!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yay düşərgələri: varlı uşağı üçün 25 min manat, kasıb üçün... - PROBLEM

!Reklam – Yazi

Artıq məktəblilər yay tətilindədir. Vaxtilə məktəblilərin yay tətilini təşkil etmək üçün bütün sovet məkanında düşərgələr fəaliyyət göstərirdi. Hansı ki, belə məkanlarda uşaqların fəaliyyəti səmərəli şəkildə təşkil olunurdu. Buna misal olaraq, sovet dövrünün ən məşhur yay düşərgəsi hesab olunan “Artek”i misal göstərmək olar.

Azərbaycana gəldikdə, müstəqilliyin ilk illərində bu məsələ tamamilə unudulmuşdu. Onun da nəticəsində uşaqlar yay tətillərini səmərəli keçirə bilmirdi. Yalnız sonrakı illərdə ölkədə bir sıra yay düşərgələri yaradılmağa başlandı. Ancaq hələ də bu sahədə ciddi boşluqlar və problemlər mövcuddur. Belə ki, yalnız Şüvəlanda Çingiz Mustafayev adına düşərgə fəaliyyət göstərir ki, ora da ancaq Daxili İşlər Nazirliyi əməkdaşlarının övladları qəbul olunur. Həmçinin, bu tip düşərgələr pullu olduğundan əksər vətəndaşların uşaqları belə yerlərdə istirahətdən məhrumdurlar. Nəticədə, yay fəslində dərslərin başa çatması ilə əlaqədar olaraq, əksər uşaqlar demək olar ki, günlərini küçələrdə keçirirlər. Belədə görünən mənzərə ondan ibarətdir ki, Azərbaycanda uşaqların asudə vaxtının təşkili üçün yay düşərgəsi kimi məkanların az və pullu olması fonunda əksər valideynlərin övladları vaxtlarını səmərəli keçirə bilmirlər.

Məsələni Yenicag.az-a şərh edən təhsil eksperti Kamran Əsədov bildirdi ki, yay düşərgələrinin təşkilinə nail olmaq üçün təhsilə ayrılan vəsaitin həcmi adambaşına azı 15-17 manat olmalıdır. İndilikdə isə bu rəqəm cəmi 80 qəpikdir:

“Təəssüf ki, Azərbaycanda tədris müddəti başa çatdıqdan sonra şagirdlərin asudə vaxtlarının dəyərləndirilməsilə bağlı mexanizm yox səviyyəsindədir. Ancaq son iki il ərzində Təhsil Nazirliyi layihə şəklində bu prosesə start verib. Cari ildə Bakı şəhəri üzrə 18 məktəbdə 200-dən çox şagird bu yolla yay düşərgələrinə cəlb edilib. Halbuki, hazırda Azərbaycanın 4500 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Bu fonda cəmi 200 nəfərin yay məktəblərinə cəlb edilməsi elə də böyük rəqəm sayılmır. Sovet dövründə isə məktəblilərin asudə vaxtının təşkili üçün yay düşərgələrinin olması kütləvi xarakter almışdı. Təkcə Bakı şəhərində 16 belə düşərgə fəaliyyət göstərirdi, “Qaranquş”, “Mayak” və s. kimi düşərgələrdə şagirdlər məktəb tətilində vaxtlarını səmərəli keçirirdilər. İndi ölkəmiz bazar iqtisadiyyatına keçib. Təhsil də dövlətin mülkiyyətində olan bir sahədir.

Yay düşərgələrinin salınması üçün təhsilə ayrılan vəsait adambaşına 15-17 manat olmalıdır

Hazırda Azərbaycanda yay düşərgələri ona görə yox səviyyəsindədir ki, təhsil sistemində adambaşına düşən maliyyələşmə cəmi 80 qəpik təşkil edir. Bu isə 1 manatdan da az məbləğ deməkdir və kifayət qədər kiçik rəqəmdir. Adambaşına düşən maliyyənin artması vacibdir ki, yay düşərgələrinin təşkili məsələsi ətrafında da nəyəsə nail olmaq mümkün olsun. Hazırda dünyada qəbul edilmiş normaya uyğun olaraq bu məbləğ 10 dollardır. Deməli, Azərbaycanda yay düşərgələrinin salınması üçün təhsilə xərclənən vəsaitin həcminin adambaşına düşən norması 15-17 manat olmalıdır. Amma şagirdlərin asudə vaxtının təşkili ilə bağlı yaşanan problem özəl təhsil müəssisələri üçün aktual deyil. Ölkədə elə özəl təhsil müəssisələri var ki, şagirdlər üçün Amerika və Avropada yay düşərgələri təşkil edirlər. Lakin onların hamısı ödənişli fəaliyyət göstərir. Belə özəl müəssisələrdə aylıq ödənişlər hətta 25 min manatadək gedib çıxır. Deməli, indiki halda ancaq özəl təhsil müəssisələri yay düşərgələri təşkil etmək imkanındadır. Yay düşərgələrinin təşkili ilə bağlı ikinci bir məsələ isə nəqliyyat daşıma və təhlükəsizlik məsələsidir. Orta məktəblərdə bu məsələ də acınacaqlı haldadır. Təəssüf ki, son illər ərzində yol-nəqliyyat hadisəsi və məktəb daxilində cinayət hallarının çoxalması yay düşərgəsi məsələsinin aktiv həllinə hələ də maneə olmaqda davam edir. Üçüncü bir tərəfdən, Azərbaycanda hazırda yay düşərgələri kifayət qədər azdır. Sovet dönəmində pioner düşərgələri kimi fəaliyyət göstərən yerlərin əksəriyyəti müəyyən qurumlar tərəfindən satın alınaraq, hazırda başqa məqsədlər üçün istifadə olunur. Belədə, uşaqların istirahəti üçün ölkədə normal yerlər yox dərəcəsindədir. Yalnız biznes baxımından bu istiqamətdə fəaliyyət göstərən müəssisələr var ki, onlarda da xidmət kifayət qədər aşağıdır”.

Gələcəkdə yay düşərgələrinin sayı 20-25-ə çatacaq

Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Beyrək Həsənov isə bu qənaətdədir ki, yay düşərgələrinin yaradılması istiqamətində artıq ardıcıl işlər görülür:

“Hazırda “İdeya” İctimai Birliyi, Ümumdünya Vəhşi Təbiətin Qorunması Təşkilatı və Təhsil Nazirliyi Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən uşaqların asudə vaxtlarının təşkili üçün Masallı, Salyan və Qəbələdə üç günlük yay düşərgələri fəaliyyət göstərir. Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf Mərkəzinin dəst-xəttilə Qudaba yaradılan düşərgə isə 10 günlük nəzərdə tutulub. Masallıda fəaliyyət göstərən yay düşərgəsində də uşaqların asudə vaxtları səmərəli keçirilir: onlar həm əylənir, həm istirahət edir, həm də maariflənirlər. Oradakı tədbirlərimiz bəbirləri qorumaq devizi altında aparılır. Bu yay düşərgələri uşaqların ixtiyarına təmənnasız şəkildə verilib. Salyanda təşkil edilən yay düşərgəsindəki təlimlər isə “ceyranları qoruyaq” devizi altında aparılır. İyulun 25-də isə Qəbələdəki yay düşərgəsində olacağıq. Qubadakı yay düşərgəsində isə uşaqların istirahəti ilə məşğul oluruq. 3 günlük düşərgə 30 nəfərlik olduğu halda, Qubada 15-35 nəfərlik olur. Onu da qeyd edim ki, düşərgəmiz ancaq imkansız ailələrdən olan uşaqlar üçün nəzərdə tutulub. Masallıda cənub zonasından olan kənd uşaqları istirahət edir. Müstəqillik dövrünün ilk illərində yay düşərgələrinin sayı daha az olub. Son 4-5 il ərzində isə bu istiqamətdə görülən işlər nəticəsində yay düşərgələrinin sayı müəyyən qədər artıb.

Gələcək illərdə belə düşərgələrin sayını 20-25-ə çatdırmağı nəzərdə tutmuşuq. Eyni zamanda ildən-ilə şagirdlərin düşərgələrdə qalma müddətini də artırırıq. Rayonlarda olan düşərgələrdə şagirdlərin yerləşdirilməsi üçün yerli təhsil şöbələrinə imkansız uşaqların siyahısını göndərməklə bağlı müraciət edirik. Sonra da həmin uşaqları düşərgələrə gətiririk. Qubadakı düşərgədə isə əsasən Bakıda yaşayan, ancaq imkansız ailələrin övladları yerləşdirilir. Bütün düşərgələrimiz yüksək keyfiyyətli qidalarla təmin olunur. Və bunların hamısı dövlət tərəfindən ödənilir. Düşərgədə iş prosesi də əvvəlcədən hazırlanan proqram əsasında aparılır. Bu mənada deyərdim ki, hazırda ölkəmizdə fəaliyyət göstərən yay düşərgələri sovet dövrünün aparıcı düşərgəsi olan “Artek”dən də daha yüksək səviyyədə təşkil edilib. Düzdür, hazırkı mənəvi aşınma dövründə valideynlər uşaqlar üçün olan yay düşərgələrinə o qədər də etibar etmirlər. Bu kimi hallarla çox rastlaşmışıq. Ancaq gəlib, mövcud şəraiti gördükdən sonra əksər valideynlər özləri bizə müraciət edirlər. Onu da vurğulayım ki, belə düşərgələrdə uşaqların bütün təhlükəsizliyi təmin edilib”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

5002
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv