Bakının mərkəzindəki binanın damında ev tikirlər – FOTO

Müəllif: Redaktor

Editor

491837_476162 (1)Səbail rayonundakı Üzeyir Hacıbəyov küçəsinin sakinləri yaşadıqları binanın damında yeni bir evin tikilməsindən narahatdırlar.

Onlar binanın damının sakinlərdən biri olan Akif adlı şəxs tərəfindən zəbt edildiyini və orada ev inşa olunduğunu deyirlər. Sözügedən şəxs qeyri-qanuni yolla binanın damını özəlləşdirib və sakinlərlə söhbətində özünü vəzifəli adam kimi qələm verərək, burada istədiyi obyekti tikə biləcəyini deyib.

Musavat.com-un müxbiri adıçəkilən ünvanda olub və sakinlərin şikayətini dinləyib.

Üzeyir Hacıbəyov küçəsi 56 A ünvanında yerləşən binada yaşayan 38 saylı mənzilin sahibi öz mənzilinin üstündə əlavə olaraq ev tikib. Üçmərtəbəli binanın damında tikilən bu ev həm bina, həm də aşağı mərtəbələrdə yaşayanlar üçün təhlükə mənbəyinə çevrilib.

Belə ki, binanın damında evin tikilməsi qonşuların tavanını yarasız hala salıb. Otaqların tavanları deformasiyaya uğrayıb, divarlar çatlayıb. Tikinti işləri aparıldığından binanın damında deformasiya yaranıb.

Vəziyyət o həddə çatıb ki, yağış suları mənzillərə dolur. Bina “Sahil” metrostansiyasının bir addımlığında olduğu üçün bu vəziyyətin aidiyyatı qurumların diqqətindən qaçması mümkün deyil. Ancaq heç kim Akif adlı vətəndaşın qeyri-qanuni tikinti aparmasının qarşısını almır.

Sakinlərin dediyinə görə, qanunsuz tikinti aparan şəxs binanın damını başdan-başa özəlləşdirib: “Bir ildən çoxdur ki, binada vəziyyət belədir. Gördüyünüz kimi, binanın damında ikiotaqlı ev tikilib. Bütün bu özbaşınalıqlarla bağlı aidiyyatı orqanlara şikayət etmişik. Lakin əllərindən heç nə gəlmədiyini açıq şəkildə deyiblər. Əraziyə baxan MİS rəisi isə qanunsuz tikili ilə bağlı həmin şəxsə havadarlıq edir, bunun abadlaşdırma işi olduğunu deyir. Tikinti işlərində də ona yardımçı olur”.

Damın üstündə tikilən əlavə ev isə ağırlıq salaraq, günbəgün təhlükəyə çevrilir. Mənzildə kimin yaşadığı barəsində öyrənmək üçün binanın damına qalxdıq. Damda ev tikən şəxs binanın qarşısından dama qalxmaq üçün xüsusi pilləkən quraşdırıb.

Damın qapısını açdıqdan sonra əlavə bir qapı ilə də rastlaşdıq. Qapının zəngini basıb, gözlədik. Bir qədər sonra rusdilli bir qadın kim olduğumuzu soruşdu. Jurnalist olduğumuzu bildirəndə qapını açmaqdan imtina etdi. Qapının arxasından bildirdi ki, burada kirayədə yaşamır, öz evidir.

Diqqəti çəkən məqamlardan biri də qanunsuz tikintinin Səbail Rayon İcra Hakimiyyətinin yaxınlığında aparılmasıdır. Sakinlər bu barədə dəfələrlə icra nümayəndələrinə şikayət etsələr də, heç bir nəticə verməyib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır