yenicag.az

Azərbaycanın “ölü” idman federasiyaları - Araşdırma

Azərbaycanın “ölü” idman federasiyaları – Araşdırma

Müəllif: Redaktor

Editor

Azərbaycanda fəaliyyət göstərən bəzi idman federasiyaları var ki, onların inkişafının hansı istiqamətdə olması hələ də müəmmalıdır.

Yeniçağ.Az bu qurumların “inkişaf”ı ilə bağlı araşdırma aparıb.

Azərbaycan Atıcılıq Federasiyası isə demək olar ki, Zemfira Meftahətdinova ilə bitdi. Çünki məhz ondan sonra qurumdan nə normal atıcı “çıxdı”, nə də səviyyəli yarışlara lisenziya qazana bildilər. Hətta federasiyanın saytı belə axırıncı dəfə fəaliyyətləri ilə bağlı xəbəri 5 May 2012 – ci il tarixdə yerləşdiriblər.

Fazil Məmmədovun rəhbəri olduğu Azərbaycan Otüstü Xokkey Federasiyası da Qolf federasiyası kimi “gizli fəaliyyətə” üstünlük verib. Qurum fəaliyyətini dayandırsa da bu, rəsmi şəkildə açıqlanmır. 2 il bundan öncə milli üzvlərinin “baykot” aksiyası ilə üz-üzə qalan federasiya daxilində artıq fəaliyyət göstərilməyəcəyi ilə bağlı müzakirələr gedib. Buna səbəb isə maliyyə problemlərinin olmasıdır.  Amma nədənsə, qurum bunu rəsmi şəkildə açıqlamaqdan boyun qaçırdır. Çünki federasiyadan bu barədə Gənclər və İdman Nazirliyinə də rəsmi məlumat verilməyib. Hətta bu qurumun da rəsmi işçiləri oranı tərk edib. Buna baxmayaraq, otüstü xokkey federasiyası da GİN-ə öz təqvim planını təqdim edib. Guya onları 2-si yerli, 7-si beynəlxaq dərəcəli olmaqla 9 yarış gözləyir.

İlham Aslanovun rəhbərlik etdiyi Azərbaycan Bilyard İdmanı Federasiyasının da fəaliyyəti demək olar ki “sıfır” səviyyəsindədir. Nə komandada, nə də heyətdə kimin olduğu bəlli deyil.

1990-cı ildə Azərbaycan Milli İdman Növləri tərkibində Nərd Federasiyası da fəaliyyət göstərirdi. Ancaq fəaliyyətin nədən ibarət olduğu bəlli deyil. Buna baxmayaraq, qurum Gənclər və İdman nazirliyinə 2017-ci il üçün də təqvim planı təqdim edib. Təqvim planına müvafiq olaraq da nazirlikdən pul alırlar.

Çoxmübarizəli idman döyüş növlərindən olan “hapkido”nun isə nə anlama gəldiyi bir çoxlarına məlum deyil. Hətta Azərbaycan Hap Ki Do Federasiyası da GİN-ə təqvim planı tədim edib. Plana əsasən, “hapkidoçular” 7 beynəlxalq yarışa gedəcəklər. Bunun qarşılığında da nazirlikdən pul alınıb. Gülməlidir ki, bu yarışların 6-sı “Dünya çempionatı” kimi göstərilir. Qalib idmançılar isə saxta “Dünya çempionu” titulundan başqa heç nə qazanmır.
Coriyo Kunq-Fu Federasiyası Mahmudzadə Davud adlı şəxsin rəhbərliyi altında fəaliyyət göstərir. Federasiya GİN-ə 4 beynəlxalq yarışda iştirak edəcəyi ilə bağlı təqvim planı təqdim edib.

Azərbaycan Boulinq Federasiyası da saxta çempionlar hazırlamaqdan başqa bir işə yaramır.

Azərbaycan İdman Boulinqi Federasiyasının prezidenti Cavanşir Xəlilov eyni zamanda Bakı Əyləncə Mərkəzinin sahibidir. Ancaq onun qurumu da nazirliyin ödədiyi pula göz dikib. Çünki onlar təqvim planında 6 beynəlxalq turnirdə iştirak edəcəklərini bildiriblər.

Azərbaycan Reqbi Federasiyasının da varlığı ilə yoxluğu məlum deyil. Reqbi Olimpiya idman növü sayılsa da nədənsə ölkəmizdəki fəaliyyəti heç də ürəkaçan deyil. Çünki qurumun adı var, amma milli komandası yoxdur. Federasiyanın hazırki rəhbəri Eldəgiz Rəfibəyli də yığmanın keçmiş üzvlərindəndir. Reqbi hazırda klublar şəklində fəaliyyət göstərir. Aldığımız məlumata görə, ölkəmizdə bu idman növünə daha çox Azərbaycandakı xarici vətəndaşların övladları maraq göstərir. Federasiya üzvləri Olimpiya oyunlarından sonra onlarda da dəyişiklik olacağına və yeni rəhbərin təyin ediləcəyinə ümid edirdi. Amma onların ümidləri puç oldu. Qurumun rəhbəri E.Rəfibəyli şəxsi işləri ilə bağlı xaricdədir. Yeri gəlmişkən qeyd edək ki, E. Rəfibəylinin Federasiyası da nazirliyin verdiyi pullarla dolanır. Ən maraqlısı da odur ki, sözügedən federasiya da milli komandası olmadığı halda nazirliyə təqvim planı təqdim edib. Həmin planayəsasən isə, mövcud olmayan “komanda” nə az, nə çox – düz 9 beynəlxalq turnirdə iştirak edəcək.

 

Aygün İlqarqızı
Yeniçağ.Az

Xəbərlər, İdman, Manşet, Araşdırma, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti