!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının yeganə qadın maşın ustası: “Kişiyə necə təpik vurdumsa, ikiqat oldu”

!Reklam – Yazi


qadinzerifOnunla axşam saatlarında görüşməliydik. Sonra məlum oldu ki, təzəcə bir maşını sökməyə başlayıb, iş uzanacaq.

“Yəqin müsahibə sabaha qaldı”, deyə düşündüm. 3-4 saat sonra zəng etdi: ünvanınız haradırsa, deyin, sizə gəlim. Və… gecə saat 00.30… Qapını açan kimi ilk sözü bu oldu: ay bacı, bu vaxt yatmaq olar?

O qədər səmimi, o qədər məhrəm müraciət etdi ki… Və mən həyatımda ilk dəfə olaraq, evimə gələn müsahibimlə elə bacı kimi də dərdləşməyə başladım.

Mavi gözlərin nağılı: Firon, təyyarəçi, “karobka” ustası…

-Yükü ağır qadın… Çiynini bu yükün altına verəndə neçə yaşın vardı?

– 38 yaşım olardı… Ondan əvvəl mən parket-laminat işində çalışırdım. Sonra da keçdim maşın təmirinə… Hazırda “karobka” (avtomobilin sürət qutusu) ustasıyam.

– Bu nə idi: həvəs yoxsa məcburiyyət?

– Həm həvəs, həm də məcburiyyət…

-Yəni övladlarına da həm atasan, həm ana…

15645503_843606272449344_691677901_n– Mənim də öz həyat hekayəm var. Atam həmişə deyərdi ki, qızım təyyarəçi olacaq. Məni oğlan kimi böyüdürdü rəhmətlik… Ürəyim gedirdi maşın üçün… Maşınında nəsə xarab olan kimi tez böyrünü kəsdirirdim. Bu günkü işimə marağım da o illərdən gəlir. Atam öz ad günündə – 38 yaşında rəhmətə getdi. Mənim dünyam o gündən eyni rəngdədir. Ailə həyatım da uzun sürmədi. Yoldaşımla yollarımız ayrılanda uşaqlar məktəbli idi. Amma ondan narazı deyiləm, yaxşı atadır. Bu gün də övladlarının hər problemində yanlarındadı. Onların təhsili üçün əlindən gələni edir. Uşaqlarımın ikisi də xaricdə təhsil alır. Onların xərci, təhsil haqqı… hamısını o, ödəyir. Haqqını dana bilmərəm.

– Bir ana üçün övladlarından ayrı qalmaqdan ağrılı heç nə yoxdur, məncə… Necə tab gətirirsən?

– Neynim? Əsas odu onlar təhsil alıb, bir yerə çıxsınlar. Əvvəl-əvvəl çox darıxırdım. Uzun müddət çirkli paltarlarını balışımın altında saxladım. Hər gecə qoxlayıb yatırdım. Sonra düşündüm ki, bu ayrılıq müvəqqətidi, savad alıb qayıdacaqlar. Oğlumun 22, qızımın 19 yaşı var. Bacı-qardaş o qürbətdə bir-birinə dəstəkdi…

– Yəqin xarakterinin bu qədər sərt formalaşmağında işinin böyük rolu olub…

15644867_843606269116011_1618711254_n– Mən heç vaxt qadınlarla işləyə bilməmişəm. Əvvəlcə gözəllik salonum vardı. Bir müddət işlətdim oranı… Görürdüm oturublar, ancaq qeybət, dır-dır… Bir-iki dəfə irad bildirdim. Nəticədə, işçilərdən bir qızı döydüm. Onunla da mənim qadın kollektivində işləməyim sona çatdı.

– Danışırsan… Mənə elə gəlir ki, sən bundan əvvəlki həyatında kişi olmusan.

– Məncə də… Hətta mən bir dəfə bu barədə test də etmişdim: çıxdı ki, Misirdə yaşamışam, Firon olmuşam.

– Əllərinə baxıram… Dırnaqların qırmızı boya əvəzinə, qara mazuta boyanıb. Qadınlığını unudan qadın… Səni “yoldan çıxartmaq” istəyən kişi hansı addımı atmalıdır?

– İndiyə qədər bunu bacaran olmayıbsa, bu yaşdan sonra çətin… Çünki mən bir maşın ustası kimi o qədər kişi görürəm ki… Çözmüşəm ey kişiləri… O qədər cılızlaşıb ki, bəziləri… Biz atadan-babadan eşitmişik: kişilər olub ki, sözü min natarius kağızı qədər etibarlı imiş. İndikilər bu gün bir söz deyir, sabah başqa…

– Bahalı maşınların ucuz sahibləri… Belələrini çoxmu gördün?

– O qədər… O bir məsəl var ey, sən məndən yaxşı bilərsən:

Neçə adamlar gördüm, üstündə libası yox

Neçə libaslar gördüm, içində adamı yox…

Eləsi var gəlir, az qalır maşını qucaqlasın, üstündə elə əsir ki… Deyirəm, yaxşı ki, bu hələ Qalenvagen-filan sürmür, yoxsa dağıdıb-tökərdi ey buraları…

15644789_843606275782677_1989984488_n– Sən bu peşədə olan yeganə qadınsan… Kişi ustaların paxıllığını hiss etmirsən?

– Olub… Dəfələrlə olub, gəlib soruşublar ki, Nüşabənin işlədiyi sex burda hardadı? Deyiblər, xəbərimiz yoxdur. Halbuki, mənim şagirdliyim elə o yerdə olub. Bir deyil, iki deyil… hansını deyim? Nə var, nə var o müştəri Nüşabənin yanına getməsin. Allah qadını kişi paxıllığından saxlasın, dəhşətli hissdir…

– O məqamda heç dedinmi ki, kişi olsaydım, filankəslə haqq-hesab çəkərdim?

– Elə bilirsiz çəkməmişəm? Bundan əvvəl işlədiyim servisdə bir usta vardı. Günahkar idi, mən də tutdum yaxasından… Elə təpik vurdum ki, ikiqat oldu…

– Bu gün kişidə hansı hərəkət səni təccübləndirər?

– Kimsə təmənnasız-filan çıxıb desə ki, ay Nüşabə, bax, bu yeri sənə bağışlayıram, get ora sənin servisin olsun, yanında da bir-iki boks tik, işlə…

– Sevgini verdiyin dəmir parçası insanlardan nə qədər etibarlıdır?

– Hərdən düşünürəm ki, yaxşı ki, bu işim var. Çünki dəmir parçası məni gözəl başa düşür. Onunla işləmək maraqlıdır. İnsanlardan fərqli olaraq, dəmir adamın üzünə qayıtmır, boltu harda bağladınsa, orda duracaq.

– Əgər bir sehrli dəmir atın olarsa… nə dilərsən?

– Məni balalarımın yanına aparmasını… Onlar üçün elə darıxıram ki…


Zakirə Zakirqızı
Yenicağ.Az

www.yenicag.az

3020
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv