www.sinerjipro.net

SinerjiProWide
Reklam

ramiz aliyevvvvvv (1) Ramiz Alıyev: “Bunu müxalifətdən olan siyasi partiyalar da yaxşı başa düşürlər”
Bu günlərdə yeni bir qurum-Strateji Araşdırmalar İnstitutu fəaliyyətə başlayıb… Strateji Araşdırmalar İnstitutu (SAİ) adı altında fəaliyyət göstərəcək təşkilatın görəcəyi işlər, qarşısına qoyduğu məqsədlər və s. barədə SAİ-nin rəhbəri Ramiz Alıyevlə söhbətləşdik.
-Ramiz müəllim, Strateji Araşdırmalar İnstitutunun yaradılması hansı zərurətdən meydana çıxdı və institut əsasən hansı istiqamətlərdə fəaliyyət göstərəcək?

-Bu cür institutlar və bu kimi beyin mərəzlərinin olması hər bir ölkənin siyasi həyatı üçün vacib olan məsələlərdəndir. Ümumilikdə bunu etiraf etməliyik ki, dünyanın inkişaf etmiş ölkələrində istər dövlətin tabeçiliyində olan beyin mərkəzləri, istərsə də müstəqil beyin mərkəzləri kifayət qədər çoxdur. Qeyd etdiyim kimi inkişaf etmiş ölkələrdə olan beyin mərkəzləri ölkəsi və dövləti üçün, onun xeyrinə olan fəaliyyətlə məşğul olurlar. Yəni çox hallarda onlar üçün iqtidar-müxalifət anlayışı olmur, əsas dövlətçilik öndə olan məsələdir. Xüsusilə qeyd etməliyəm ki, ölkəmiz də daxil olmaqla bütün inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərdə bu cür beyin mərkələrinə, araşdırma institutlarına ehtiyac duyulur və dövlət tərəfindən lazımı dəstəklər göstərilir. Bu amillər bütün ölkələrdə nəzərə alınır. Bəzən isə hakimiyyətlə dövlət anlayışını səhv salıb həm həmin dövrdə olan hakimiyyətə, həm də dövlətinə qarşı müxalif mövqedən çıxış edərək ölkəsinin imicinə zərər vururlar. Mənim fikrimcə cəmiyyətdə hansı sahədə fəaliyyət göstəririksə göstərək, ən ümdə olan məsələ dövlətçiliyimizə bağlı olmaqdır. Hər birimiz bu amalla yaşamalıyıq. Strateji Araşdırmalar İnstitutunun yaradılmasında əsas məqsəd də məhz ölkəmizə və dövlətimizə öz fəaliyyət istiqamətimizlə layiqincə xidmət göstərməkdir. Fəaliyyət dövründə tərəfimizdən müxtəlif araşdırmalar aparılacaq, konsepsiyalar hazırlanıb aidiyyatı qurumlara təqdim olunacaq. Media nümayəndələri, xaricdə yaşayan lobbiçilik fəaliyyəti ilə məşğul olan həmyerlilərimizlə sıx əməkdaşlığımız olacaq ki, güclərimizi birləşdirərək xaricdə Azərbaycanın daha da yaxşı tanıdılması və təbliğ olunması üçün daha yaxşı işlər ortaya qoya bilək. Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq ərazi bütövlüyümüz çərçivəsində həll olması istiqamətində beynəlxalq təşkilatlarla da işlər aparılmasını düşünürük. Dünyanın gözü qarşısında bizim bir milyon vətəndaşımızın hüquqları pozulub. Bu istiqamətdə də fəaliyyətimiz olacaq və hüquqları pozulmuş vətəndaşlarımızın hüquqlarının bərpa olunması yolunda beynəlxalq təşkilatlara lazımı sənədlər və etirazlar göndəriləcək. Yəni görəcəyimiz işləri dövlətimizin gördüyü uğurlu fəaliyyətə bir növ dəstək olmaq kimi də düşünmək olar. Cənab Prezidentin dediyi kimi, hər bir vətəndaş öz işi ilə Azərbaycan dövlətinə bu yolda dəstək olmalıdır. Ölkə daxilində də müxtəlif araşdırmalar olacağını qeyd etmişik. Belə ki, əhalinin daha rahat yaşaması və fəaliyyəti ilə bağlı bir neçə araşdırma aparıb aidiyatı üzrə təklif şəkilində qurumlara təqdim edəcəyik.
-SAİ ölkənin siyasi həyatı, qarşıdan gələn parlament seçkiləri və seçkiqabağı vəziyyətlə bağlı da araşdırma, təhlillər aparacaqmı?
-Əlbəttə ölkə daxilində də siyasi, iqtisadi və s. araşdırmalar aparılacaq. Aparılan araşdırmalar mütəmadi olaraq media vasitəsilə ictimaiyyətə çatdırılacaq. Məlumdur ki, bu il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Seçkilərin noyabr ayında keçirilməsi artıq bəyan olunub. Ancaq etiraf etməliyik ki, ölkəmizdə fəaliyyət göstərən əlli siyasi partiyanın hələlik əksəriyyətində canlanma müşahidə olunmur. Əgər həqiqətəndə belədirsə onda nəyə lazımdır bu qədər siyasi partiya? Ümumiyyətlə, siyasi pariyalar öz işlərini və seçkiyə hazırlıqlarına iştirak etdikləri seçkidən dərhal sonra start verməlidirlər. Yəni oturub seçkiyə bir ay qalmış hazırlıqlar aparmaq heç bir zaman fayda verməz. Siyasi partiyalar və seçkidə iştirak edən bloklar bu şansdan lazımı səviyyədə yararlanmalıdır. Azərbaycanda hansısa xarici dairələrə güvənərək və yaxud silahlı güclə hakimiyyətə gəlmək mümükün olmayacaq. Bunu əminliklə deyə bilərəm. Ona görə ki, hazırki hakimiyyət və hakimiyyətə başcılıq edən şəxs Prezident Cənab İlham Əliyev xalqın gücü ilə hakimiyyətdə olduğu üçün bu cür qətiyyətli siyasət yürüdə bilir. Bunu açıq demək lazımdır. Diqqətlə fikir versəniz özünüz də müşahidə edə bilərsiz. Belə ki, hazırki siyasətlə heç bir güc sahibi olan ölkəyə vassal olmamışıq, iqtisadiyyatımız inkişaf edir. Hansısa güc sahibi olan bir dövlət ölkəmiz haqqında səhv fikirlər söyləyərkən hakimiyyətin ən yüksək dairələrindən ona kəskin cavab verilir. Bütün bunlar ona görədir ki, hazırki hakimiyyətin arxasında xalq dayanıb və o, səlahiyyəti də hakimiyyətə xalq verib. Bütün dövlətlərdə xalq tərəfindən bu cür etibarı, inamı qazanan liderlər və onun komandası hər zaman uzun müddətli hakimiyyətə sahib olurlar. Bu gün Azərbaycanda hazırki hakimiyyətə qalib gələ biləcək güc yoxdur və bunu müxalifətdən olan siyasi partiyalar da yaxşı başa düşürlər.
-SAİ-nin seçki ərəfəsində təsis olunması belə deməyə əsas verirmi ki, institut daha çox ölkədə keçiriləcək parlament seçkiləri, həmin ərəfədə cərəyan edəcək siyasi proseslərə xüsusi diqqət ayıracaq?
-Əslində belə deməzdim ki, əsas planlarımız bir neçə ay sonra keçirilməsi planlaşdırılan parlament seçkilərinə görə qurulub. Əsas məqsədimiz dövlətimizin apardığı uğurlu siyasətə dəstək olmaq, ölkəmizin xaricdə layiqincə tanıdılmasına və təbliğ olunmasına dəstək olmaqdır. Həmçinin hüququ pozulmuş bir milyon qaçqın və məcburi köçkünlərimizin hüquqlarının bərpa olunması yolunda beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmaq, erməni lobbisinin ölkəmiz haqqında həyata keçirdiyi qarayaxma konpaniyasına qarşı tutarlı faktlarla dolu layihələr həyata keçirmək nəzərdə tuturuq. Bu il ölkəmizdə baş tutacaq parlament seçkiləri ilə bağlı araşdırmalarımız və təhlillərimizin olması da normal hal kimi qəbul olunmalıdır.
-SAİ-nin tərkibində əsasən hansı peşə sahibləri təmsil olunacaq və institutun apardığı araşdırmalar, təhlillər cəmiyyətə hansı formada çatdırılacaq?
-Strateji Araşdırmalar İnstitutu ixtisası siyasət, tarix, iqtisadiyyat, hüquq, jurnalistika və s. olan peşəkar, dövlətinə, vətəninə, xalqına sədaqətlə bağlı olan şəxslərlə əməkdaşlıq edəcək. Gücümüzə güc qatıb ölkəmiz üçün uğurlu işlər görəcəyimizə inanıram. Xaricdə yaşayan və ölkəmizin imici üçün yaxşı fəaliyyətləri olan həmyerlilərimizlə də sıx əlaqələrimiz olacaq. Qeyd etdiyim kimi media ilə də əməkdaşlığımız olacaq. Haqqımızda və fəaliyyətimizlə bağlı olan yeni məlumatlar dərhal media vasitəsi ilə ictimaiyyətə çatdırılacaq. Ancaq müasir imkanlardan istifadə edərək sosial şəbəkələrin də imkanlarından yararlanmağı düşünürük. Artıq facebook sosial şəbəkəsində İnstitutun rəsmi səhifəsi yaradılıb
-SAİ-nin dünyanın tanınmış nüfuzlu strateji araşdırmalar mərkəzləri ilə hansısa formada əməkdaşlığı nəzərdə tutulurmu və həmin əməkdaşlıq əsasən hansı istiqamətlərdə özünü ehtiva edəcək?
-Təbii ki, əsas məqsədlərimizdən biri də dünayanın tanınmış beyin mərkəzləri ilə qarşılıqlı əməkdaşlıqların qurulmasıdır. Ancaq əlbəttə ki dövlətimiz və ölkəmizin maraqlarına zidd olan beyin mərkəzləri ilə deyil. Ölkəmizi və dövlətimizi sevən, ərazi bütövlüyümüzə və hüquqlarımıza hörmətlə yanaşan beyin mərkəzləri ilə əməkdaşlıqlarımızı geniş formada həyata keçiriləcəyini planlaşdırmışıq. Həmin beyin mərkəzlərinin nümayəndələrinin ölkəmizə dəvət olunması və bizim ekspertlərin həmin mərkəzlərə dəvət olunması kimi fəaliyyətlər, birgə beynəlxalq konfransların keçirilməsi və s. nəzərdə tutulur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 28
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."