www.sinerjipro.net

SinerjiProWide
Reklam

скачанные файлы (1)Hüquq-mühafizə orqanlarının əməkdaşları və məhkəmə icraçısı artıq 3 aydır, bu vəziyyəti dəyişməkdə və uşağı anasına qaytarmaqda acizdir.

Yasamal rayon sakini Könül Zahid qızı Ərsoyun ailəsindəki mürəkkəb vəziyyət getdikcə daha da dramatik hal alıb. Könül Ərsoyun sabiq əri — tikinti sahəsindəki uğurlu iş adamı, məhkəmənin anasının himayəsinə verdiyi 4 yaşlı oğlu Eldar Ərsoyu zor gücünə öz yanında girov saxlayır.

O, Könülün uşağı görməsinə imkan vermir. Bundan daha betəri isə odur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bununla bağlı situasiyanı dəyişməkdə və uşağı anaya qaytarmaqda acizdirlər.

Bu barədə Sputnik-ə müraciət edən Könül Ərsoy bildirib ki, oğlu ilə bu ilin fevral ayında ayrılıb: “2015-ci ilin martında mən həyat yoldaşım Babək Hüseyn oğlu Ərsoydan məhkəmə yolu ilə ayrılmışam. 2012-ci ildə doğulmuş oğlum Eldar məhkəmənin qərarı ilə mənim himayəmə verilib. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, atasının uşağı həftədə bir dəfə — şənbə günləri saat 10.00-dan saat 13.00-a qədər görməsinə icazə verilib”.

Ərsoylar isə uşağı girov saxlamaqla Könülün tələbini geri götürməsini istəyirlər

Bu ilin 27 fevralında qadın Yasamal rayon Məhkəmə İcraçıları şöbəsinin inzibati binasında uşağı görüş üçün Babək Ərsoya verib: “O, söz verdi ki, 3 saatdan sonra oğlumu qaytaracaq və Eldarı özü ilə apardı. Amma sabiq ərimin atası — Hüseyn Artıq oğlu Xəlilov uşağın qaytarılmasına mane olub”.

Məhkəmə icraçısı İsmayıl İsmayılov uşağın atasından uşağı anaya qaytarmağı tələb etsə də, o, uşağı qaytarmayacağını deyib. Beləliklə də uşaq atasının və babasının girovuna çevrilib.

Könül Ərsoyun məhkəmədə maraqlarını müdafiə edən vəkil Səməd Vəkilov qeyd edib ki, Babək Ərsoy bununla keçmiş həyat yoldaşına təzyiq göstərmək istəyir. İş ondadır ki, Könül sabiq ərindən, Gürcüstan ərazisindəki küllü miqdarda qiymətləndirilən daşınmaz əmlakından pay tələb edir və bu məqsədlə yerli məhkəmə qarşısında iddia qaldırıb. Ərsoylar isə uşağı girov saxlamaqla, həm də Könülün bu tələbi geri götürməsini istəyirlər.

Polis əməkdaşlarının uşağı anasına qaytarmaqla bağlı birmənalı təkidli tələbləri nəticəsiz qalıb. Könül Ərsoy təkcə Yasamal rayonu, 27-ci polis bölməsinə deyil, həm də Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyevə də müraciət edib. Sonra qadın Yasamal rayon icra şöbəsinin müdiri Zaur Abdullayevdən şikayət edib. Amma bütün addımlar heç bir müsbət nəticə verməyib.

“Mənim işim uşağın yerini öyrənmək idi, geri qaytarmaq deyil”

Polis əməkdaşlarının fəaliyyətsizliyi ilə bağlı Könül Ərsoy daxili işlər naziri Ramil Usubova da müraciət edib. O, bu işə həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini də qoşub. Bununla belə, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı Pünhan Məmmədov Sputnik-in əməkdaşına bildirib ki, ona həvalə olunmuş işi icra edib.

“Rəhbərlik mənə uşağın saxlanıldığı yeri müəyyən etməyi həvalə etmişdi. Çünki ananın ərizəsində uşağın itkin düşməsi ilə bağlı müraciət edilmişdi. Mən də bunu etdim. Könül Ərsoy və onun vəkili bir daha əmin oldular ki, uşaq sağdır, yaxşıdır, ata və babası ilə birlikdə yaşayır. Uşağın anasına qaytarılmasına gəlincə, biz uşağı zorla atasından ala bilmərik. Mənim səlahiyyətimə yalnız Eldar Ərsoyun axtarılması daxildir”, — deyə polis bildirib.

Onun sözlərinə görə, uşağın anaya verilməsini yalnız məhkəmə icraçısı İsmayıl İsmayılov həyata keçirə bilər, hansı ki, o, uşağı atasına vermişdi: “Uşağın harada olması İsmayılova da məlumdur. Məhkəmənin qərarında aydın şəkildə göstərilib ki, ata uşağı həftədə bir dəfə 3 saat ərzində görə bilər. Amma göstərilməyib ki, o, uşağı özündə saxlamaq hüququna malikdir”.

“Ana uşağın atası ilə görüşünə mane olub”

Öz növbəsində Yasamal rayonunun məhkəmə icraçısı İsmayıl İsmayılov Sputnik-ə bildirib ki, Könül Ərsoy boşandıqdan sonra öz yaşayış yerini gizlədərək Babək Ərsoyun öz oğlunu görmək hüququnu pozub.
Bununla bağlı Babək Ərsoy məhkəməyə müraciət edərək Könül Ərsoydan onu oğlu ilə görüşdürmək tələbini yerinə yetirməyi tələb edib.

“Məhkəmənin hökmünü icra etmək mənə həvalə olunub. Mən Könül Ərsoyu axtarışa vermişəm, onu tapmışam, ata ilə oğulun görüşünü təşkil etmişəm. İkinci dəfə görüş baş tutmayıb. Üçüncü dəfə ana uşağı görüşə gətirib. Babək Ərsoy da uşağı götürüb və qaytarmayıb”, — deyə məhkəmə icraçısı bildirib.

“İndi uşağı anaya kim qaytarmalıdır?” sualına cavabında isə məhkəmə icraçısı deyib ki, ona yalnız Babək Ərsoyun Könül Ərsoyu tapmaq barədə müraciətinin icrası həvalə edilib: “Uşağın anaya verilməsi ilə bağlı məhkəmə qərarının icrasına isə başqa icraçı məsuldur”.

İsmayılovun sözlərinə görə, polis uşağı atadan götürərək ya icraçıya, ya da Könül Ərsoya verməli idi: “Əgər ana Babək Ərsoyun axtarılması ilə bağlı müraciət etsəydi, mən oğlunun ona verilməsini təmin edərdim”.

Eldar əqli geriliyin kiçik dərəcəsindən əziyyət çəkir

Bu nə deməkdir? Uşağın ata ilə görüşünü bir məhkəmə icraçısı, uşağın anaya qaytarılmasını isə başqa bir icraçı icra etməlidir? Sabiq ər-arvad öz münasibətlərini aydınlaşdırır, məhkəmə icraçısı ilə polis Könül Ərsoya uşağı kimin qaytarmalı olduğunu həll edir, arada isə 4 yaşlı uşaq anasından ayrı qalmağın əziyyətini çəkir.

K. Ərsoyun sözlərinə görə, Eldar əqli geriliyin kiçik dərəcəsindən əziyyət çəkir və onun anası ilə birlikdə olması vacibdir. Yəni, uşağın anadan ayrı qalmasının onun psixi vəziyyətini daha da qəlizləşdirəcəyi təhlükəsi var.

Bundan əlavə, martın 24-də uşaq xəstəxanaya düşüb, ana isə bundan yalnız xəstəxananın həkimi onunla telefon əlaqəsi yaradandan sonra xəbər tutub. Bundan sonra ananın da vəziyyəti pisləşib. Qadın oğlu ilə görüşmək üçün daha bir cəhd edib. O, valideynləri ilə birlikdə sabiq ərinin atası Hüseyn Xəlilova müraciət edib. Amma bu cəhd də nəticəsiz qalıb.

Əgər məhkəmə icraçısı məhkəmənin qərarını icra edə bilmirsə…

Biz də öz tərəfimizdən Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə müraciət edir və bu problemin həlli ilə bağlı məsuliyyəti öz üzərilərinə götürməyi rica edirik. Əgər məhkəmə icraçısı məhkəmənin qərarını icra edə bilmirsə, oğlu anasına qaytarmağı bacarmırsa, bunun yalnız bircə adı var: məsuliyyətsizlik, yaxud da öz işinin öhdəsindən gələ bilməmək.

Babək Ərsoya isə xatırlatmaq istəyirik ki, uşaq öz iradəsinə tabe etdiriləcək əşya, yaxud da hər hansı alverin predmeti ola bilməz. İstənilən halda ana qayğısına ehtiyacı olan uşağın maraqları naminə öz ambisiyalarından əl çəkməyi bacarmaq lazımdır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 113
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."