Bakı meriyası sahibkarlara belə qan uddurur — REPORTAJ + FOTOLAR

Müəllif: Baş Redaktor

Baş Redaktor

610x380xjnjjh.jpg.pagespeed.ic.rKj3p6ZrIkBakı şəhər Ticarət Departamenti, yoxsa mafiya?

Bakı şəhər İstehlak bazarı və Ticarət Departamentinin sayəsində şəhər əhalisinin ən çox tərcih etdiyi “Shaurma № 1” bağlanmaq təhlükəsi qarşısındadır.

Əldə etdiyimiz məlumata görə, Nizami küçəsində (Tarqovıy) yerləşən“Shaurma №1” ilə digər obyektlər arasında ayrıseçkilik qoyulur.

Məlumatı dəqiqləşdirmək üçün Ölkə.Az-ın çəkiliş qrupu Nizami küçəsində yerləşən “Shaurma №1”-ə yollanır.

Nizami küçəsində yerləşən obyektlərin hamısı çöldə stollar qoyub. Küçə başdan-başa insanlarla qaynayır. Bakı Şəhər Ticarət Departamenti isə şəhər sakinləri və turistlərin ən sevimli məkanı olan“Shaurma №1”-i bundan məhrum edib. “Shaurma №1” rəhbərliyini isə yalnız bir sual düşündürür: “Niyə onlara olar, bizə yox?”

Məsələni dəqiqləşdirmək üçün “Shaurma №1”-in inzibatçısı Mehdiyev Elnurla söhbətləşirik.

“Ticarət Departamenti prezidentin sərəncamına məhəl qoymur”

Mehdiyev Elnur: “Biz 17 ildir fəaliyyət göstəririk. Hər bir şey də qanunidir. 2 il yarım bundan öncə Bakı şəhər Ticarət Departamentinin rəhbəri Ramiz Hacıyev bildirdi ki, prezidentin əmri ilə Nizami küçəsindəki obyektlərin qarşısında çölə qoyulan stollar yığışdırılsın. Bütün obyektlər çöldə qoyduğu stolları yığışdırdı. O cümlədən biz də. Təxminən bir həftə sonra o biri obyektlər öz fəaliyyətinə başladı. Yenə də küçəyə stol qoyub işlədilər. Biz də stol qoymaq istəyəndə Departamentin əməkdaşları tökülüşüb icazə vermədilər. İcazə verməmələrinin səbəbini də demədilər. Həmin gündən indiyədək Bakı şəhər Ticarət Departamentinin rəhbəri Ramiz Hacıyevin müavini İntizar müəllimin qəbuluna getmişik, ərizələr təqdim etmişik, müraciətlər etmişik, amma bizə səbəbsiz yerə rədd cavabları gəlib. Çox şükür ki, prezident İlham Əliyev sahibkarlarla bağlı fərman verib ki, sahibkarları incitməsinlər, yersiz yoxlamalar etməsinlər. Biz də prezidentin bu qərarına çox sevindik. Qərar verdik ki, biz də digər obyektlər kimi çölə stollar qoyaq. Stolları çölə qoyan kimi Bakı şəhər Ticarət Departamentindən olduqlarını deyən 20-yə yaxın adam obyektə tökülüşdü ki, çölə qoyduğumuz stolları götürək. Ancaq onlar nə özlərini təqdim etdilər, nə də Departamentdən olduqlarını göstərən sənəd göstərdilər. Biz stolları götürmədik. Bildirdik ki, özlərini təqdim etsinlər və “digər obyektlərə niyə olar, bizə niyə olmaz” məsələsini izah etsinlər. Bizə dedilər ki, İntizar müəllimin yanına gedin, o sizə icazə versə, stolları çölə qoyarsınız. Onlara bildirdik ki, İntizar müəllimin yanına çox getmişik, ancaq heç bir nəticəsi olmayıb. Kassamız var, dövlətin bütün vergilərini və rüsumlarını veririk, mallarımızın keyfiyyət sertifikatı var, müştərilərimiz də yeməklərimizdən və onlara göstərilən xidmətdən razıdır.

Bakı şəhər Ticarət Departamentinə sual veririk ki, niyə qonşu obyektlərə olar, bizə yox? Bu suala cavab vermirlər. 2 il yarımdır ki, biz stolları çölə qoya bilmirik. Qonşu obyektlərə icazə verirlər, ancaq bizə yox. Bakı şəhər Ticarət Departamentinin bütün istəyi “Shaurma № 1″in bağlanmasıdır. Bizdə şəbəkədir. Digər obyektlərimizdə də stolun birinə gününə 2 manat ödəyirik. Çölə neçə stol qoyulursa onun gününə 2 manat ödənilməlidir. Stolumuzu çölə qoyan zaman biz onu ödəmişik, yenə də ödəməyə hazırıq. Sadəcə bizə icazə versinlər. O biri obyektlərlə necə işləyirlər bilmirik”.

Ərazidə gəzib, bəzi obyekt sahibləri ilə söhbətdən sonra məlum olur ki, digər obyektlər Bakı şəhər Ticarət Departamentinə çölə stol qoyduqlarına görə, ayda 1000-1500 manat rüşvət verirlər.

“Shaurma №1” şəbəkəsinin ambardarı Məmmədov Elman söhbətə qoşulur:

“Shaurma şəbəkəsi Azərbaycanın xüsusi bir brendidir. Elə olur 24 saat yatmırıq ki, camaata normal xidmət edək. Ancaq Bakı şəhər Ticarət Departamenti buna imkan vermir. 20 nəfərlə bir obyektin qabağında dayanmaq Bakı şəhər Ticarət Departamentinin işinə aid deyil. Bu açıqdan-açığa qoçuluqdur.

“Shaurma №1”-in işçiləri ilə danışırıq. İşçilərin çoxu yaşlı qadınlardır. Eləsi var tək başına buradan aldığı maaşla ailə saxlayır, eləsi var uşağı ağır xəstədir, buradan aldığı maaşla uşağını müalicə etdirir. Söhbət etdiyimiz qadınlardan bir çoxu isə kirəyə qalır. “Shaurma №1” onlar üçün sanki həyatdır. Günümüzün reallığında normal insan güclə iş tapır, “Shaurma №1″in bağlanacağı təqdirdə yaşlı başlı qadınların necə iş tapacağı, kirayə verəcəyi sual altındadır.

Seyidova Zabitə: “İllərdir burada işləyirəm. Kirayədə yaşayıram, özüm də şəkər xəstəsiyəm. Buranı bağlasalar nə edəcəm? Kim mənə iş verəcək? Dilənçilik etməliyik?”

İsmayılova Lalə: “3 ildir burada işləyirəm. Bura bağlansa bizə çox çətin olacaq. Bizə kim çörək verəcək? Bu yaşda bizi kim işə götürər?”

Quliyeva Minayə: “4 ildir “Shaurma № 1″də işləyirəm. Özüm kirayədə yaşayıram. İki barmağım da yoxdur. Buradan evimizə çörək aparırıq. Bizə kim iş, çörək verəcək?”

Səfərova Lalə: “3 ildir burada işləyirəm. Buradan evimizə çörək aparırıq”.

Əhmədova Xəyalə: “Əməliyyat olmuşam. Bir uşağım var, ona baxıram. Özüm də kirayədə yaşayıram. Yenə sağ olsunlar burada mənə iş veriblər. İşləyirəm. Bura bağlansa biz hara gedəcəyik. Mənə kim ev verəcək, uşağıma kim baxacaq?” (ağlayır).

“Shaurma №1”dən çıxandan sonra Nizami küçəsini gəzirik. “Shaurma №1″lə qonşu obyektlərin hamısının qarşısında çöldə stollar qoyulub. Ticarət davam edir.

Həqiqətən sual çox maraqlıdır. Niyə görə qonşu obyektlərə olar, bu qədər vətəndaşımızın ailəsinə çörək apardığı “Shaurma №1″ə yox?

Bakı şəhər Ticarət Departamentinin rəhbəri Ramiz Hacıyev bu suala necə cavab verəcək, bizə də maraqlıdır…

Mövzuya yenidən qayıdacağıq…

Səxavət Məmməd
Fotolar: Nurlan Gülməmmədov
Ölkə.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir