!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bakı Avropadan daha gözəl və daha təhlükəsizdir" - Türk millət vəkili

!Reklam – Yazi

 

Yenicag.az Türkiyənin Yerli Düşüncə Dərnəyinin sədri, Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş millət vəkili Metin Gündoğdunun müsahibəsini təqdim edir.

– Azərbaycan, Türkiyə və Gürcüstan Prezidentlərinin iştirakı ilə Bakı-Tiflis-Qars dəmiryolunun təməlatma mərasimi baş tutdu. Bu tarixi hadisəni necə dəyərləndirirsiniz?

-Türkiyə prezidenti Bakı-Tiflis Qars dəmiryolunun təməlatma mərasimində iştirak etmək üçün Bakıya gəldi. Əlbəttə ki, bura bizim üçün çox önəmli bir bölgədir. Bu təməlatma mərasimi Türkiyədə də böyük əks-səda doğurdu. 82 milyonluq türk xalqı bu xəbəri sevinclə qarşıladı. Səbəbi də budur ki, Orta Asiya ilə əlaqələrimiz sadəcə, “iki millət, bir dövlət” ifadəsilə qalmamalıdır, icra da olmalıdır. İsmayıl bəy Qaspıralının da dediyi kimi “dildə, işdə, fikirdə birlik” olmalıdır. Hazırda biz bunu reallaşdırırıq. Bu bölgə bütün İslam dünyası baxımından çox önəmlidir. Biz bu bölgəni gözardı edə bilmərik. Hər dəfə, hər fürsətdə biz bu bölgəyə gəlirik. Cənab prezidentimiz də gəlir, 82 milyonluq türk milləti də gəlir. Bölgədə qardaşlığımızı sadəcə, sözdə qardaşlıq deyil, daha da inkişaf etdirərək əməldə qardaşlığa çevirmək, bunu daha da artırmaq üçün mübarizə aparırıq. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu təməlin atılması hər iki ölkə üçün mühüm addım idi.

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topcu “İki uzun adam sayəsində qardaşlıq münasibətləri getdikcə möhkəmlənir”, dedi. Sizcə, həm iki qardaş ölkə, həm də digər Türk Cümhuriyyətləri arasında münasibətlərin inkişafı üçün hansı addımlar atılmalıdır?

– Bizim üçün iki dövlət, bir millət anlayışı var. Bu anlayış sadəcə, Azərbaycanla əlaqəli deyil. Biz Türkmənistanla, Qazaxıstanla, Qırğızıstanla da iki dövlət, bir millətik. Bizim bir-birimizdən ayrı olan heç nəyimiz yoxdur. Biz birik və bərabərik. Qardaş ölkələrik. 1991-1992-ci illərdə bu ölkələrin müstəqillik qazanması Türkiyədə böyük sevinclə qarşılanmışdı. 1992-ci ildə bu bölgədəki bütün dövlətlər azadlığına, müstəqilliyinə qovuşdu. Bunu da ilk tanıyan dövlət məhz Türkiyə Cümhuriyyətidir.

Avropa sənayedə inqilab etdi. İndi bu bölgə sənayesi ilə dünyaya hökmranlıq edir. Biz isə sadəcə, neftimizi, qazımızı satmaqla dünyaya hökmranlıq etdiyimizi düşünürük. Bu düşüncədən imtina etməliyik. Avropanın enerjiyə ehtiyacı var. O ehtiyacı da biz – Orta Şərq qarşılayır. Türkmənistan, Azərbaycan, Qazaxıstan – bu bölgə qarşılayır. Amma biz enerjinin bizdə olmasının üstünlüyünü dəyərləndirə bilmirik. Neynəyə bilərik? Məsələn, sənayeni burada qura bilərik. Enerjinin mənbəyi bizdədir. Enerjinin ucuz olduğu yerdə bilirsiniz ki, xərclər də minimuma enər. İndi Avropada olan fabriklərin ehtiyacı olan enerjiylə bu bölgədə qurulan fabriklərin ehtiyacı olan enerji arasında dağlar qədər fərq var. Bildiyiniz kimi, hazırda Türkiyə üzərindən keçən boru xətləri ilə Avropaya qaz nəql olunur. Avropa bizim göndərdiyimiz enerji ilə zavodlarını işlədir və məhsul istehsal edir. Biz istehsalı bu bölgədə həyata keçirtməliyik. Biz Orta Şərqdə, Asiyada, Türk dünyasında əlində enerji mənbələri olan ölkələr olaraq bir araya gəlməli, Bakı-Tiflis-Qars dəmiryolu kimi ortaq iş görməli, fabriklər yaratmalıyıq. Bunlar sənaye yönümlü, müdafiə sənayesi yönümlü fabriklər olmalıdır. Biz nə üçün bir başqasının istehsal etdiyi təyyarələrdən, helikopterlərdən, avtomobillərdən istifadə edək?

Azərbaycan küçələrinə baxıram, bütün xarici markalar buradadır. Türkiyəyə gedirəm, orada da vəziyyət eynidir. Bu gün Orta Şərqə gedin, orada da eyni vəziyyətin şahidi olacaqsınız. Qırğızıstan, Qazaxıstan, Pakistan, hətta İrana da getsəniz, vəziyyət eynidir. Bu hövzəni istifadə edən dövlətlər daha əvvəl vahid və bərabər olublar. Biz buna “mədəniyyət coğrafiyası” deyirik. Mədəniyyət coğrafiyasında, bu torpaqlarda bir və bərabər olan bu millət, bu xalqlar hazırda sənayenin təkrar möhtəşəm şəkildə ayağa qalxması üçün niyə birləşməsinlər? Niyə müdafiə sənayesini bu ölkələr gücləndirməsin? Nə üçün silah, mərmi istehsal etməsin? Nə üçün daha üstün texnoloji özəlliklərə sahib təyyarələr burada istehsal olunmasın? Bunların hər birini həyata keçirə biləcək gücə sahibik. Bu gücü ortaya çıxara biləcək ən önəmli amil enerjidir. Enerji də bizdə var. Odur ki, enerjimizi başqasına göndərmək yerinə, bu enerjini ölkəmizdə istehsal edib, özümüz də yararlanmalıyıq. Sadəcə, Türkiyədə deyil, bu istehsal prosesi müştərək olmalıdır. Məsələn, fabrikin bir bölməsi Türkiyədə, biri Azərbaycanda, digəri isə Qazaxıstanda, Qırğızıstanda ola bilər. Çünki dünyanın bir çox yerində bu, belədir. Məişət əşyalarının istehsalına baxın. Onların bir qismi Avropadan dünyanın hər bir bucağına yayılır. Buna görə də enerjinin verdiyi üstünlüklərdən faydalanaraq, türk milləti olaraq, ciddi sıçrayışa imza ata bilərik. Bunu etməmək, edə bilməmək bizim səhvimiz olar.

– Son dövrlər artıq Rusiya ilə ciddi bir yaxınlaşma var. Türkiyə Prezidenti Rusiyaya getdi. Ardınca Türkiyə, Rusiya və İran arasında Moskvada üçtərəfli görüşün keçirilməsi məsələsi gündəmə gəldi. Orta Şərqdə yeni ittifaqlarmı yarandı?

– Əlbəttə ki, Orta Şərqdə olan dövlətlərin hamısı öz maraqları, mənfəətləri daxilində hərəkət edirlər. Təbii ki Türkiyə Cümhuriyyəti olaraq, mənim ölkəmin mənfəəti, maraqları nədirsə, mən də ona uyğun hərəkət edəcəm. Azərbaycanın da maraqları hansı yöndədirsə, ona uyğun fəaliyyət göstərir. Ona görə də dünyada bəzi həmlələr olur. Biz də illərdir ABŞ-la strateji ortağıq. Strateji ortaq olduğumuz ABŞ PKK-ya, PYD-yə daima silah verir. Silahla dolu TIRlar göndərilir. O zaman necə bir strateji ortaqlıqdan söhbət gedir? Hazırda FETÖ lideri onlar tərəfindən “bəslənir”. Bu, necə bir strateji ortaqlıqdır? Belə bir strateji ortaqlıq olmasın. Amma ABŞ Orta Şərqdə ədalətli bir şəkildə işlər görmək istəyirsə, bunu ədalətli bir şəkildə etməlidir. Ədalətli davranmasa, ABŞ burada əsla hərəkət edə bilməz. Bunu yaxşı başa düşməlidir. Baxın, ABŞ-ın Orta Şərqdə demokratiya gətirəcəm dediyi İraqın, Liviyanın, Suriyanın. Yəmənin vəziyyəti hazırda ürək dağlayır. İndi bunu Türkiyə dövləti və ya dünyada yaşayan digər ölkələr görmür? Hamısı da görür. Buradakı günahkarın ABŞ olduğunu da hər kəs elan edir. Bu baş verənlərin günahkarı ABŞ-dır. Bu qədər insanlar ABŞ-a işləyə bilməz. Buna bir “dur” demək lazımdır. Onu dayandıra biləcək gücə sahib olanlar da bizlərik. Bu bölgədə yaşayan, illərlə birgə olan qırğız, qazax, özbək, Azərbaycan xalqı, türk, türkmən xalqı, farslar, bu bölgədəki ərəblər- hamımız birləşib özümüzə məxsus ortaq hərəkət edən strukturlarımızı bir araya gətirməli, onunla fəaliyyət göstərməliyik. Buna görə də lazım gələrsə, Rusiya ilə, Çinlə, Avropa, ABŞ və İranla da dialoq qurarıq.

– Avropada daima Türkiyə əleyhinə qərarlar qəbul olunur. İstər ölkələr səviyyəsində, istərsə də Avropa Şurasında Türkiyəyə qarşı meyil görünür. Bütün bu prosesin hər hansısa bir dövrdə başa çatacağı gözlənilsə də, bu, hələ də davam edir. Bu toqquşma nə zaman bitəcək?

-Avropa ilə şifahi bir toqquşma var. Lakin Avropa Türkiyədən imtina edə bilməz. Avropanın bu bölgədəki gənc nüfuza ehtiyacı var. Ona görə də Avropanın bu bölgədən imtina etmək şansı qətiyyən yoxdur. Çünki yaşlanan bir Avropa var. Dünyada artıq hətta evinin eyvanına belə çıxa bilməyən avropalılar var. Bizdə əskik olan bir şeydir: mədəniyyətimizin bizə qazandırmış olduğu ədalət, qardaşlıq, haqq-ədalət hissini artıq ən üst səviyyəyə yüksəltməliyik. Kimsənin haqqını kəsmədən, hüquqlarını tapdalamadan, ədalətli bir şəkildə sistem qurmalıyıq. Bu sistemi formalaşdıracağımız təqdirdə Avropa adlanan bir şey qalmaz. Biz əxlaqımızı yenidən nəzərdən keçirtməli, mədəniyyətimizin illər əvvəlki möhtəşəmliyini geri qaytaracaq həmlə etməliyik. Bunu edə biləcək ölkə isə hazırda Türkiyə Cümhuriyyəti və cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğandır. Türkiyə Prezidentinin BMT-nin Baş Assambleyasında “Dünya 5-dən böyükdür” çıxışı bunun mesajıdır. Rəcəb Tayyib Ərdoğana Avropa, ABŞ və digər ölkələrin hücum etməsinin əsas səbəbi də cənab prezidentin məsum və məzlum coğrafiyanın hisslərinə şərik olmasıyla əlaqədardır. Bunun üçün də əgər mənim 82 milyonluq xalqımın maraqlarına uyğundusa, biz Avropa ilə dialoq qurarıq. Azərbaycan Avropa bir dialoq qurursa, buradakı əsas şərt Azərbaycanda yaşayan qardaşlarımızın hüquqlarının qorunmasıdır. Mənim haqlarımı və mənfəətimi aradan götürən bir Avropa ilə mən niyə dialoq qurum? Mənim vətəndaşımın haqq və hüquqlarını tapdalayan bir Avropa ilə mən niyə bir araya gəlim? Avropa deyir ki, mən Azərbaycanı, Türkiyəni soyum, onlar kasıblıq, yoxsulluq içərisində yaşasın, amma biz Avropada (özlərinin sözüylə desək) “mədənicə” yaşayaq. Mədəniyyətdən danışmaq üçün onlar keçmişdə mədəniyyət qurmalıydılar. Onların mədəniyyəti də yoxdur. Bir əsr əvvəl onlar 100 illik müharibələr yaşadı, bir-birilərini kəsdilər. Ona görə də biz bu coğrafiyada yaşayan qardaş millətlərlə əlbir olub, ədalətli bir şəkildə dünyaya hökmranlıq edən ölkələrə çevrilməliyik. Bunu edə bilərikmi? Bilərik. O zaman Avropa da qalmaz. Avropalılar gəlsinlər Azərbaycanı, Bakını görsünlər. Bakı Avropadan daha gözəl və daha təhlükəsizdir. Avropanın mərkəzində – Londonda, Parisdə, Berlində, Madriddə bombalar partlayır. Lakin Bakı da, Ankara da oradan daha təhlükəsizdir. Gəlsinlər, burada bizim mədəniyyətimizi, tariximizi görsünlər. Gəlib nə qədər böyük bir dövlət olduğumuza şahidlik etsinlər. Son bir neçə ayda Avropa ilə problemimiz yoxdur.

– Qırğızıstan FETÖ ilə bağlı Türkiyənin əleyhinə bir davranış nümayiş etdirdi. Bu barədə nə deyə bilərsiniz?

– Belə deməyək. Qırğızıstanda Türkiyənin əleyhinə mövqe nümayiş etdirənlər rəhbərlikdə kimlərsə ola bilər. Amma mən qırğız xalqının türk xalqı ilə bir olduğunu görürəm. Eyni zamanda “Yerli Dünüşcə Dərnəyi”nin sədriyəm. Bu, Türkiyəyə gələn beynəlxaq tələbələrlə maraqlanan dərnəkdir. Yəni Azərbaycandan, Qırğızıstandan, Qazaxıstandan, Afrikadan, Somalidən, Balkanlardan – bütün ölkələrdən gələn tələbələrlə maraqlanan dərnəkdir. Biz bəzi şeyləri buradan da görürük. Qırğızıstanda yaşayan xalqın türk xalqı ilə uyğunlaşması möhtəşəmdir. Bəzi daxili idarəetmədə narazılıqlar ola bilər, olur da. Zaman-zaman belə hallarla üzləşirik. Amma öhdəsindən gələcəyik. Bu gün FETÖ məktəbləri təkcə Qırğızıstan deyil, Qazaxıstanda, Monqolustanda, Arnavutda, Kosovada da öz fəaliyyətlərini davam etdirirlər, bağlanmayıblar. Biz onlara alternativ məktəblər qurarıq. Onlar da digər məktəbləri bağlayacaqlar. Biz də yolumuza güclü bir şəkildə davam edəcəyik. Türkiyə dövləti Avropa ilə Asiyanı bütün istiqamətlərdə bir-birinə bağlayan köklü bir ölkədir. Mədəniyyət, enerji, yaşayış, müasirlik baxımından körpü olan ölkədir. Çünki biz son 15 ildə çox böyük addımlar atmışıq. Türkiyənin əhatəsi dəyişib. Yəni Rəcəb Tayyib Ərdoğan bir çağı açıb, bir çağı bağladı. Bunları hər kəs bilməlidir. Yeni dövrdə bir çağı açıb, bir çağı bağlayan Türkiyə Prezidenti Ərdoğandır. O, türk dünyası, islam dünyasının başbuğudur (rəhbəridir). Çünki buraları himayə edən, “milliyyətçiyəm”, deyənlər, Bakı-Tiflis-Qars dəmiryolunun təməlini atmadı. Amma Türkiyə prezidenti Bakıya gələrək, digər iki dövlət başçılarıyla birlikdə təməl atdı. Bundan daha böyük milliyyətçilik olar? Yəni sözdə deyil, əməldə Türk dünyasının, İslam dünyasının başbuğudur. Eyni zamanda İlham Əliyev də rəhbərdir. Çünki İlham Əliyevin çıxışlarına baxdıqda, bütün bu bölgədəki insanları qoruyan, mühafizə edən mövqe nümayiş etdirdiyini görürük. Kaş ki digərləri də bunu etsinlər. Kaş ki hamımız birlikdə vahid və bərabər olaq. Güclü bir Türk dünyası olaq. Yenidən güclü bir şəkildə ayağa qalxaq. Hamımızın istədiyi budur.

– “Yerli Düşüncə Dərnəyi” barədə söz düşmüşkən, bu dərnək illərdir Xocalı ilə bağlı panellər keçirir. Qarabağ barədə, Xocalı soyqırımın Türkiyə parlamentində tanıdılması fonunda “Yerli Düşüncə Dərnəyi”nin planları varmı?

– Hazırda bu quruma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topcu başçılıq edir. Biz hər il Xocalı qətliamı ilə əlaqədar “Yerli Düşüncə Dərnəyi” olaraq, proqram hazırlayırıq. Proqramlarda bu hadisənin bir an öncə soyqırım olaraq tanıdılmalı olduğunu dilə gətiririk. Amma bu, bir-iki şəxsin deməsiylə olmaz. Yəni yekun qərar qəbul edilməlidir. O da alınar. Heç kim narahat olmasın. Biz sonuna qədər, hər şeyimizlə Qarabağ hadisələrində Azərbaycanın, azərbaycanlı qardaş xalqımızın yanındayıq. Bildiyiniz kimi, bizim o dövrlərdə Bakıya gəlmiş bir sıra dostlarımız var. Ona görə də birlik və bərabərlik nümayiş etdirməliyik, “tək əldən səs çıxmaz” deyiblər. Bu söz hər ikimizdə var. Tək bir əl iş görə bilməz, amma iki əl səs çıxarar. Dörd-beş əl olarsa, bu səs Avropadan, Amerikadan, İsraildən eşidilər. Ona görə də bu səsi bir araya gətirməliyik. Amma güclü olmalıyıq. Birliyimiz kimlərinsə dərhal gəlib, bizi devirəcək bir şəkildə olmamalıdır. Bunun olmaması üçün nə etməli olduğumuzu bilirsiniz? FETÖ adlanan Amerika nökəri işbirlikçilərini bu ölkədən qazıyıb atmalıyıq. Bunlar amerikanın nökərləridir. Bunlar hansı ölkədə olursa-olsun, həmin torpağa xəyanət edənlərdir. Qırğızıstandadırlarsa Qırğızıstana xəyanət edəcəklər, Özbəkistandadırlarsa Özbəkistana, Türkmənistandadırlarsa Türkmənistana, Qazaxıstandadırlarsa Qazaxıstana, Monqolustandadırsa Monqolustana, Azərbaycandadırlarsa Azərbaycana, Arnavutdadırlarsa Arnavuta ziyan vuracaqlar. Çünki bunlar Amerika üçün çalışırlar. Bu ölkələrdəki sistem dəyişikliklərində fəal iştirak edirlər. İyulun 15-də Türkiyədə biz bunu yaşadıq. Amma bu hadisə millətin iradəsiylə geri qayıtdı. Millətin sinəsinə çırpılan inqilab cəhdi, çevriliş cəhdi baş tutmadı. 250 nəfər şəhid, 2196 qazimiz var. Buna baxmayaraq, bizim millətimiz FETÖ şəbəkəsinə, FETÖ terror qruplaşmasına Türkiyədə imkan yaratmayıb və millət o gün, o axşam iradəsini nümayiş etdirib. Türkiyə Böyük Millət Məclisinin bombalanmasına baxmayaraq, məclisi tərk etməyən dostlarımız, millət vəkillərimiz var. Hamımız birlikdə vahid olduq, bərabər olduq. Bu, bizim başımıza gələn bir hadisədir. Sabah Azərbaycanın başına gəlməyəcək deyə bir qayda yoxdur. Qazaxıstan, Qırğızıstan, Arnavut və Kosovanın başına gəlməyəcək kimi bir zəmanət yoxdur. Hər an hər şey ola bilər. Bunun üçün onlar da yerli olmayan, kökü xaricə bağlı, xaricdən “suvarılan” və bu “suvarılma” ilə böyüyən bütün strukturları öz torpaqlarından bir-bir qazıyıb atmalıdırlar. Atmasaq, sabah hər an hər şey ola bilər. Türkiyə də istisna deyil. Bu coğrafiyada kim varsa, hamı üçün keçərlidir. Əfqanıstanda, İranda, Afrikada, Pakistanda belə mövcuddurlarsa, təmizlənməlidirlər. Təmizlənməsələr, bu adamlar kimlərinsə adıyla tenderdə iştirak edir, onu qüvvəyə mindirir, tenderin nəticəsində də bu ölkələrdə sistem dəyişikliyinə, hökumət dəyişikliyinə nail olaraq, xarici qüvvələrin işinə yarayacaq yerli olmayan, milli olmayan hökumətlərlə bu ölkələri idarə etmək istəyirlər. Biz də Azərbaycan, Qazaxıstan, Qırğızıstan kimi ölkələrdə yerli hökumətlərlə müttəfiq olmalıyıq.

– Təəssüf ki, 25 il ərzində FETÖ buralarda da yerli üzvlər yetişdirib.

– Onlar yerli deyil. Yerli bu torpağın ağrı-acısını hiss edən, bu torpaq üçün canını verən, bu bayraq üçün – Azərbaycanın bayrağı üçün canını verənlərdir. Onlar isə yerli deyil, terrorçularla əlbir olan xainlərdir. Ola bilər ki, bu ölkədə yaşayırlar.

-Göründüyü kimi FETÖ daxilində yeni bir hərəkətlilik var. Türkiyədə FETÖ tərəfdarlarının əvvəlki gücü qalmaqdadırmı?

– FETÖ-nun qolunu-qanadını qırdıq. Cənab prezidentimiz bu mövzuda çox həssasdır. Hamımız həssasıq. Bunlarla əməkdaşlıq edən, bunların əlinin altında çalışan hər kəsi qazıyıb atırıq. Cəzası olanları həbsxanaya göndəririk. Digər ölkələr də bu tədbirləri görməlidirlər. Etməsələr, onlar da bu kimi hadisələrlə üzləşə bilərlər. Hazırda “Türk filmləri həftəsi” keçirilir. Bu kimi tədbirlərin sayı artırılmalıdır. Çünki bunlar bizim qardaşlıq əlaqələrimizi gücləndirən tədbirlərdir.

Söhbətləşdi: Aqil Ələsgər

www.yenicag.az

2739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv