Akademik Milli Dram Teatrında 15 iyul 2016-cı il tarixində Türkiyədə baş vermiş çevriliş cəhdi zamanı şəhid olmuş insanların xatirəsinə həsr olunmuş “15 iyul Dastanı” adlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, eləcə də digər dövlət rəsmiləri iştirak ediblər.

Türkiyə və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayan tədbirdə hər iki ölkənin müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı müracəti oxuyub. Daha sonra Əli Həsənov həmin qanlı gecəni xatırlayaraq, Azərbaycanın da zaman-zaman belə hadisələrlə qarşılaşdığını qeyd edib:

“1994-cü ilin oktyabrında və 1995-ci ilin martında xain qüvvələr dövlətə qarşı əl qaldırdılar və qanuni hakimiyyətə qarşı çıxdılar. Ancaq həmin vaxt ümummilli lider Heydər Əliyevin çağırışı ilə xalq küçələrə çıxdı və həmin xain qüvvələrə öz gücünü göstərdi. Heç bir qüvvə xalqın iradəsinə qalib gələ bilməz”.

“Milli sülh, milli həmrəylik getdikcə möhkəmlənir”-, deyən Ə.Həsənov Azərbaycanda 2016-cı il iyulun 15-i gecəsi Prezident İlham Əliyevin qardaş ölkə üçün keçirdiyi narahatlığı dilə gətirib:

“Şəxsən mən Azərbaycan Prezidentinin köməkçisi kimi şahidəm ki, cənab Prezident səhərə kimi o gecənin ciddi sarsıntılarını yaşadı. İlk olaraq səhər açılar-açılmaz bu məsələyə öz münasibətini bildirdi, xain cəhdləri pislədi və qiymətini verdi. Ötən müddətdə Azərbaycan Türkiyədə ictimai-siyasi sabitliyin bərpa olunması istiqamətində qardaş ölkəyə tələb olunan bütün dəstəyi verdi”.

“Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atütürk “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət” şüarlarından çıxış ediblər” deyən Əli Həsənov bu birliyin əbədi olduğunu vurğulayıb.

Çıxışından sonra Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətini Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala təqdim edib.

Tədbirə qatılanlara təşəkkürünü bildirən səfir bu hadisənin üzərindən çox az vaxt keçdiyini və acının hələ təzə olduğunu deyib:

“Acılarımız çox təzədir. Biz o gecə şəhid olanlara minnət borcluyuq. Çünki təkrar vətənimizi bizə əmanət etdilər. Biz onlara borcluyuq, ona görə ki, övladlarımızın gələcəyini qurtarmaq üçün canlarını fəda etdilər”.

E.Özoral FETÖ ilə mübarizədə Azərbaycanın Türkiyəyə sona qədər dəstək verdiyini bildirib:

“Azərbaycan FETÖ ilə mübarizədə sona qədər bizə dəstək verdi. Biz bu dəstəyi hiss edərək özümüzü güclü hiss etdik. Azərbaycan Prezidenti İlham Əliyev Tükiyə Prezidentinə zəng edərək dəstək olduğunu bildirən ilk şəxslərdən olub. Prezident İlham Əliyevin bu gün Tükiyə Prezidentinə ünvanladığı məktub bizim üçün dəyərlidir. Türkiyənin kürəyini söykəyə biləcəyi Azərbaycan kimi qocaman bir qardaşı var”.

Tədbir iştirakçıları Anadolu agentliyinin fotoqraflarının çəkdikləri fotolardan təşkil olunmuş sərgiyə də tamaşa edib. Eyni zamanda, 15 iyul hadisələrindən bəhs edən “Uzun gecənin qısa tarixi” adlı kitab gələn qonaqlara təqdim olunub.

Qeyd edək ki, Türkiyənin tanınmış aparıcısı Özgə Uzunun aparıcılığı ilə baş tutan tədbirin ssenari müəllifi İrfan Çiftcidir.

FOTO: Cəmalə Əlizadə

Cəvahir Səlimqızı

Yenicag.az

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."