www.sinerjipro.net

SinerjiProWide
Reklam

behrambeyMüsahibim kikboksçu Nehir Rəcəbzadədir. O, azərbaycanlı ailəsinə gəlin köçmüş türkiyəli idmançıdır. Nehir Rəcəbzadənin yoldaşı, tanınmış kikboksçu əslən cənubi Azərbaycandan olan Bəhram Rəcəbzadədir.

Bəhram və Nehir Rəcəbzadələr Azərbaycanda kikboks üzrə yığmanın üzvləridir . Hər ikisi beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandırır.

Nehir Rəcəbzadə Yeniçağ.az-ın oxucularına həm ailəsindən, həm də idmandan danışdı.

– Nehir xanım, ilk olaraq sizi tanıyaq.

– 1989-cu ildə Türkiyənin Adana şəhərində anadan olmuşam. 7 yaşımdan idmanla məşğulam. İdmana həvəskar kimi taekvondo ilə başladım, peşəkar şəkildə voleybolla məşğul oldum, futbol oynadım və 18 yaşıma qədər müxtəlif idman növlərində özümü sınadım. Sonra universitet həyatım başladı. Əslində isə uşaqlıqdan həmişə döyüşmək xəyalım vardı. O zamanlar “Zeyna: Döyüşçü Şahzadə” adlı bir film vardı. Filmdə baş rolda çıxış edən qız mənim kumirim idi. Universitet illərində -2009-cu ildə idmana döyüş növü ilə başladım. İlk yarışı bir ay sonra keçirtdim. 5 görüşdən 4-də qələbə qazandım. 5-ci rəqibim iranlı idmançı idi. Sonuncu döyüşümdə qabırğam çatladı və qələbəni rəqibə verməli oldular. Bununla da döyüş həyatım başladı. 2013-cü ildə Masallı şəhərində muay-tay üzrə keçirilən Dünya çempionatında qalib oldum. Türkiyədə muay-tay döyüşündə Avropa çempionatı mükafatçısıyam. Hazırda Türkiyə və Azərbaycanın milli komandalarında çıxış edirəm. Mənim əsas sahəm muay-taydır, amma kikboksla da məşğulam. Azərbaycanda kikboks milli komandasının, Türkiyədə isə muay-tay yığmasının üzvüyəm.

– Qarşıda yarış varmı?

– Respublika çempionatında döyüşəcəm. 48, 52 ya da 55 kq. çəki dərəcələrində gücümü sınayacam. Hər üç çəkidə də özümə inanıram. Bu yarışa çox yaxşı hazırlaşıram.

– Maraqlıdır, yerli qadın idmançıların sizə qarşı hansısa qısqanclığı varmı?

– Bir az. Deyəsən buradakı qadın idmançılar mənə güzəşt olunduğunu düşünürlər. Bilmirəm, niyə?!
Amma hörmətlərini də hiss edirəm. İki gün əvvəl ad günüm idi.
Şəklimi paylaşıb, təbriklərini yazıblar. Onlara öz təşəkkürümü bildirirəm.

– Bəlkə onlar bu güzəştin yoldaşınıza görə olduğunu düşünürlər?

– Yox, inanmıram. Deyəsən, onların düşündüyü güzəşt türk olduğum üçündür. Yəni başqa ölkədən gəldiyim üçün mənə daha fərqli davrandıqlarını zənn edirlər. Məncə, haqlı deyillər. Rinqə çıxırıq, bunun sonunda məğlubiyyətdə ola bilər, qələbə də… Əlimdən gələni edirəm. Bu ölkənin çörəyini yeyirəmsə, bayrağını da qürurla qaldıraram. Hələ bir ildir ki, Azərbaycan adına döyüşürəm. Çox az yarışım olub.

– Azərbaycana nə vaxt gəlmisiz?

– Ötən ilin dekabrında Bakıdayam.

– Nehir xanım bir az əvvələ qayıdaq. Bəhram bəylə necə tanış oldunuz?

– Uşaqlıqdan Azərbaycana böyük sevgim var. Xoşbəxtəm ki, qəlbimin də sevgisini burda tapdım. Bəhramla Bakıda tanış oldum: 2013-cü ildə Masallıda keçirilən Dünya çempionatında… Mən onda Türkiyə Milli komandasının heyətində çıxış edirdim. Həyat yoldaşım isə İran milli komandası ilə gəlmişdi. Yarışda tanış olduq, sonra o İrana, mən də Türkiyəyə qayıtdım. Bir müddət sonra Bəhram Türkiyəyə gəldi. İkimiz də mənim vətənimdə “döyüşürdük”.
Türkiyədə bizim toyumuz təzəlikcə olub. Burda da toy etmək istəyirik. Sizin dillə desək, qız tərəfin toyu olub, indi də növbə bəyindir.

Son iki ildə mənim məşqçim Bəhram idi. Buraya gəldikdə isə öz yarışları çoxaldı deyə, mənim hazırlığıma çox vaxt ayıra bilmədi. Buna görə də indi başqa məşqçi ilə çalışıram. Hədəfimiz öncə Respublika çempionatında birinci olmaq, sonra beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandırmaqdır.

– Karyeranız ərzində ən böyük zədəniz nə olub?

– Qabırğam sınmışdı. 6 ay heç nə etməməli idim. Heç bir ağır iş görməməli, günümün çoxunu yataqda olmalıydım. Həkimin dediklərinə dəqiq əməl etdim. Düz 6 ay tamam olan kimi məşqlərə qayıtdım.

– Ünsiyyətinizdə problem olmayıb?

– Çox şükürlər olsun ki, yox… Amma onu da deyim ki, evləndikdən bu yana Bəhram məni çox “döydü”. Zarafat etmirəm, mən sizə şəkillər göstərə bilərəm. (gülür) Yox, əlbəttə ki, bu “döymək” rinqə aid idi. Çünki uğur qazanmağımız üçün əziyyət çəkmək mütləqdir. Məhz o əziyyətin nəticəsində Avropa və Dünya çempionu oldum. Ailədaxili münasibətlərdə isə Bəhram mənə çırtma da vurmaz.

– Bəs azərbaycanlı ailəsində türk gəlin necə qarşılandı? Bu gün Bəhram bəyin ailəsi ilə münasibətiniz necədir?

– Şükürlər olsun ki, çox yaxşı. Heç bir problemimiz yoxdur. İlk günlər ünsiyyətdə çətinlik çəkirdik. Azərbaycan dilini anlayana qədər çətinliyim vardı. Artıq alışmışam. Demək olar ki, sizin terminləri, sözləri bilirəm. İndi Azərbaycan dilində demək olar ki, yaxşı anlayıram, amma danışa bilmirəm.

– Bu bir il ərzində Azərbaycana uyğunlaşa bildinizmi?

– Ən başda 3-4 ay çətinliyimiz oldu, amma artıq öyrəşmişik.

– Bəs sizin ailəniz bu evliliyə nə dedi?

– Çox da anormal qarşılamadılar. Çünki ailəm məni də yaxşı tanıyır. Ailəm idmanı anlamasa da məşqimə, yarışlarıma gəliblər. Mənim də seçimimə hörmətlə yanaşdılar. Eyni işi görməyimizə sevindilər. “Müsəlman olsun, insan olsun, tərbiyəli olsun bizə yetər” dedilər.

– Bəhram bəy sizə sevgisini necə izhar etdi?

– Onun mənə ilk sevgi təklifi sosial şəbəkədə oldu. Belə ki, Bakıdakı yarışda tanış olduq. Amma elə də bir-birimiz haqda məlumatımız yox idi, “salam-sağ ol”umuz vardı. Yarışdan sonra da hərə öz evinə qaytdı.
Bir ay sonra məni “facebook”dan tapdı, yazışmağa başladıq. Onu da vurğulayım ki, birinci o yazdı (gülür). Normal yazışırdıq. Bəhramın da Türkiyədə 1 aylıq təlim-məşqi oldu. Sonra telefonla danışmağa başladıq. Yəni mənə görə bir az çətin oldu. Çünki öncə qəbul etməmişdim. Bir az sınayıb, süründürmək istədim (gülür) Sonra alındı.

– Bəs sizi necə cəlb etdi?

– Mən öncələri bu münasibətin olmayacağını düşünürdüm. Çünki mən Türkiyədə idim, o, İranda. Şərtlərin çətin olacağını fikirləşirdim. Çox israr etdi və mənə gərçəkdən sevgisini sübut etdi. Hətta mənə təməlli Türkiyəyə köçəcəyini söylədi. 3 il sevgili olduq.

Evləndikdən sonra bizim işimiz elə idman oldu. Bilirsiniz ki, Bəhram dünyasəviyyəli bir idmançıdır, inşallah daha da yaxşı olacaq. Mən də idmanımı davam edirəm. Hönkür-hönkür ağlayaraq, məşq etdiyim günlərim olub. İnşallah, ikimizi də əlimizdən gələnin ən yaxşısını edəcəyik.

– Bəhram bəy sizə yəqin bu barədə deyib. Bəs o, sizin nəyinizi bəyənib?

– Qoy elə bunu Bəhrama sual verim. (gülür)
(söhbətə Bəhram bəy də qoşulur)

– Gözlərini və danışıq tərzini bəyəndim. Hər zaman demişəm yenə deyirəm, bunlar məni cəlb etdi. Mən onun o danışıq tərzinə heyranam.

Nehir xanım – Bu mövzuya çox da girmək istəmirdim, siz soruşdunuz deyim. Danışarkən diqqətini çəkmişəmmiş. Mən isə onun ən çox mənə olan sevgisindən xoşlandım. Onun kimi sevən bir adam görmədim. O həm rinqdə, həm də sevgisində mübarizə aparan biridir.

– Bu gün də?

– Bəli, bu gün də sevgisi üçün vuruşur. Bizim sevgimiz hələ də ilk günkü kimidir, heç dəyişmədi Allaha şükür.

– Bəhram bəyin sevginiz üçün ən böyük fədakarlığı nə oldu?

– Oldu, çox oldu.

Bəhram Rəcəbzadə müdaxilə edir:

– Ailəmi buraxdım. Uzun müddətdir Urmiyada yaşayan atamı, anamı görmürdüm. Amma ailə üzvlərim Türkiyədəki toyumuza gəlmişdilər. Bir gün belə Nehirdən uzaq qala bilmirəm. İrana bu gün də gedə bilərəm amma getmirəm. Getsəm də ancaq Nehirlə bərabər gedərəm, yoxsa mümkün deyil.
Nehir xanım davam etdi:

– Ailəsini buraxdi deyərkən yəni “atdı” anlamında deyil. Yəni bütün hər şeyini toplayıb, gəldi Türkiyəyə… Bu gün də telefonla əlaqəmiz var.

– Qısqanclıq varmı?

– Əslində sevən insan qısqanır. Amma həddən artıq qısqanc deyilik. Heç həyatımızda ciddi qısqanclıq yaşamadıq.
Yenə Bəhram bəy müdaxilə edir: “Dənizə gedəndə mənim “futbolka” ilə üzməyimi israr edir. Mən də sözünü yerə salmıram. Avropalıların toplaşdığı Antaliyada mən dənizə dizdən aşağı uzun şortda və “futbolka”da girirəm”(gülür).
Özünə haqq qazandırmağa çalışan Nehir xanım:

– Əslində, Bəhrama tez göz dəyir. Sonradan məşqdə ayağı sınır ya da başqa bir zədəsi olur. Mənim də təkidimin səbəbi əslində sırf nəzərə görədir. Baxmayaraq ki, Bəhram elə demir (gülür). Amma mən ona sonsuz güvənirəm.

– Bəhram bəyin ləqəbi “Altun Qurd”dur. Bəs sizin?

– Əslində, mən özümə kinodakı kimi “Döyüşçü şahzadə” ləqəbi götürmüşəm. Bəhramın isə mənə qoyduğu ləqəb “sarı papatya”dır.

– Bəs heç federasiyanın prezidenti Adil Əliyev sizinlə görüşüb?

– Təbii ki, görüşmüşük. Ona çox sağ ol deyirəm ki, bizim ikimizə də diqqət edir. Bizim Bakıda yaşayıb, işləməyimiz üçün köməkliyi danılmazdır. O, bizə dəstəyini əsirgəmir.

 

Aygün İlqarqızı

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 278
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.