Azərbaycanla Türkiyə sağlıq turizmi sahəsində əməkdaşlığı genişləndirir

Müəllif: Redaktor

Editor

1476174606_fexri1-1(Türkiyənin termal şəhərlərindən səfər qeydləri)

I yazı

Türkiyəyə jurnalist kimi budəfəki səfərim yay turizm mövsümünün sonlarına təsadüf etsə də, proqramla tanışlıqdan sonra maraqlı bir tur keçəcəyimi təxmin etdim. Və… təxminimdə yanılmadım. Özüm əsasən turizmdən yazdığıma görə təkcə xarici səfərlərə deyil, ölkədaxili infoturlara da məhz turizm nəzərindən baxıram. O üzdən, 6 günlük səfər müddətində qardaş ölkənin hər mövsümdə populyar olan termal turizm imkanları ilə bağlı ətraflı məlumat toplamaq fürsəti əldə etdim və qələmə alacağım bir neçə yazıda çalışacam ki, dəyərli oxucuları da onlarla tanış edim.

Öncə ondan başlayım ki, Türk Hava Yolları, “NG hotel qrup”, “Nobel” Tibb Mərkəzi və “Kaya Termal”ın dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə reallaşan səfər Türkiyənin əsas termal turizm mənbələrinin yerləşdiyi Afyon, Dənizli və İzmir bölgələrini əhatə edirdi.

Göydə tıxac, yerdə tıxac… və İstanbulda şirin Şəki ləhcəsi ilə təqdimat…

Səfərimiz təbii ki, İstanbuldan başladı. Türkiyənin ən böyük şəhəri bizi elə göydəcə tıxacla qarşılayır. Təxminən 20 dəqiqə səmada dövrə vurduqdan sonra eniş edirik. Afyona birbaşa təyyarə reysi olmadığından İstanbul – Kütahya istiqamətində uçmalıydıq. Uçuşa 8 saatdan çox vaxtımız vardı. O üzdən İstanbulu gəzib-dolaşmaq fürsətimizi qaçırmadıq.

Səfərimizin özəl və gözəl tərəflərindən biri də bizi Türk Hava Yollarının region üzrə marketinq nümayəndəsi Gülnar Rzazadə və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevin müşayiət etməsi idi. Necə deyərlər, biz “qa” deyəndə, sözün həqiqi mənasında təşkilatçı və dəstəkçi şirkətlərin təmsilçiləri “qu” deyirdilər. Bunu elə Atatürk Hava Limanındaca hiss etdik. Burada bizi Ruslan Quliyevin yaxın dostu, “Everest Travel”in rəhbəri, əslən Azərbaycanın Şəki rayonundan olan İmran Bagiyev qarşıladı. İstanbulda fəaliyyət göstərən “Everest Travel” dünyanın əksər ölkələrindəki turoperatorlarla əməkdaşlıq edir, qonaqları qarşılamaq, yerləşdirmək, şəhər boyu müxtəlif turlarla gəzdirməklə məşğuldur. Şirin Şəki ləhcəsi ilə öz şirkəti haqqında xəsisliklə bir neçə cümlə söyləyən “bələdçi”miz təəssüflə bildirir ki, bu gün bazar günü olduğundan şəhərin əsas mərkəzi yerlərinə gedə bilməyəcəyik. Çünki İstanbulda tıxaca düşmək ən azı 4-5 saat itirmək deməkdir.

Kiçik bir alış-veriş, dəniz kənarına qısa bir tur və İstanbul-Kütahya yolçuluğumuz başlayır. Təxminən 55 dəqiqəlik uçuşdan sonra Kütahyanın Zafer hava limanına enirik. Burada bizi “NG Qrup”un nümayəndəsi qarşılayır.

Kiçik və rahat avtobusla yol alırıq Afyona tərəf. Gecə saat 1-dir. Hamımız yorulmuşuq. Təzəcə yuxulamaq istəyirik ki, Ruslan müəllim Azərbaycanın himnini oxumağa başlayır, biz də qeyri-ixtiyarı ona qoşuluruq. Sonra Azərbaycan haqqında şeirlər, mahnılar… Beləliklə, təxminən 1saat yarımdan sonra özümüz də hiss etmədən “NG Afyon Hotel”ə çatırıq. Səhər 8-də restoranın qarşısında görüşmək şərti ilə hərə öz otağına yollanır.

Afyonun termal təsisləri əlavə xidmətləri ilə də məşhurdur

Səfərimizin ikinci gününün proqramı çox zəngin idi. Səhər yeməyindən sonra “NG Afyon Hotel”ə qısa bir tanışlıq turu edirik. Bura bölgənin ən böyük termal hotellərindən biridir. Həm istirahət, həm də SPA mərkəzi kimi yüksək xidmət təqdim edə bilməsi hotelin ən böyük üstünlüyüdür. Buradakı türk hamamları, termal hovuzlar, həm açıq, həm də qapalı adi üzmə hovuzları, saunalar, masaj otaqları gün boyunca müştərilərin xidmətindədir. Bundan əlavə, hoteldə dəriyə qulluq prosedurları birbaşa mütəxəssislərin nəzarəti altında həyata keçirilir. Hotel nömrələrində qonaqların rahatlığı üçün hər cür şərait, gündə 3 dəfə açıq bufetli restoran, arada çay-kofe kefi də öz yerində.

Günün ikinci yarısında “Agne Tours” şirkətinin İdarə Heyətinin prezidenti Ali Kayanın bələdçiliyi ilə Afyonun daha bir neçə hotelinə tanışlıq turumuz baş tutur.

Burada qısa bir haşiyə çıxmaq istərdim: “Agne Tours” 20 ildən çoxdur fəaliyyət göstərir və Türkiyənin turizm bazarında öz sözünü deyən turoperatordur. Mərkəzi ofisi Antalyada yerləşsə də, şirkət demək olar ki, əksər bölgələrdə yerləşən hotellərlə əməkdaşlıq edir. Qonaqların qarşılanmasından tutmuş hotellərdə yerləşməsinə, müxtəlif turproqramların təşkilinə qədər bütün xidmətləri təqdim edən “Agne Tours” öz keyfiyyətli və səliqəli işinə görə fərqlənir. Şirkətin rəhbəri Ali Kaya Azərbaycanı çox sevir və bizim turizm şirkətləri ilə yaxından əməkdaşlıq edir. Afyona da bizi bölgə ilə daha yaxından tanış etmək, yaxın dostu Ruslan Quliyevin rəhbərlik etdiyi qrupla birgə gəzmək üçün gəlmişdi (Ali bəyin qonaqpərvərliyi ilə bağlı bir sonrakı yazımda ətraflı bəhs edəcəm).

Ali bəy bizə məlumat verir ki, Afyonda 26 termal mənbə var. Buradakı hotellər məhz bu mənbələrin üzərində tikilib. Bunlardan 13-ü daha fəaldır. Tanış olduğumuz “Korel Termal”, “İkbal Termal” və “Oruçoğlu Termal” hotelləri də xidmət sektorunda öz sözlərini deyiblər. Termal mənbələrdən çıxan suların

müalicə effekti eyni olsa da, hər hotelin özünəməxsus əlavə xidmət növləri var. Onları fərqləndirən əsas xüsusiyyət də budur. Bu sulardan əsasən oynaq xəstəliklərinin, bel və boyun ağrılarının, sinir və müxtəlif dəri xəstəliklərinin, şəkərli diabetin müalicəsində istifadə olunur.

Tanışlıq zamanı öyrənirik ki, Türkiyənin Səhiyyə Nazirliyi termal hotellərdə mənbələrdən çıxan suyu içməyi qadağan edən qayda tətbiq edib. Hotel yetkililəri bu qaydanın heç bir əsası olmadığını söyləsələr də, məcbur buna əməl edirlər.

Sağlıq turizmi ilin bütün fəsillərində populyardır…

Hotellərlə tanışlığımızı bitirib “NG Afyon Hotel”də təşkil edilən dəyirmi masaya qatılırıq. Tədbirdə Afyonun dövlət və özəl qurumlarının təmsilçiləri iştirak edirdilər. Afyon valisinin köməkçisi Erhan Günay bölgənin turizm imkanları haqqında məlumat verdi. Bildirdi ki, dövlət bu sektorun inkişafı üçün mümkün olan bütün vasitələrdən istifadə edir.

Nümayəndə heyətimizə başçılıq edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən də turizm sahəsində sıx əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırdı. Səfərimizin məqsədindən danışan assosiasiya sədri qeyd etdi ki, hər iki ölkənin çox zəngin sağlamlıq turizmi imkanları var və turizmçilər bu imkanları dəyərləndirib bu sahədə də əməkdaşlıq etməlidir: “Bizim səfərimizin məqsədi də budur ki, Türkiyənin əsas sağlıq turizmi təsisləri ilə əlaqələr quraq. Sağlıq turizminin əsas özəlliyi bu sahədə mövsümilik anlayışının olmamasıdır. Bu turizm istiqaməti ilin bütün fəsillərində populyardır. Türk Hava Yolları aviaşirkəti Azərbaycanla Türkiyə arasında il ərzində 750-yə yaxın uçuş həyata keçirir. İstəyirik bu uçuşların ən azı 3-5 faizi məhz sağlamlıq turizmi istiqamətində reallaşsın. Bu gün bu məqsədlə burdayıq”.

Azərbaycan dövlətinin qeyri-neft sektorunda turizmin inkişafına çox böyük diqqət yetirdiyini deyən Ruslan Quliyev dövlət başçısının son vaxtlar bu istiqamətdə imzaladığı fərman və sərəncamlar haqqında məlumat verdi. Bildirdi ki, turizmin bütün istiqamətlərdə inkişafı artıq Azərbaycanda prioritet elan edilib.

“Agne Tours” şirkətinin İdarə Heyətinin prezidenti Ali Kaya Afyonda termal turizmin potensialından lazımi qədər istifadə olunmamasından danışdı. Şirkət rəhbəri təəssüflə qeyd etdi ki, bölgədəki hotellər öz fəaliyyətlərini daha çox daxili bazara istiqamətləndiriblər. Halbuki xarici ölkələrlə, o cümlədən Azərbaycanla yaxın əməkdaşlıq qurmaqla bölgəyə daha çox turist gətirmək mümkündür. O, bu istiqamətdəki mövcud problemlərə də toxundu.

Qarşılıqlı fikir mübadiləsi ilə müşayiət olunan dəyirmi masa daha sonra B&B görüşlərlə davam etdi. Azərbaycandan gələn turizm şirkətlərinin nümayəndələri afyonlu həmkarları ilə qarşılıqlı turların təşkili ilə bağlı bir sıra əməkdaşlıq müqavilələri imzaladılar.

Səfərimizin ikinci günü “NG Hotel”də Azərbaycan nümayəndə heyətinin şərəfinə təşkil edilən şam yeməyi ilə yekunlaşdı.

Dənizli turumuz Pamukkaledən başlayır

Oktyabrın 3-də Türkiyənin daha bir termal turizm cənnəti olan Dənizliyə yollandıq. Yolboyu göz işlədikcə uzanan pambıq, üzüm tarlaları, meyvə bağları, kartof, kələm sahələri bu ölkənin kənd təsərrüfatının inkişafından xəbər verirdi. Türkiyə iqtisadiyyatının ən böyük üstünlüklərindən birincisi də elə budur. Ölkə kənd təsərrüfatı mənsulları ilə nəinki özünü təmin edir, eyni zamanda xarici bazarlara da yüksək keyfiyyətli məhsullar ixrac edir ki, bu da daxili bazarda ucuzlaşmaya, insanların dolanışıq səviyyəsinin yüksək olmasına gətirib çıxarır.

Dənizli turumuz Türkiyənin həm tarixi, həm də termal turizm baxımından məşhur məkanlarından olan Pamukkaledən başlayır.

(Ardı var)

Fəxriyyə ABDULLAYEVA-AFN.az

Bakı-İstanbul-Afyon-Dənizli-İzmir-Bakı


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır