www.sinerjipro.net

SinerjiProWide
Reklam

28513_r6bta2vebeYazıçılar Birliyinin “Natəvan” klubunda gənc yazar, publisist və pedoqoq Pərvinin “Söhbətlər”, türkcə “Balerin”, rusca “Dlya Samira” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözüylə açan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid yazıçı barədə ətraflı məlumat verdi, qazandığı uğurlardan, aldığı ədəbi mükafatlardan, pedaqoji fəaliyyətindən danışdı:

“Yazıçılar Birliyində gənclərlə bağlı tədbirlər ənənəvi hal alıb. Pərvin xanımın ilk kitabı “Qar yağacaq”ın təqdimatı da iki il yarım əvvəl burda baş tutub. Daha sonra onun “Natəvan” klubunda gənclərlə görüşü keçirilib. Bu, artıq üçüncü görüşdür.

Pərvin 2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin (GƏM) məzunu olub. 50 nəfər gəncin də daxil olduğu məzunlara diplom təqdim edilib. Elə Pərvinin ilk yazıları da 2010-cu ildə çap olunub. Əvvəlcə esselər, hekayələr, sonra isə 2012-ci ilin yazında “Qar yağacaq” adlı ilk kitabının təqdimat mərasimi keçirilib.

Pərvin ən zəhmətkeş, ən çalışqan gənc ədiblərimizdən biridir. Təsadüfi deyil ki, ilk kitabı olan “Qar yağacaq” hekayələr toplusu Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb.
“Balerina” povesti isə ölkəmizdə xüsusi çəkisi olan “Milli Kitab Mükafatı”nın ikincisi olub. Daha sonra Rəsul Rza adına Beynəlxalq Mükafatı qazanıb. Bütün bunlar qısa müddətdə Pərvinin gördüyü işlərə, çəkdiyi zəhmətə verilən qiymət idi. Təqdimatına toplaşdığımız bu üç kitabdan “Balerin” Türkiyənin Ankara şəhərində nəşr olunub, türk dilinə tərcümə İmdat Avşara, ön söz isə Xalq yazıçısı Anara məxsusdur. Bu ilin mayında Əsgişəhərdə ilk dəfə olaraq Türkdilli Ölkələrin Yazarlar Birliyi kitab sərgisi təşkil edib. Kitab sərgisi zamanı “Balerin” kitabının təqdimatı da baş tutub.

Digər kitab, “Dlya Samira” adından göründüyü kimi rus dilində çap olunub. Pərvin 2011-ci ildə Moskvada Gənc Yazarların I Beynəlxalq Seminarında iştirak edib. Ruscaya tərcümə edilmiş hekayələri Rusiyanın ədəbi dərgilərində çap olunub.

2012-ci ildə Litvada “Gənclik və sosial media” forumuna qatılıb. Bundan sonra hekayələri litva dilinə tərcümə olunaraq “Şimal Afinası” qəzetində işıq üzü görüb. Elə həmin il Astanada, 2013-cü ildə Əsgişəhərdə “Türk dünyası Ədəbiyyat Dərgilər Konqresi”ndə iştirak edib, bu barədə Azərbaycan və türk mətbuatında geniş məqalələri dərc edilib.

2014-cü ildə isə Riqada Beynəlxalq Proza Festivalında iştirak edib, hekayələri latış dilinə çevrilib, Latviyanın bir sıra ədəbi almanaxlarında çap olunub .

Üçüncü kitab “Söhbətlər” kitabıdır ki, Pərvinin jurnalist fəaliyyəti ilə bağlıdır. O, 2010-cu ildən bəri “525-ci qəzet”də “Pərvinin həmsöhbəti” rubrikasıyla mətbuatda çıxış edir. Həmin rubrika çərçivəsində müxtəlif yazıçılardan, sənət adamlarından müsahibələr alıb. Kitabda Oljas Süleymanovla, Uldis Berzinşlə, Valeri Taqanskiylə, Azərbaycan ədəbiyyatının bir sıra görkəmli nümayəndələri ilə maraqlı müsahibələr yer alıb.
Kitabın ön sözünün müəllifi Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qocadır. Fikrimcə, bu söhbətlər Pərvinin öz qarşısında hesabatıdır. Məhz bu məsuliyyət hissinin nəticəsidir ki, o, keçən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ədəbiyyat üzrə “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb. Sözsüz ki, bu uğurların əldə olunmasında Yazıçılar Birliyinin, bizim qocaman yazıçıların rolu da var. Amma müstəsna əhəmiyyət kəsb edən əlbəttə ki, onun ailəsidir. Elə bu tədbirdə də Pərvinin anası, ailə üzvləri iştirak edir, ona mənəvi dəstək olurlar”.

Çıxışının sonunda Rəşad Məcid Pərvinin bu pilləyə çatmasında çalışdığı Azərbaycan Dövlət Pedaqoji Universitetinin də mühüm rol oynadığını nəzərə çatdırıb. Bildirib ki, bütün bunlar Universitetdə necə ab-hava olduğuna bariz nümunədir. R.Məcid gənc yazarın bir vaxtlar Pedaqoji Universitetdə bakalavr, magistr pillələrində təhsil aldığını xatırladaraq hazırda onun həmin universitetdə müəllim işləməklə bərabər həm də doktoranturada oxuduğunu bildirib.

Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca Pərvinin qeyri-adi istedadından, yaradıcılıq həvəsindən danışdı:

“Pərvinlə təzə tanış olanda onun dinamikliyinə, istedadına vurulmuşdum. Bütün günü nəsə öyrənmək, yazmaq eşqindəydi. Hətta bəzən buna görə narahat olurdum ki, özünü tükədər, istedadı sönüb gedər.
Amma getdikcə daha çox əmin oluram ki, səhv etmişəm. Pərvinin “Söhbətlər” kitabının ön sözünü mən yazmışam. Amma kitabda mənim müsahibəm yoxdur. Yəni ön söz yazıb borcumdan çıxmamışam, ürəklə yazmışam.

Pərvin, rus, türk dilində kitabların çap olunub, çalış ki, bu siyahı daha da artsın. Amma birinci
növbədə həmişə Azərbaycan dili dursun”.

Pedaqoji Universitetin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının müdiri, professor Himalay Qasımov çıxış edərək Pərvinin müəllimlik fəaliyyəti, yaradıcılığı və özünəməxsus yazı tərzindən danışdı:

“Mən Pedaqoji Universitetin müəllimi olaraq bu gün Pərvin xanımın, öz yetirməmin, tələbəmin təqdimat mərasimində iştirak etməkdən qürur duyuram. Çox şadam ki, bu cür istedadlı insanla işləyirəm. Pərvin xanımın yaradıcılığında elə məqamlar var ki, təkcə savadla anlamaq olmaz, həm də fəhm, ədəbi duyum, bəsirət gözü lazımdır. Mehdi Hüseyn deyir ki, yazıçı tarixçi olmaya bilər, amma mütləq psixoloq olmalıdır.
Pərvin xanım psixoloq olmağı bacarıb. Bunu əsərlərindən, yazdığı hekayələrdən, qəhrəmanlarının iç dünyasından aydın görmək olar. “Söhbətlər” kitabında Pərvin xanım öz müsahiblərinin daxili dünyasını, düşüncələrini elə ustalıqla açıb göstərib ki, bizə təkcə alqışlamaq qalır. Özü gənc olsa da, toxunduğu məqamlar, seçdiyi təhkiyə üslubu göstərir ki, o, yazıçı kimi püxtələşib. Bir məqamı da qeyd edim ki, bu gün Pərvin xanımın həm də 30 yaşı tamam olur. Bu yaşda bu qədər uğur qazanmaq özü çox sözə əvəzdir”.

Çıxışına qədim Roma məsəli ilə başlayan professor, yazıçı-publisist Qəzənfər Paşayev qeyd etdi ki, natiqlər yetişir, amma şairlər doğulur:
“Hesab edirəm ki, bu deyimi yazıçılara da şamil etmək olar. Bu baxımdan Pərvin haqqında demək olar ki, o yetişməyib, doğulub. Pərvin həm də çox sadə, təvazökar bir insandır. Heç vaxt özünü gözə soxmur, həmişə öz işindədir. Həm ədəbiyyatla, həm də elmlə məşğul olur. Bunlar ikisi birləşəndə effektivlik daha da yüksək olur. Pərvinin yazılarını, hekayələrini məmnuniyyətlə oxuyuram, çox sevirəm. Arzu edirəm ki, elə bu templə də davam etsin, heç vaxt yorulmasın”.
Pedaqoji Universitetin professoru Rafiq Yusifoğlu istedad üçün mühitin vacib rol oynadığını qeyd edib:
“Bu gün öz tələbəmin kitablarının təqdimatında iştirak etməkdən çox məmnunam. Pərvin çox istedadlı yazardır. Amma təkcə istedad kifayət etmir, mühit əlverişli olmasa, istedad da sönüb gedər. Pərvin bu baxımdan çox şanslıdır. Bir tərəfdən Pedaqoji Universitet, onun savadlı müəllim heyəti, ədəbiyyata göstərdiyi diqqət, digər tərəfdən də Yazıçılar Birliyi, onun sədri Anar müəllim, katiblər – Fikrət Qoca, Rəşad Məcid, digər hörmətli yazıçılarımız Pərvinin bir yazıçı kimi yetişməsinə böyük təsir göstəriblər. Düşünürəm ki, yazıçı əsəri yox, əsər yazıçını yaradır. Pərvini də indi durduğu mövqeyə məhz yazdığı əsərlər gətirib”.

Rejissor Ramiz Həsənoğlu çıxışında qeyd etdi ki, Pərvinin yaradıcılığı çərçivələrə sığmır:

“Pərvinin yaradıcılığında dərin psixoloji ovqat yaratmaq məharəti duyulur. Məhz bu səbəbdən ona təklif etdim ki, o teatr üçün də əsərlər yazsın. Təklifmi qəbul etdi. Bu yaxınlarda onun əsərlərindən birinin səhnə variantını da görə biləcəksiz. Bununla da Pərvin sübut edir ki, o çərçivələrə sığmır, eyni zamanda həm pedaqoq, həm yazıçı, dramaturq, həm də publisist olmaq mümkündür”.

Professor Cahangir Məmmədli Yazıçılar Birliyinin Pərvinin timsalında gənclərə göstərdiyi qayğı və diqqətdən danışdı:

“Anar müəllimə təşəkkür edirəm. Çünki gənclərə əlindən gələn qədər dəstək olur, Birliyin gənc üzvlərini həmişə diqqətdə saxlayır. Onlardan biri də Pərvindir. Pərvinin hazırkı məqama çatmasında Yazıçılar Birliyinin rolu danılmazdır. Amma bu məktəb təkcə Yazıçılar Birliyi ilə məhdudlaşmır, “525-ci qəzet”i və Pedoqoji Universiteti də unutmaq olmaz. “525-ci qəzet” həmişə yazarlar üçün tribuna rolu oynayıb. Qəzetdə xüsusən gənclərə geniş meydan verilib. Hamı öz tələbəsiylə öyünmüşkən deyim ki, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də mənim tələbəm olub. Sənət əsəri özü məcbur edir ki, ona reaksiya verəsən. Bu mənada Pərvinin yazıları adamı məcbur edir ki, onlar haqqında fikir bildirəsən, yazasan. Jurnalistika yazıçının qələmini itiləyir. Pərvinin yazı dilinin bu qədər səlis, sərrast olması bundan irəli gəlir”.

Dramaturq Əli Əmirli müəllifin dramaturgiyasına diqqət çəkdi:
“Pərvinin dramaturji yaradıcılığı mənim üçün çox maraqlıdır. Son dövrlərdə gənclər arasında dramaturgiyaya meyl edən perspektivli yazarlardan biri də Pərvindir. Gənc Tamaşaçılar Teatrında “Qoğalın sərgüzəştləri” pyesinin ictimai baxışında oldum. Çox maraqlı tamaşa alınıb. Hiss olunur ki, müəllif teatrı duya bilir, onu sevir. Bunula yanaşı, öyrənməyə can atır, işləməyi bacarır, zəhmətdən çəkinmir, ən vacib məqam da elə budur. Pərvinin “Balerina” əsərində dramaturji aspektlər var. Ümumiyyətlə, onun yaradıcılıq diapazonu çox genişdir”.

Türkoloq-alim Tofiq Məlikli çıxış edərək bildirdi ki, tərifləri çox da ciddi qəbul
etmək, onlara uymaq lazım deyil:
“Bu cür tədbirlərdə deyilən sözləri, tərifləri bayram havası kimi qəbul etmək lazımdır. Çünki hamısı könlü xoş etməyə hesablanıb. Əvəzində ikiqat əzmlə, ikiqat məsuliyyətlə çalışmaq, deyilənlərə tənqidi yanaşmaq, doğru olanları tapmaq və inkişaf etdirmək gərəkdir. Pərvin mənim üçün işgüzar, ciddiyyəti ilə seçilən yaradıcı adamdır. Onun on barmağında on mərifət var. Uzun danışmaq olar bu barədə. Sözümü elə başladığım kimi bitirmək istəyirəm. İstedad sərvətdir. O sərvəti qorumaq, doğru yanaşmaq, israfçılıq etməmək lazımdır”.

Tənqidçi Vaqif Yusifli yaradıcılıqda zəhmətin, əzmin çox vacib olduğunu xüsusi vurğuladı:

“Bəzən yeni imzalar arasında elələri olur ki, onların barəsində çox yüksək fikirdə oluram. Amma sonra görürəm ki, yanılmışam. Bircə atımlıq barıtı var, istifadə elədi, tükəndi. Bax bu səbəbdən istedada, yaradıcılığa məsuliyyətlə yanaşmaq lazımdır. Pərvinin ilk hekayələrindən yaradıcılığını izləyirəm. Bu barədə “525-ci qəzet”də yazı da yazmışam. Nəsrin kiçik janrlarından hesab olunan hekayələrdə böyük mətləblərə toxunmaq, insan düşüncələrinin dərin qatlarına baş vurmaq, mənəvi aspektləri açıb göstərmək istedad tələb edir. Düşünürəm ki, sadaladıqlarım Pərvində alınır. Pərvinin hekayələrinin qəhrəmanları adi adamlardır.
Onlar həyatın qəribəlikləri, gözlənilməz hadisələr, hisslər burulğanı, çətinliklərlə mübarizə aparır və həmişə də inanırlar ki, yolunda getməyən hər şey günün birində qaydasına düşəcək. Həqiqətən də sonluqda hər şey öz yerini tapır. Pərvinin publisistik yazıları da çox istedadlı şəkildə yazılıb. O, müsahibə janrına bir növ yenilik gətirib. Adətən müsahibə aşıqların deyişməsinə bənzəyir. Yaxud da həmsöhbətin daxili dünyasına, yaradıcılığına, həyat yoluna bələd olmadan müsahibə götürmək istəyirlər. Pərvindəsə hər şey yerli-yerindədir, həmsöhbəti dərindən öyrənir, onun mənəvi dünyasına baş vurur, ürəyini dindirəcək suallar verir.

Hesab edirəm ki, bu özü də istedaddan irəli gələn faktordur. Bəzən elə nüanslara, məqamlara toxunur ki, Pərvinin müsahibə janrına gətirdiyi yeniliyə göz yummaq olmur. Pərvin həm də elm üçün yaranıb. Əgər istəsə gələcəkdə maraqlı elmi yazılar yaza, araşdırmalar apara bilər… Mən Pərvinə uğurlar arzulayıram və çox qısa zaman kəsiində bu qədər nailiyyət əldə etməsini alqışlayıram”.

Pedaqoji Universitetin müəllimi Təranə Əzimli Pərvinin pedaqoji fəaliyyətini önə çəkdi:

“Pərvini magistraturada təhsil alanda tanımışam. Müsbət auralı, həmişə pozitiv, gülərüz, mehriban bir qız kimi yadımda qalıb o vaxtdan. Sonra iş elə gətirdi ki, ona magistraturada dərs deməli oldum. İlk hekayələrini o zaman oxumuşdum. İstedadlı qız olduğuna şübhəm yox idi. Bu istedad onun müəllimlik fəaliyyətində özünü göstərir. Dərsi tələbələrə sevdirə bilir, mövzunu tam əhatə etməyi bacarır”.

Yazıçılar Birliyinin katibi İlqar Fəhmi “Söhbətlər” kitabının məziyyətlərindən danışdı:
“Jurnalistikada müsahibə anlayışı üç cür olur. Birinci odur ki, jurnalist həmsöhbətinə nifrət edir, hər vəhclə onun pis tərəflərini göstərməyə, paxırını açmağa, öz dili ilə belə demək mümkünsə, bədnam etməyə çalışır. İkincisi, jurnalist üçün qarşısındakının kim, nəçi olması maraqlı deyil, həmsöhbət yalnız vasitədir. Onun hesabına özünü reklam etməyə çalışır, özünün ağlını, savadını nümayiş etdirir. Bir də var üçüncü anlayış – əsl jurnalistika. Burada jurnalist həmsöhbətini sevir, ona hörmət bəsləyir. Əsas obyekt kimi də həmsöhbətini nəzərdə tutur. Elə tənzimləyir ki, gedişatda özü nəzərə çarpmır. Ustalıqla, yerində verilmiş suallar sayəsində həmsöhbətin daxli aləmi, yaradıcılığı üzə çıxır. Pərvinin publisistikası üçüncüyə aiddi. Özü görünmür, həmsöhbətin arxasında gizlənib. Əsas fiqur müsahibdir, amma hardasa hiss olunur ki, gizli əllər söhbəti nizamlayır, axarına çəkir. “Söhbətlər” kitabı bu baxımdan əvəzsiz bir topludur”.

Pedaqoji Universitetin professoru Yaqub Babayev Pərvinin uğurlarından söz açdı:
“İstedadın itməməsi üçün ilkin şərt mühitdir, daha sonra qayğı, yol göstərən düzgün adamlar gəlir. Pərvinin uğurunun sirri düşdüyü mühitin münbit olmasındadır. Əvvəlcə Pedaqoji Universitet, daha sonra Yazıçılar Birliyi, “525-ci qəzet” və sairə. Lakin bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, istadad sahibi də boş oturmamalı, öz üzərndə çalışmalı, zəhmət çəkməli, istedadını cilalayıb gözəl əsərlər ortaya qoymalıdır.
Pərvin münbit şəraitdən istifadə edərək öz istedadından bacarıqla faydalanıb və hazırkı mövqeyə çata bilib. Bir az obazlı şəkildə desək o, qələmin zəncirlənmiş Prometeyi, əzabkeşidir. Xalqların pasportu onların böyük şəxsiyyətləridir. Azərbaycanlı Nobel mükafatı laureatı da hələ ki, yoxdur. Baxmayaraq ki, bu mükafatın bütün kapitalı Bakı neftinin hesabına yaranıb. İnanıram ki, Pərvin Nobel mükafatını ala biləcək və biz onun Nobelə layiq göülmüş əsərinin müzakirəsinə toplaşacağıq”.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar hər bir gözəl əsərə sevindiyini dilə gətirdi:

“Mən hər bir gözəl əsərə sevinirəm. Əgər bu əsər Azərbaycan yazıçısının qələmindən çıxıbsa, buna ikiqat sevinirəm və bu əsər üstəlik gənc qələm sahibinin əsəridirsə, buna üçqat sevinirəm. Bu kitablara görə Pərvin çox təriflənib. İlk kitab təqdimatında demişdim ki, bu təriflərdən başı gicəllənməsin, arxayınlaşmasın, yoluna davam etsin. İndi o vaxtdan iki il keçib, məlum olub ki, Pərvinin təriflərə qarşı immuniteti var; yenə öz işində, yazı-pozusundadır, əvvəlki kimi inadla irəliyə can atır. Pərvin haqqında nə demək olar? Birincisi istedadlıdır, bunu heç cür danmaq olmaz. Onun “Balerina” povesti çap olunanda hamı təsdiq etdi ki, bu əsər istedadlı qələmdən çıxıb. İkincisi, ağıllıdır. Bu, Pərvinin “Söhbətlər” kitabındakı müsahiblərdən də aydın görünür. Pərvin həmsöhbəti barəsində ətraflı məlumat toplayır, onun daxili dünyasına girməyə çalışır. Onunla bərabər səviyyədə söhbət edir. Üçüncü müsbət keyfiyyəti zəhmətkeşliyidir. Buna əyani sübut kimi “525-ci qəzet”in şənbə nömrələrinə baxa bilərsiniz.
Müxtəlif layihələrlə çıxış edir. Hər yazının arxasında istedaddan, ağıldan başqa böyük zəhmət də durur.
Burada Pərvinin ailə üzvləri iştirak edir. Onların hamısını salamlayıram. Hər birinə təşəkkür edirəm ki, Pərvinə dəstək olub, onu Azərbaycan ədəbiyyatına qazandırıblar. Təbii ki, mən Pərvinin yetişməsində müstəsna xidmətlərinə görə çalışdığı Pedaqoji Universitetə, “525-ci qəzet”ə, onun baş redaktoru Rəşad Məcidə də təşəkkür edirəm. Pərvin insan kimi də çox işıqlı, müsbət aurası olan insandır. Geniş erudisiyası onunla hər mövzuda söhbət eləməyə imkan verir. Bu gün həmçinin Pərvinin doğum günüdür, 30 yaşı tamam olur. Bununla bağlı bir misal çəkim. Tanınmış italyan aktrisası Sofi Lorendən soruşurlar ki, sizin həyatınızın ən gözəl 10 ili hansı olub? Cavab verir ki, 29 yaşımla 30 yaşım arasındakı 10 il. Arzu edirəm ki, Pərvinin də hər yaşı arasındakı il bu on il qədər gözəl keçsin”.

Sonda çıxış edən müəllif iştirakçılara öz təşəkkürünü bildirdi:

“Belə təqdimatlarda müəlliflərin çıxışları daha çox təşəkkürlərdən ibarət olur. Mənim də o qədər adama bağlılığım, təşəkkürlərim var ki, bir az uzun danışmalı olacam. Son beş ildə, dayanmadan düşünürəm ki, 30 yaşımdan qorxuram, 30 yaşımda nəsə olacaq. Dünən də pessimist fikirlər məni bürümüşdü. Artıq 30 yaşım gəlib çatıb. Daha bir on illiklə vidalaşıram. Amma bilsəydim ki, 30 yaşım bu qədər gözəl keçəcək, bu qədər əndişələnməzdim, daha da tez gəlməsini istəyərdim. Belə günlərdə adətən adam özünün yox, başqalarının ovqatına, dediklərinə diqqət yetirir. Kim nə dedi, kim necə baxdı və sairə. Bu gün sizlərin sayənizdə çox unudulmaz bir gün yaşadım. Buna görə də ayrıca təşəkkür edirəm. Əlbəttə, yaradıcı adam bütün xoş sözlərin, təriflərin dərinliyinə getsə, onları yadında saxlasa, bu, sadəcə son olar. Özünü zirvədə hiss edər. Zirvədən o tərəfdə isə eniş başlayır.

İki il əvvəl ilk kitabımın təqdimatında Anar müəllim demişdi ki, bütün təriflər sənin üçün avansdır. Bu iki il ərzində bu sözləri bir gün də olsun unutmamışam. Çalışmışam ki, o avansı ödəyim, həmin etimadı doğruldum. Bu gün deyilən sözləri, edilən tərifləri daha bir avans kimi qəbul edirəm. Qarşıdakı illərdə yenə bu etimadı doğrultmağa çalışacam.

Burada mənim doğmalarım, ailə üzvlərim iştirak edir. Onların hər birinə ayrıca təşəkkür edirəm. mənə bu illər ərzində dəstək olduqlarına və hətta dözülməz olduğum vaxtlarda dözdüklərinə görə. İş yoldaşlarım, müəllimlərim, kafedra müdirim, elmi rəhbərim burda iştirak edir. Çox sağ olsunlar hər biri. Ədəbiyyat tarixi bəzən müəyyən bir dövrü ayrıca araşdırır. Əminəm ki, illər sonra XXI əsrin əvvəllərində ədəbiyyata gələn yazarların yaradıcılığı araşdırılan zaman bir insanın adı mütləq çəkiləcək. O insan Rəşad Məciddir. Çünki məhz bu illərdə bütün gənclərin ədəbiyyata gəlməsində Rəşad Məcidin, “525-ci qəzet”in çox böyük rolu var. Bu gün cümlə yaza bilirəmsə, sərbəst şəkildə auditoriya qarşısında çıxış edə bilirəmsə, bütün bunlar Rəşad Məcidin və “525-ci qəzet”in sayəsindədir.

Ön sözlərin müəlliflərinə təşəkkür edirəm. Yaradıcılıqlarını, şəxsiyyətlərini örnək bildiyim, yazıları ilə böyüdüyüm adamların-Anar müəllimin, Fikrət müəllimin haqqımda söz demələri, yazı yazmaları əlbəttə, çox böyük fəxr və məsuliyyətdir. “Söhbətlər” kitabı barədə bir neçə kəlmə deyim. Həmişə bu məqamı vurğulayıram ki, o insanlar yadımdan çıxmır ki, onlardan nələrsə əxz etmişəm. Bax, bu kitabda adı gedən hər bir adamdan mən nələrsə öyrənmişəm.
Son olaraq onu qeyd edim ki, Azərbaycanda, ümumiyyətlə, bütün dünyada gender məsələsi çox müzakirə olunur. Bu bəzən bir qədər ifrat həddə çatıb hətta. Tez-tez mətbuatda müzakirələr keçirilir. Bu qədər müzakirə bəzən qadınların da başını gicəlləndirir. Amma bu barədə, mühafizəkar görünsə də, fikrimi deyim ki, qadın dünyaya gələrkən əsas missiyası sadəcə, elə Qadın olmaqdır. Hər şey bundan sonra gəlir.
Yazıçılıq da, ictimai fəaliyyət də, hansısa elmi fəaliyyət də. Şəxsən mənim bütün əlavə işlərim qadın kimi vəzifələrimdən, işlərimdən oğurladığım zamanın hesabına başa gəlir. Fürsətdən istifadə edib mənim bu “oğurluğumu” üzümə vurmayan, səhərə kimi yanan işığa, evdən çəkilməyən klaviatura səsinə dözən, həm də mənə dəstək olan insana təşəkkür edirəm”…

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."