yenicag.az

Bakının gizli siqaret biznesi, yeni qadağalar və ya…

Bakının gizli siqaret biznesi, yeni qadağalar və ya…

Müəllif: Baş Redaktor

Baş Redaktor

sigaranin_sagliga_zararlari_h431…Son günlər müzakirə olunan məsələlərdən biri də siqaret və alkoqollu içkilərin nağd pulla satışına qoyulacaq məhdudiyyətlər mövzusu ilə bağlıdır. 

İnzibati Xətalar və Cinayət məcəllələrinə ediləcək dəyişikliklərə əsasən, siqaret və alkoqollu içkilərin nağd satışına görə cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur.

Məsələn, İnzibati Xətalar Məcəlləsinin (İXM) 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alqı-satqısına görə cərimə tətbiq olunacaq. Həmin maddəyə əlavə ediləcək 229.2-ci hissədə isə  tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə cərimə nəzərdə tutulur.

Bundan əvvəl isə azyaşlılara siqaret satışının qadağan edilməsi, siqaretin reklamı ilə bağlı məhdudiyyətlər qanuniləşdirilmişdi.

Bəs bu yeni qaydaların tətbiqindən sonra nə dəyişəcək? Siqaretin nağd satışının qadağan edilməsi bazara təsir göstərəcəkmi? Bu qərar azyaşlıların siqaret əldə etməsini çətinləşdirəcəkmi?

Paytaxtın siqaret bazarı…

Hazırda ölkə bazarında qutusu 1 manatdan 6 manatadək olan siqaretlər satılır. Məsələn, “Marlboro”,  “Parlament” bahalı siqaretlərdəndir.  “Kent 4” (qara qutu, nazik) 2 manat 20 qəpik, “Kent” (adi) 2 manat 10 qəpik, “Davidoff” (nazik) 2 manat, “Sobranie” 2 manat 50 qəpik, “Winston” (göy qutu) 1 manat 80 qəpik, “Winston x style” 1 manat 90 qəpikdir. “Prima”, “Nova”, “Storm” siqaretləri isə “ucuz” siqaretlər siyahısındadır.

Mətbuatda verilən statistikaya inansaq, bu zərərli vərdiş bir nəfərə orta hesabla ayda 60-150 manata başa gəlir. Siqaret çəkənlərin təxminən 40 faizi “Kent4” (qara, nazik) və “LD platinum” markalarına üstünlük verir.

Onlayn siqaret…

“Ucuz və keyfiyyətli siqaret, elektron siqaret, alışqan almaq istəyirsinizmi? O zaman bizim saytla əlaqə saxlayıb məhsul əldə edə bilərsiniz!” – son günlər internetdə belə reklam və elanlara tez-tez rast gəlinir.

Bahalı siqaretləri mağaza qiymətindən aşağı təklif edən saytlar əlaqə nömrələri, bank hesabları göstərmirlər. Yalnız göstərilən elektron poçtuna adres, telefon nömrələri yazmaqla siqaret sifariş etmək mümkündür. Halbuki siqaretlərin reklamı qadağandır. Bundan əlavə, siqaret satarkən yaş həddi nəzərə alınmalıdır. Ümumiyyətlə isə onlayn satılan siqaretlərin keyfiyyəti, yoxlamadan keçib-keçmədiyi, ölkəyə hansı yollarla gətirildiyi şübhəlidir.

Bu arada elektron siqaretlərin də onlayn satışı təklif olunur. Siqareti tərgitməyə kömək etdiyi iddia olunan elektron siqaretlərin satış qiyməti 50-250 manat arasında dəyişir. Mağazalarda da e-siqaretlərin satışına rast gəlinir.

Amma son vaxtlar e-siqaretlərin adi siqaretlərdən daha təhlükəli olduğu sübuta yetirildiyindən elektron siqaretlərin satışı azalıb.

Qeyri-rəsmi məlumatlara görə, narkotik, silah, dərman biznesinin yer aldığı siyahıda siqaret satışı birinci onluqda yer alır.

Gizli biznes və ya şəbəkə…

Onlayn siqaret satışından əlavə gizli siqaret satışı da mövcuddur.

Məsələn, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov gizli siqaret satışı ilə bağlı faktlar olduğunu iddia edir.

Hüquq müdafiəçisinin sözlərinə görə, paytaxtın Xətai və Fəhlə prospektlərində yol kənarlarında maşınlar dayanır. Maşınların baqajında bahalı siqaretlər düzülüb satılır. Bu siqaretlərin haradan gətirildiyi, tərkibi bəlli deyil. Amma müşahidələr göstərir ki, gizli siqaret biznesi bir mərkəzdən idarə olunur. Hətta qəzet köşklərində də gizli siqaret satılır.

E.Hüseynov həmin maşınların günün müxtəlif saatlarında ərazilərdə dayandığını, kənar şəxslər yaxınlaşan kimi dərhal uzaqlaşdığını deyir: “Uzun müddətdir bu məsələ ilə bağlı araşdırma aparırıq. Hətta dövlət qurumlarına da məlumat vermişik.  Nərimanov rayonu ərazisində bir neçə yerdə belə satışa rast gəlirik. Kənar şəxslər yaxınlaşan kimi o maşınlar ərazidən uzaqlaşır. Bu satış şəbəkəsi bir mərkəzdən idarə olunur”.

Təşkilat rəhbəri qəzet köşklərində də gizli siqaret satıldığını dedi: “Qəzet köşklərində siqaret satışına rast gəlirik. Gizli yolla “dənə siqaret” satışı qanunsuzdur. Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinə, hətta Milli Məclisə də müraciət etmişik. Qəzet köşklərində siqaret satışının qarşısını almaq üçün nəzarət gücləndirilməlidir”.

E.Hüseynov bir siqaretin tərkibində 400-dən çox kimyəvi birləşmənin olmasını xatırlatdı: “Siqaretin tərkibində onlarla kimyəvi birləşmə var. Ona görə də siqaretin ekspertizası çətindir. Gizli satılan siqaretlər isə daha təhlükəlidir. Nəzərə almaq lazımdır ki, azyaşlılar siqareti köşklər və ya gizli satışdan asanlıqla əldə edə bilirlər. Məhəllə marketlərində azyaşlılara siqaret satılır. Bu isə uşaqların səhhətinə ciddi zərbə vurmaqla həm də qanun pozuntusudur”.

Onu da xatırladaq ki, İqtisadiyyat və Sənaye Nazirliyi mağazalarda monitorinq apararaq saxta, keyfiyyətsiz, qeydiyyatdan keçməyən və ya istehsal tarixi bitmiş malları satışdan çıxarır. Nazirliyin son 1 ildə həyata keçirdiyi tədbirlərin hesabatında mağazalarda satışdan çıxarılmış malların arasında alkoqollu içkilərə rast gəlsək də siqaretlərlə bağlı heç bir məlumat yoxdur.

Daxili İşlər Nazirliyi isə gizli siqaret satışı ilə bağlı fakt aşkarlamayıb.

Yeni dəyişikliklərdə isə nəzərdə tutulub ki, siqaretlərin  yalnız çəkmək məqsədi ilə nağd pulla satışı mümkün olacaq. Əgər siqaret sonradan satılmaq məqsədilə satılırsa, onun pulu yalnız kartla və ya bank köçürməsi ilə ödənilməlidir. Əks halda 100 manat cərimə nəzərdə tutulur. Hətta kartsız satışa görə 2 illik həbs cəzası da gözlənilir.

Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə görə isə nağd yolla alınıb satılan aksiz markalı mallar xeyli miqdardadırsa, yəni onların məbləği 50-500 manat arasındadırsa, 1000 manatdan 2000 min manatadək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Əgər 500 manatdan artıq məbləğdə alkoqollu içki və ya siqaret alınıb-satılarsa, 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Satış mərkəzləri etiraz edir: “Axı niyə?!”

Nəzərdə tutulan qaydalara münasibət fərqlidir. Çünki nə satıcılar, nə də alıcılar düzgün məlumatlandırılmayıb. Məsələn, çoxları kart olmadan siqaret ala bilməyəcəyindən narazılıq edir. Elə mağaza sahibləri arasında da məlumatsızlar çoxdur.

Məsələn, Bakı Dəmiryol Vağzalının yaxınlığındakı ərzaq mağazalarının sahibləri bu qərarın tətbiqindən sonra gəlirlərinin azalacağından narahatdır.

Mağaza sahibi Rəhim Ağayevin sözlərinə görə, iri marketlər kiçik mağazaları sıradan çıxarır. Yeni qaydaların tətbiqindən sonra isə əksər mağazalar bağlanacaq: “Biz daha çox çörək, siqaret, pivə və sair gündəlik tələbat malları satırıq. Alıcılarımız rayonlara yola düşənlər, avtobus sürücüləri və ya bu ərazidə yaşayanlardır. Əhalinin çoxunun kartı yoxdursa, satışı necə həyata keçərəcəyik?”

Digər mağazanın sahibi Rahilə Məmmədova isə yeni qərardan xəbərdar olduğunu, amma bu qərarla nəyin dəyişəcəyini anlamadığını dedi: “Axı niyə? Bununla nəyin qarşısını almaq istəyirlər? Mən siqaret satmayım? Pivə istəyənə nə deyim? Qərarı vermədən səbəblərini də açıqlasınlar, biz də məlumatlı olaq. Bizim müştərilərin çoxu dükana siqaretə, içkiyə görə gəlir”.

“Fresko” marketdən isə qərardan xəbərdar olduqlarını, məsələnin gəlirlərə təsir etməyəcəyini söylədilər: “Bizim üçün fərqi yoxdur. Nağd satmayın deyəcəklərsə, nağd satmayacağıq. Kartla ödəniş edib alsınlar”.

Alıcıların əksəriyyəti isə məlumatdan xəbərsizdir.

Məsələn, 52 yaşlı Adil Rzayev deyir ki, 25 ildir siqaret çəkir: “Gündə iki qutu siqaret çəkirəm. İndi siqaret üçün kart almalıyam? Ya da mağazanın qapısında dayanıb kartı olanlardan xahiş etməliyəm? Tutaq ki, bir-iki qutu siqareti nağd aldıq. Bəs pivə, araq almaq üçün neyləyək?”

Digər alıcı Samir Əliyev isə qərardan xəbərdar olduğunu dedi: “Siqaretə qoyulan məhdudiyyətlər çəkmək üçün alanlara aid deyil. Mən yenə də nağd pul ödəyib bir-iki qutu siqaret ala biləcəm. İçən deyiləm, pivə və araq satışı ilə maraqlanmamışam”.

Məhdudiyyətdən biri də restoran və ya kafelərdə siqaret, spirtli içki sifarişi verməklə bağlıdır. Məsələn, restoranda nahar etmək istəyənlər nağd pul ödəyəcəklər, amma araq, pivə və ya siqaret almaq istəyənlər kart vasitəsilə ödəniş etməlidirlər. Bu qərarın isə azyaşlı müştərilərin zərərli vərdişlərdən uzaq tutmağa hesablandığı güman edilir.

Bu qərara ekspertlərin münasibəti birmənalı deyil.

Məsələn, Eyyub Hüseynov məhdudiyyətlərin zəruri olduğunu düşünür. Lakin qərarın yerinə yetirilib-yetirilməyəcəyindən əmin deyil: “Bundan əvvəl də siqaretlərin reklamı ilə bağlı qərar verildi. Hazırda marketlərdə siqaret kassaların yanında açıq satılır. Halbuki siqaretin bu cür açıq yerdə saxlanılması da reklamdır. Xarici ölkələrdə siqaretlər mağazalarda üstü örtülü yerlərdə, qutularda saxlanılır. Məsələn, Rusiyada siqaret stendlərinin üstü örtülü olur. 18 yaşından aşağı şəxslərə satışının qadağası görünsün. Həmçinin Rusiyada siqaret saatla satılır. Ən azı Rusiyanın təcrübəsindən istifadə etmək olardı. Sinqapurta küçədə siqaret çəkmək qadağandır. Türkiyədə qapalı ərazilərdə siqaret çəkilməsinə icazə verilmir. Siqaretin azyaşlılara satılması ilə bağlı qərara da riayət edilmir. Hələ üstəlik daha bir qanun pozuntusuna yol verilir – siqaret ədədlə, tək-tək satılır. Buna görə də bu məhdudiyyətin tətbiq edilib-edilməyəcəyi bəlli deyil. Amma qaydaların yerinə yetirilməsinə nəzarət edilərsə, azyaşlıların siqaret, spirtli içkilər əldə etməsi əngəllənər. Siqaret və spirtli içki istehlakçılarını azaltmaq mümkün olar”.

Sosioloq Ənvər Həmidov isə qərarın siqaret və spirtli içki bazarına təsirsiz ötməyəcəyini düşünür: “Cərimələr tətbiq ediləcəyi təqdirdə qaydalara riayət etmək məcburiyyəti yaranacaq. Əslində azyaşlılara siqaret satışına qoyulan qadağaya da ciddi nəzarət edilməlidir. Amma bazara təkcə məhdudiyyətlərlə nəzarət etmək və ya kimlərəsə təsir göstərmək mümkün deyil. Bu məsələ yalnız siqaret satışını azaltmağa, azyaşlıları zəruri vərdişlərdən uzaq tutmağa hesablanmayıb. Görünür, bazarı nəzarət altına almağa ehtiyac yaranıb”.

Amma onu da nəzərə alaq ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tütün Əleyhinə Çərçivə Konvensiyasına qoşulub. Tütün və tütün məmulatı haqqında qanun qəbul olunub. Həmin qanunla tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə və 18 yaşından aşağı şəxslərə siqaret satışı qadağan olunub.

Siqaretin zərərli təsirlərinə dair Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Komitəsi tərəfindən proqramlar həyata keçirilib. Qapalı ərazilərdə siqaret çəkilməsinə qadağan qoyulması təklifləri müzakirəyə çıxarılıb. Bu məhdudiyyətlərin isə nə işə yarayacağını qaydaların tətbiqindən 2-3 ay sonra biləcəyik.

Ülviyyə Xuduzadə

Virtualaz.org  

Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti