!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın BMT-dəki nümayəndəliyi təşkilat daxilində hüquqi rəy yayıb

!Reklam – Yazi

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” adlı sənəd BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin sənədi kimi yayılıb.

Bu barədə Yenicag.Az-a XİN-dən məlumat verilib.

Sözügedən hüquqi rəy Azərbaycan tərəfinin müraciəti əsasında məşhur beynəlxalq hüquqşünas, BMT-nin Beynəlxalq hüquq Komissiyasının 1997-ci ildə isə sədri, 1990-2011-ci illərdə üzvü olmuş, “Université Paris Ouest Nanterre La Défense”-in fəxri professoru Alan Pelle tərəfindən hazırlanıb.

Ermənistanın qeyri-qanuni əməllərini ört-basdır etmək və beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif edərək üzərinə düşən öhdəlik və məsuliyyətdən yayınmaq cəhdlərini nəzərə alaraq, Azərbaycan münaqişənin həlli, ölkəmizin ərazilərinin işğalına sol qoyulması və Ermənistanın təcavüzündən əziyyət çəkən qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün beynəlxalq hüququn aliliyinin təmin olunmasının xüsusi önəm kəsb etməsinə dair mövqeyini davamlı şəkildə ortaya qoyur.

Azərbaycan tərəfindən münaqişənin hüquqi aspektləri ilə bağlı çoxsaylı hesabatlar hazırlanıb, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində yayılaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Xüsusilə, Azərbaycan Respublikası tərəfindən BMT Baş katibinə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı silahlı təcavüzünün hüquqi nəticələri, dövlətlərin ərazi bütövlüyü və öz müqəddaratını təyinetmə hüququnun fundamental normaları, Azərbaycan ərazilərinin hərbi işğalçısı kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətləri, azərbaycanlı məcburi köçkünlərin beynəlxalq hüquqları və Ermənistanın məsuliyyəti üzrə hesabatlar təqdim edilib.

Həmçinin, BMT-nin Baş Katibinə Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı müfəssəl hesabat təqdim edilib. Hesabatda faktlar, rəqəmlər və statistik məlumatlarla sübut olunur ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yürütdüyü siyasəti və həyata keçirdiyi əməlləri beynəlxalq hüququn pozuntusudur, münaqişənin siyasi həllinə nail olmaq cəhdlərini pozur və regionda sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhdiddir.

Bu hesabatın ardınca hazırlanan “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” adlı sənəd əsaslı bitərəf baxış təmin edərək münaqişənin həlli ilə əlaqədar mövcud hüquqi öhdəlik və məsuliyyətin daha yaxşı başa düşülməsinə töhfə verir və bu istiqamətdə konkret təkliflərlə çıxış edir.

Sənəddə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri aşağıdakı istiqamətlər üzrə təsnif edilir, Ermənistanın əməllərinin qeyri-qanuniliyinin hüquqi əsaslandırılması və üçüncü tərəflərin hüquqi məsuliyyətinə dair hüquqi rəy təmin edilir.

– İşğal olunmuş ərazilərdə məskunlaşmanın aparılması;
– Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti;
– İqtisadi və maliyyə fəaliyyətləri;
– İnfrastruktur dəyişikliklər və telekommunikasiya şəbəkəsinin istismarı;
– İşğal edilmiş ərazilərin mədəni xarakteri və irsinin dəyişdirilməsi;
– İşğal edilmiş ərazilərin turizm məkanı kimi təşviq edilməsi, qeyri-qanuni səfərlərin təşkili və digər fəaliyyətlər.

Sənədin təmin etdiyi hüquqi rəyə görə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır. Bu sıraya aşağıdakılar daxildir:

– BMT Nizamnaməsini pozaraq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ və digər rayonlarının de-fakto ayrılmasını təmin etmək üçün gücdən istifadə;
– Bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulması;
– İşğal olunmuş ərazilərdə etnik təmizləmənin aparılması, məskunlaşma məntəqələrinin yaradılması və əhalinin köçürülməsinin təmin edilməsi bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi;
– Hərbi işğala dair hüququn, xüsusilə “Quruda müharibənin aparılması qanunları və adətləri” haqqında 1907-ci il Haaqa Konvensiyası ilə bağlı Qaydaların 43-cü bəndi, 1949-cu il “Müharibə zamanı mülki şəxslərin müdafiəsi”nə dair Cenevrə Konvensiyasının 49-cu maddəsinin kobud şəkildə pozulması;
– İşğaldan əvvəl həmin ərazidə yaşayan insanların maraqlarının aliliyini nəzərə almadan işğal olunmuş ərazilərin təbii resurslarının istismar edilməsi;
– Ərazinin mədəni irsinin dəyişdirilməsi.

Hüquqi rəyə əsasən, beynəlxalq hüququn imperativ normalarının sadalanan ciddi pozuntusu ağırlaşdırılmış məsuliyyətlə nəticələnən xüsusi halların tətbiq edilməsini nəzərdə tutur. Bu sıraya daxildir:

– Bu kimi pozuntular nəticəsində yaranmış vəziyyətin tanınmaması;
– Bu vəziyyətin saxlanması üçün hər hansı yardımın göstərilməsinin qadağan olunması;
– Bu kimi pozuntuları etmiş şəxslərin hər hansı immunitetdən məhrum edilməsi;
– Ağırlaşdırılmış məsuluyyət kimi bütün dövlətlər tərəfindən Ermənistanı məsuliyyətə cəlb etmək və ona qarşı tədbirlərin görülməsi, o cümlədən sanksiyaların tətbiq edilməsi, cinayət və mülki işlərin açılması.

Beynəlxalq münasibətlərdə və münaqişələrin həlli prosesində qanunun aliliyinin təmin olunması mütləq xarakter daşıyır.

Bütün beynəlxalq ictimaiyyəti, müvafiq beynəlxalq təşkilatları, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini, əcnəbi hüquqi və fiziki şəxsləri “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri ilə bağlı Azərbaycanın təqdim etdiyi digər fundamental hüquqi hesabatları nəzərə almağa çağırırıq.

Yenicag.Az

www.yenicag.az

1104
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv