“Azercell”in bizi qanunsuz dinləməsinə dair şok ittihamlar

“Azercell”in bizi qanunsuz dinləməsinə dair şok ittihamlar

Müəllif: Redaktor

Editor

269d574b-f945-4213-bdf4-643ca0450084Yazılı və ya şifahi ədəbiyyatımızda səhvlərdən nəticə çıxarmaq böyüklük əlaməti sayılıb.

Amma görünən odur ki, cəmiyyətdə özünə mənfi imic formalaşdırmaqda davam edən “Azercell” şirkəti səhvlərini nəinki düzəltməyə, əksinə, bu arzuolunmaz əməllərini davam etdirməkdədir. Bunun isə, adını “Konstitutsiya” Araşdırmalar Forumunun prezidenti Əliməmməd Nuriyev özbaşınalıq kimi qiymətləndirir. Ə.Nuriyev özbaşınalığın aradan qaldırılması üçün dövlət qurumlarının, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ciddi tədbirlər görməsinin zəruriliyini söyləyir.

“Azercell”in xidmətindən kütləvi imtina oluna bilər

Bir qədər əvvəl nömrə daşınması xidməti istifadəyə verilərkən, belə ümid edildi ki, abunəçilər rahat və sadə şəkildə bir operatordan digər operatora keçəcəklər. Amma gözləntilər özünü doğrultmadı. Səbəb isə “Azercell”in qüsurlu xidməti və tətbiq etdiyi düzgün olmayan qaydaları oldu. Bunu çətin də olsa şirkətin rəhbərliyi etiraf edib. Jurnalistlərlə söhbətində “Azercell” MMC-nin prezidenti etiraf etmişdi ki, 10 milyon nəfərə yaxın abonenti olan 3 operatordan cəmi 5 minə yaxın abonent şəbəkə dəyişməsi həyata keçirib ki, bu da layihənin nə qədər mənasız olduğunu göstərir. Mobil operatorun prezidentinin mənasız hesab etdiyi bu layihə ilə yanaşı, “Azercell”in tətbiq etdiyi “Bölgələrdə xüsusi tarifdən yararlan”, “Azercell”dən pulsuz datakart alın, istifadə edin və bu kimi layihələrin də əhəmiyyətsiz olduğunu faktlarla sübut etmək olar.

Məsələn, “Bölgə” yazıb 7575-ə mesaj göndərdikdə yazılan cavabda təşəkkür edilməklə yanaşı, danışıq limitinin 1 dəqiqəsi 10 qəpik olacağı qeyd edilir. Halbuki reklam rolikində bu xidmətdən istifadə etməklə hər dəqiqəsi 5 qəpik, üçüncü dəqiqədən sonra isə pulsuz göstərilir.

Eyni zamanda, 10 qəpiklik də olsa, bu kampaniya yalnız Bakıda aktivdir. Bakıdan kənarda isə fəaliyyətsiz olduğu ilk mərhələdə özünü göstərir. Bu barədə 7575-ə mesaj göndərildikdə, cavab qısa olur. “Azercell”in müştəri xidmətinə və ya www.azercell.com-a müraciət edin. Bu rüsvayçı həngamə onu göstərir ki, “Azercell”in bu tip reklamları yalançı reklamlardır.

Bununla “Azercell” “Reklam haqqında Qanun”un tələblərini pozmaqla yanaşı, abunəçilərinə açıq hörmətsizlik göstərir. Məhz bu amilin nəzərə alındığındandır ki, artıq insanlar kütləvi şəkildə “Azercell”in xidmətindən imtina etməyə başlayıblar.

“Səs qəzeti”nə daxil olan şikayət məktublarında adları qeyd olunan 50 abunəçidən 48-i “Azercell”ə müqaviləni pozduğunu bəyan edir. 050-733-91-61 nömrəli abunəçi R.Rəsulov bildirir ki, ona pulsuz datakart verilsə də, maya dəyərindən bir neçə dəfə artıq onun balansından pul tutulub: “Datakartı aldığım zaman heç bir müqaviləyə imza atılmadı. Buna baxmayaraq, pulsuz olduğu üçün datakartı almalı oldum. Amma bir il hər ay 10 manat datakartın istifadəsi üçün pul ödəməli oldum. 2015-ci ilin mart ayında baha olduğu üçün bu xidmətdən imtina etdim. May ayında məlum oldu ki, 195 manat borcum var. Bu barədə “Azercell” müştəri xidmətinə müraciət etsəm də, haqqımı müdafiə edə bilmədim. Çıxış yolunu məhkəməyə müraciət etməkdə görürəm”.
“Çıxış yolu məhkəməyə müraciət etməkdir”

Hüquqşünas Səməd Vəkilov da “Azercell”in fəaliyyətindən narazı qalan abunəçilərin məhkəməyə müraciət etmələrini məsləhət bildi. Bizimlə söhbətində vəkil bildirdi ki, bu gün məhkəmələrdə “Azercell”dən narazı qalan insanların iddia ərizələri var: “Şəxsən mənim iştirakçısı olduğum məhkəmə prosesində yaşlı bir kişinin adına 7 min manat borc yazılması iddiasına baxılıb. Bu şəxs xarici ölkədə olan zaman internetdən 1-2 saat istifadə edib. Daha sonra internetdən çıxdığını düşünərək telefonu söndürüb. Amma “Azercell” iddia edir ki, internet bağlanmadığına görə abunəçinin adına borc yazılıb. Beləliklə borc 7 min manata qədər olub. Əslində isə, internetdən istifadəyə görə də müəyyən limit qoyulmalı, həmin limiti keçdikdən sonra nömrə bağlanmalı idi. Buna əməl etməməklə “Azercell” “İstehlakçı Hüquqları haqqında Qanun”u pozub”.

ADP sədri Sərdar Cəlaloğlu “Azercell”dən yanıqlı olduğunu bizimlə söhbətində açıqca nümayiş etdirdi: “”Azercell”in abunə xidmətindən istifadə etmişəm. Buna görə hər ay 250 manata yaxın pul ödəmişəm. Sonradan gördüm ki, “Azercell” soyğunçuluğa yol verir, məcbur olub sim karta keçdim. Bu zaman isə hər ay cəmi 20-30 manat pul ödəmişəm. Belə çıxır ki, “Azercell” əvvəlki dövrdə məndən 220 manata yaxın pul əldə edib. Bütün bunlar bu operatorun qeyri-qanuni yol tutduğundan xəbər verir”.

İsveçrədən gəlmiş televiziya əməkdaşlarına “Azercell”dən şikayət olunub

Sərdar Cəlaloğlu “Azercell”in onların danışıqlarını dinlədiyi barədə məlumatlarının olduğunu və Azərbaycan qanunlarına qarşı yönələn bu cür hərəkətlərinə hüquqi qiymət verilməsi üçün məhkəməyə də müraciət etdiklərini bildirdi: “İsveçrədən gəlmiş televiziya əməkdaşları “Azercell” haqqında film çəkirdilər. Onlar etiraf etdilər ki, “Azercell”ə bağlı söhbət etdikləri müsahiblərin heç biri mobil operator haqqında xoş söz deməyiblər. Mən də şirkətin fəaliyyətindən narazılığımı ifadə etdim”.

Yeri gəlmişkən bir məsələni də qeyd etmək yerinə düşər ki, “Azercell” həm də maliyyə maxinasiyaları ilə məşğuldur. Şirkətin əldə etdiyi 2,2 milyard manat gəlirdən yalnız 90 milyon manat vergi ödənişlərini həyata keçirib. Bu başqa mövzunun söhbəti olduğuna görə, təbii ki, növbəti sayımızda bu məsələyə geniş yer verəcəyik. Hələlik isə onu qeyd edim ki, maliyyə maxinasiyalarının davamı olan “Azercell” ekspress mağazalarında əsl vur-çatlasındır. Belə ki, “Azercell”in ekspress mağazalarının icarəyə götürülməsi üçün sənədlərdə icarə haqqı 150-200 manat göstərilir. Əlbəəl ödəmələr isə bundan 8-10 dəfə artıq olur. Fərqli qiymətin səbəbi isə vergi yayınmalarına nail olmaqdır. Yəni sənədlərdə 150-200 manat göstərməklə vergi ödənişlərini cüzi qiymətlə həyata keçirirlər. Əgər nəzərə alsaq ki, Azərbaycanın bütün bölgələrində “Azercell”in bütün mağazaları icarə formasında fəaliyyət göstərirlər, deməli, bu halda hər ay milyon manata yaxın vergi ödənişlərindən yayınma halları olur(Səs qəzeti).

Manşet, Araşdırma, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti