Azərbaycanda Türkiyə düşmənçiliyini kimlər aparır? – İranyönümlülər niyə Nuru Paşa ilə Ərdoğanı hədəf seçiblər? 

Müəllif: Baş Redaktor

Baş Redaktor

15942470_791272167687958_556762920_nPrezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin təhlükəsizliyinə yönələn təhdidlərin qarşısının alınmasına dair fikirlərində Naxçıvanın da adını çəkməsi İranmeylli şəbəkəni yenidən hərəkətə gətirib. 

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankarada Keçiören metrostansiyasının açılış mərasimində çıxış edən Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan təhlükələri öz mənbəyindəcə aradan qaldırmağın vacibliyini bəyan edib. Dövlət başçısı öz çıxışında qeyd olunan kontekstdə Naxçıvanın da adını çəkib:

“Ölkəmizə yönəlmiş təhlükələri yerindəcə yox etməliyik. Bunu bir an da fikrimizdən çıxarmamalıyıq: Türkiyənin təhlükəsizliyi Qaziantepdə deyil, Hələbdə, Hatayda deyil İdlibdə, Mersində deyil Kıbrısda, Qarsda deyil Naxçıvanda, Artvində deyil Batumda, Trakyada deyil Balkanlarda başlar, bunu belə bilək”. Normal yanaşmada Türkiyə prezidentinin bu fikirlərinin nədən qaynaqlandığı və onun nə demək istədiyi tam aydın başa düşülür. Ərdoğan Türkiyənin mövcud durumunda qlobal güclərin qardaş ölkə üçün yaratmağa çalışdıqları təhlükə ocaqlarının vaxtında söndürülməsinin vacibliyindən danışıb. Qərəzsiz mövqedən nəzər saldıqda, Ərdoğanın fikirlərinın əsassız olmadığı görünür.

Türkiyə prezidentinin bu fikirləri Azərbaycanda da ciddi reaksiya doğurdu. Mətbuatda və sosial şəbəkələrdə Ərdoğanın həmin çıxışına xüsusilə müsbət reaksiyalar verildi. Hətta onun Türkiyənin təhlükəsizlik məsələlərindən danışarkən, Naxçıvanı da xatırlatması Ankaranın Azərbaycanın üzləşdiyi təhdidlərə qarşı mübarizə aparmaq qətiyyətinin nümayişi kimi də qiymətləndirildi. Azərbaycan mediası 1921-ci ildə imzalanmış Qars müqaviləsini yenidən gündəmə gətirərək, Ərdoğanın Naxçıvanla bağlı fikirlərini həmin sənədin müddəaları ilə bir qədər qüvvətləndirdi.

Ancaq ölkənin bəzi internet resursları arasında Türkiyə prezidentinin fikirlərini kontekstdən çıxartmaq cəhdləri də diqqətdən yayınmır. Belə həssas məqamlarda Türkiyəyə və Ərdoğana qarşı  “hücum fürsəti” yarandığını düşünən iranmeylli media quruluşları fars-molla rejiminin təlimatına uyğun qaydada hərəkətləniblər. Bu kateqoriyadan olan sayt və nəşrlər Ərdoğanın Naxçıvanla bağlı fikirlərinə şərh verərkən, onun Azərbaycanın bu bölgəsini  “Türkiyəyə qarşı təhdid mənbələrindən biri” hesab etdiyi qənaətini formalaşdırmağa cəhd göstərirlər. İranpərəstlər hətta Ərdoğanın məlum fikirlərində Azərbaycana qarşı ərazi iddiası eyhamı olduğunu da iddia etməkdən çəkinmirlər. Bu şəbəkəyə daxil olan saytların fəaliyyətinə ötəri belə nəzər saldıqda, onların əsas məqsədlərinin Azərbaycan-Türkiyə münasibətlərinə nəyin bahasına olursa-olsun kölgə salmaq prinsipindən çıxış etdiklərini görmək mümkündür. Hər kəsə məlumdur ki, Azərbaycan ərazilərini işğal edən, bir milyon əhalini didərgin vəziyyətinə salan Ermənistanın əsas himayədarı və ayaqda qalmasının səbəbkarı İrandır. Rəsmi məlumata görə, İran son 20 ildə Ermənistana 2 milyard dollar həcmində maddi yardım göstərib. Bu məbləğ ABŞ-ın işğalçı ölkəyə verdiyi maddi dəstəklə eyni səviyyədədir. İranın Ermənistanın xarici ticarət dövriyyəsində ilk yerdə qərarlaşması, bu ölkədə həyata keçirtdiyi çoxsaylı sosial-iqtisadi layihələr, müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələləri ayrıca söhbətin mövzusudur. Ancaq İranın Azərbaycandakı media şəbəkəsi məqam düşdükcə Türkiyənin Ermənistanla ticarət dövriyyəsinə dair əsassız rəqəmlər yaymaqdadır. Halbuki, Türkiyə 1993-cü ildə – Kəlbəcərin işğalından sonra Ermənistanla sərhədləri bağlayıb və onunla hər hansı birbaşa əlaqəyə malik deyil. İranpərəst şəbəkənin pozucu fəaliyyəti ötən ay baş vermiş iki bir-birilə əlaqəli hadisədə özünü daha qabarıq göstərdi. İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri ərəfəsində “baş yarıb, yaxa cıran” molla rejiminin təəssübkeşləri İran prezidentinin İrəvana qardaşlıq səfərinə göz yumdular. Bu şəbəkə indi də Ərdoğanın sözlərini Azərbaycan-Türkiyə münasibətlərini korlayacaq “xammal”a çevirməyə əl atıb. Təbii ki, kripto fətullahçılar da vaxtilə düşmən nəzəri ilə baxdıqları, fəqət hazırda  ortaq mövqedən çıxış etdikləri iranyönümlülərin bu məkrli fəaliyyətinə dəstək verirlər.

Təbii ki, sözügedən şəbəkə tək mediadan ibarət deyil. Azərbaycan vətəndaşı olub, İran maraqlarının keşiyində dayanan, sosial şəbəkələrdə fars-molla rejiminin hər addımını təqdir edib, Türkiyəni qaralayan fərdlərdən ibarət kontingent də formalaşdırılıb. Ora daxil olan şəxslər Türkiyə hakimiyyətinin, ayrılıqda prezident Ərdoğanın, digər rəsmi şəxslərin addımlarını, Azərbaycan-Türkiyə münasibətlərini dərinləşdirən bütün təşəbbüsləri  “Tehran tərəzisi”nin çəkisi ilə qiymətləndirməkdədirlər. Əsas niyyət-məqsədləri Azərbaycanda Türkiyə əleyhinə ovqat yaratmak, İran rejiminin müsbət təbliğatını aparmaqdır. Bu sırada xüsusi fərqlənən sosial şəbəkə istifadəçilərindən biri Adil Hüseynoğlu adlı İran təəssübkeşidir. Onun “Facebook” səhifəsinə baxdıqda, bütün işinin Türkiyəni, türkçülüyü, türk birliyinə çağırış edənləri hədəfə götürməkdən, təhqir etməkdən ibarət olduğu təsdiqlənir. Bütün ciddi-cəhdilə İranı dəstəkləmək düşüncəsinin daşıyıcısı olan bu ünsür sözsüz ki, Ərdoğanın Naxçıvanla bağlı açıqlamasını da biganə qalmayacaqdı. Hüseynoğlu Türkiyə prezidentinin yuxarıda müzakirə olunan fikirlərini “Hələbdən sonra Naxçıvanı da viran qoymaq” niyyəti kimi təqdim edib. Bu, sözsüz ki, absurd, xəstə təxəyyüldən qaynaqlanan qərəzli yanaşmadır. Lakin bu adamın Türkiyəyə nifrəti qardaş ölkənin rəsmi şəxslərini təhqir etməklə məhdudlaşmır. Hüseynoğlu bir əsr əvvəl Nuru Paşanın komandanlığı altında Azərbaycanı bolşevik-daşnak işğalından azad etmiş Qafqaz İslam Ordusunun missiyasını da təhrif edəcək qədər gerizəkalıq göstərib. İddia edib ki, Qafqaz İslam Ordusunun məqsədi Azərbaycanı azad etmək yox, Cənubi Qafqazda erməni dövləti yaratmaq olub.

15822570_1368474589837911_4369075848072520413_nHüseynoğlunun bu qaragüruh “fəaliyyət”inə sosial şəbəkədə layiqli cavablar verilir, hər qarayaxmaya görə ağzından “vurulur“. Bu baxımdan, millət vəkili Fazil Mustafanın onun barəsində etdiyi paylaşım Hüseynoğlunun kimliyini göstərməklə yanaşı, həm də məlum tendensiya ilə bağlı xəbərdarlıq kimi qiymətləndirilməlidir:

“Dəyərli dostlar! Adil Hüseynoğlu adında bir erməni-fars qarışığı var. Bütün addımları, yazıları türk düşmənçiliyi üzərinə və qonşu dövlətin tezislərinin təbliğatına yönəlib. Hətta yazmış ki, Nuru Paşa buraya erməni dövləti qurmağa gəlmişdi… Bizlərə qarşı da böhtanları vaxtaşırı tirajlayır. Bu QUM SAATI ilə işləyən Vətən xaininin dostluğunda olan insanlara təəccübləndim. Hörmət bəslədiyim, dəyər verdiyim vətənsevər insanlar var. Doğrudanmı bu qədər diqqətsizlik göstəmişlər? Mənim də dostluğumda fərqli fikir sahibləri var, ancaq Azərbaycana, türkə nifrət edən fərqli fikir çuvalının içində gizlənə bilməz! Bu ünsürləri dərhal uzaqlaşdırıram. Səhifəsinə baxın, təpədən-dırnağa türkə nifrət dolu bir mövqe və irançı təbliğat var… Diqqətli olmalıyıq”.

Millət vəkili bu xəbərdarlığında tam haqlıdır: doğrudan da, diqqətli olmaq lazımdır. Çünki burada söhbət hansısa özfəaliyyətdən deyil, İranın Azərbaycanda qurduğu şəbəkənin təhlükəli mövqe alan pozuculuq fəaliyyətindən gedir. Bu şəbəkəyə məxsus media orqanları və fərdlər regionda, xüsusilə də Suriyada cərəyan edən proseslər fonunda xüsusi olaraq aktivləşdiriliblər. Onların Türkiyəni və qardaş ölkənin iqtidarını daim hədəfdə saxlamaları təsadüfi deyil və bunun arxasında Tehranın Aralıq dənizinə qədər uzatmağa çalışdığı “İranpərəst zolağa” Azərbaycanı da salmaq planından irəli gəlir. Çünki Suriyada böhranın aradan qaldırılmasından sonra regionda hegemonluq iddiasında olan İran öz qarşısında Türkiyəni görür və bu rəqabətdə labüd məğlubiyyətini indidən anlayır. Ona görə də İran “start xətti”nə daha əlverişli şərtlərlə yaxınlaşmaq üçün Türkiyəni ideoloji müstəvidə zəiflətmək, Türk dünyasında isə təfriqə yaratmaq üçün bütün vasitələrdən istifadə edir. Azərbaycandakı iranpərəst şəbəkənin hər addımda Türkiyəni hədəfə götürməsi də Tehrandan verilən təlimatın nəticəsidir.

Bu yerdə təkrar olaraq, Türkiyə prezidentinin Naxçıvan açıqlamasına qayıtmağı lazım bilirik. İranpərəst qaragüruh Ərdoğanın o sözləri ilə spekulyasiya cəhdlərinə ara vermədiyindən, dövlət başçısının dediklərini transkripsiyada ifadə etməyə ehtiyac var.

Ərdoğanın məlum fikirlərini Yeniçağ.Az-a şərh edən politoloq Araz Aslanlı bildirib ki, Türkiyə prezidentinin o sözlərini məhz nəzərdə tutulan kontekstdə başa düşmək lazımdır:

“Türkiyə prezidentinin bu fikirlərində tam dəqiq olaraq nəyi nəzərdə tutduğunu söyləmək çətindir. Amma xatırlatmaq lazımdır ki, Türkiyə rəsmilərinin təhlükəsizlik məsələri ilə bağlı ümumi yanaşmalarında bu cür ifadələrdən istifadə olunduğu ilk dəfə deyil. Ərdoğan da, digər türkiyəli rəsmilər də müəyyən dövrlərdə bu kimi  ifadələri dilə gətiriblər. Bu ifadələrin əsasını ərazi iddiası deyil, təhlükəsizlik zolağı düşüncəsi təşkil edir. Əvvəla, bildirmək istəyirlər ki, beynəlxalq münasibətlərin indiki vəziyyətində heç bir dövlət sadəcə öz sərhədləri daxilində müdafiə oluna bilməz. İkincisi, bu kontekstdə diqqətə çatdırırlar ki, soydaşların yaşadıqları ərazilərdə ortaya çıxan risklərə, eləcə də bu ərazilərlə bağlı iddialara laqeyd qala bilməzlər. Mən Ərdoğanın son çıxışını daha çox bu konteksdə dəyərləndirirəm”.

 

Yeniçağ.Az Analitik Qrupu


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır