!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Pensilvaniya çevrilişi –Taleh Ziyadovun gizlətdiyi,  “Viklileaks”ın ifşa etdiyi FAKT nədir?

!Reklam – Yazi

 


Son günlər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətindəki ciddi nöqsanlıar, eləcə də qurum rəhbərliyinin şübhəli təmas və əlaqələri haqda çoxsaylı ittihamlar səslənir.

Yenicag.az xəbər verir ki, Savash.org mediada yazılanlar üzərindən kiçik araşdırma apararaq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində əslində nələrin baş verdiyini aydınlaşdırmağa çalışıb.

Beləliklə, ondan başlayaq ki, hələ bu ilin əvvəllərində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisi mətbuat vasitəsilə ölkə prezidentinə müraciət etmişdilər. Müraciətdə QSC-nin fəaliyyətində yer almış neqativ hallardan bəhs olunmuş, cəmiyyətin sədri Taleh Ziyadovun yol verdiyi özbaşınalıqlardan dolayı yaranan şikayətlər öz əksini tapmışdı. Müraciətində deyilirdi ki, son bir ildə işçilərin normal əmək şəraitində çalışmalarına maneçilik törədilir. Xüsusi olaraq vurğulanırdı ki, məhz Taleh Ziyadovun limana rəhbər təyin olunması ilə müəssisənin fəaliyyətində neqativ hallar sürətlə artmağa başlayıb. Belə ki, təzə baş direktorun komandası fəaliyyətə başladıqları gündən limanın işçi kollektivi ilə qeyri-normal rəftara yol veriblər. Əsassız ixtisarlar, iş yerləri ilə spekulyasiyalara başlanılıb. 80-dən çox işçi heyəti olan Əsas Yük Terminalında indi 61 nəfər qalıb.

Həmçinin uzun illərin təcrübəli mütəxəssislərindən ibarət kollektivi müdafiəsiz qoymaq məqsədi ilə, yeni rəhbərlik tərəfindən Liman Həmkarlar İttifaqı Komitəsi də ləğv edildi. Müraciətdə həmçinin deyilirdi: “Bəzi şöbələri tamamilə ləğv etdilər və qalan şöbələrin əksəriyyətində ixtisarlar edərək, işçilərin sayını azaltdılar. Maliyyə çatışmazlığını bəhanə gətirərək kollektiv müqavilədə nəzərdə tutulmuş, müntəzəm olaraq hər il aldığımız uzunmüddətli əməyə görə mükafatı, ilin yekunlarına görə mükafatı, əmək şəraitinin zərərli və ağır olması ilə bağlı verilən əlavə məzuniyyət günlərini ləğv etdilər. Dekor-mexanizatorların əmək haqqları günbəgün azaldılır. Növbə ərzində 11 saat işləməyimizə baxmayaraq, bizə yalnız 6 saat üçün pul ödəyirlər. Rəhbərlik maliyyə çatışmazlığı və qənaətdən danışmasına rəğmən, çoxlu təzə ştatlar açıb özlərinin xeyli sayda dost-tanışlarını, qohumlarını yüksək maaşla işə götürmüşlər və hər biri üçün dəbdəbəli kabinetlər düzəltməklə məşğuldurlar. Dəfələrlə müraciət etməyimizə baxmayaraq onlar bizimlə görüşməkdən, bu məsələlərə aydınlıq gətirməkdən boyun qaçırır, bizi görmək belə istəmirlər…
“Etiraf edək ki, bu müraciətin mətni ilə tanış olan zaman Dəniz Ticarət Limanında vəziyyətin son dərəcə gərgin olduğunu və bu gərginliyin getdikcə daha da artdığını hiss etməmək olmurdu. Bəlkə də məhz elə bu səbəbdən, limanda yeni baş vermiş bir faciə barədə bu günlərdə aldığımız məlumat bizi qətiyyən təəccübləndirmədi. Belə ki, aldığımız məlumata görə, QSC-nin fəaliyyətində müşahidə olunan çoxsaylı maxinasiya və saxtalaşdırmalar artıq Limanda ciddi fəsadlara yol açmaqdadır. Hətta, baş verənlərə yuxarı instansiyaların diqqətini cəlb etmək üçün, QSC-nin bəzi əməkdaşları öz etirazlarını ən kəskin, radikal formalarda nümayiş etdirməli olurlar. Bu xüsusda bizimdovr.az-a daxil olmuş növbəti məlumatlardan birində deyilir: “Bu faciəvi hadisə 07.06.2016-cı il tarixində, səhər saat 10:00 radələrində, limanın ərazisində hamının gözü qarşısında baş verib. Limanın Nəqliyyat sahə rəisi Fəxrəddin Səmədovla, Təchizat və Nəqliyyat şöbəsinin rəisi Rövşən müəllim arasında kəskin mübahisə yarandı. Sonradan öyrəndik ki, buna səbəb vəzifəcə daha böyük olan Rövşən müəllim, sahə rəisindən hansısa özü olmayan avtomobil və digər malların saxtalaşdırılmış qəbul aktına imza atmasını tələb edib. Fəxrəddin Səmədov əvvəlcə buna sadəcə olaraq etirazını bildirib. Lakin sonradan, Rövşən müəllimin təkid etdiyini və əl çəkmədiyini görüncə, sahə rəisi üzərinə benzin tökərək, intihara cəhd etmişdir. Xoşbəxtlikdən, hadisə yerinə daha yaxın olan sürücü Zakir və çilingər İsmayıl Fəxrəddin Səmədovun üzərindəki alovu söndürməyə nail ola biliblər. Bundan sonra zərərçəkmiş bədəninin təxminən 30%-i ağır yanıq xəsarətilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına (keçmiş “Semaşko”) çatdırılmışdır. Hadisə yerinə prokurorluq orqanlarının əməkdaşları gəlmişlər…”
Bu günlərdə ölkə mediasında yayılan və sonradan müəmmalı şəkildə saytlardan bir-birinin ardınca silinən məqalədə isə Bakı Dəniz Ticarət Limanı rəhbərliyinin Türkiyədə hərbi çevrilişə uğursuz cəhd etmiş FƏTÖ təşkilatı ilə əlaqələrindən bəhs edilirdi.

Sözügedən yazıda iddia olunurdu ki, Azərbaycanda Pensilvaniyadan gələn əmrlərlə oturub duran dövlət qurumlarından biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-dir. Daha doğrusu QSC-nin baş direktoru Taleh Ziyadov və baş direktorun müşaviri İlham Mehrəliyev Gülən şəbəkəsinin gizli nümayndələri olaraq Pensilvaniyadan gələn təlimatlara əsasən Bakı Beynəlxalq Dəniz Ticarət Limanını idarə edirlər. Pensilvaniyadan gələn tapşırıqlarla hərəkət edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov Güləndən aldığı məxfi direktivə əsasən bir il müddətində ölkədə fəaliyyət göstərən bütün limanları öz monopoliyası altına almaq üçün çalışıb.

İlham Mehrəliyevə gəlincə isə, bu şəxs əvvəllər Gülən camaatına aidiyyatı ilə tanınan “Modern Qrup”un rəhbəri olub. Sonradan öncə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədovun, daha sonra SOCAR prezidentinin köməkçisi olub. Təqribən bir il əvvəl isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktorunun müşaviri vəzifəsinə təyinat alıb. İlham Mehrəliyev barədə Gülənçilərə qarşı uzun illər boyu mübarizə aparan və Gülən şəbəkəsi barədə azərbaycan və türk dillərində iki kitab nəşr etdirən “Yenicag.az” saytının baş redaktoru Aqil Ələsgər Gülən şəbəkəsi haqqında yazdığı “FETÖ-nün Azərbaycandakı məmur “nüfuz agentləri” – III Yazı” adlı son məqaləsində göstərir ki, İlham Mehrəliyev Fətulla Gülənin azərbaycanlılardan ibarət “Beyin mərkəzi”nin imamlarından biridir. Sitat: “İlham Mehrəliyevi tanıyırsınızmı? Modern Qrupun rəhbəri idi. Sonra öncə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədovun, daha sonra SOCAR prezidentinin köməkçisi oldu. Hazırda isə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında müşavirdir. Bir-iki ilin içərisində bu qədər sürətli vəzifə dəyişiminin səbəbi nədir? Bu şəxsi niyə birdəfəlik uzaqlaşdıra bilmirlər? Azərbaycanlılardan ibarət “Beyin mərkəzi”nin imamı olduğuna görə, ola bilərmi?”.

Bir il əvvəl Taleh Ziyadova və İlham Mehrəliyevə Pensilvaniyadan gələn təlimat Azərbaycanda və həmçinin İran istisna olmaqla mümkün olduqca Xəzər dənizinin limanlarını nəzərətə götürmək olub. İlk olaraq isə Taleh Ziyadov Azərbaycanda fəaliyyət göstərən irili-xırdalı bütün limanları öz nəzarətinə götürmək üçün mübarizəyə başlayıb. Lakin onun bu istəyi tam olaraq reallaşmayıb. Çünki Taleh Ziyadovun bu hədəfi bəzi məmurların maraqlarını təmin etməyib. Nəqliyyat naziri Ziya Məmmədov kimi, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev kimi güclü fiqurlarla üz-üzə gələn Taleh Ziyadov geri addım atmağa məcbur olub. Buna baxmayraq Taleh Ziyadov və İlham Mehrəliyev bu gündə limanlara nəzarəti ələ keçirmək üçün mübarizə aparmaqda davam edirlər.

Yenicag.az-a daxil olan məlumatlarda bildirilir ki, T.Ziyadov İlham Mehrəliyevin SOCAR tərəfindən rəhbərlik etdiyi müəssisəyə təhkim edildiyini bildirərək, iz azdırmağa çalışır. İ.Mehrəliyev SOCAR-da Daşımalara Nəzarət Departamentinin rəisi vəzifəsini daşımaqla bərabər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində də koordinatorluq etməkdədir. Eyni zamanda Bakıdakı “Özsüt” restoranlar zəncirinin gizli ortaqlarından biri məhz Mehrəliyevdir. Azərbaycan dövlətçiliyinə qarşı dəfələrlə açıq meydan oxuyan, Gülən məktəblərinin bağlanmasını tələb edən Qüdrət Həsənquliyev kimi millət vəkillərini açıq kontekstdə təhqir edən Sabir Niftalıyev adlı “sahibkar” onun Modern Qrupdakı işçisidir. Bu brendin ölkəyə gətirilib, Azərbaycan dövlətini ələ keçirəcəklərini dəfələrlə bəyan edən şəxsə təhvil verməsi də Mehrəliyevin arxasındakı gücdən xəbər verir. Qısacası, İ.Mehrəliyev dövlətə qarşı meydan oxumaqla yanaşı qorunur və vəzifə pillələrində böyüdülür.

T.Ziyadova gəlincə, Pensilvaniya ilə əlaqələri Mehrəliyevdən daha çoxdur deyə bilərik. Magistr elmi dərəcəsinə ABŞ-ın Corctaun Universitetində, fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə isə Böyük Britaniyanın Kembric Universitetində müdafiə edərək yiyələnən Taleh Ziyadov  eyni zamanda ABŞ-ın Pensilvaniya Universiteti Nəşriyyatı tərəfindən çap olan “Beyond the Resource Curse” adlı kitabın redaktorlarından biridir. Adıçəkilən kitabda neft və qaz ixracı ilə məşğul olan dövlətlərin qarşılaşdıqları çətinliklər və onların həlli yolları şərh olunub. Digər müəllif də SOCAR prezidentinin məsləhətçisi Brenda Shafferdir.

Yenə enerji… Yenə Pensilvaniya…

ABŞ-ın Vaşinqton şəhərində yerləşən “ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktorunun müavini vəzifəsində işlədiyi müddətdə əlaqədə olduğu şəxslərin başında yenə də fətullahçılar gəlib. Taleh Ziyadovla bağlı maraqlı məlumatı “Vikileaks”dan oxuyuruq. ABŞ-dakı səfirimiz Elin Süleymanovun fətullahçıların Bakıdakı hamisi Elnur Aslanovun da sıx əlaqədə olduğu CIA-ya bağlı “Statfor” jurnalından Reva Bhallaya yazdığı məktubdan bəlli olur ki, T.Ziyadov orada fəaliyyət göstərərkən də, fətullahçılarla işbirliyində olub. Səfir bunu onun türk liseyi məzunu olması ilə əlaqələndirib.

Həmin faylda Gülənin ABŞ-dakı məktəblərindən də bəhs edilir və bir çox fətullahçı liseylərin özlərini gizlətmək istədikləri vurğulanır. Vaşinqtonun narahatlıq duyduğuna da diqqət çəkilən materialda “Statfor”un maraqlandığı Taleh Ziyadov daha sonra Pensilvaniya Universiteti ilə sıx əlaqələr qurur və nəticədə daxildəki və xaricdəki fətullahçıların dəstəyi ilə Azərbaycanın çox strateji bir müəssisəsinin rəhbərliyinə gətirilir.

Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində Taleh Ziyadov-İlham Mehrəliyev ikilisinin rəhbərliyi altında mühüm postların hamısına cibində 1 dollarlıq “şəxsiyyət vəsiqəsi” gəzdirən fətullahçılar gətirilib. Hər halda bu barədə yayılan xəbərlərdə Ticarət Limanının Kadrlar Şöbəsinin rəhbəri Çapay Məmmədovun, Təchizat Şöbəsinə müdirlik edən Kənan Quliyevin və bir sıra önəmli şöbələrin müdirlərinin Ziyadov-Mehrəliyev ikilisinə sadiq fətullahçı lisey məzunları olduqları vurğulanır.

Əsas məqsədlərindən biri Azad İqtisadi Zonanı da ələ keçirmək olan fətullahçıların Ziyadov-Mehrəliyev ikilisinin əli ilə bu cəmiyyəti fətullahçıların arxa baxçasına çevirdiyi iddia olunur.

Başda Ziyadovun özü olmaqla, əksər rəhbər şəxslər məhz Pensilvaniyaya gedərək, birbaşa Güləndən təlimat aldıqlarına, söhbətlərində iştirak etdiklərinə dair xəbərlər var.

Maraqlıdır ki, Azərbaycanda fətullahçı təhlükəsinin olmadığını vurğulayan bir sıra dövlət məmurları gözləri önündə olan prossesləri inkar edirlər. Bu isə Azərbaycanda 15 iyul çevrilişinin səssiz şəkildə həyata keçirildiyini göstərməkdədir. Azərbaycan prezidenti FETÖ-yə qarşı birmənalı mübarizə aparsa da, məmurlar eyni həssaslığı göstərmir, tam əksinə, Elnur Aslanov vurulsa da, ondan daha ciddi fətullahçı kadrlar strateji postlara gətirilirlər.

Mövzuya qayıdacağıq.

Yenicag.az

www.yenicag.az

2289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv