!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanda nə qədər kişi var, hamısı başqa qadınla gəzir” – Şair

!Reklam – Yazi

mubarizzzzŞair, hüquq müdafiəçisi Mübariz Məsimoğlunun AzNews.az-a müsahibəsi:

– Mübariz müəllim, bildiyimə görə, əvvəllər ədəbi mühitdə daha fəal olmusunuz…

– Hə, elədir.

– Bəs sizi ədəbi prosesdən uzaq salan nə oldu?

– Mən başqa sahələrə getdim. Əvvəl poetik şüurla hərəkət edirdim, ancaq sonra gördüm ki, poetik şüurla dolanmaq, yaşamaq mümkün deyil, alınmır. Və mən dolanmağın yollarını axtarıb tapdım, yəni hüquqi sahəyə keçdim…

– Daha yazmırsınız?

– Yox, yazılarımı yenə yazıram, sadəcə olaraq Azərbaycan mətbuatında elə qəzet, elə jurnal yoxdur ki, mənim şeirlərimi çap eləsinlər. Ona görə də yazdıqlarımı daha çox sosial şəbəkələrdə paylaşıram.

– Yəqin istedadlı bir şair üçün yazı-pozu mühitindən ayrı düşmək, hüquqşünaslarla oturub-durmaq çətindir, eləmi?

– Mən hazırda hüquq müdafiəçisi kimi fəaliyyət göstərirəm, deyim ki, elə məhkəmələrdə də şairlik edirəm. Orda dilə, fikirlərə düzəliş edirəm. Mənim məhkəmədə apardığım işlər sırf hüquqşünasın apardığı işlərdən fərqlidi. Hüquqşünaslar adamları hüquqi müstəviyə çəkir, mən isə poetik müstəviyə çəkib nəyisə başa salmağa çalışıram. Burada sanki hüquqi şüur poetik səviyyəyə qalxır. Deyim ki, alınır. İnsanların da bu cür danışmağa, bu şəkildə dialoqa girməyə ehtiyacı var.

– Ədəbiyyatda yenə də iddianız var, yəqin.

– İddia olmasa yazmarıq ki…

– Sizcə, bu iddianın arxasında ciddi yaradıcılıq dayanırmı?

– Əlbəttə, dayanır və mən çox ciddi şəkildə ədəbiyyatla məşğulam. Bu yaxınlarda bir kitabım da çıxdı.

– Amma heç kimin xəbəri yoxdu…

– Düzdü, xəbərləri yoxdu. Ondan da əvvəl mənim bir kitabım çıxmışdı. Ümumilikdə, mənim 13 kitabım işıq üzü görüb. Kitablarımı ancaq dost-tanışlara paylamışam, onların xəbəri var.

– Bayaq dediniz ki, Azərbaycan mətbuatında elə qəzet, elə jurnal yoxdur ki, mənim yazdıqlarımı çap eləsinlər…

– Bəli, elədir. Yazıçılar Birliyinin rəhbərliyinin mənimlə münasibəti 2007- ci ildən korlanıb. Bunu çoxları yaxşı bilir. Bu qurumun tərkibində olan hansısa ədəbi orqan birliyin rəhbərliyindən xəbərsiz mənim yazımı, ya şeirimi çap eləsə, onun rəhbəri işdən çıxarıla bilər, bir parça çörəyindən olar.
Bu yaxınlardan “Ədəbiyyat qəzeti” nin baş redaktoru Azər Turanla telefonla danışırdım. Dedi, şeirlərini ver, qəzetdə getsin. Dedim, mənim şeirlərimi çap eləsən, sənə ziyan dəyə bilər. Anar tərəfindən, başqaları tərəfindən sənə problem yarana bilər və s. Dedi, yox, elə bir şey mümkün deyil. Şeirlərimi yığıb göndərdim. Aradan xeyli vaxt keçdi, zəng elədim ki, nə oldu, niyə getmədi? Dedi, arxayın ol, şeirlərə baxıb verəcəklər. Sonra heç zəng eləmədim.

– Müəllim, sizin ixtisasınız nədir?

– Mən filoloqam.

– Bəs vəkil kimi fəaliyyət göstərirsiniz axı, necə olur bu?

– Hüquqşünaslıqla filologiya bir-birinə çox yaxın sahədi. Filoloji təhsili olan adamlar hüquqşünasların işini görə bilərlər. Burada yalnız incə fərqlər var, mən isə onları fərdi qaydada öyrənmişəm. Azərbaycanda tanınmış hüquqşünaslar var, onlarla oturub-durmuşam, onlardan hüququn belə demək mümkünsə, sokunun sokunu götürmüşəm. Bundan sonra bütün hüquq kitablarını qarşıma qoyub oxumuşam. Və bu bütün bu işlərin məğzini bildiyimdən hüquq işilə məşğulam.

– Əgər tanınmış hüquqşünaslarla oturub-durmaqla, kitabları qarşına qoyub oxumaqla hüquqşünas olmaq mümkündürsə, bəs onda hüquq fakültəsi nə üçündür?

– Azərbaycanda hüquq fakültəsini qurtaran çoxlu adamlar var ki, onların hüquqi şüuru formalaşmayıb. Hüquqi şüur analitik bir şüurdur. Hüquqla bağlı xüsusi ədəbiyyatlar var ki, onları universitetdə öyrənməkdənsə fərdi qaydada oxumaq daha yaxşıdır. Bu günə kimi mən məhkəmələrdə 1500-dən yuxarı iş aparmışam, onun təxminən, 1200-nü udmuşam. Təbii, diplom problemi var. Əslində, universitet qurtarıb-qurtarmamasından, diplomunun olub-olmamasından asılı olmayaraq, insanı işə götürmək üçün onun qarşısına imtahan qoymalısan. Görək o imtahandan kim keçir: hüquq diplomu olan hər hansı hüquqşünas, yoxsa bu sahəyə aid kitabları fərdi qaydada öyrənən hər hansı bir şəxs? Məsələn, ixtisasca hüquqşünas olmaya-olmaya bütün məhkəmələr, hakimlər məni hüquqşünas kimi tanıyır, hüquqşünas kimi müraciət edir, bu sahədə bilgilərimə isə qəti şəkildə şübhə ilə yanaşmırlar.

– Maraqlıdır, boşanmalarla bağlı sizə tez-tez müraciət olur?

– Bəli, həddindən çox müraciət olur. Boşanmaların sayının belə sürətlə çoxalması düşünürəm ki, mühitin korlanması ilə bağlıdır. Ən əsas səbəblərdən biri də sosial imkanların aşağı olmasıdır. Ev-eşik yox, pul yox, iş-güc yox… Kişi ailəsini maddi cəhətdən normal dolandıra bilmir və ailə dağılır. Kişi normal iş yeri tapa bilmir, ailəsini dolandırmaq üçün cinayət törədir, kimdənsə borc alıb qaytara bilmir və s. Təxminən, 5-10 faiz isə bir-birini başa düşmədiyi üçün boşanırlar. Bir-birini başa düşməyən ər-arvadın boşanmasına mən çox normal baxıram.

– Heç boşanma ərəfəsində barışdırdığınız ailələr olubmu?

– Elə bu gün bir ailəni məhkəmədə barışdırıb gəlmişəm. İki qızları var. Mən vəkil kimi kişini müdafiə edirdim. Ümumiyyətlə, mən məhkəmələrdə adətən, kişilərin vəkili olsam belə həmişə qadının və uşaqların tərəfində dururam. Təcrübəmdə bəlkə də, 100-dən yuxarı adam olub ki, onları barışdırmışam. Daha çox qadınları başa salıram. Bir fakt deyim. Bir dəfə qadından soruşdum ki, niyə ayrılırsan? Deyir ki, həyat yoldaşım gəzir. Qıza dedim ki, sənin atan da gəzir, qardaşın da gəzir, mən də gəzirəm, Azərbaycanda nə qədər kişi var, hamısı gəzir. Əgər buna görə ailəni dağıdırsansa, sən axmaq adamsan. Ailəndən bərk yapış, süslən, bəzən, ərin gedib başqası ilə gəzməsin.

– Gəzmək nə deməkdi ki?

– Söhbət başqa qadınla görüşməkdən gedir.

– Mübariz müəllim, siz istedadlı bir insansınız, gözəl şeirləriniz var, hüquq sahəsini də kifayət qədər bilirsiniz, fəlsəfəni yaxşı oxumusunuz və s. Bir şey maraqlıdır, dini də
qəbul edirsinizmi?

– Təbii ki, bu gün təqdim olunan dini yox, amma həqiqi dini qəbul edirəm.

– Yəni cənnətə, cəhənnəmə inanırsınız, elə?

– İnanıram və ona da inanıram ki, insanın bu həyatdakı əməlləri sorğu-sual olunacaq.

– Bəs sizcə, Azərbaycan ədəbiyyatında niyə müsbət dindar obrazı yoxdur?

– Çünki Azərbaycanda heç vaxt həqiqi din olmayıb. Bu günə kimi dinin başında dayanan adamlar dinə yox, özlərinə qulluq ediblər. Ona görə də din adamları yaddaşlarda müsbət obraz kimi qalmayıb. Vaxtilə belə insanlar olub, ancaq təəssüf ki, obraz kimi bədii ədəbiyyata girməyib. Tutalım, Axund Abu Turabı götürüm, bu din adamı Hacı Zeynalabdin Tağıyevə deyib ki, sən Allaha inanırsan, yoxsa inanmırsan? Hacı da qayıdıb ki, inanmıram. Axund deyib ki, Allah istəsə sənin əlində olan var-dövləti bir gündə geri ala bilər. Hacı da qayıdıb ki, lap gəmimin biri batsın, neft quyusunun biri fontan vurmasın, amma bu boyda şəxsi var-dövlətim mənim əlimdən bir gündə necə çıxa bilər? Ancaq həqiqətən də 1924-cü ildə Tağıyevin hər şeyini Sovet dövləti bir gündə əlindən alıb, o, müflis olub. Və Tağıyev öləndə deyib ki, məni həmin Axund Hacı Turabın ayaqları altında basdırın. Bu gün də həmin axundun ayaqları Tağıyevin baş daşı kimi götürülüb. Yəni bu cür dindarlarımız olub, amma ədəbiyyatda obrazı niyə yaradılmayıb, bu haqda fikirləşməyə dəyər.

– İlk şeirinizi nə vaxt yazmısınız?

– Mənim ilk şeirim anadan olanda qışqırdığım “inqə…” olub…

– Lap atam kimi danışdınız, o da deyir ki, uşaq vaxtı ayağımla torpağın üstünə xətlər çəkirdim, ilk şeirim o xətlər idi.

– Qəşəm Nəcəfzadə deyə bilər. Çünki onu da anası şair doğub. Qəşəmin təkcə ayağı ilə torpağa çəkdiyi xətlər yox, elə bütün hərəkətləri şeir olub. Qəşəm həyatda şeirdən başqa nə ilə məşğul olub ki? Və mən doğrudan da o fikirdəyəm ki, inqə, ana dediyim sözlər ilk şeirimdir. Allah dediyim ilk sözümü də şeir hesab eləmişəm.

– Səhv eləmirəmsə, sizin üç elmi kitabınız da var.

– Bəli, var. Biri Nizami Cəfərovun, biri Vaqif Bayatlı Ödərin, biri də Elçin İsgəndərzadənin həyat və yaradıcılığının elmi- bədii təhlilinə həsr olunub.

– Vaqif Bayatlının başa düşdüm, Nizami Cəfərovu da hardasa başa düşdüm, amma Elçin İsgəndərzadəni anlamadım…

– Elçinin son dövrlərdə çıxan kitabları mənim marağıma səbəb olmuşdu. Məsələn, onun rənglərlə bağlı yazdığı əsərlər var, orda sözün rəngə çevrilməsi, rəngin sözə çevrilməsi məni çox tutmuşdu. Yaxud, Səttar Bəhlulzadə, Van Qoq, Dali haqqında yazdığı poemalar olduqca maraqlıdır. Həm də Elçinlə şəxsi münasibət yaxınlığımız olub, ola bilər ki, dost kimi onun yaradıcılığı ilə yaxından tanış olduğum üçün haqqında yazmaq da rahat olub.

– Bizdə qəribə obrazlar, imiclər var. Bir adamı ciddi qəbul eləmirlər, dırnaqarası baxırlar. Həmin adamı tərifləyən, onunla oturub-duran adam da onun oduna yanıb gedir…

– Bunun hamısı ədəbi dəstəbazların formalaşdırdığı fikirlərdən irəli gəlir. Və bu dəstəbazlar heç vaxt mənfi imicini yaratmağa çalışdığı adamın yaradıcılığını oxumurlar. Filankəs zəif yazır, şair deyil, filankəs dahidir deməklə deyil. Gərək bədii məntiqlə, tutarlı faktlarla, müstəqil yanaşmalarla bunu sübut etməyi bacarasan. Mən yazdığım kitablarda bir sistemlik var. Çox zaman fikrimi ən poetik- linqivistik metot əsasında təsdiqləyirəm , bəzən bir neçə metodun sintezindənistifadə edirəm.

– Ən çox sevdiyiniz şerinizdən bir bənd deyə bilərsinizmi?

– Nə halıma Tanrı yandı,
Nə dərdimi bəndə qandı,
Dörd yanım cindi, şeytandı,
Danışırlar adam kimi.

 

www.yenicag.az

938
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv