir, Azərbaycan dövlətinin hesabına böyük pullar qazanan “Zirvə Stone” kimi təşkilatların Azərbaycan Mədəniyyətini Tanıtma Dərnəyinə bu şəkildə əl qoyulmasına imkan verilməyəcək və ədalət nəhayət öz yerini tapacaq.

Söhbəti qələmə aldı: A.Zeynalov

Yeniçağ.Az

Sonda qeyd edək ki, Kültür Evinin rəhbəri Hüseyin Ayhan Xeber365.com-a danışaraq yaradılan problem barədə geniş məlumat verib və məsələyə həssaslıq göstərilməsini diləyib. O, xüsusilə Azərbaycanın dövlət başçısı İlham Əliyevə müraciət edərək ondan Kültür Evinin fəaliyyətini davam etdirmək üçün yardım istəyib: “Biz sizin ədalətinizə güvənirik. Yardımınızı bizdən əsirgəməyin”.

Məsələ ilə bağlı Xeber365.com-un hazırladığı video müsahibə:

 

 

Yeniçağ.az

www.yenicag.az

798
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv