Azərbaycanda lizinq haqqında yeni qanun hazırlanacaq

Müəllif: Redaktor

Editor

documents_3005122017-ci ildə Azərbaycanda lizinq haqqında qanun layihəsi hazırlanacaq.

Yeniçağ.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, Azərbaycanda lizinqin inkişafı üçün, ilk növbədə, vahid qanunun hazırlanması nəzərdən keçiriləcək. Yeni qanun lizinq şirkətlərinin operativ lizinq xidmətləri göstərməsinə şərait yaradacaq. Yeni qanun əsasında müvafiq normativ hüquqi baza formalaşdırılacaq və lizinq şirkətlərinin fəaliyyəti üçün daha əlverişli şərait yaradılacaq.

Bundan başqa, 2017-2018-ci illərdə lizinq fəaliyyətinin tənzimlənməsi və güzəştlərin tətbiqi nəzərdə tutulur. Lizinq bazarının daha sürətlə inkişaf etməsi üçün güzəştlərin tətbiq olunması təmin ediləcək və yeni tənzimlənmə mexanizmləri müəyyənləşdiriləcək. Bundan əlavə, ölkə üçün xüsusi əhəmiyyət kəsb edən sektorlarda lizinq üçün əlavə güzəştlərin tətbiqi nəzərdən keçiriləcək. Bu güzəştlər kiçik və orta sahibkarlıq (KOS) subyektləri tərəfindən alternativ maliyyələşmə mənbəyi kimi lizinq xidmətlərindən istifadənin stimullaşdırılmasına şərait yaradacaq.

Həmçinin 2017-2020-ci illərdə KOS subyektlərinin maliyyələşməsində alternativ maliyyə alətlərindən (forvard, fyuçers, opsion, svop, faktorinq və s.) istifadə genişləndiriləcək. Azərbaycanda maliyyə sisteminə uyğun olaraq, alternativ maliyyə alətlərindən istifadə imkanları, mexanizmləri və tətbiqi perspektivləri araşdırılacaq. Mövcud maliyyə alətlərindən istifadənin genişləndirilməsinə dair təkliflər hazırlanacaq. Əlavə olaraq, KOS subyektlərində forvard, fyuçers, opsion, svop, faktorinq kimi maliyyə alətlərindən alternativ və ucuz maliyyələşmə mənbəyi kimi istifadə stimullaşdırılacaq.

Yol xəritəsində bildirilir ki, görüləcək tədbirlər nəticəsində yerli və xarici investorların lizinq bazarına və forvard, fyuçers, opsion, svop, faktorinq kimi alternativ maliyyə mənbələrinə marağı artacaq, yerli KOS subyektlərinin bu yolla maliyyələşmə imkanları genişlənəcək. Lizinq bazarının inkişaf etdirilməsi 2020-ci ilədək Azərbaycanda lizinq əməliyyatlarının ÜDM-də payını 2 faizə, 2025-ci ilədək isə 4 faizə çatdırmaq imkanı verəcək.

Bu prioritetin icrası üçün əsaslı investisiya tələb olunmur.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır