Azərbaycanda dini radikalizm təhlükəsi var

Müəllif: Redaktor

Editor

13866952_10201870551401374_2058579656_nEkspertlər hesab edirlər ki, radikal dini cərəyanlara qoşulanların sayının artması yaxın gələcəkdə Azərbaycanın dünyəvi dövlət modelinə təhlükə yaradacaq.

“Azərbaycanda son zamanlar tez-tez xüsusilə İŞİD terror şəbəkəsinə qoşulanlar arasında azərbaycanlıların, eləcə də qadınların olduğunu eşidirik. Onlar bilərəkdən və ya zorən qanlı terror təşkilatlarının köləsinə çevrilirlər.”
Bu fikirləri Sputnik Azərbaycanın Multimedia Mərkəzində təşkil olunan “Sekulyar dövlətçilik və dini radikalizm: cəmiyyət hara gedir” mövzusunda keçirilən debatda Qadın Liderliyi Uğrunda İctimai Birliyin sədri Ülkər Abdullayeva deyib.

O qeyd edib ki, Azərbaycanda vətəndaşlar, eləcə də qadınlar arasında sekulyar dövlətçiliyin üstünlükləri, radikal olmayan din modelləri barədə geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Bu məqsədlə Qadın Liderliyi Uğrunda İctimai Birliyi AR prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli ilə bağlı qadınlar arasında maarifləndirmə işlərinin aparılması” layihəsini icra edir. “Sekulyar dövlətçilik və dini radikalizm: cəmiyyət hara gedir” mövzusunda keçirilən debat da bu layihənin tərkib hissəsidir.

Tədbirdə “Cənubi Qafqaz” politoloqlar klubunun üzvü, politoloq İlqar Vəlizadə, politoloq, Strateq.az saytının redaktoru Zaur İbrahimli, teoloq Elşad Miri, Milli Düşüncə İnstitutunun rəhbəri Taryel Faziloğlu, Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev, Gənc Demokratlar İnstitutunun direktoru Yeganə Hacıyeva, “Status” Sosial Araşdırmalar Mərkəzinin sədri Nail Cəlil, BDU-nun tələbəsi Leyla Sərxan, pedaqoqlar Elşad Vəliyev, Aynur Zamanova, Xəyalə Məmmədova, DİP-in qadın məsələləri üzrə koordinatoru Nərmin Şamilbəyli mövzu ilə bağlı öz fikir və təkliflərini səsləndiriblər.

Tədbirdə qeyd olunub ki, Azərbaycanda dövlətin dinlə bağlı vahid bir konsepsiya olmalıdır. Ölkədə dini münasibətlərdən tutmuş dini maarifləndirməyə qədər hər şey bu konsepsiyada əksini tapmalıdır.
İştirakçılar yekun olaraq bildiriblər ki, hazırda Azərbaycanda sekulyar dövlətçiliyə təhlükə böyük olmasa da, dini radikalizm təhlükəsi var. Dövlət nəzarəti kifayət etmədiyindən, maarifləndirmə işləri savadlı bir şəkildə aparılmadığından, xaricdən idxal olunmuş radikal dini cərəyanlara qoşulan insanların sayı getdikcə artacaq. Bu isə yaxın gələcəkdə Azərbaycanda dünyəvi dövlət modelinə ciddi təhlükə yarada bilər.

Qadın Liderliyi Uğrunda İctimai Birliyi icra etdiyi layihə çərçivəsində mövzu üzrə debatları daha geniş auditoriyalarda davam etdirməyi, həmçinin bu barədə media materiallarının dərc olunmasını planlaşdırıb. Debatların yekununda əldə edilən nəticələr, səmərəli fikir və təkliflər müvafiq qurumlara təqdim ediləcək.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır