Azərbaycanda yeni qurum yaradılır – Fərman

Müəllif: Redaktor

Editor

xcxcvxcv8Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında fərman imzalayıb.

Son illərdə Azərbaycan Respublikasının tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib. Belə ki, Xəzər hövzəsində ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı Gəmiqayırma Zavodu fəaliyyətə başlayıb, Bakı-Böyük Kəsik dəmiryolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası reallaşmaqdadır.

Azərbaycanda bir neçə beynəlxalq hava limanının tikintisi, yeni təyyarə və gəmilərin alınması, müasir avtomobil yolları şəbəkəsinin yaradılması ölkəmizin nəqliyyat infrastrukturunun güclənməsində mühüm rol oynayıb və tranzit daşımalarda iştirak imkanlarını genişləndirib.

Ölkənin nəqliyyat sektorunda icra edilən layihələrlə yanaşı, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb etmək istiqamətində bir sıra tədbirlərin görülməsi, o cümlədən yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin və nəqliyyat xərclərinin azaldılması da vacibdir.

Dövlət başçısı Azərbaycan Respublikasında dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasını qərara alıb.

İlham Əliyev, həmçinin “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə”ni və “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibi”ni təsdiq edib.

Bu fərmanla Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipi tətbiq olunur. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasına həvalə edilir.

Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

İqtisadiyyat və Sənaye Nazirliyi dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi qaydasını iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli; Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ilə birlikdə ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı özündə yükdaşımaların vahid tariflərini, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə daşıma qaydalarını və şərtlərini, o cümlədən müqavilələrin şərtlərini və bağlanma qaydasını, Azərbaycan Respublikasının dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron üsullarla bağlanması imkanlarını, yüklərin izlənməsi və daşıma prosesləri ilə əlaqədar digər məsələləri əks etdirən elektron portalın yaradılmasını təmin etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Fərmanla müəyyən edilir ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycan Respublikasında dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində görülən işlər barədə Azərbaycan Prezidentinə ildə iki dəfə məlumat təqdim olunmasını təmin edəcək.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir