!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana milyardlar gətirəcək biznes... - Dəniz turizmi niyə yoxdur? - AKTUAL

!Reklam – Yazi

Azərbaycanda turizmin inkişafına töhvə vermək baxımından Xəzər dənizinin əhəmiyyəti danılmazdır. Lakin nədənsə, hələlik turizmin inkişafı baxımından Xəzər dənizinin potensialından lazımınca istifadə olunmur. Buna səbəb nədir?

Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında bildirdi ki, Xəzərin statusunun hələlik naməlum qalması və dəniz turizmi sahəsində peşəkar kadrların olmaması bu istiqamətdə turizm məqsədləri naminə lazımınca yararlanmağa imkan vermir:

“Xəzər dənizinin potensialından turizm məqsədləri üçün istifadə edilməsi üçün Turizm və Menecment Universiteti tərəfindən çoxlu tədqiqatlar aparılıb. Yəni məsələyə dəfələrlə toxunulub. Təəssüf ki, ölkəmizdə Xəzər dənizinin potensialından turizm məqsədilə istifadə edə bilməmişik. Bunu qəbul edirik. Dövlət siyasəti olaraq, çimərliklərin inkişafı ilə bağlı Azərbaycan Prezidentinin təsdiq etdiyi tədbirlər planı qəbul olunub. Hansı ki, həmin planda Xəzər dənizinin Azərbaycan hissəsinin turizm məqsədlərilə istifadəsi istiqamətində kifayət qədər tədbirlər nəzərdə tutulub. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə daha çox işlər görə bilməklə ən azından çimərlik turizmi mənasında Xəzərin potensialından əhəmiyyətli dərəcədə istifadə edə biləcəyik. Ölkəmizdə turizmin inkişafı bilirsiniz ki, qeyri-neft sektorunun güclənməsilə bağlı neft strategiyasının inkişafından sonra gündəmə gəlib. Bu o dövr idi ki, Xəzər dənizi zəngin neft ehtiyatları ilə diqqəti cəlb edirdi. Belədə Xəzər dənizində çirklənmə yüksək səviyyədə olub. Hətta o vəziyyətdə idi ki, neft tullantılarının qoxusundan bulvara belə çıxmaq olmurdu.

Amma son 20 il ərzində aparılan işlər nəticəsində Xəzər akvatoriyası öz-özünü təmizləyən və ora çıxışı olan bütün tullantı xətlər üçün filtrasiya sistemi qurulan bir vəziyyətə gətirilib. İkinci bir tərəfdən, Xəzər sahilində çimərlik məqsədilə istifadəsi mümkün olan yerlərin sayı məhdud idi. Xəzərin sahili Rusiya sərhədindən İran sərhədinə kimi 800 km.-lik bir ərazini əhatə edir. Amma təxminən 40 km.-lik bir ərazi ayrı-ayrı hissələr halında çimərlik məqsədilə istifadə oluna bilər. Qalan ərazilər isə insan təhlükəsizliyi baxımından hələlik, çimərlik statusunu ala bilməyib. Bu ərazilərin böyük hissəsini gələcək illərdə yoxlamaqla çimərlik turizmi məqsədilə insanlar üçün yararlı vəziyyətə gətirmək niyyətindəyik. Xəzərin statusu məsələsinin hələlik naməlum qalması da dənizin sözügedən istiqamətdə istifadəsinə öz mənfi təsirini göstərir. Ona görə də bu istiqamətdə hələlik, kuryer turizmi ölkəmizdə yox səviyyəsindədir. Xəzər akvatoriyasında olan ölkələrin dənizin liman sahillərinə gəlmək və buradakı tarixi potensialla tanış olmağı özündə ehtiva edən sahilboyu bir kuryer turizminin təşkili məsələsi gündəmdədir. Bu məsələ Azərbaycan tərəfindən qaldırılsa da, təəssüf ki, digər Xəzəryanı ölkələr hələlik, ona kifayət qədər dəstək nümayiş etdirmirlər. Yalnız son bir ildə bu istiqamətdə Rusiyada ideyamıza dəstək verəcək fikirlər ortaya çıxmağa başlayıb. Xəzər kimi dünyanın ən böyük gölündə kuryer turizminin təşkili cəlbedici məqamdır və potensialın daha dolğun istifadəsi baxımından vacibdir. Yelkən, drayzinq turizmi kimi xidmətlər də var ki, növbəti illərdə yəqin həmin istiqamətlərə daha çox diqqət ayrılacaq. Bakıda Dalğıc klubu fəaliyyət göstərir. Onlar da müxtəlif dövrlərdə Xəzərin müəyyən hissələrində idman şəklində bu işlə məşğul olurlar. Lakin vaxtilə belə fikirlər səslənirdi ki, Bakıətrafı ərazilər dalğıc turizmi üçün o qədər də cəlbedici yer deyil. Yəni suyun səmti və səviyyəsi ona imkan vermir. Amma cənuba doğru irəliləyəndə, Lənkəran, Astara istiqamətində, Şirvan Milli Parkının sahil sularında suyun təmizlik səviyyəsi dalğıc turizmini gündəmə gətirməyə imkan verir. Bütün bu addımlar növbəti illərdə görəcəyimiz əsas istiqamətlərdən biri olacaq.

Səmimi şəkildə etiraf etməliyəm ki, Xəzərin potensialından turizm məqsədilə istifadə etmək üçün hökmən iki məsələ həllini tapmalıdır. Bunlardan birinci, Xəzərin statusudur. Çünki Xəzərin statusu həll edilmədən ondan turizm məqsədilə yararlanmaq cəhdlərinin qonşu ölkələr tərəfindən anlayışla qarşılanması məsələsi var. İkinci bir tərəfdən, su hövzələrində turizmin təşkili kifayət qədər peşəkarlıq tələb edir. Bu sahədə kadrların yetişdirilməsi vacibdir ki, o da yalnız Turizm Universitetinin görə biləcəyi iş deyil. Burada su hövzələrilə bağlı ayrı-ayrı müvafiq dövlət orqanları, idman federasiya və təşkilatları da prosesdə maraqlı olmalıdırlar”.

ELÇİN
Yenicag.az

www.yenicag.az

2492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv