!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın 61 yaşlı Birinci telekanalı

!Reklam – Yazi

Qafar Əsgərzadə
əməkdar jurnalist

Bu nəcib yol isə 1956-cı ilin 14 fevralında başlandı. Həmin gün Bakı Televiziya Studiyasının (indiki Azərbaycan Televiziyası) efirə çıxması ölkəmizin ictimai-siyasi və mədəni həyatında olduqca böyük hadisəyə çevrildi. Bu barədə çox danışılıb və yazılıb. Amma yenə də qeyd etmək yerinə düşər ki, 1926-cı il noyabrın 6-da fəaliyyətə başlamış Azərbaycan Radiosu ilə yanaşı şərəfli yürüşə 30 il sonra qoşulan Azərbaycan Televiziyası (AzTV) cəmiyyətimizin inkişafında müstəsna rol oynadı: doğma dilimizi, tariximizi, mədəniyyətimizi, incəsənətimizi qorudu, milli süuru və məfkurəni formalaşdırmaq missiyasını və maarifçilik ənənələrini davam etdirdi; siyasət, ictimaiyyət, elm, mədəniyyət və incəsənət xadimlərini, sadə vətəndaşlarımızı məmləkətimizə və dünyaya tanıtdı, ağır günlərimizin acı zərbələrini üzərinə götürdü, öz sıralarından şəhidlər verdi, dövlət müstəqilliyinin əldə olunması və Azərbaycanın dövlət quruculuğu yolunda fədakarlığını əsirgəmədi, məmləkətimizin əldə etdiyi nailiyyətləri bütün cahan ilə paylaşdı və paylaşmaqdadır.

Əminliklə demək olar ki, ölkəmizin birinci və əsas telekanalı hesab edilən AzTV çağdaş televiziya məkanımızın flaqmanına çevrilib. İstər yaradıcılıq potensialı, istərsə də maddi-texniki bazası ilə bu telekanal ölkəmizlə bərabər böyük inkişaf zirvəsi fəth edib. AzTV Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dönəmində 24 saatlıq yayıma keçib, öz sıralarını “İdman Azərbaycan” (2009-cu il), “Mədəniyyət” (2011) telekanalları ilə genişləndirib. Və bu məqamlar olduqca qürurvericidir!

AzTV-nin 61 illik tarixi ölkəmizdə baş vermış bütün ictimai-siyasi, mədəni hadisələri əks etdirən vizual salnamə ilə zəngindir. Bu məbədin mavi ekranından kimlər xalqa təqdim olunmayıblar? Onların adlarını bir məqalədə sadalamaq qeyri-mimkündür, cünki siyahı olduqca böyük alınar. Əgər dəyərli oxucuların xatirindədirsə, ölkəmizdə baş verən bütün maraqlı hadisələri məhz AzTV-də görmək olurdu. Cəmiyyətdə əks-səda doğuran bədii əsərlər – televiziya tamaşalarına, teatr kollektivlərinin səhnələşdirdikləri dram və komediyalar, opera və baletlər, kinematoqrafçıların çəkdikləri filmlər – təqdimat və müzakirə obyektinə çevrilirdi. Yerli istedadlarımız üzə çıxarılır, SSRİ məkanında və xaricdə ugur qazanan soydaşlarımız təbliğ edilirdi. Həmçinin, paytaxtımıza təşrif buyuran məşhur şəxslər seyrçilərə təqdim olunurdu. İnsanlarda elmə, dillərə, poeziyaya, musiqiyə, rəqsə, idmana böyük həvəs yaradan müxtəlif rəngarəng veriliş və proqramlar hazırlanırdı. Bütün bunlar xalqımızın ruhunu oxşayır, yüksək mənəvi qidaya çevrilirdi.

Bəxtiyar Vahabzadənin, Xudu Məmmədovun, Anarın, Vaqif Səmədoğlunun, Nüsrət Kəsəmənlinin, Ayaz Salayevin, İntiqam Qasımzadə və Aleksandr Qriçin, Kamal Abdullanın, Fərhad Bədəlbəylinin və digər ziyalılarımızın apardıqları verilişlər tamaşaçıların böyük rəğbətini qazanırdı.

Qara Qarayevin, Arif Məlikovun, Niyazinin, Fikrət Əmirovun, Tahir Salahovun, Müslüm Maqomayevin, Polad Bülbüloğlunun, Fərhad Bədəlbəylinin, “Qaya” vokal kvartetinin, Fidan və Xuraman Qasımova bacılarının, Sərxan Sərxanın Moskva və dünya məşhurları arasında görünmələri həmvətənlərimizi nə qədər məmnun edirdi!
Rəşid Behbudovun, Zeynəb Xanlarovanın dünya ölkələrinə qastrol səfərləri Azərbaycanda necə böyük fərəhlə qarşılanırdı! Bu səyahət və konsertlərdən hazırlanan verilişlər isə milyonlarla tamaşaçını ekran qarşısına toplayırdı. AzTV-nin hər yeni il ərəfəsində hazırladığı “Mavi işıq”lar yeni mahnıların, səhnə nömrələrinin geniş auditoriyaya təqdimatına cevrilirdi. O zaman ölkəmiz nəğməkar musiqi yaradıcılığının gurultulu, məhsuldar dövrünü yaşayırdi.
Ümummilli liderimiz Heydər Əliyevin hələ 1969-cu ildə hakimiyyətə gəlməsi AzTV-nin informativ yükünü daha da artırdı. Onun yorulmadan calışması, xalqımızı, ölkəmizi daim irəli aparmaq istəyi və səyi milli televiziyamızın da fəaliyyətinə müsbət mənada təsir edirdi. AzTV-nin istehsal etdiyi filmlər, proqramlar, verilişlər SSRİ-nin Mərkəzi Televiziyası vasitəsilə nümayiş etdirilir, Bakıda Ümumittifaq səviyyədə televiziya, kino festivalları təşkil olunurdu.
O zaman da Respublika Sarayında, paytaxtın digər tamaşa salonlarında keçirilən toplanışların, yubileylərin, yaradıcılıq gecələrinin, konsertlərin sayi-hesabı yox idi. Heydər Əliyev çox gərgin işləməsinə baxmayaraq, bu tədbirlərin hər birində iştirak edirdi və qəribə, insana məmnunluq hissi bəxş edən bir ab-hava yaranırdı. Səhnədə baş verən irili-xırdalı heç bir hadisə Heydər Əliyevin diqqətindən yayınmır, bu müdrik və həssas insan xoş təbəssüm, sənətə heyranlıq göstərən maneralar nümayiş etdirirdi. Onun səhnə arxasındakı səmimi söhbətləri isə həmişə maraq doğurur, zarafatları və hazırcavablığı sonradan zərbi-məsəllərə cevrilirdi. Bütün bunları tamaşaçıya böyük ustalıqla çatdıran, əlbəttə, AzTV idi. Təsadüfi deyil ki, böyük azərbaycanlı Heydər Əliyev AzTV-nin dövlətə və xalqa xidmətinə layiqli dəyər verərək, onu “xalqımızım milli sərvəti” adlandırmışdı.

Qarabağ bəlası ilə başlanan ağrılı-acılı günlərimizdə də AzTV milli maraqlarımızın müdafiəsində, xalqımızın yanında olmağı bacardı. Moskvanın əmrindən çıxmağa hünəri çatmayan o zamankı Azərbaycan rəhbərliyindən fərqli olaraq, AzTV öz verilişlərinə dəvət etdiyi ziyalılar, siyasi şərhçilər vasitəsilə başımıza açılan müsibətlər barədə bütün təfərrüatı ilə xalqın məlumatlandırılmasına nail olurdu. Məhz bu üzdən Kreml təxribatçıları 20 Yanvar qırğınını törətməkdən öncə Azərbaycan Televiziyasının enerji blokunu partlatdılar. Lakin heç bu da cəsarətli televiziyaçıların fədakarlığının qarşısını ala bilmədi. Böyük təhlükəyə baxmayaraq, AzTV əməkdaşları qırğının miqyasını göstərən videokassetlərin müxtəlif ölkələrə çatdırılmasına və orada nümayiş etdirilməsinə nail oldular, Azərbaycan Radiosunun işçiləri isə Ali Sovetin sədri Elmira Qafarovanın Moskvanı ittiham edən bəyanatını dünyaya yaydılar. Məhz bu vətənpərvərliyə görə AzTV-nin bir dəstə əməkdaşı həbs edildi, Qarabağ hadisələri zamanı isə 6 əməkdaşı şəhid oldu…
61 il ərzində AzTV xalqımızın “doğma ev”inə çevrilib, insanlara mövhumatdan uzaq durmağı, bilik, bacarıq, yüksək zövq sahibi olmağı aşılamağa, vətən və millətsevərliyi təbliğ etməyə çalışıb.

Doğrudur, müəyyən bir dövrdə AzTV-də durğunluq halları yaşansa da, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə ölkə rəhbərliyində apardığı kadr islahatı bu çatışmazlığın da aradan qaldırılmasına yol açdı. Televiziya ailəsinin uzun illərdən bəri tanıdığı Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilməsi birinci kanalın fəaliyyətində müsbət dəyişikliklərə gətirib çıxardı. Çox qısa müddət ərzində AzTV-nin bütün veriliş və proqramları məlumatlandırma, maarifləndirmə və əyləndirmə funksiyalarına uyğunlaşdırıldı. Rəngarənglik artdı, bayağı, “ucuz” və zəif verilişlər ekranlardan yığışdırıldı, efir peşəkarların ixtiyarına buraxıldı. Beləliklə, AzTV-nin əvvəlki nüfuzu bərpa olundu və onun qarşısında yeni perspektivlər açıldı. Hazırda dünyanın bir sıra tanınmış agentlikləri və TV-ləri Azərbaycanda keçirilən irimiqyaslı tədbirlərdən yaydıqları xəbərlərdə mötəbər mənbə kimi AzTV-nin çəkdiyi kadrlara istinad etməyə üstünlük verirlər.

Bəlkə də bəziləri AzTV-nin ictimai-siyasi və informasiya sahəsindəki fəaliyyətini həddindən artıq siyasiləşmiş sayırlar. Amma göz önündə olan budur ki, AzTV “minalaşdırılmış sahə”də böyük cəsarətlə, dəqiqliklə hərəkət edir. Onun efirində hər hansı siyasi səhvə rast gəlmək, dövlətimizin və milli maraqlarımızın əleyhinə çevrilə biləcək ifadə və ya fraqmentlə qarşılaşmaq qeyri-mümkündür. “Xəbərlər”, “Həftə”, “Əsas məsələ”, “Günün nəbzi”, “Bizim planet” kimi ictimai-siyasi proqramları ilə AzTV bütövlükdə cəmiyyətin sanki böyuk bir beyin mərkəzinin funksiyalarını yerinə yetirir.

Yeri gəlmişkən qeyd etməliyəm ki, “Həftə”, “Günün nəbzi” və “Əsas məsələ” proqramları istedadlı aparıcı Rövşən Məmmədovun təqdimatında çox uğurlu alınır. Onun səlis və məntiqli nitqi, təhlili, Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərində sərbəst danışması diqqəti cəlb edir. “Günün nəbzi” verilişinin Dağlıq Qarabağa həsr olunmuş buraxılışında Rövşən Məmmədovun rusiyalı politoloq Sergey Markovu professional şəkildə “küncə dirəməsi”, yəqin ki, bir çoxlarının ürəyindən tikan çıxarmışdı.

AzTV-nin öz ictimai-siyasi proqramlarını təqdimat baxımından “diversifikasiyalaşdırması” tamamilə düzgün addımdır. Hazırda “Günün nəbzi”ndə Rövşən Məmmədovdan başqa, Rüfət Həmzəyevin və Aqil Məmmədovun aparıcılıq etmələri proqrama rəngarənglik gətirir və tamaşaçının gözünü yormur. Bu, həm bir neçə proqramı bir nəfər aparıcıdan asılı etmir, həm də gənc televiziyaçıların püxtələşmələrinə, mühüm praktiki məktəb keçmələrinə səbəb olur.

AzTV-nin ədəbi-bədii, musiqili və intellektual verilişləri də insanda xöş əhval-ruhiyyə oyadır. Bu gün efirdə layiqli yerini almış “Sevilənlər”, “Məclisi-üns”, “Tam fərqli”, “Şəxsən siz”, “Yaradanlar və yaşadanlar”, “Poeziya”, “Kim? Harada? Nə vaxt?”, “Breyn-rinq”, “Əlaçı”, “Mən azərbaycanlıyam” və adlarını sadalamadığım digər verilişlər tamaşaçılar tərəfindən böyük maraqla izlənilir. Bütün dünyada rəğbət qazanmış “Muğam televiziya müsabiqəsi”nin adının çəkilməməsi isə böyük günah olar. Bu müsabiqə artıq Azərbaycan “brend”inə çevrilib. Yeri gəlmişkən, tamaşaçılar qarşıdakı mart ayında – Novruz bayramı ərəfəsində – “Muğam televiziya müsabiqəsi–2017”yə baxa biləcəklər. Əminəm ki, AzTV və “Mədəniyyət” kanalları əməkdaşlarının həmişə olduğu kimi böyük bacarıqla təqdim edəcəkləri bu növbəti yarış da insanların yaddaşında dərin iz buraxacaq, muğam sənətimiz və peşəkar səhnəmiz isə yeni istedad və avazlarla zənginləşəcək.

Taleyin maraqlı gərdişinə bax ki, birincilik missiyası təkcə AzTV-yə deyil, həm də “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin tərkibində yaradılmış “İdman Azərbaycan” və “Mədəniyyət” kanallarına da nəsib olub. Onların da efir yolu fevral ayından başlanıb. 8 yaşlı “İdman Azərbaycan” və 6 yaşlı “Mədəniyyət” öz maraqlı proqram və verilişləri ilə tamaşaçıların dərin rəğbətini qazanıb. Təqdirəlayiqdir ki, I Avropa Oyunlarının paytaxtımızdakı uğurlu nümayişindən sonra – 2015-ci ilin payızından “İdman Azərbaycan” 24 saatlıq yayım rejimi üzrə işləyir.

Bu yazıda Azərbaycan Televiziyasının fəaliyyətinə qısa nəzər saldıq. Azərbaycan Televiziyasının yaranma günü el-oba bayramıdır. Onun xalqımız və dövlətimiz qarşısında göstərdiyi xidmət misilsizdir. Ötən il Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyi münasibətilə dövlət başçımız İlham Əliyevin AzTV-nin bir qrup əməkdaşını orden və medallara, fəxri adlara, digər dövlət mükafatlarına layiq görməsi də bu xidmətə verilmiş böyük dəyərdir. Odur ki, həm AzTV-yə, onun istedadlı, fədakar əməkdaşlarına təşəkkür edir, gələcək fəaliyyətlərində böyük nailiyyətlər arzulayırıq, həm də xalqımızı ürəkdən təbrik edirik!

P.S. Təbrikə Yeniçağ.Az kollektivi də qoşulur.

www.yenicag.az

1001
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv