Azərbaycanda məhkum qolbaq taxaraq azadlığa çıxa biləcək

Müəllif: Redaktor

Editor

Fevralın 10-da prezident İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb. Həmin sərəncamın həyata keçirilməsi üçün bir sıra addımlar orada qeyd olunub.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “AzərTac”a müsahibəsində bu sərəncamın hansı formada tətbiq olunacağını geniş şərh edib.

F.Ələsgərov bildirib ki, aparılan araşdırmalar və analitik təhlillər göstərib ki, ibtidai istintaq və məhkəmə orqanları cinayət təqibinin gedişində zərurət olmadan, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə şəxslərin həbs edilməsinə yol verirlər: “Azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verilir. Cəzaların icra edilməsinə məsul olan orqanlar tərəfindən cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə ictimai işlərin icrasına formal yanaşılır. Sərəncamın əsas məqsədlərindən biri də cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən islah olunmasını təmin etmək üçün zəruri şəraitin yaradılmasıdır. Məhz bu məqsədə nail olmaq üçün ixtisaslaşmış yeni qurumun – Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılmasına qərar verilib. Probasiya institutu əksər Qərb ölkələrinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir. Ölkəmizdə yaradılacaq Probasiya xidmətinin əsas vəzifələri azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş və ya şərti məhkum edilmiş şəxslərlə işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, bu fəaliyyətə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin etmək olacaq”.

PA Şöbə müdiri cəzaların icrası prosesində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin hansı imkanları yaradacağından da danışıb: “Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir və dünyanın bir sıra ölkələrində penitensiar sahədə elektron nəzarət sistemləri geniş tətbiq edilir. Əfsuslar olsun ki, cinayət-prosessual qanunvericilikdə elektron nəzarət vasitələrinin tətbiqinə dair bir sıra ümumi müddəalar nəzərdə tutulsa da, bu günədək təcrübədə hüquq-mühafizə orqanları onlardan istifadəni təmin etməyiblər. Məsələyə aydınlıq gətirmək üçün bu vasitələrin tətbiqinin bəzi xüsusiyyətləri barədə məlumat vermək istərdim.

Elektron nəzarət vasitələrinin tətbiqi – məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir. Bu vasitələr çox vaxt qolbaq və ya saat formasında hazırlanır, xüsusi çiplərlə təchiz edilir və rabitə şəbəkələrinə qoşulur. Elektron nəzarət vasitələrinin zədələnməsi, icazəsiz çıxarılması və ya onlara müdaxilə edilməsi cəhdləri olduqda bu barədə dərhal monitorinq mərkəzinə siqnal ötürülür və həmin şəxslərin qanunazidd davranışının qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Sözsüz ki, elektron nəzarət vasitələrinin tətbiqi halları, qaydaları və şərtləri, həmçinin onların tətbiqinə məhdudiyyətlər detallı şəkildə işlənib hazırlanmalıdır”.

Yeniçağ.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır