!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın maraqları heç bir mənfəətə qurban verilə bilməz” – CHP-li millət vəkili-Eksklüziv

!Reklam – Yazi

“Azərbaycan xalqının həyati dəyərlərindən gələn haqları mütləq nəzərə alınmalı və qorunmalıdır”.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi İzmir şəhərindəki sərginin açılışında Almaniyanın federal kansleri Angela Merkelin Gömrük İttifaqı ilə bağlı mövqeyini şərh edərkən, Azərbaycan üçün də olduqca ciddi bir anons səsləndirib.

Zeybekçi qeyd edib ki, Türkiyə Avrasiya Gömrük İttifaqına üzvlük istiqamətində müzakirələrə başlayacaq və bunun yekunu olaraq, müvafiq saziş imzalana bilər. Türkiyəli nazirin bu açıqlaması İrəvanda ciddi reaksiya doğurub.

Türkiyənin qeyd olunan quruma üzvlüyünün mümkünlüyünü şərh edən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Ankaranın bu istəyinin baş tutacağını şübhə altına alıb. Koçaryan bildirib ki, Avrasiya İqtisadi İttifaqının təsis sənədində qurumun Gömrük İttifaqına qoşulmaqla bağlı bənd yoxdur. Nazir müavini Türkiyənin Ermənistanla sərhədləri bağlı saxladığı halda Gömrük İttifaqına qoşulmaq istəyini “absurd” adlandırıb.

Bu məsələnin Azərbaycana aid əsas cəhəti də Türkiyənin Gömrük İttifaqına qoşulacağı təqdirdə, Ermənistanla sərhədlərin açılmasının labüdləşəcəyidir. Çünki Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdən yalnız Ermənistan Türkiyə ilə həmsərhəddir.

Lakin bütün hallarda Türkiyə Azərbaycanın bu məsələyə dair həssaslığının necə güclü olduğunun fərqindədir. O baxımdan, mövzu haqqında qəti fikir bildirmək üçün Zeybekçinin məlum bəyanatının praktik davamını gözləmək daha məqsədəuyğundur.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatı Mustafa Balbay Yenicag.az-a qısa müsahibəsində qardaş ölkənin Gömrük İttifaqına qoşulmasının mümkünlüyünü dəyərləndirib.

– Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin Gömrük İttifaqına qoşula biləcəyini bəyan etməsi Azərbaycanda ciddi həssaslıqla qarşılanıb. Nazirin bu açıqlamasını necə qiymətləndirirsiz?

– Türkiyə coğrafi planda böyük Asiyanın bir hissəsidir. Türkiyə ərazilərinin əsas hissəsi də məhz Asiyadadır. Ancaq Avropa daxilində də çox mühüm bir körpüyük. Ona görə də Avrasiyadakı hər hansı sosial və iqtisadi proseslərin bir parçası da məhz Türkiyə olmalıdır. Mövcud coğrafiya bunu belə düzənləyir.

İbn Haldunun gözəl bir deyimi var: “Coğrafiya ölkələrin taleyini müəyyənləşdirir”. Nazim Hikmət Türkiyə barədə danışarkən, “Uzaq Asiyadan dördnala gəlib, Aralıq dənizi sahillərinə bir mizraq kimi saplanan bu məmləkət bizimdır”, – deyirdi.

Yəni biz bu coğrafiyanın bir hissəsiyik. XXI əsrin reallığı daxilində bu coğrafiyada yaradılan bütün dəyərlərə Türkiyə həm öz töhfəsini vermək, həm də o dəyərlərdən pay götürmək vəziyyətindədir. Bu, haqqın yoludur. Mən buna belə yanaşıram.

– Türkiyənin Gömrük İttifaqına üzvlüyü Ermənistanla sərhədlərin açılması məsələsini gündəmə gətirəcək. İndiki halda bunun mümkünlüyünü necə görürsüz?

– Təbii ki, Ermənistanla sərhəd məsələsi həm Azərbaycan, həm də Türkiyənin qanayan yarasıdır və Azərbaycanın tarixindən, Azərbaycan xalqının həyati dəyərlərindən gələn haqları mütləq nəzərə alınmalı, qorunmalıdır. Yəni Azərbaycanın sərhəd məsələsi heç bir mənfəətə qurban verilə bilməz.

Türkiyənin ənənəvi mövqeyi, ənənəvi düşüncəsi budur və belə də olmalıdır. Ancaq başqa sahələrdə Türkiyənin Avrasiya ilə əməkdaşlığı Azərbaycanın gücünü artırıb, imkanlarını genişləndirəcək.

– Mustafa bəy, bir az əvvəl Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Türkiyənin Gömrük İttifaqına mümkün üzvlüyünü “absurd” adlandırıb…

– Ermənistan bu cür açıqlamalar verərkən, ayağını yorğanına görə uzatmalıdır. Mənsə qısaca olaraq deyirəm ki, Ermənistan öz dilini haqqına və həddinə uyğun şəkildə işlətsin.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

882
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv