!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərsu" və "Azərişıq"ın özəlləşdirilməsi: "Məmurlar imkan vermirlər" - Ekspert

!Reklam – Yazi

Uzun müddətdir ki, bir sıra dövlət qurumlarının özəlləşdirilməsi vacibliyi vurğulanır. Hələ də “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, “Azərsu” ASC və s. bu kimi qurumlar özəlləşdirilməyib. Hansı ki, ölkədə iqtisadi inkişafa nail olmaq, rəqabət mühiti yaratmaq, əhaliyə göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək üçün bu kimi qurumların özəlləşdirilməsi labüddür.

Görəsən, hansı amillər sözügedən qurumların bu günə qədər özəlləşmədən kənar qalmasına rəvac verib?

Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında bildirdi ki, özəlləşdirilməsi vacib olan bir sıra dövlət qurumlarının hələ də prosesdən kənarda qalmasının yeganə səbəbi yüksək rütbəli məmurların mövcud vəziyyətin saxlanılmasında maraqlı olmalarından qaynaqlanır:

“Azərbaycan hökumətində təmsil olunan məmurlar “Azərişıq”, “Azəristilik təchizat” kimi qurumların bu günə qədər özəlləşdirilməməsinin səbəbini əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün bu xidmətlərdə guya sosial layihələrin həyata keçirilməsilə əlaqələndirirlər. Guya işıq və qaz təchizatında əhaliyə güzəştlər edirlər.

Hökumət sözügedən xidmətlərin özəlləşdirilməli olduğunu etiraf edir, amma əhalinin sosial vəziyyətini bəhanə edərək, onlara güzəştli xidmət göstərmək adı ilə hələ də özəlləşdirmədən yan qaçır. Əslində, hökumət bu xidmətləri özəlləşdirdikdən sonra da əhalinin sosial vəziyyətini nəzərə alaraq, onlara müxtəlif vasitələrlə dövlət büdcəsindən kompensasiya yolu ilə güzəştlər edə bilər. Lakin bunu etmirlər. Çünki məmurlar sözügedən sahələri özəlləşdirməməklə, həmin sektorlara büdcədən ayrılan vəsaitin müəyyən hissəsini mənimsəyirlər.

Məhz bu amil adıçəkilən və digər özəlləşməsi vacib olan sahələrin bu günə qədər özəlləşmədən kənarda qalmasına gətirib çıxarıb. Ona görə də bu günə qədər “Azərişıq”, “Azərsu” və digər qurumlar keyfiyyətli xidmət göstərə bilmirlər. Əhalinin bu kimi dövlət qurumlarından narazılığı həddən artıq çoxdur. Digər tərəfdən, həmin qurumların özəlləşdirilməsilə onların alternativləri də meydana çıxa bilər ki, bunun özü də hazırkı mövcud vəziyyətdən “qazanan” məmurların maraqlarına cavab vermir. Beləliklə, həmin qurumların özəlləşmək əvəzinə, hələ də dövlət xidməti olaraq qalmasının yeganə səbəbi büdcədən onlara ayrılan vəsaitlərin məmurlar tərəfindən oğurlanması ilə bağlıdır. Burada başqa səbəblər axtarmağın heç bir əsası yoxdur”.

ELÇİN

www.yenicag.az

2021
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv