www.sinerjipro.net

SinerjiProWide
Reklam

88469Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin 10 milyonunu, Zaur Hüseynov Bakı Metropoliteninin 2 milyon manatını xilas etmək istəsələr də, cəhdləri nəticə vermir; qurumda vəziyyət son dərəcə kritikdir; hüquqi və fiziki şəxslər vəsaitlərini çıxara bilmir; əsas qalmaqal “Araş” firmasının 15 milyonunun oğurlanmasından sonra başlayıb…

“Bank Technique”də yaranmış vəziyyətlə bağlı ötən saylarımızda məlumat vermişdik. Məlumatda iddia olunurdu ki, bankda vəziyyət son dərəcədə pisləşib. Fiziki və hüquqi şəxslər vəsaitlərini ordan çıxara bilmirlər. Buna görə də bank rəhbərliyi ilə müştərilər arasında ciddi qalmaqal yaranıb. Bankın Babək prospektində yerləşən baş ofisində hər gün qarşıdurma yaşanır. Ötən həftənin sonlarında “Bank Technique” bu xəbərlərlə bağlı press-reliz yaydı. Orda göstərilirdi ki, bank tam müflis olmayıb. Amma bankın bir çox qurumlarla əməkdaşlığı dayandırdığı, o cümlədən ixtisarlara getdiyi etiraf olunurdu.

Ötən gün vəziyyəti yerindəcə dəqiqləşdirmək, yayılan məlumatların nə dərəcə düzgün olub-olmadığını aydınlaşdırmaq üçün müxbirimiz “Bank Technique”nin baş ofisində olub.

***

Yenicag.az xəbər verir ki, Musavat.com-un əməkdaşı baş ofisdə qələbəliklə rastlaşıb. Müxbirin qeydləri: “Ofisə gələn əmanətçilər pullarını geri çəkmək üçün növbəyə dayanırlar. Bankın durumu əmanətçiləri çox narahat edir. Növbə gözləyən əmanətçilərdən birinə yaxınlaşıb pullarını geri çəkməsinin səbəbi ilə maraqlandıq. Əmanətçi dedi ki, ”qara gün” üçün əlində olan 20 min manatı banka yatırıb. “Bu bank yaxşı faizlər verirdi. Evimi satıb pulun bir hissəsini gətirib qoymuşdum bura. İldə 1 dəfə faizləri alıb başımıza çarə qılırdıq. İndi deyirlər ki, burada da vəziyyət çətindir. Pulu geri almaq istəyirəm, neçə gündür gedib-gəlirəm. Deyirlər verəcəklər. Amma vermirlər. Camaat da dayanıb, pulunu almaq istəyir. Hərəyə bir adla pulu vermirlər” – deyə əmanətçi bildirib.

Bankda olduğumuz vaxtda bir çox müştərilərin kassalara yaxınlaşıb pulları geri almaq üçün danışıqlar apardıqlarının şahidi olduq. Bank rəhbərliyi ilə görüşüb yaranmış vəziyyətlə bağlı açıqlama almaq istədik. Qapıdakı nəzarət məntəqəsində əyləşən yaşlı bir əmanətçini nişan verən mühafizəçi “müştəri 2 saatdır oturub gözləyir, hələlik heç kim yoxdur”, dedi. Bankın mətbuat xidmətinin rəhbəri ilə görüşmək niyyətimiz də baş tutmadı. Mühafizəçi az əvvəl xidmət rəhbərinin bir çox işçilər kimi tutduğu vəzifədən azad edildiyini söylədi”.

***

Özəl mənbələrin “Yeni Müsavat”a verdiyi məlumata görə, “Bank Technique”də vəziyyət hər gün daha da pisləşir. Qaynağımız deyir ki, bankda xeyli dövlət qurumunun vəsaiti hələ də qalmaqdadır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi bankla əməkdaşlığı dayandırsa da, 10 milyon manat pulu hesabdan çəkə bilmir. Nazir Heydər Əsədov dəfələrlə bank rəhbərliyinə müraciət etsə də, deyilənə görə, ortada nəticə yoxdur. Bizə çatan məlumatda o da bildirilir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident Administrasiyasına, baş nazir Artur Rasizadəyə də şikayət edib. Lakin hər iki instansiya ona deyib ki, nazirliyin pulunu bankdan çıxarmasına hər hansı köməklik göstərə bilməyəcəklər.

Bakı Metropoliteninin də “Bank Technique”də xeyli pulunun “ilişib” qaldığı deyilir. Bank metropolitenlə əməkdaşlığı dayandırsa da, onlar hesabdakı qalıq pulu çəkə bilmirlər. Məlumatlara görə, Bakı Metropoliteninin “Bank Technique”də 2 milyona yaxın vəsaiti qalır.

Bankda hesabı olan qurumlardan daha bir neçəsinin adı bizə məlumdur: notariuslar, Baş Dövlət Yol Polisi İdarəsi, “Santral Elektrik” şirkəti və s. Adıçəkilən qurumlar öz hesablarını bankdan çıxarsalar da müəyyən məbləğdə pullarının hesablarda qaldığı bildirilir.

Əmanətçilərin redaksiyaya verdiyi bilgilərə görə, pulunu istəyən əksər müştərilər, o cümlədən dövlət qurumlarının rəhbərləri açıqca şantaja, təhdidə məruz qalır. Xəbər qaynaqlarımız iddia edir ki, depozit sahiblərini hüquq-mühafizə orqanları ilə hədələyib geri çəkilmələrini, hətta puldan imtina etmələrini tələb edirlər.

Redaksiyaya çatan xəbərlərdə başqa nüanslar haqda da söhbət açılır. Onlardan bir neçəsinə nəzər salaq. Məsələn, deyilənə görə, müştərilərin cari hesablarından tutulan vergilər dövlətə ödənmir. Bankda hazırda depozitlərin və cari hesabların üst-üstə 250 milyon civarında olduğu deyilsə də heç bir əməliyyat aparılmadığı söylənir.

Xatırladaq ki, bu ilin may ayında “Bank Technique”də ciddi yoxlamalar olub. Qaynağımızın dediyinə görə, həmin vaxt bankın İdarə Heyətinin sədri Rövşən İsmayılov 3 gün həbsdə olub. Onun fiziki təzyiqlərə məruz qaldığı haqda da xəbərlər dolaşır. Düzdür, o ərəfələrdə R.İsmayılov mətbuata açıqlamasında bunları təkzib etmişdi, amma mənbəmiz israrla iddia edir ki, deyilənlər həqiqətdir…

Bankın filial binalarının satışa çıxarıldığı barədə də məlumatlar var. Deyilənə görə, Quba, Xaçmaz, Neftçala, Qaradağ, Tovuz və s. rayonlardakı filialların binaları satışa çıxarılıb. Lakin bu əmlakları hələ də alan yoxdur.

Bank haqqında başqa bir maraqlı xəbər də almışıq. Həmin xəbərdə bildirilir ki, “Araş Medical” firmasının “Bank Technique”də 15 milyon manat vəsaiti batıb. Bu firmanın Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevə məxsus olduğu da iddia edilir. “Bank Technique”də yeyintilərlə bağlı yoxlamaların məhz “Araş Medical” firmasının hesabındakı pulların yoxa çıxmasından sonra intensivləşdiyi də bizə gələn xəbərlər sırasındadır.

Xatırladaq ki, “Bank Technique” 2012-ci ilin yazından Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin tabeçiliyə verilmişdi. 2015-ci ilin martında C.Hacıyev Beynəlxalq Bankın rəhbəri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onun nəzarətindəki banklarda külli miqdarda yeyinti faktları aşkarlandı. 40-dan çox iş adamı Beynəlxalq Bankdan götürüb qaytarmadığı kreditlərə görə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. Sonradan onlar kreditləri qaytaracaqları haqda öhdəlik götürdükləri üçün sərbəst buraxıldılar. Lakin “Beynəlxalq Bank işi”nə görə bu günə kimi barəsində həbs-qətimkan tədbiri seçilmiş bir neçə iş adamı, bank işçisi var.

“Bank Technique” də məhz C.Hacıyevin nəzarətində olduğundan məlum olaylarda orada da yoxlama aparıldı. Yoxlamalar zamanı ciddi maliyyə pozuntuları üzə çıxdı. Məlum oldu ki, Beynəlxalq Bankda olduğu kimi “Bank Technique”də də kassalar boşaldılıb.

Ekspertlər hər iki bankın kassalarının boşaldılmasını, milyardlarla manat pulun yeyilməsini dövlətə qarşı maliyyə sabotajı hesab edirlər.

“Qafqazinfo”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."