!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı ölkəsindəki referendumdan danışdı

!Reklam – Yazi

Yeniçağ.az Azərbaycanda fəaliyyət göstərən və Türkiyənin siyasi dairələrində yaxşı tanınan iş adamı Hüseyn Büyükfıratın Avropa.info-ya müsahibəsini təqdim edir:

– Hüseyn bəy, bəzi siyasi şərhçilər Türkiyədəki referendumda “evet” səsinin yüksək fərqlə öndə olacağını bildirirdilər. Sizcə nədən “evet” səsi 51 faizlə keçdi.

– Türkiyədə prezident üsul-idarəsi məsələsi gündəmə gəldiyi ilk vaxtlarda bu sistemin 30 % tərəfdarı var idi. Bəzi tərəflər bu sistemin diktatura, monarxiya olduğu haqda yanlış fikir formaşaldırmağa çalışırdı. Sanki bu sistem dünyada heç bir şəkildə yox idi və ilk dəfə Türkiyədə olacaqdı. Amma daha sonra bu sistemi insanlara təbliğ etdikcə və dünyanın bir çox inkişaf etmiş ölkəsinin bu sistemlə idarə olunduğu, bu sistemin daha sürətli və daha əlverişli olduğu insanlara göstərdikcə bu sistemin tərəfdarları əhəmiyyətli şəkildə artmağa başladı.

Referendumla bağlı qəti qərar qəbul edilməzdən əvvəl də bu sistemi dəstəkləyənlər təxmini 50 % təşkil edirdi. İctimai araşdırma şirkətləri də referendumdan əvvəl apardıqları araşdırmalarda eynilə buna yaxın nəticələr əldə etmişdilər. Sadəcə, “AG” Araşdırma Şirkəti referendumun 60 %-lə qəbul ediləcəyini demişdi. Əslində, bunun özü də böyük nailiyyətdir. Çünki bu referendumda ilk olaraq Türkiyənin, daha sonra müsəlman aləminin yaxşılığını istəməyən bütün tərəflər birləşmiş və birgə mübarizə aparırdılar.

Bu gün Yaxın Şərqdə ordusu, iqtisadiyyatı ilə hər cür gücə malik olan yeganə müsəlman ölkəsi Türkiyədir. Bu gün İraqın, Suriyanın, Yəmənin vəziyyəti göz qabağındadır. Qərb yeni dünya nizamına uyğun olaraq Yaxın Şərqi “böl, parçala və hökm sür” qaydasına uyğun olaraq yenidən dizayn etmək niyyətindədir. Türkiyənin prezident üsul-idarəsinə keçməsi isə heç bir şəkildə bu yeni nizama uyğun deyil. Təbiidir ki, ilk dəfə bu sistemi səsləndirəndə insanlar bunu düzgün dəyərləndirə, düzgün anlaya bilməmişdilər.

Bir məsələ də odur ki, görəsən, 1919-cu illərdə Türkiyəyə girən işğalçı qüvvələr bu gün oradan çıxıblarmı, yoxsa hələ də Türkiyədədirlər? Bu məsələnin ciddi şəkildə araşdırılması lazımdır. Biz bu gün Çanaqqala zəfərinin ildönümünü qeyd edirik. Bəs Çanaqqalaya gələnlər geri döndülərmi? Bu bir mübarizədir.

Bu gün bütün Avropanın Papanın ətrafında birləşdiyinin şahidi olduq. Bu gün Suriyada, İraqda, ümumiyyətlə, Yaxın Şərqdə baş verən hadisələr Qərbin müəyyən hədəflərinin olduğunu göstərir. Bu hədəflərə nail olmaq üçün də Türkiyənin zəifləməsi və ya parçalanması lazımdır. Bir digər məsələ isə odur ki, bu referendum təkcə bir siyasi partiyanın qəbul etmiş olduğu qərardan ibarət deyil. Bu qərar Türkiyənin gələcəyi, sabitliyi və güclənməsi üçün lazım olan şərtlərdən biri olduğu üçün bu məsələ təkcə Türkiyənin də deyil bütün İslam aləminin, Yaxın Şərq üçün lazımlı bir qərardır. Yenə deyirəm bu qərara qarşı ABŞ-ın, Avropanın, FETÖ-nün, PKK-nın və digər bir çox tərəfin birləşdiyini nəzərə aldığımız zaman bu qələbənin böyük bir qələbə olduğunu görmüş olarıq. Biz qarşı tərəfə baxdığımız zaman təkcə Qərb və terror təşkilatını görmürük. Onların qurduğu humanitar təşkilatlar, siyasi mərkəzlər də “xeyr” cəbhəsində yer alırdı. Bu təşkilatlar vasitəsilə də insanların beynində bu referenduma qarşı hər cür metoda əl ataraq, mənfi fikir formalaşdırmağa çalışırdılar. Bu referendumun müsbət nəticələnməsi bir daha xalqın Ərdoğana inandığını göstərdi.

– Bu seçkilərdə heç gözlənilmədən kürdlərin kompakt yaşadığı ərazilərdə insanların çoxunun “bəli” səsi verdiyi müşahidə olundu. Məsələn, sizin yaşadığınız Şanlıurfa vilayətində 70 % referendumda “bəli” dedi. Sizcə, bunun səbəbi nə idi?

– Tarixə nəzər yetirsək, Türkiyənin şərqində, əsasən də kürdlərin yaşadığı ərazilərdə hər zaman problemlərin olduğunu görərik. Bundan əvvəl Osmanlı dönəmində bu ərazilərdə ermənilər yaşayırdı. Qərbin də Türkiyəyə hücumları yeni deyil. Onlar hər zaman Türkiyənin zəif bir dövlət olmasını istəyiblər. Əslində, bizim 1071-ci ildə Malazgirddə Anadolunu məskən etdiyimiz gündən bəri həmişə buranı bizdən geri almaq istəyiblər. Bu arzu və istək İstanbulun fəthindən sonra da eynilə davam etdi. Bunun üçün hər cürə yola əl atırlar. Daha çox istifadə etdikləri alət isə daxildən xainləri tapmaq, onlardan istifadə etməkdən ibarətdir.

Onlar bəzən bir siyasi partiyanı, bəzən də müxtəlif təşkilatları istifadə edirlər. Bəzən xainlər sənin ən çox güvəndiyin qurumun içindən də çıxa bilir. Son olaraq biz bunun misalını 15 iyul çevriliş cəhdində gördük. Dövlətin ən çox güvəndiyi, arxalandığı bir qurum olan silahlı qüvvələrin içindəkin xainlər dövləti devirmək istədilər. Ordunun içində bu qədər genişmiqyaslı xəyanət zənciri necə formalaşıb ki, heç kim bunu görməyib deyə, hamı düşünürdü. Türkiyədə millət vəkili olmuş, nazir olmuş, hətta baş nazir olmuş insanların da bəzən bunlarla əlaqəsi olduğunu görürsən. Xüsusilə də şərq bölgələrində xalqa uzun illər qan uddurulub. Bu əməliyyatlar bəzən terror təşkilatı vasitəsilə aparılıbsa da bəzən də məmurlar vasitəsilə aparılıb. FETÖ-nün bu bölgələrdəki polis rəisi, hərbçisi, idarə rəisi də insanlara zülm edib. Bu bölgədə yaşayan insanları dövlətə qarşı çevirmək üçün şər qüvvələr hər cürə yola əl atıblar. FETÖ illərlə din pərdəsi altında insanlar arasında təbliğat aparıb. Amma onların dinlə əlaqəsi olmadığı uzun illərdən sonra üzə çıxdı.

Bunun kimi PKK da uzun illər kürdçülük təbliğatı ilə insanları öz tərəfinə çəkməyə çalışdır. Bu açıq bilinməlidir ki, PKK heç bir zaman kürd xalqını təmsil etməyib, etmir və etməyəcək də. Dediyim kimi, şərq bölgələrdə insanlar gecələri PKK-nın zülmündən, gündüzlər də xain məmurların zülmündən əziyyət çəkirdi. Uzun zamandır ki, bu xalqı dövlətdən küsdürmək üçün hər şeyi etmişlər. O bölgənin xalqına diqqət etsək, o bölgələrdə dindar əhalinin məskunlaşdığını görərik. Bu xalq həmişə öz səsini dövləti irəli aparmaq istəyən və dinə daha yaxın olan siyasi hərəkatların xeyrinə istifadə edib. Bu Adnan Menderesin dövründə də, Turqut Özalın dövründə də, Nəcməddin Ərbakanın dövründə də belə olub.

Bu referendumda da xalqın üstündən hər iki tərəfdən təzyiq qalxdığı üçün onlar öz səslərini AK Partiyanın xeyrinə verdilər. Bu gün həmin bölgələrdə işləyən FETÖ-çü dövlət məmurları artıq xəyanətə görə həbs olunublar. Şanlıurfada böyük ölçüdə “bəli” səsinin çıxmasının da səbəbi budur.

Bir daha qeyd etmək istəyirəm ki, xarici təsirlərin daxildəki təsiri qırıldıqca bu xalq bu dövlətlə bütünləşəcək və bu da Türkiyəni gələcəkdə çox güclü Türkiyə edəcək.

Bir məsələni də qeyd edim ki, İslam dünyasında ərəblərin, türklərin və kürdlərin birləşməsi həmişə böyük zəfərlərlə nəticələnib. Avropa da bu tarixi çox yaxşı xatırlayır və məhz buna görə də onlar ölkə daxilində ayrı-seçkilik yaratmağa daha çox meyillidirlər. Süleyman şah və Səlahəddin Eyyubi dövründə də bu üç millətin birləşərək xaç yürüşlərinə qarşı necə mübarizə apardığı heç kəsə gizlin deyil. Avropanın ən çox qorxduğu da elə bu məqamdır. Bu üç xalq birləşdiyi zaman onların bütün planları alt-üst olur. Amma onların çalışmasına baxmayaraq, bu birləşmə gec-tez baş tutacaq.

Yeniçağ.az

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv